Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünə yola düşməzdən əvvəl jurnalistlərə Binə beynəlxalq aeroportunda müsahibəsi - Kiyev, 28 yanvar 2003-cü il

Heydər Əliyev: Kiyevə mənim səfərim haqqında artıq yetərli məlumatınız var, əlavə məlumata ehtiyac yoxdur. Rusiyanın və Ukraynanın prezidentləri cənab Putin və cənab Kuçma təklif etdilər ki, dövlət başçılarının belə növbədənkənar qeyri-rəsmi bir görüşü keçirilsin. Mən də buna etiraz etməmişəm, bu görüşə gedirəm. Görüşdə, əsasən, iqtisadi məsələlər, o cümlədən azad iqtisadi zona yaradılması haqqında məsələ müzakirə ediləcəkdir. Ola bilər, başqa məsələlər də müzakirə olunsun. Sabah günün ikinci yarısında qayıdacağam. O qədər çox işimiz yoxdur.

Sual: Cənab prezident, dünən xoş bir xəbər aldıq. Biz Sizi bu münasibətlə təbrik edirik. Əlbəttə, Azərbaycanın Avropa Şurasında təmsil olunduğu qısa vaxt ərzində MDB ölkələrindən elə bir nümayəndə yoxdur ki, İlham Əliyev kimi orada iş görsün. Onun AŞ PA sədrinin müavini və büro üzvü seçilməsi bizim hamımızı sevindirdi. Bu, Azərbaycan dövlətinin adını yüksəldir. Bu barədə Sizin fikrinizi bilmək olarmı? İlham Əliyevin bu yüksək vəzifəyə seçilməsindən Azərbaycan nə gözləyir?

Heydər Əliyev: Sən hamısını dedin. Bilirsiniz, gəlin, bu məsələni indi müzakirə etməyək. Mən özüm də heç bilmirdim ki, o, bu vəzifəyə seçiləcəkdir. Onu seçiblər, etimad göstəriblər. Təbii ki, bu, müəyyən qədər qeyri-adi haldır. Çünki iki il bundan qabaq bizi Avropa Şurasına qəbul etmək istəmirdilər. Bilirsiniz ki, bir neçə il idi Avropa Şurasına həqiqi üzv olmağa çalışırdıq, çünki biz dörd il namizəd vəziyəytində idik. Ancaq bizə bəzi şərtlər qoyurdular. Onların bəzilərini biz yerinə yetirdik, bəzilərini yox. Bizim daxilimizdə olan müxalifət qüvvələri də çox çalışırdılar ki, bizi oraya qəbul etməsinlər. Ancaq qəbul etdilər.

Biz əməkdaşlıq edirik, orada da bizim nümayəndə heyətinə İlham Əliyev rəhbərlik edir. Digər deputatların fəaliyyətinə də mən diqqət yetirirəm. Həqiqətən, çox fəaldırlar. İş təkcə Assambleyanın iclasları ilə bitmir, müxtəlif komitələrdə görüşlər keçirilir. Bizim deputatlar hər yerə gedirlər və Azərbaycanın mənafelərini müdafiə edirlər. Bizim üçün çox əhəmiyyətli haldır ki, Avropa Şurasında Ermənistan-Azərbaycan münaqişəsi haqqında məsələ qaldırılıbdır. Biz neçə illərdir ki, ATƏT çərçivəsində danışıqlar aparırıq. Bu il də aparacağıq. Çünki bu məsələnin həlli Birləşmiş Millətlər Təşkilatı tərəfindən ATƏT-ə həvalə olunubdur. Amma Avropa Şurasının da böyük imkanları var.

Ermənistanın Azərbaycana təcavüz etməsi, torpaqlarımızın işğal edilməsi, vətəndaşlarımızın zorla yurdlarından çıxarılması, onların 10 ildir ki, çadırlarda yaşaması. Bilirsiniz ki, bu vəziyyəti dünyaya çatdırmaq üçün mən özüm də nə qədər çalışıram, başqaları da çalışır. İndiyə qədər hələ çox yerlərdə biz bunu olduğu kimi çatdıra bilməmişik. Avropa Şurasının tribunası bu barədə bizim üçün çox mühüm bir yerdir. Bizim deputatlar da bundan istifadə ediblər.

Amma bir bu deyil. Mən bunu ona görə deyirəm, çünki bu bizim əsas məsələmizdir. Əgər bu problemimiz olmasa, biz başqa məsələlərdə işlərimizi çox uğurla aparardıq və heç bir narahatçılığımız da olmazdı. Amma bu əsas məsələni Avropa Şurasının, - orada Avropa ölkələrindən 600 deputat iştirak edir, - qarşısına çıxarmaq, həmin deputatlara çatdırmaq, yaxud da ayrı-ayrı görüşlərdə, qeyri-rəsmi görüşlərdə onlara bildirmək - bu, çox böyük imkandır. Mən yenə də deyirəm, İlham Əliyev və onun nümayəndə heyəti uğurla işləyirlər. Mən onların işini müsbət qiymətləndirirəm. Bu bizim öz işimizdir. Ancaq indi belə bir imkanın yaranması, İlham Əliyevin sədrin müavini və büro üzvü seçilməsi yəqin ki, bizim imkanlarımızı daha da artırır.

Sual: Cənab prezident, İlham Əliyev Avropa Şurasının tribunasından azərbaycanlı hərbi əsir Elməddin Abıyevlə bağlı məsələ qaldırdı. Siz Qafqaz dördlüyü ilə görüşdə bu məsələni qaldıracaqsınızmı?

Heydər Əliyev: Baxacağam, əgər lazım olsa, qaldıracağam.

Sual: Cənab prezident, Kiyevdə Robert Koçaryanla görüşünüz ola bilərmi? İkitərəfli görüşün keçirilməsi mümkündürmü?

Heydər Əliyev: Bilmirəm, bəlkə oldu, bəlkə yox.

Sual: Avropa Şurasında Azərbaycanı təmsil edəcək hakim məsələsi gündəliyə gəlibdir...

Heydər Əliyev: Ay qızım, axı cəmisi üç-dörd gündür ki, ora namizədlər verilibdir. Özləri də deyiblər ki, üç nəfərin namizədliyini verin, üçündən birini özümüz seçəcəyik. Mən gedib ondan yapışım ki, de görüm, kimi seçəcəksən? Oraya hakim seçilməyin öz prosedurası var. Onlar sizin kimi deyillər. Kağızlar orada 10-15 gün, 20-30 gün yatır, sonra götürüb bir də baxırlar. Amma bu onların öz işidir. Mən hesab etmirəm ki, bu bizim üçün bir nömrəli məsələdir və bundan ötrü çalışmalıyıq. İndiyə qədər bizim hakimimiz olmayıbdır. Bundan sonra nə vaxt olar, olar.

Sual: Cənab prezident, yanvar faciəsi ilə əlaqədar Mixail Qorbaçovun Beynəlxalq Məhkəməyə verilməsi məsələsi qaldırıldı. Vaqif Mustafayevin çəkdiyi filmdə də Qorbaçovun müəyyən etirafları da var. Bu məsələnin reallaşması mümkündürmü?

Heydər Əliyev: Bilirsiniz, hər bir məsələnin reallığı onun həyata keçirilməsi imkanlarından asılıdır. Bu məsələni bizim ictimaiyyət, müxtəlif təşkilatlar qaldırıblar, hesab edirəm ki, düz qaldırıblar və onlar bunu axıra çatdıra bilərlər.

Sual: Cənab prezident, ABŞ prezidenti yaxın vaxtlarda İraqda hərbi əməliyyatların başlanmasına hazır olduqlarını bildirdi. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi necədir?

Heydər Əliyev: Mən hələ cənab Buşun məruzəsini eşitməmişəm. O, gərək ki, bu gecə Konqresdə çıxış etməli idi. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 29 yanvar 2003-cü il.