Əziz həmvətənlər!
Sizi xristianlığın müqəddəs bayramlarından biri olan Pasxa münasibətilə ürəkdən təbrik edir, hamınıza həyatda xoşbəxtlik və səadət arzulayıram.
Azərbaycan tarixən müxtəlif xalqların mehriban bir ailə kimi dinc yanaşı yaşadığı, milli adətlərin, dini-mənəvi dəyərlərin qorunub saxlandığı bir ölkə olmuşdur. Müstəqillik qazandıqdan sonra bu şərəfli ənənə davam etdirilmiş, hər kəsin vətəndaş hüquqları, vicdan azadlığı və dini etiqad sərbəstliyi təmin olunmuşdur. Təsadüfi deyildir ki, 1934-cü ildə sovet rejiminin dini etiqad azadlığına müdaxiləsi nəticəsində ləğv edilmiş Bakı və Xəzəryanı yeparxiya da müstəqil dövlətçilik şəraitində öz fəaliyyətini yenidən bərpa etmişdir.
Respublikamızın müasir həyatında dinindən və milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları fəal iştirak edir. Onlar dövlətimizin müvəffəqiyyətləri ilə birgə sevinir, qayğıları ilə yaşayır və problemlərini birgə həll edirlər. İnanıram ki, öz sıralarında vətəndaşlarımızı birləşdirən bütün milli-mədəni təşkilatlar, vətəndaş təsisatları, dini qurumlar və konfessiyalar, o cümlədən rus Pravoslav kilsəsi bundan sonra da cəmiyyətin mənəvi-əxlaqi saflaşması, insanlar arasında mehribanlıq, xeyirxahlıq, dostluq və qardaşlıq hisslərinin yaranması, bir-birinə qayğı ilə yanaşması yolunda öz layiqli töhfələrini verəcəkdir.
Pasxa bayramı pravoslav xristianların həyatında ən əlamətdar və əziz günlərdən biridir. Qoy builki bayram hər bir vətəndaşımıza, onların ailələrinə, bütün insanlara sevinc, əmin-amanlıq və xeyir-bərəkət gətirsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 11 aprel 1999-cu il.