Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Livanın Baş Naziri Rafiq əl-Həriri ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 11 fevral 1998-ci il

Heydər Əliyev: Hörmətli Baş nazir Rafiq əl-Həriri. Sizi Azərbaycan torpağında görməyimdən çox şad olduğumu bildirir və səmimi-qəlbdən salamlayıram. Rəhbərlik etdiyiniz nümayəndə heyətinin də respublikamıza gəlməsindən məmnun qaldığımı bildirirəm. İslam Konfransı Təşkilatının 1997-ci il dekabrın əvvəlində Tehranda keçirilmiş VII zirvə toplantısındakı görüşümüzü, apardığımız danışıqları məmnunluq hissi ilə xatırlayıram. Biz həmişə Livanla əlaqələrə maraq göstərmişik.

Rafiq əl-Həriri: Cənab prezident, Sizin dəvətiniz ilə Azərbaycana səfərə gəlməkdən və bütün ərəb dünyasında da görkəmli, müdrik dövlət xadimi kimi məşhur olan prezident Heydər Əliyev ilə bu görüşdən şərəf duyduğumu bildirirəm. Mühüm strateji mövqedə yerləşən müstəqil Azərbaycanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə Livan xüsusi əhəmiyyət verir. Sizin rəhbərliyiniz ilə son illər Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətlər Livanda rəğbətlə qarşılanır. Məhz Sizin, cənab prezident, müdrik siyasətiniz nəticəsində Azərbaycanın Dünya Birliyində layiqli yer tutması, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsinə dair dünyanın bir çox ölkələrinin nüfuzlu şirkətləri ilə müqavilələr imzalanması Azərbaycanın müstəqilliyinin, suverenliyinin əbədi olmasına və bu ölkədə həmin dövlətlərin iqtisadi maraqlarının həyata keçirilməsinə çox böyük təminat yaradır.

Heydər Əliyev: Səmimi sözlərə görə, hörmətli Baş nazir, Sizə təşəkkür edirəm. Nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan-Livan münasibətlərinin daha da sıxlaşdırılmasını zəruri hesab edirəm. Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə 3 əsas prinsip qəbul edilmişdir: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Lakin Ermənistan bu prinsiplərlə razı olmadı. ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa bu münaqişənin sülh yolunun iki mərhələdə həllini nəzərdə tutan təkliflər irəli sürdülər. Azərbaycan bu təklifləri qəbul etmişdir. Ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar var. Əminəm ki, bu gün imzalanacaq sazişlər bir sıra sahələrdə əlaqələrin daha da canlandırılması, xüsusilə hər iki ölkənin iş adamlarını birgə sərmayə qoyuluşuna təşviq edəcəkdir.