Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda səfərdə olan NATO-nun baş katibi Havyer Solana ilə təkbətək görüşdəki söhbətindən - 30 sentyabr 1998-ci il

Heydər Əliyev:  Hörmətli cənab Havyer Solana!

Mən Sizi səmimi-qəlbdən salamlayıram və Sizin Bakıya yeni səfərinizdən məmnun qaldığımı söyləyirəm.

Xavyer Solana:  Mən də Azərbaycana təkrar gəlişimdən, görkəmli siyasi xadim Heydər Əliyev ilə bir daha görüşməkdən, Sizinlə fikir mübadiləsi aparmaq imkanından şad olduğumu bildirirəm.

Heydər Əliyev:  Mən bundan əvvəl Lissabonda, Madriddə, Bakıda, habelə mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərim zamanı Nyu-Yorkda olan görüşlərimizi məmnunluqla xatırlayıram.

Xavyer Solana:  Mən də o görüşləri çox məmnunluqla xatırlayıram. Müstəqil Azərbaycan dövləti ilə Şimali Atlantika İttifaqı arasında əməkdaşlığın yaranması və inkişafında bu görüşlərin böyük əhəmiyyəti var.

Heydər Əliyev: Mən də bu əlaqələrin əhəmiyyətini vurğulayıram. Mən 1994-cü və 1996-cı illərin mayında Brüsselə olan səfərlərimi yada salaraq demək istəyirəm ki, ilk səfərdə mən NATO-nun baş qərargahında \"Sülh naminə tərəfdaşlıq\" proqramını imzaladım, sonra isə Azərbaycanın həmin proqrama qoşulması haqqında prezentasiya sənədini Sizə təqdim etdim. O vaxtdan ötən müddətdə NATO ilə əlaqələrimiz daim genişlənir. Azərbaycan \"Sülh naminə tərəfdaşlıq\" proqramında yaxından iştirak edir. Azərbaycan bu əməkdaşlığı yüksək qiymətləndirir və gələcəkdə də inkişaf etdirmək niyyətində olduğunu vurğulayır. Mənim fikrimcə, cənab Solananın indiki səfəri bu sahədə bir sıra məsələləri müzakirə etməyə imkan yaradır.

Xavyer Solana: Sizin qeyd etdiyiniz fikirlərinizə tamamilə şərik çıxıram. Mənim Azərbaycanın paytaxtına olan bu səfərim zamanı aparılan danışıqları əvvəlki görüşlərin davamı və inkişafı kimi qiymətləndirirəm. Əsrimizin sonunda dünyada çoxlu hadisələr baş vermişdir. Bizim günlərdə bu hadisələr çox sürətlə cərəyan edir, qloballaşır, təhlükəsizlik məsələləri xüsusilə gündəlikdə durur. Bu baxımdan prezident Heydər Əliyev kimi təcrübəli siyasətçi ilə fikir mübadiləsindən çox şey əxz etmək mümkündür.

Heydər Əliyev: Məlumunuz olsun ki, cənab Havyer Solana, hazırda Azərbaycanda hərtərəfli inkişaf üçün siyasi, iqtisadi, sosial, mənəvi, psixoloji şərait yaranmışdır. Bazarın inkişafına hər cür şərait yaranmışdır. Yeni infrastrukturlar yaratmaqla yanaşı, mövcud infrastrukturların normal fəaliyyət göstərməsinə köməklik edilmişdir. Bir sözlə, geniş islahatlar aparılmışdır. Bunların hamısı Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna, bazar iqtisadiyyatına keçməyə, Dünya Birliyinə geniş inteqrasiyaya yönəldilmişdir. Əsrimizin sonunda dünyada təhlükəsizliyə, əmin-amanlığa nail olmaq hamı üçün çox vacibdir. Ancaq bu, Azərbaycan üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, xalqımızın ən ağır problemi olan Ermənistan-Azərbaycan münaqişəsinə hələ də son qoyulmaması nəinki müstəqil dövlətimizin təhlükəsizliyi üçün maneə törədir, eyni zamanda ölkəmizdə quruculuq proseslərinin daha sürətlə getməsinə mane olur. Bu münaqişənin Azərbaycana hədsiz zərər vurmasına, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan didərgin düşməsinə baxmayaraq, biz məsələnin sülh yolu ilə həllinə çalışırıq. Dörd ildən çoxdur ki, atəşkəsə nail olmuşuq və ona indi də əməl edilir. Mən Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş üç prinsip əsasında həllinin vacibliyini bir daha vurğulayıram. Bu sahədə Siz ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin münaqişənin həlli barədə irəli sürdükləri təkliflərdən xəbərdarsınız. Ümidvar olduğumu bildirirəm ki, bu problemi danışıqlar, sülh yolu ilə həll etmək mümkün olacaqdır.

Xavyer Solana: Cənab prezident, son vaxtlar bütün dünyanın diqqət mərkəzində olan bir hadisəni - tarixi İpək yolunun bərpası üzrə Bakıda böyük uğurla keçirilmiş beynəlxalq konfransı mən də böyük diqqətlə izlədim. Bu konfrans təkcə regional yox, beynəlxalq əhəmiyyətə malik olan yeni, dəyərli təşəbbüsü reallaşdırdı. Bakıda belə bir konfransın çağırılmasının təşəbbüsçüsü olan və onun müvəffəqiyyətlə keçməsi üçün bütün imkanları yaradan Sizin, prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm. 30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu mötəbər tədbir göstərir ki, həmin ölkələr sıx iqtisadi əməkdaşlıq edərək gələcəyə doğru birlikdə irəliləmək istəyirlər. Bu isə təkcə iqtisadi məsələ deyil, həm də sabitliyə və təhlükəsizliyə nail olmaq istəyidir. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, prezident Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Asiya ilə Avropa arasında əlaqələr, əməkdaşlıq körpüsü qurulur. Həmin proqramın həyata keçirilməsi İpək yolu üzərində ən mühüm, başlıca məntəqə olacaq Azərbaycan üçün xüsusilə böyük imkanlar açacaq, onun iqtisadiyyatının dünya iqtisadiyyatına qovuşmasını daha da dərinləşdirəcək, beynəlxalq aləmdə nüfuzunu yüksəldəcəkdir.

Heydər Əliyev: Xoş sözlərə görə, Bakı beynəlxalq konfransını yüksək qiymətləndirdiyiniz üçün, cənab Solana Sizə təşəkkür edirəm. Qədim İpək yolunu bərpa etməklə biz üçüncü minilliyin astanasında həqiqətən tarixin böyük bir səhifəsini açırıq. İlk dəfə idi ki, 32 ölkənin nümayəndələri, o cümlədən doqquz dövlətin başçısı, 13 beynəlxalq təşkilatın təmsilçiləri Bakıda toplaşmışdılar, onların hamısı bu məsələdə eyni istiqamətdə düşünürdü. Onu da xatırladım ki, konfransda çox mühüm iqtisadi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılmış, yenidən dirçəldilən tarixi İpək yolunun keçəcəyi geniş bir ərazidə sülhün və təhlükəsizliyin təmin edilməsinə kömək olan mühüm sənədlər qəbul olunmuşdur. Azərbaycan bu sahədə mühüm addımlar atır. Belə hesab edirəm ki, ölkələr, dövlətlər arasında əməkdaşlıq həm də dünyanın bütün xalqlarının, o cümlədən Azərbaycan xalqının təhlükəsizliyinin təmin olunması məqsədinə xidmət etməlidir.

Xavyer Solana: Cənab Heydər Əliyev, mən Sizin bu fikirləriniz ilə həmrəy olduğumu, bugünkü səmərəli danışıqlardan çox məmnun qaldığımı, Azərbaycan prezidenti Heydər Əliyev ilə gələcəkdə yenidən görüşmək arzusunda olduğumu bir daha vurğulayıram.

Heydər Əliyev: Sizə bir daha təşəkkür edərək əmin olduğumu bildirirəm ki, NATO-nun Baş katibinin ölkəmizə növbəti səfəri, aparılan danışıqlar hər iki tərəf üçün faydalı olacaqdır.