Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a rəsmi səfərdən Vətənə qayıtdıqdan sonra Binə hava limanında jurnalistlərin suallarına cavabı - 8 avqust 1997-ci il

Sual: Cənab prezident, səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?

Cavab: Çox gözəl qiymətləndirirəm. Olduqca uğurlu səfərdir. Mən çox razıyam, hər şey çox yaxşı oldu. Azərbaycan-Amerika münasibətlərində böyük nailiyyətlər əldə edilib, əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün yeni imkanlar açılıbdır.

Sual: Səfərin nəticələrinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsiri olacaqmı?

Cavab: Şübhəsiz. Prezident Klintonun və mənim imzaladığımız Amerika-Azərbaycan birgə bəyanatında siz bunu oxuyacaqsınız. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi bəyanatda layiqli yer tutur.