Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə Görüşündə və \"Kitabi-Dədə Qorqud\" dastanının 1300 illiyinə həsr olunmuş yubiley təntənələrində iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə prezidenti Süleyman Dəmirəlin Binə hava limanında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qarşılanma mərasimində bəyanat və mətbuat konfransı - 8 aprel 2000-ci il

Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı: Bizim əziz dostumuz, qardaşımız, ən əziz qonağımız, hörmətli prezident Süleyman Dəmirəl yenə də Azərbaycandadır. Bütün Azərbaycan xalqı bu gəlişi, səfəri gözləyirdi. Mən çox məmnunam ki, hörmətli Süleyman Dəmirəl bizim dəvətimizi qəbul edib, vaxt tapıb gəlibdir.

Bu gün Bakıda türkdilli dövlətlərin başçılarının VI zirvə görüşü keçiriləcəkdir. Bizim hamımızın tarixi abidəsi olan \"Kitabi-Dədə Qorqud\"un 1300 illiyi sabah təntənəli surətdə bayram ediləcəkdir. Ancaq bütün bu tədbirlərin, təntənəli mərasimlərin hamısına ən yüksək qiymət verən və onların hamısını daha da yüksək səviyyəyə qaldıran - Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin bu tədbirlərdə iştirak etməsidir. Ona görə də mən sizə təşəkkür edirəm, bundan məmnunam və xalqımız sizi səbirsizliklə gözləyir.

Sual: Cənab prezident Heydər Əliyev, Siz bu gün cənab Süleyman Dəmirəli necə qarşılayırsınız?

Cavab: Mən onu həm dostum, həm qardaşım, həm də dünyanın ən böyük siyasət, dövlət adamı, türk dünyasının ən böyük şəxsiyyətlərindən biri kimi qarşılayıram. Sağ olun.