Bakı tütün fabrikinin açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 1 fevral 2000-ci il

Hörmətli xanımlar və cənablar!

Biz bu gün Azərbaycanda bazar iqtisadiyyatının, iqtisadi siyasətimizin həyata keçirilməsi ilə əlaqədar olan əlamətdar bir hadisənin şahidiyik. Bu gün işə başlayan, yaxud açılışında iştirak etdiyimiz müasir, beynəlxalq texnologiya, texnika və standartlar səviyyəsində yenidən qurulan və istifadəyə verilən Bakı tütün fabriki Azərbaycanda sahibkarlığın, özəlləşdirmənin, bazar iqtisadiyyatının həyata keçirilməsinin əyani bir nümunəsidir.

Mən siqaret çəkən deyiləm, ümumiyyətlə, siqaret çəkənlərin də bu vərdişini bəyənmirəm. Məndən olsa, istərdim ki, heç kəs siqaret çəkməsin. Amma bu, bizdən asılı deyildir. Dünyanın hər yerində insanların bir qismi buna öyrənib. Beləliklə, siqaretə tələbat vardır. Ona görə bu sahədə də istehsalı artırmaq və insanların tələbatını təmin etmək, təbiidir ki, hər bir dövlətin, hökumətin borcudur. Əgər bu, bizim borcumuz olmasaydı, mən bu gün nə açılış mərasiminə gələrdim, nə də siqaret istehsalının artırılmasını bəyənmiş olardım.

Son illər Azərbaycanın kənd təsərrüfatında tütün istehsalı özünəməxsus yer tutur. Təbiidir ki, tütün hər bir iqlim şəraitində yetişmir. Bunun üçün xüsusi iqlim şəraiti, torpaq lazımdır. Amma Azərbaycanın ərazisində elə bölgələr var ki, orada tütün yetişir və hətta çox yüksək məhsul alınır, keyfiyyətli tütün istehsal olunur.

Mən bu məsələlərlə 1970-ci illərdə çox məşğul olmuşam. Çünki o vaxt biz hamımız SSRİ dövlətinin tərkibində idik. O vaxt SSRİ-nin xalq təsərrüfatında, iqtisadiyyatında ayrı-ayrı respublikalarda, bölgələrdə kənd təsərrüfatının müəyyən məhsullarının istehsalı planlaşdırılırdı və həyata keçirilirdi.

Azərbaycanın kənd təsərrüfatında tütün qədim zamanlardan istehsal olunur. Amma Sovetlər İttifaqında tütünə tələbat artdığına, buna ehtiyac olduğuna görə - çünki Sovetlər İttifaqında ərazinin böyük olmasına baxmayaraq, çox az bölgədə tütün yetişdirmək mümkün idi - tütün istehsalının ilbəil artırılması tələb edilirdi. Ona görə də Azərbaycana hər il planlar verilirdi və bu plan ilbəil artırılırdı. Biz də bu planları yerinə yetirməyə çalışırdıq.

Xatirimdədir, 1970-ci illərdə Azərbaycanda təxminən 25 min ton tütün istehsal olunurdu. Ancaq biz 1980-ci ildə tütün istehsalını 55-60 min tona çatdırdıq. Onu da bildirməliyəm ki, tütünçülüklə məşğul olan bölgələr, rayonlar, təsərrüfatlar çox böyük gəlir götürürdülər. Çünki dövlət tütün yarpağını alarkən ona çox yüksək pul verirdi. Ona görə də tütün istehsal olunan bölgələrdə, rayonlarda kəndlilərin tütün istehsalına həvəsi də artırdı. Deyə bilərəm ki, bir çox yerlərdə - o vaxt bunlar təsərrüfatlar, kolxozlar, sovxozlar çərçivəsində olurdu - insanlar hətta öz həyətyanı sahələrində də fərdi şəkildə tütün istehsal edirdilər, onu tütün fermentasiya fabriklərinə verirdilər və bundan çox böyük gəlir götürürdülər.

Mən bu gün bir faktı xatırlayıram. Təxminən 1970-ci illərin ortaları idi. Azərbaycanın dağ rayonu olan Kəlbəcərdə o vaxt əsasən maldarlıqla məşğul olurdular. Orada bitkiçilik çox zəif inkişaf etmişdi. Buna görə də kənd camaatının, yəni kənd təsərrüfatında işləyən adamların bir qisminin maddi vəziyyəti aşağı səviyyədə, gəlirləri az idi. Təklif etdilər ki, orada müəyyən bir sahədə tütün əkilsin. Bəziləri dedilər ki, orada tütün yetişər, bəziləri dedilər ki, yetişməz. Ancaq, xatirimdədir, biz qərar qəbul etdik. Həmin rayonda ilk dəfə 500 hektar ərazidə tütün əkilməsini qərara aldıq və bunu təmin etdik. Təbiidir ki, 500 hektar o qədər də böyük sahə deyildir. Ancaq iki-üç ildən sonra bu rayonun rəhbərləri və kəndliləri, yəni sakinləri onlara bu imkan yaradıldığına görə çox böyük təşəkkür edirdilər. Çünki 500 hektar sahədə əkilən tütündən onlar həddindən çox gəlir götürmüşdülər.

Beləliklə, Azərbaycanda tütün istehsalının artması bir tərəfdən SSRİ dövlətinin tələbi ilə idisə, ikinci tərəfdən, bu sahə gəlirli olduğuna görə tütünçülüklə məşğul olan təsərrüfatlar, insanlar buna çox həvəsli idilər. Bunlar hamısı birlikdə qısa bir müddətdə tütün istehsalını artırmağa imkan vermişdi. Biz tütün fermentasiya zavodları tikdik. Ancaq məlumdur ki, hər bir malın ən yüksək dəyəri onun son məhsulundan yaranır. Tütünün də son məhsulu siqaretdir.

Mən bunu da deməliyəm ki, o vaxtlar bizdən tütün xammalını tələb edirdilər, alırdılar, ancaq Azərbaycanda bu xammalı son məhsula çatdırıb siqaret istehsal etməyə imkan vermirdilər. Bəhanə edirdilər ki, SSRİ-nin bir çox yerlərində - Moskvada, Leninqradda, başqa şəhərlərdə böyük siqaret fabrikləri var. Azərbaycanda yeni siqaret fabriki tikməyə ehtiyac yoxdur. Beləliklə, bizim gördüyümüz işin və hasil etdiyimiz xammalın ən çox gəlirini siqaret istehsal edən həmin fabriklər götürürdülər.

Biz tütünün keyfiyyətini də artırmağa çalışırdıq. Xatirimdədir, Amerikadan dəvət olunmuş mütəxəssislər vasitəsilə o illərdə Zaqatala rayonundakı bir neçə təsərrüfatda \"Virciniya\" sortunun Azərbaycanda yetişdirilməsi sahəsində işlər aparıldı. Bizdə isə kiçik bir siqaret fabriki var idi. O vaxt ona siqaret yox, papiros deyirdilər. Xatirimdədir, həmin fabrik şəhərin mərkəzində yerləşirdi. Biz respublika sarayını tikəndən sonra orada olan binaları dağıtdıq, meydan yaratdıq. İndi orada Milli Bankın binası yerləşibdir. Həmin illərdə orada İnşaat Bankı da tikilmişdi. O bina da sizə məlumdur. Bax, təxminən o yerdə kiçik bir siqaret, papiros fabriki var idi. Hətta biz o vaxt bu fabrikin istehsalını genişləndirmək istəyirdik. Buna da imkan vermirdilər. Nəhayət, biz nail olduq, bu tütün kombinatı tikilməyə başlandı və tikildi.

Mən sadəcə, müəyyən bir tarixi dövr ilə sizi tanış etmək istəyirəm. Təbiidir ki, bu tütün kombinatında da o vaxtlar Sovetlər İttifaqının çərçivəsində olan aşağı keyfiyyətli siqaretlər, papiroslar istehsal edilirdi. Amma insanların tələbatı təmin olunurdu. İndi xaricdən gətirilən \"Filip morris\" və başqaları - mən bu siqaretlərin adlarını bilmirəm, çünki bununla maraqlanmıram - o vaxt yox idi. Əgər kimsə xaricdən bir qutu gətirirdisə, hamı ona çox təəccüblə baxırdı.

O vaxt insanlar bu siqaretdən, papirosdan istifadə edirdilər. Beləliklə, mən bu tütün kombinatının tarixi barədə sizə bir neçə məlumat verdim.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən, ölkəmizdə bazar iqtisadiyyatı siyasəti həyata keçiriləndən sonra, təbiidir, biz çalışırdıq hər bir müəssisə yeni texnika, yeni texnologiya ilə təchiz olunsun ki, istehsalın keyfiyyəti artsın. O cümlədən, bu tütün kombinatı da bizim diqqət mərkəzimizdə idi. Ancaq siz indi qısa bir müddətdə hazır olan yeni istehsal müəssisəsini görəndən sonra yəqin təsəvvür edirsiniz ki, biz o vaxt onu həyata keçirə bilməzdik. Çünki birinci növbədə çox böyük investisiya lazım idi, ikincisi də bizə məlum olmayan və əlimiz çatmayan müasir texnika, texnologiya lazım idi.

Bu gün hər şeyi açıq demək lazımdır. Deyə bilərəm ki, son 3-4 il içərisində bu tütün kombinatı bizə çox başağrısı verdi. Mən məmnunam ki, bu müəssisəni alıb indi işlədən şirkət vaxtilə burada çalışanların hamısını saxlayıbdır. Güman edirəm, onların da nümayəndələri burada iştirak edirlər. Ancaq onlar da xatırlamalıdırlar, mənim də heç yadımdan çıxmayacaq ki, son 2-3 il içərisində bu tütün kombinatı müəyyən mafioz qrupların əlində cürbəcür məqsədlər üçün istifadə olunurdu.

Bir xarici şirkət gəldi, burada müştərək müəssisə yarandı, biz buna inandıq, bu barədə mənə məlumatlar verdilər. Güman etdik ki, həmin o xarici şirkətin imkanları ilə müştərək müəssisə burada istehsalı yenidən qurub, müasir səviyyəyə çatdıra bilər. Təəssüf ki, onlar öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmədilər. Doğrudur, buraya müəyyən avadanlıq, filan gətirmişdilər, az miqdarda vəsait də qoymuşdular. Amma iş görmədilər. Yenə də deyirəm, burada bəzi mafioz qruplar bir tərəfdən bu kombinatdan özləri üçün gəlir götürməyə, ikinci tərəfdən Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa çalışırdılar.

Həmin o şirkət və onun buradakı nümayəndələri bu kombinatın işçilərinin demək olar ki, əksəriyyətini işdən çıxarmışdılar, onlar da şikayət edirdilər. Xatirimdədir, 1999-cu ildə biz bu şirkətlə işə başlayana qədər 10 gündən-15 gündən bir bu kombinatdan 100, 150, 200 nəfər adamı öyrədirdilər. Nazirlər Kabinetinin, Prezident Sarayının qarşısına göndərirdilər. Gəlib orada saatlarla dururdular ki, nə üçün onları işdən çıxarıblar, maaş aa bilmirlər, vəziyyətləri pisdir, şikayət edirlər. Təbiidir ki, bu adamların şikayət etməyə haqqı da, əsası da var idi. Amma iş burasındadır ki, bəzi qüvvələr bundan istifadə edirdilər, sadəcə olaraq aranı qarışdırmaq istəyirdilər.

Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri də bu kombinata yol tapmışdılar, buradan sui-istifadə edirdilər, qanunsuz gəlirlər götürürdülər. Hətta müxalifət partiyalarına mənsub olan bəzi qüvvələr də, mən belə hesab edirəm ki, bu kombinatda maraqlı idilər. Yəqin, onların da burada özlərinə məxsus gəlirləri var idi. Ona görə də insanları qızışdırıb şikayətə göndərirdilər. Hətta bir neçə dəfə bu məsələni Milli Məclisin iclaslarında qaldırıb - guya hökumət bu kombinatı nə üçün işlədə bilmir, filan - bu cür çıxışlar edirdilər.

Nəhayət, \"Evropean tobako\" şirkəti və onun başçısı Nəzər Nəsri burada işləri aparmaq üçün müraciət etmişdi. Ancaq mən bu gün etiraf etməliyəm ki, bizim müxtəlif mərtəbələrdə, səviyyələrdə olan məsul vəzifəli şəxslərimiz, bu şirkətin imkanından istifadə etmək istəməmişdilər, cürbəcür maneçiliklər törətmişdilər, şərtlər qoymuşdular. Beləliklə, bunları da işdən soyudub uzaqlaşdırmaq istəyirdilər.

Dövlət Əmlak Komitəsinin keçmiş rəhbərliyi, bizim başqa təşkilatlarda, hətta Nazirlər Kabinetində də olan bəzi şəxslər öz şəxsi məqsədlərini həyata keçirmək, yaxud da özlərinin qoyduğu şərtlərin şirkət tərəfindən yerinə yetirilməsi üçün bu məsələni həll etmirdilər. Beləliklə, burada vəziyyət get-gedə xarablaşırdı, insanlar əziyyət çəkirdi, şikayət edirdi. Ayrı-ayrı adamlar da bundan sui-istifadə edirdilər. Nəhayət, burada iştirak edən Nəzər Nəsri mənə müraciət etdi, mən onu qəbul etdim. O, öz təkliflərini mənə bildirdi. Mən maraqlanıb gördüm ki, bu təkliflər doğrudan da çox maraqlı təkliflərdir. Dövlət Əmlak Komitəsinə, Nazirlər Kabinetinə göstəriş verdim ki, bu məsələyə baxsınlar və təcili tədbirlər görsünlər. Çünki, dediyim kimi, kombinatın işçiləri həftədə bir dəfə şikayətə gəlirdilər.

Təsəvvür edin, hətta mənim göstərişimdən sonra bax, dediyim bu təşkilatlarda ayrı-ayrı adamlar yəqin ki, öz şəxsi məqsədlərini güdərək bu məsələnin həll olunmasına maneçilik edirdilər. Hətta sonra mənə məlumat verdilər, bu kombinatda işləyən bəzi qüvvələr - hansılar ki, həm buradan qanunsuz gəlir götürürdülər, həm də aranı qarışdırırdılar - görəndə ki, burada real bir şirkət meydana çıxıbdır və bunlar real iş görə bilərlər, bəyan etdilər ki, onlar özləri bu kombinatı özəlləşdirəcəklər, yenidən quracaqlar. Təbiidir ki, buna inanmaq mümkün deyildi. Əgər belə mümkün idisə, nə üçün 3-4 il idi ki, özlərini də, bizi də incidirdilər

Mən bu prosesləri bildiyimə görə bu gün çox məmnunam ki, həmin bu \"Evropean tobako\" şirkəti - hansı ki, şəxsən mən qəbul etmişdim və göstərişlər vermişdim, öhdəlik götürmüşdü ki, kombinatı yenidən quracaq və burada yüksək səviyyəli məhsul istehsal edəcək - bu kombinatı bizim dövlət qanun-qaydası çərçivəsində özəlləşdirə bildi. Bu özəlləşdirmədən Azərbaycanın büdcəsinə müəyyən gəlir gəldi. Burada verilən məlumatlar məni çox sevindirir ki, müəssisədə işləyən adamların heç birisini, necə deyərlər, küçəyə salmadılar. Onların bir qismini artıq indi işə cəlb ediblər, o biri qisminə isə müavinətlər verirlər, həmin adamlar da işləyəcəklər. Qeyd etmək istəyirəm ki, mən onların qarşısında bu şərti qoymuşdum, onlar bu şərtə də əməl edirlər. Demək, insanlar da işləyir, kollektiv də dağılmayıbdır, yeni bir müəssisə yaranıbdır. Buraya böyük miqdarda xarici investisiya qoyulubdur. Təbiidir ki, bunların da çox müsbət nəticələri olacaqdır.

Bilirsiniz ki, son 5 ildə biz Azərbaycana xarici investisiyanın cəlb olunması prosesini inkişaf etdirməyə çalışırıq. Biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bu müddətdə Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya qoyulubdur. Amma bunun çox hissəsi neft sektoruna qoyulubdur. Bizim bu sahədə nailiyyətlərimiz böyükdür və bu nailiyyətlər gələcəkdə daha da çox olacaqdır.

Biz çalışırdıq, bu gün də çalışırıq və bundan sonra da çalışacağıq ki, qeyri-neft sektoruna xarici investisiya daha da çox cəlb olunsun. Bunun üçün imkanlar da, investorlar da vardır. Azərbaycanda investisiya qoyulası yerlər də, müəssisələr də, imkanlar da vardır. Əgər biz bu sahədə istənilən nailiyyəti əldə edə bilməmişiksə, demək, bizim ayrı-ayrı hökumət orqanlarında rəsmi şəxslər tərəfindən bu prosesin həyata keçirilməsinə maneçilik törədilir.

Mən çox məlumatlar alıram ki, bəzi investorlar gəlirlər, Azərbaycanda öz təkliflərini verirlər, ancaq bəzi təşkilatlarda - hansılar ki, onların vasitəsilə bunu edə bilərlər - investorların qarşısına böyük şərtlər qoyurlar. Yəni buradan mənfəət götürmək, ya rüşvət almaq, yaxud da özləri üçün nə qədər böyük faiz istəyirlər. İnvestor ölçüb-biçir, görür ki, buradan bu gəliri götürməyəcək, ona görə də dönüb çıxıb gedir.

Bu nöqsanlar bizim müxtəlif orqanlarda, hökumət orqanlarında var. Mən bu gün bunu açıqca deyirəm və tam etiraf edirəm. Tələb edirəm ki, bunlar aradan qaldırılsın. Ayrı-ayrı mərtəbələrdə bəzi şəxslər öz şəxsi mənafeləri naminə Azərbaycan iqtisadiyyatının inkişafına zərbələr vururlar, ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarına, təbiidir ki, qeyri-neft sektoruna investisiya gəlməsinə maneçilik törədirlər. Mən bunu təkcə aldığım məlumatlara görə yox, elə həmin şirkətin gəlib bu kombinatı götürmək üçün göstərdiyi səylər və mənim müşahidələrim əsasında cəsarətlə deyirəm.

Əgər bu işə mən özüm qarışmasaydım, həmin o təşkilatlara, ayrı-ayrı şəxslərə bu məsələnin həyata keçirilməsi barədə qəti, ciddi göstərişlər verməsəydim və ona nəzarət etməsəydim, bu gün bu müəssisə yox idi. Buna görə də mən deyirəm ki, görün biz nə qədər bu cür investor itiririk.

Ötən bu 5 il müddətində görülən işin nəticəsi nədir? Burada bu barədə çox ətraflı danışdılar. Azərbaycana 50 milyon dollar dəyərində investisiya gəlibdir, müəssisə yenidən qurulubdur. Burada dedilər, bu müəssisədə beynəlxalq standartlara uyğun 16 növ siqaret istehsal olunacaqdır. Azərbaycan Respublikasının tələbatı ödəniləcəkdir. Amma indi tələbatın əksər hissəsi idxal vasitəsilə gəlir. Təbiidir, ayrı-ayrı dairələr buradan öz mənfəətini götürürlər və Azərbaycan dövlətinə çox az mənfəət gəlir.

Bu müəssisədə çalışanlar və bundan da çox Azərbaycan vətəndaşı burada yaxşı şəraitdə işləyəcək, yüksək maaş alacaqlar. Burada deyildi, onların bir qismi Avropaya göndərilib orada təcrübə keçiblər, təhsil alıblar. Demək, bunların hamısı gələcəkdə bu müəssisənin tamamilə azərbaycanlılar tərəfindən idarə olunmasına gətirib çıxaracaqdır.

Şirkətin rəhbərləri burada bəyan etdilər ki, onlar istehsal olunan siqaretlərin bir qismini ixrac edəcəklər. Demək, Azərbaycanın öz istehsalı yaranır, bu istehsal Azərbaycan əhalisinin bu mallara olan tələbatını ödəyir, eyni zamanda istehsal o səviyyəyə çatır ki, respublikamız bu siqaretləri idxal etmir, ixrac edir.

Bizim yeni iqtisadi siyasətimizin, bazar iqtisadiyyatının, özəl sektorun inkişaf etdirilməsinin əsas prinsipləri budur. Biz artıq bu müəssisədə bunu real görürük.

Mən bu şirkətin bir öhdəliyini də çox əhəmiyyətli hesab edirəm. Onlar çalışacaqlar ki, Azərbaycanın tütün istehsal edilən bölgələrində tütünün keyfiyyətini artırsınlar. Belə ki, - burada dedilər, - kənd təsərrüfatında tütünçülüklə məşğul olan 20 min insan bu işə cəlb olunacaqdır. Mən bunu arzu edirəm, şirkətin başçılarına da dedim, bunu bir daha deyirəm ki, gələcəkdə bu müəssisənin xammalının əksəriyyəti Azərbaycanda istehsal edilən yüksək keyfiyyətli tütündən ibarət olmalıdır. Mən bütün bunlara görə bu gün çox məmnunam. \"Evropean tobako\" şirkətinin rəhbərlərini bu hadisə münasibətilə təbrik edirəm, onlara bu işdə uğurlar arzulayıram.

Məni ən çox sevindirən odur ki, bu kombinatın kollektivi yerində qalır, amma onlar əvvəlkilərə nisbətən daha da yaxşı iş şəraiti əldə ediblər, daha da çox maaş alacaqlar, daha da səmərəli iş görəcəklər. Beləliklə, bizim əhalimizin bir qisminin rifah halı bununla da yaxşılaşacaq.

Bu müəssisənin yaranması nə qədər çətin yollardan keçibsə, nə qədər maneələri dəf edibsə, onun sonra işləməsinin qarşısında da hələ çox çətinliklər vardır. Mən bu çətinlikləri deyərkən bizim respublikada ayrı-ayrı nəzarət, hüquq-mühafizə orqanlarının özəl sektorun işinə müdaxilə etməsini nəzərdə tuturam. Azərbaycanda bu qüsur da, nöqsan da mövcuddur. Bu da Azərbaycanda özəl sektorun inkişaf etməsinə çox böyük maneçilik törədir, bizim dövlətin, hökumətin siyasətinə zərər gətirir. Ona görə mən bu gün bəyan edirəm ki, bu müəssisənin işinə polis, prokuror, bu kimi başqa nəzarət orqanları qarışmamalıdırlar. Təkcə bu müəssisəni demirəm, mənim bu sözlərim bütün özəl sektora aiddir. Tələb edirəm ki, hüquq-mühafizə orqanları, başqa nəzarət orqanları özəl sektorun işinə qarışmasınlar, maneçilik törətməsinlər və buralarda özləri üçün qanunsuz qazanc axtarmasınlar. Təkcə Baş Dövlət Vergi Müfəttişliyi burada öz işini görməlidir. Buraya, eləcə də başqa özəl sektorlara polis, prokuror daxil olmamalıdır. Onların burada işi yoxdur. Bu, artıq şirkətin mülkiyyətidir. Özü nə istehsal edir, nə cür satır - bu, onun öz işidir.

Biz buradan vergi almalıyıq. Təbiidir, bu cür təcrübəli şirkətlər çalışacaqlar ki, həm istehsalı artırsınlar, həm itkiyə yol verməsinlər, həm də keyfiyyəti yüksəltsinlər. Çünki bu şirkət buraya özü üçün gəlir götürməyə gəlibdir. Şirkət öz istehsalını inkişaf etdirməlidir, gəlirini artırmalıdır, vergini vaxtlı-vaxtında verməlidir.

Bu gün dedilər ki, burada çox elektrik enerjisi sərf olunur. Şirkət elektrik enerjisinin, suyun və istehsal üçün lazım olan bu cür vasitələrin dəyərini ödəməlidir. Bizim başqa tələbimiz yoxdur. Polisin, prokurorun, eləcə də başqa təşkilatların buraya girməsinə ehtiyac yoxdur. Yenə də deyirəm, mənim bu sözlərim bu müəssisənin timsalında bütün özəl sektora aiddir.

Bu gün bir daha bəyan edirəm ki, Azərbaycan prezidenti kimi mən Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi və bu inkişafın sürətləndirilməsi üçün hər cür tədbirlər görürəm və görəcəyəm. Özəlləşdirmə proqramı həyata keçiriləcəkdir.

Keçmiş Əmlak Komitəsinin rəhbərliyi tərəfindən özəlləşdirmədə buraxılan kobud səhvlər bundan sonra Dövlət Əmlakı Nazirliyi tərəfindən buraxılmamalıdır. Xarici investisiyanın cəlb olunmasına heç kəs maneçilik törətməməlidir. Bütün hökumət, dövlət orqanları, əksinə, onlara əlverişli şərait yaratmalıdırlar. Mən xarici investorlara müraciət edərək deyirəm ki, əgər siz burada mən dediyim bu əngəllərlə, maneçiliklərlə rastlaşsanız, mənə müraciət edin. Mənim işim nə qədər çox olsa da bu məsələ ilə şəxsən məşğul olmağa söz verirəm.

Müəssisənin kollektivini təbrik edirəm. Onlar artıq şikayətə gəlmirlər. Ayrı-ayrı təxribatçı qüvvələr bundan sonra onları toplayıb Prezident Sarayının, Nazirlər Kabinetinin qarşısına şikayətə göndərə bilməzlər. Çünki əməkçilər indi burada yaxşı iş şəraiti əldə ediblər, yaxşı maaş alacaqlar, alırlar və öz ixtisaslarını daha da artıracaqlar.

Mən bu gün buranı gəzərkən, keçmişdən burada işləyən şəxslərlə danışarkən gördüm ki, onlar bu dəyişikliklərdən nə qədər razıdırlar. Sözümü qurtararaq yenə də demək istəyirəm ki, mən siqaret çəkən deyiləm. İstəmirəm ki, insanlar siqaret çəksinlər. Çünki bu zərərlidir. Filtrləri nə qədər çox qoysalar da bu, yenə də insan üçün zərərlidir. Onu bilirəm ki, siqaret çəkəni tərgitmək mümkün deyil. Ona görə də mən arzu edirəm bu müəssisə ən yüksək keyfiyyətli siqaretlər istehsal etsin ki, həmin siqaretdən istifadə edən adamlar heç olmasa az zərər çəksinlər.

Mən \"Evropean tobako\" şirkətinin gördüyü işləri bir daha yüksək qiymətləndirirəm, ona, bu müəssisənin bütün kollektivinə yeni-yeni uğurlar arzulayıram.

\"Azərbaycan\" qəzeti, 2 fevral 2000-ci il.