Azərbaycan Prezidenti Heydər Əliyevin Yaltadan Bakıya qayıdarkən Ukraynaya səfərin yekunları barədə təyyarədə jurnalistlərə müsahibəsi - 10 avqust 1998-ci il

Dünən, avqustun 9-da mən Ukraynaya, Krıma gəldim, bu gün Vətənə qayıdıram. Bu qısamüddətli səfərimin əsas məqsədi Ukraynanın prezidenti Leonid Kuçmanı 60 yaşının tamam olması, doğum günü münasibətilə təbrik etməkdən ibarətdir. Ukrayna ilə Azərbaycan arasında dostluq və partnyorluq əlaqələrinin yaranması və indi sürətlə inkişaf etməsi, Leonid Kuçma ilə mənim aramda yaranmış şəxsi dostluq münasibətləri belə bir səfərin zəruri olduğunu mənim üçün müəyyən etmişdir. Ona görə də mən bu səfəri etdim. Azərbaycanın dövlət başçısı kimi mən gördüyüm hər bir işi, o cümlədən xarici ölkələrə hər bir səfərimi yalnız və yalnız Azərbaycanın, bizim respublikamızın, ölkəmizin nüfuzunun, hörmətinin daha da qaldırılması naminə və müxtəlif ölkələrlə əməkdaşlığımızın inkişaf etdirilməsi naminə edirəm. Bu səfər də məhz bu arzudan, bu istəkdən irəliyə gəlmişdir. Bilirsiniz ki, Ukrayna ilə Azərbaycan arasındakı əlaqələr son illər yaranıbdır. Həm Ukrayna tərəfinin, həm də Azərbaycan tərəfinin və xüsusən də iki ölkənin prezidentlərinin səyi nəticəsində bu əlaqələr sürətlə inkişaf edir. Mən bunu çox zəruri hesab edirəm. Ukrayna-Azərbaycan əlaqələrinin mövcud şəraiti vəziyyəti və onun inkişaf etməsinin bir neçə səbəbləri vardır.

Birinci, biz bir-birimizə coğrafi cəhətdən çox yaxınıq. Ukrayna dünyanın, Avropanın böyük ölkələrindən biridir. Onun böyük ərazisi, 50 milyondan artıq əhalisi, böyük iqtisadi potensialı vardır. Qara dənizin sahilində onun böyük strateji coğrafi vəziyyəti vardır. Ukrayna Qafqaza, Azərbaycana çox meyl göstərir, o cümlədən Xəzər dənizi hövzəsinin enerji ehtiyatlarından istifadə olunmasına çox böyük maraq göstərir.

Ukrayna Böyük İpək Yolunun bərpa edilməsi probleminə də çox maraq göstərir. Sentyabrın 7-8-də keçirilməsi nəzərdə tutulmuş beynəlxalq konfransda Ukrayna prezidenti iştirak edəcəkdir.

Ukrayna ilə biz Müstəqil Dövlətlər Birliyində də çox səmərəli əməkdaşlıq edirik. Deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində Ukrayna ilə Azərbaycanın mövqeləri bir çox məsələlərdə üst-üstə düşür. Ukrayna bir çox hallarda bizim təkliflərimizi müdafiə edir, biz də Ukraynanın təkliflərini müdafiə edirik. Şəxsən məni Ukrayna prezidenti ilə belə sıx əlaqələrə sövq edən amillərdən biri də ondan ibarətdir ki, hesab edirəm, Ukrayna prezidenti Leonid Kuçma öz ölkəsinin milli mənafelərinə cavab verən, düşünülmüş daxili və xarici siyasət aparır. Leonid Kuçmanın daxili siyasəti bizim siyasətimizlə demək olar ki, tam üst-üstə düşür.

Prezident Leonid Kuçma Ukraynada demokratik prinsiplərin inkişaf etməsinə və möhkəmlənməsinə çalışır. Ukraynada iqtisadi islahatlar həyata keçirilir, bazar münasibətlərinin bərqərar olunması üçün çox ciddi tədbirlər görülür. Beləliklə, Ukraynanın iqtisadiyyatı tamamilə yenidən qurulur. Doğrudur, onların problemləri də vardır və bu problemlər az deyildir. Ukraynanın parlamenti bir sıra məsələlərdə çox vaxt icra hakimiyyəti ilə razılaşmır. Məsələn, mən maraqlandım, özəlləşdirmə sahəsində onların çətinlikləri vardır. Kiçik və orta müəssisələrin özəlləşdirilməsini aparıblar və aparırlar, ancaq Ukraynanın parlamenti iri müəssisələrin özəlləşdirilməsinə razı olmur.

Yaxud torpaq islahatı sahəsində də onların problemi vardır. Bilirəm ki, Leonid Kuçma və onun tərəfdarları geniş torpaq islahatı həyata keçirmək, o cümlədən torpağın şəxsi mülkiyyətə verilməsini təmin etmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Çünki bunun əleyhinə çıxan qüvvələr çoxdur və onların əksəriyyəti də Ukraynanın parlamentindədir. Onların başqa problemləri də vardır. Lakin bunlara baxmayaraq, Ukrayna prezident Leonid Kuçmanın təşəbbüsü və rəhbərliyi ilə islahatlar, demokratiya, bazar münasibətləri yolu ilə gedir. Güman edirəm onlar bu çətinliklərin də öhdəsindən gələ biləcəklər.

Bütün bunlara görə Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələri tamamilə təbiidir. Çünki biz eyni yolla gedirik. Doğrudur, burada bizim nailiyyətlərimiz daha çoxdur. Ancaq əsas məsələ bu nailiyyətlərin çox və ya az olmasında deyildir; bu, strateji yoldan, siyasətdən ibarətdir.

Ukrayna və prezident Leonid Kuçma xarici siyasətdə bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr yaratmaq istəyir və artıq bunları yaradıbdır. Qeyd etdiyim kimi, Ukrayna Qafqaza, Mərkəzi Asiyaya, Xəzər dənizi hövzəsinə çox diqqət verir. Ukrayna Türkiyə ilə sıx iqtisadi əlaqələr yaradıbdır, Qərb ölkələri ilə əlaqələrin inkişafına çox fikir verir. O cümlədən, NATO-nun \"Sülh naminə tərəfdaşlıq\" proqramında iştirak edən Ukrayna bu sahədə daha irəliyə getmiş ölkələrdən biridir. Beləliklə, xarici siyasət sahəsində də bizim fikirlərimiz, niyyətlərimiz üst-üstə düşür.

Qeyd etdiyim kimi, Müstəqil Dövlətlər Birliyində biz demək olar ki, əsas məsələlərdə eyni mövqedən çıxış edirik. Mən bunu da çox əhəmiyyətli hesab edirəm. Prezident Leonid Kuçmanın siyasətinin məni xüsusən cəlb edən bir cəhəti də ondan ibarətdir ki, - ola bilər ki, bu əsasdır-Leonid Kuçma Ukraynanın tam müstəqil dövlət olması yolunda öz səylərini qoyub, çalışır və Ukraynanı daimi müstəqil dövlət etmək istəyir. Bu, bizim üçün əsasdır. Çünki bilirsiniz ki, MDB çərçivəsində bəzən bu barədə açıq olmasa da müxtəlif siyasətlər yürüdülür. Azərbaycan dövlət müstəqilliyinin qorunmasını, saxlanmasını və möhkəmlənməsini daim əsas şərt hesab etdiyinə görə və bu, Azərbaycan prezidenti kimi mənim siyasətimin əsas istiqaməti olduğuna görə bu məsələdə də prezident Kuçma ilə mənim fikirlərimin eyni olması, eyni istiqamətdə olması məni Ukrayna ilə aramızda olan münasibətləri daha da genişləndirməyə, inkişaf etdirməyə sövq edir.

Ukrayna bir ölkə, dövlət kimi Azərbaycanın və Xəzər dənizinin neft və qaz yataqlarına çox böyük maraq göstərir, gələcəkdə bundan istifadə etmək istəyir. Mən də hesab edirəm ki, bu sahədə Ukrayna Azərbaycan üçün çox dəyərli partnyorlardan biri ola bilər.

Şübhəsiz ki, bütün bunlar mənim bu səfərimin əsasını təşkil edir. Ancaq bunlarla yanaşı, şəxsi münasibətlər də müəyyən rol oynayır. Leonid Kuçma ilə mənim aramda dostluq münasibətləri yaranıbdır. Prezident, dövlət xadimi kimi Leonid Kuçma, hesab edirəm, çox dəyərli işlər görür. Ancaq bir insan kimi də sadə, təvazökar, səmimi münasibət göstərən bir insandır. Bütün bunlara görə də mənimlə onun arasında dostluq əlaqələri yaranıbdır. Bütün bu amillərə görə də mən prezident Leonid Kuçmanı təbrik etmək üçün belə bir səfər etdim və bu səfərdən də çox məmnunam. Mən belə düşünürdüm və belə də oldu. Yəni mən düşünürdüm ki, bu, sadəcə adi təbrik xarakteri daşımayacaqdır, eyni zamanda, ölkələrimiz arasında olan əlaqələrin daha da inkişaf etdirilməsi üçün danışıqlar, söhbətlər olacaqdır. Bu, belə də oldu. Leonid Kuçma ilə biz bu barədə söhbətlər apardıq və yenə də fikirlərimizi bir-biri ilə tutuşdurduq, müqayisə etdik və eyni istiqamətdə hərəkət etdiyimizi müşahidə etdik.

Görüşlər Yaltanın lap kənarında olan Foros adlı bir yerdə, Kuçmanın iqamətgahında keçirilirdi. Məndən başqa bir sıra digər ölkələrin də dövlət başçıları, mənim kimi, xüsusən Leonid Kuçmanı təbrik etməyə gəlmişdilər. Özbəkistanın prezidenti İslam Kərimov, Gürcüstanın prezidenti Eduard Şevardnadze, Moldovanın prezidenti Petru Luçinski, Latviyanın prezidenti Quntis Ulmanis, Rusiya prezidentinin nümayəndəsi İvan Rıbkin bu məqsədlə oraya gəlmişdilər. Müstəqil Dövlətlər Birliyinin icraçı katibi Boris Berezovski, Rusiyanın keçmiş Baş naziri Viktor Çemomırdin də Yaltaya gəlmişdilər. Qazaxıstan Baş nazirinin birinci müavini orada prezident Nazarbayevi təmsil edirdi.

Mərasim həm görüşlərdən, həm də Leonid Kuçmanın 60 illik yubileyi münasibətilə qonaqlara verdiyi ziyafətdən ibarət oldu. Bu ziyafət Qorbaçovun vaxtilə Yaltanın kənarında, Forosda özü üçün tikdirdiyi çox əzəmətli, böyük iqamətgahda, malikanədə keçirilirdi. Mərasimdə Ukraynanın dövlət və hökumət rəhbərləri - Ukrayna parlamentinin sədri Tkaçenko, Baş nazir Pustovoy Tenko iştirak edirdilər. Tatarıstanın prezidenti Mintemir Şaymiyev də oraya xüsusilə bu məqsədlə gəlmişdi. Ukraynanın hökumət üzvləri və Krım Muxtar Respublikasının başçıları da bu mərasimdə iştirak edirdilər. Deyə bilərəm ki, bu mərasim çox dostluq, mehribanlıq, səmimilik şəraitində keçdi. Hesab edirəm ki, biz dostumuz Leonid Kuçmanın 60 illik yubileyini birlikdə çox layiqincə qeyd etdik. Ancaq eyni zamanda, bu mərasim zamanı mənim bir neçə başqa görüşlərim də oldu. Biz Gürcüstan prezidenti Eduard Şevardnadze ilə mərasim ərəfəsində görüş keçirdik, ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsi haqqında bəzi fikirləri müzakirə etdik. O, Gürcüstanın bu günkü vəziyyəti haqqında mənə məlumat verdi. Mən Azərbaycanda olan bugünkü vəziyyət haqqında ona məlumat verdim. Prezident Şevardnadze Gürcüstan-Abxaziya münaqişəsinə həll olunması prosesi haqqında mənə xüsusi məlumat verdi. Mən isə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunası ilə əlaqədar mövcud vəziyyət haqqında ona məlumat verdim.

Bizim danışıqlarımızda Xəzər dənizindən və ümumiyyətlə, Xəzər regionundan, hövzəsindən hasil olunacaq neft və qazın gələcəkdə ixrac edilməsi üçün çəkiləcək boru kəmərlərinin marşrutları haqqında fikir mübadiləsi aparıldı. Eduard Şevardnadze xüsusən Türkmənistan qazının ixrac ediləcəyi boru xəttinin Xəzər dənizi vasitəsilə Azərbaycandan, Gürcüstandan keçməklə Qərbə getməsi haqqında aparılmış son danışıqlar barədə mənə məlumat verdi.

Şübhəsiz ki, Eduard Şevardnadze ilə mən sentyabrın 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransa, zirvə görüşünə hazırlıq barədə də fikir mübadiləsi apardıq. Biz başqa məsələlərə də toxunduq və bir daha bəyan etdik ki, Gürcüstanla Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri bundan sonra da inkişaf etməlidir.

Prezident İslam Kərimovla mənim Özbəkistan-Azərbaycan əlaqələri haqqında görüşüm və danışıqlarım oldu. Biz, o cümlədən, Avropa-Qafqaz-Asiya nəqliyyat magistralı və bu münasibətlə TRASEKA proqramı çərçivəsində Qədim İpək yolunun bərpa edilməsi ilə əlaqədar Bakıda keçiriləcək beynəlxalq konfrans haqqında danışıqlar apardıq.

Deyə bilərəm ki, digər ölkələrin prezidentləri, məsələn, Moldovanın, Ukraynanın prezidentləri ilə görüşlərimizdə də bu mövzuya toxunduq. Bildirmək istəyirəm ki, Özbəkistanın, Gürcüstanın, Ukraynanın, Moldovanın prezidentləri sentyabrın 7-də Azərbaycana gələcəklər. Onlar artıq bu barədə bəyanatlar, veriblər və beynəlxalq konfransda fəal iştirak etməyə hazırlaşırlar.

Boris Berezovski ilə də mənim danışıqlarım oldu. Bilirsiniz ki, Müstəqil Dövlətlər Birliyinin icraçı katibi kimi o, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində müəyyən fəaliyyətə başlayıbdır. Biz bu fəaliyyətin davam etdirilməsi barədə onunla fikir mübadiləsi apardıq. Beləliklə, hesab edirəm ki, qısa bir müddətdə ölkəmiz üçün vacib olan məsələlərin müzakirəsi və başqa dövlətlərlə əlaqələrimizin daha da inkişaf etməsi istiqamətində çox əhəmiyyətli işlər görüldü. Bütün bunların nəticəsində mən bu səfərimi çox əhəmiyyətli, vacib və səmərəli hesab edirəm.

Son dəfə mən Krımda 1982-ci ildə olmuşdum. Son üç ayda mən ikinci dəfədir ki, Krıma gəlirəm.

Biz iki ay bundan öncə burada Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət, hökumət başçılarının növbəti görüşünə toplaşmışdıq. Mən buraya ikinci dəfədir ki, gəlirəm. Ona görə də mən, şübhəsiz ki, keçən dəfə də, bu dəfə də Krımda olan vəziyyətlə maraqlanırdım. Burada da vəziyyət sabitləşibdir.

Mən, ümumiyyətlə, Ukraynada olan vəziyyətlə də maraqlanırdım.

Ukraynada da vəziyyət sabitləşibdir. Həm Ukraynada, həm də onun tərkib hissəsi olan Krımda cinayətkarlığa qarşı mübarizə öz nəticələrini verir və mən Krımın rəhbərləri ilə danışıqlarımdan belə qənaətə gəldim ki, artıq Krımda ictimai-siyasi vəziyyətin sabitləşməsi, cinayətkarlara, cinayətkar qruplara qarşı aparılan mübarizə və onun müsbət nəticələri Krımın istirahət üçün bu çox dəyərli yerlərindən indi daha da səmərəli istifadə olunmasına imkan yaradıbdır. Məsələn, dünən, bu gün danışırdılar ki, əvvəlki illərdən çox fərqli olaraq bu il Krımın bu istirahət yerlərinə çoxsaylı, həddindən artıq çox, dünyanın bir çox ölkələrindən, - şübhəsiz ki, əksəriyyəti Rusiyadan, Ukraynadan və başqa ölkələrdən də - istirahət etmək üçün insanlar gəlmişdir. Bu da müsbət haldır.

Çünki bu, həm Ukraynanın, həm də Krımın iqtisadi vəziyyəti üçün çox əhəmiyyətlidir.

Mən həmişəki kimi, bu dəfə də Ukraynada, o cümlədən Krımda azərbaycanlıların vəziyyəti ilə də maraqlandım. Bizim səfirliyin mənə verdiyi məlumatdan görünür ki, Ukraynada təxminən 400 minə qədər azərbaycanlı yaşayır. Bu gün mənə Krımda məlumat verdilər ki, burada təxminən 2500 azərbaycanlı yaşayır. Mən azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, onlar haqqında daim düşünürəm, Azərbaycanın prezidenti kimi, onlara daim qayğı göstərməyə çalışıram. Mənim Ukrayna ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirmək istiqamətində işlərimin səbəblərindən biri də ondan ibarətdir ki, əgər Ukraynada 400 min azərbaycanlı yaşayırsa, demək, Ukrayna ilə Azərbaycan arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etməsi Ukraynada yaşayan azərbaycanlıların həyat şəraiti, iş şəraiti üçün xeyirli, faydalı olacaqdır. Mən belə düşünürəm və Ukraynanın prezidenti, eləcə də Krımın rəhbərləri ilə bu barədə söhbətlər apardım.

Krımda, Yaltada mənim qısamüddətli yaşamağım üçün iqamətgah ayrılmışdı. Bu, \"Yeddinci yaylaq\" deyilən bir yer idi. Vaxtilə, 50-ci illərdə Krımda Sovet hökuməti tərəfindən istirahət üçün təxminən 10-12 belə yüksək səviyyəli iqamətgah, yaylaq evləri tikilmişdi. Mən 70-ci illərdə Azərbaycanın başçısı olduğum zaman bir dəfə Krıma qısamüddətli istirahətə gəlmişdim. O vaxt Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyünə namizəd olduğuma görə mən də belə xüsusi yaylaq binalarında istirahət etmək hüquqlarına malik idim. Bunlar o vaxtlar tikilibdir, indi Ukraynanın mülküdür. Ukrayna bunlardan öz məqsədləri üçün istifadə edir. Amma uzunmüddətli fasilədən sonra gördüm ki, bu binalarda demək olar ki, heç bir şey dəyişilməyibdir, hər bir şey 15 il bundan öncə gördüyüm kimidir. Vaxtilə belə binalarda yay mövsümündə Sovetlər İttifaqının başçıları daim istirahət edərdilər.

Məsələn, Mərkəzi Komitənin Baş katibi Brejnev, Nazirlər Sovetinin sədri Kosıgin, Ali Sovetin sədri Podqornı, Siyasi Büronun üzvləri, üzvlüyə namizədlər burada istirahət edərdilər. Mən o vaxt təkcə özüm istirahət etdiyim binanı yox, başqalarını da görmüşdüm, o cümlədən Leonid Brejnevin istirahət etdiyi iqamətgahı da görmüşdüm. Mənim onunla orada bir neçə dəfə görüşlərim olmuşdu. Ona görə də onu da görmüşdüm. Bunlar hamısı bir-birinə bənzərdir. Bəlkə bir-birindən quruluşuna, həcminə, ərazisinə görə bir az fərqlidir Demək olar ki, bunların hamısı Qara dənizin sahilindədir va birbaşa dənizə çıxırlar.

Məsələn, Baş katib Brejnevin, ya Nazirlər Sovetinin sədri Kosıginin yaşadıqları binalar da bunlardan az fərqlənirdi. Bəlkə də onların ərazisi bir az böyük idi, yaxud da başqa şəraiti böyük idi. Ola bilər ki, otaqların sayı bir az artıq idi. Ancaq mən keçən dəfə və bu dəfə də Mixail Qorbaçovun qısa müddətdə burada, Yaltanın kənarında, Foros adlanan yerdə özü üçün tikdirdiyi malikanəni, iqamətgahı, istirahət yerini gördüm. Doğrudan da bu məni həm təəccübləndirdi, həm də dəhşətə gətirdi. Çünki, yenə də deyirəm, mən Sovet hökumətinin tarixində Sovet hökuməti başçılarının vaxtilə özlərinin istirahəti üçün tikdirdikləri və yaşadıqları binaların demək olar ki, əksəriyyətini görmüşəm. Məsələn, vaxtilə Stalinin Moskva yaxınlığında yaşadığı bina sonra boş idi. Mən rəhbər vəzifələrdə olduğum zaman gedib oranı, sadəcə olaraq, muzey eksponatı kimi baxıb görmüşdüm. Xruşşovun yaşadığı yerləri görmüşdüm. Brejnevin Moskvada da, Krımda da da yaşadığı yerləri görmüşdüm. Ancaq mən deyə bilərəm ki, Sovet hökuməti başçılarının heç biri özü üçün belə malikanə yaratmamışdır. Bilirsiniz, burada, Krımda, Yaltada rus çarlarının da sarayları vardır. Məsələn, burada rus çarı Aleksandrın sarayı vardır. Düzdür, o, dəniz kənarından uzaqdır, bir az Yaltanın dağ tərəfindədir. O illərdə bəzən buraya xarici qonaqlar gələndə onların istifadəsinə verirdilər, amma çox vaxt o, istifadəsiz bir bina idi. Mən, sadəcə, Krımın görməli yerlərini ziyarət edərkən oraya gedib baxmışdım. Məsələn, Rusiyanın padşahı Aleksandrın özünə tikdirdiyi o vaxtkı saray da Qorbaçovun özü üçün tikdirdiyinin yanında bir şey deyildir. Yaxud Ariadnada, Livadiya deyilən yerdə, - ora indi muzeydir, vaxtilə, 1943-cü ildə orada Yalta görüşü olmuşdur. Yaltada, Livadiyada Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, İngiltərə başçılarının - Stalin, Ruzvelt və Çörçillin görüşü olmuşdur. Mən o sarayı da görmüşəm. Heç bir padşah, heç bir rus çarı və yetmiş il hakimiyyətdə olmuş Sovet hökumətinin heç bir başçısı özü üçün belə bir böyük iqamətgah tikdirməmişdir.

Gürcüstanın prezidenti Eduard Şevardnadze mənə söylədi ki, Gürcüstanın Qara dəniz sahilində Pitsunda deyilən bir yerdə Qorbaçov bundan da böyük bir bina tikdirmişdir. Əgər nəzərə alsaq ki, Sovet hökumətinin, Kommunist Partiyasının özündən əvvəlki bütün başçıları ilə müqayisədə Mixail Qorbaçov hakimiyyətdə ən az olan adamdır, - o, Sovet hökumətinə cəmi beş il başçılıq etmişdir, - 1985-ci ilin mart ayından 1991-ci ilin sonuna qədər, - amma Sovet hökumətinin ondan əvvəlki başçıları Brejnev 18 il, Xruşşov 10 il, Stalin 30 il, ondan əvvəl rus çarları da uzun müddət öz ölkələrinin başçısı, çarı kimi yaşamışlar və özləri üçün saraylar tikmişlər. Ancaq Mixail Qorbaçov qısa bir müddətdə özü üçün bu qədər işlər görmüşdü.

Bu, məni çox həyəcanlandırır, təəssüfləndirir, ona görə ki, Mixail Qorbaçov özündən əvvəl hakimiyyətdə olan bütün insanları bir çox günahlara, o cümlədən özləri üçün xüsusi şərait, imtiyazlar yaratdıqlarına görə çox qəti tənqid edirdi, günahlandırırdı.

Ancaq o özü qısa müddətdə, - mən hələ Moskvadakıları demirəm, - Moskvada \"Vorobyovı qorı\" deyirlər, sonra onun adını \"Leninskiye qorı\" qoymuşdular, - Lujniki stadionundan bir az yuxarıda, Miçurin prospekti var idi, orada qısa müddətdə özü üçün bir yaşayış evi tikdi.

Moskvanın ətrafında Siyasi Büro üzvlərinin və hökumət başçılarının yaşaması üçün çox gözəl, yaxşı şəraiti olan malikanələr, yaylaq evləri var idi. Qorbaçov da vaxtilə Siyasi Büro üzvü kimi belə evlərdən birində yaşayırdı. Brejnev də, Andropov da, Çernenko da, Tixonov da, Qorbaçov da beləsində yaşayırdı. Bəlkə mənim yaşadığım onlarınkından şəraitinə görə bir az kiçik idi, amma mən də beləsində yaşayırdım. Ancaq o, Mərkəzi Komitənin Baş katibi olan kimi bunları bəyənmədi. Moskvanın yaxınlığında özü üçün böyük bir malikanə tikdi. Danışırdılar ki, bunu qısa bir müddətdə tikdilər. O, ora köçdü, bir az orada yaşadı. Sonra dedilər ki, burada ağcaqanad çoxdur, ona görə də biz burada yaşaya bilmərik. Qısa müddətdə başqa yerdə yenisini tikdilər.

Mən bunları Moskvada görmüşdüm. Mən Moskvada yaşayarkən Forosda, yəni Krımda, Yaltada da belə bir malikanənin tikilməsini bilirdim, eşitmişdim və hətta orada, bizim dövlət dairələrində danışıqlar gedirdi ki, o, bu malikanənin, böyük bir iqamətgahın tikintisini Müdafiə Nazirliyinin tikinti təşkilatlarına tapşırmışdı. Danışırdılar ki, orada minlərlə əsgər, ordunun tikinti təşkilatları işləyirlər. Danışırdılar ki, müdafiə naziri marşal Yazov həftədə bir dəfə - bazar günləri Moskvadan xüsusi təyyarə ilə gəlib bu tikintinin gedişinə nəzarət edir və bunu təmin edir. Şübhəsiz, əgər bu tədbirlər olmasaydı, qısa müddətdə belə bir nəhəng və həddindən artıq əzəmətli, böyük bir ərazini əhatə edən və deyə bilərəm ki, qayaların, dağların içində, yamacların döşündə belə böyük bir malikanə yarada bilməzdi. Doğrudur, indi bu qalıbdır və Ukrayna dövləti ondan istifadə edir. Hər bir padşahın, kralın, çarın vaxtilə hər bir ölkədə yaratdıqları belə saraylar onlardan sonra gələnlər tərəfindən istifadə olunur. Bu təbiidir. Ancaq mən bu cəhətini demirəm. Məni hiddətə gətirən odur ki, Qorbaçov özü Sovet hökumətinin bütün başçılarının, rəhbər işçilərinin, funksionerlərinin imtiyazlarına qarşı guya mübarizə apardığı bir dövrdə, yenidənqurma adlandırdığı bir proses apardığı dövrdə bu işlərin əksinə olaraq özü üçün belə imkanlar yaradırdı.

Güman edirəm ki, bunlar hələ gələcəkdə təhlil olunacaq, təhlil aparılacaqdır. Qorbaçovun buraxdığı başqa böyük səhvlərlə yanaşı və xüsusən onun etdiyi cinayətlərlə yanaşı, ona bu ittihamlar da veriləcəkdir. Mən bu barədə fikirlərimi ona görə bölüşmək istədim ki, ola bilər, bunları çox az adam bilir. Mənim bildiyim bu şeylər istəyirəm ki, bizim xalqımıza, millətimizə də çatsın. Çünki biz - Azərbaycan 70 il Sovet hökumətinin tərkibində olmuşuq, o quruluşda yaşamışıq, o quruluşun Azərbaycan üçün verdiyi müsbət cəhətləri də bilirik, dərk edirik. Amma bizim xalqımıza qarşı edilən ədalətsizliyi də, təcavüzü də bilirik. Xüsusən 1990-cı ildə Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzün məhz Qorbaçov və onun Azərbaycanın başında duran, Azərbaycanda o vaxt siyasi fəaliyyətdə olan bəzi adamlar tərəfindən bir yerdə təşkil edildiyini nəzərə alaraq, mən Qorbaçovun həmin fəaliyyətinin, həyatının o gizli hissələrini də bizim xalqımıza çatdırmaq istəyirəm. Bu fikirlərimi, təəssüratlarımı açıram ki, bizim xalqımız bunu bilsin. Ancaq bu, mənim səfərimin xüsusi bir hissəsidir. Yəni bu, təəssüratlarımın xüsusi bir hissəsidir. Bəlkə bu da faydalıdır.

Əsas məsələ ondan ibarətdir ki, mən bu səfərimi çox əhəmiyyətli, səmərəli hesab edirəm. Hesab edirəm ki, mən bu səfər zamanı Ukrayna ilə Azərbaycan arasında da əlaqələrin inkişaf etdirilməsi üçün yeni bir addım atmışam. Təkcə Ukrayna ilə yox, burada, Krımda görüşdüyüm dövlət başçıları ilə, onların rəhbərlik etdikləri ölkələrlə respublikamız arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir addım atmışam.

Mənim səfərim başa çatır. Güman edirəm ki, bir saat, bəlkə ondan da az vaxt qalıbdır ki, biz vətəndə olacağıq, Bakıya enəcəyik. Məni siz də burada müşayiət etmisiniz. Sizin bu səfərdə məni bilavasitə müşayiət etmək və bu prosesdə iştirakçı olmaq imkanlarınız olmadığına görə sizə təyyarədə bu məlumatları verirəm. Sağ olun.