Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya işgüzar səfərə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında jurnalistlərin suallarına cavabı - 3 mart 2001-ci il

Heydər Əliyev: Mənim Parisə yola düşməyim artıq respublikada məlumdur. Mən bunu Milli Məclisin iclasında da demişəm, mətbuat da yazıb, hamı bilir. Ona görə də bu barədə hansısa bir bəyanat verməyə ehtiyac yoxdur. Sizin nə sualınız varsa, mənə verin.

Sual: Cənab Prezident, Robert Köçəryan bildirib ki, prezident Jak İirakın iştirakı ilə üçtərəfli görüşdən əlavə, Sizinlə iki dəfə görüşəcəkdir. Orada hər hansı yeni bir təklif müzakirə olunacaqmı, yoxsa əvvəlki üç təklifdən doğan dördüncü bir təklif olacaq?

Cavab: Sən özün bir şey quraşdırırsan, istəyirsən ki, mən buna cavab verim. Mən bilmirəm ki, o deyib iki görüş olacaqdır. Gedəcəyəm ora, görüşəcəyik, əgər lazım olsa, iki dəfə görüşəcəyik, lazım olsa üç dəfə, dörd dəfə görüşəcəyik. Hər halda, biz bu görüşləri aparırıq ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında müəyyən bir razılığa gələk. Bu razılığa gəlmək üçün on dəfə görüşmək lazım olsa, mən on dəfə də görüşəcəyəm.

Sual: Cənab Prezident, Azərbaycan bu görüşə yeni təklif aparırmı?

Cavab: Mən təklif aparmıram, təklifi ondan gözləyirəm.

Sual: Cənab Prezident, Azərbaycan ictimaiyyətinin əksər hissəsi müharibəyə hazır olduğunu bildirib. Buna Sizin münasibətiniz necədir?

Cavab: Mən münasibətimi Milli Məclisdə demişəm. Birincisi, sən hardan bilirsən ki, Azərbaycan ictimaiyyətinin əksəriyyəti bunu bildiribdir? Sən hardan bilirsən? Belə məsuliyyətsiz sözləri niyə deyirsən? İndi sən, o birisi, bu birisi ömründə döyüşlərdə olmayanları, müharibədən xəbəri olmayanları küçədən tutub gətirirsiniz, biri nə bilim \"göy polkovnikdir», biri nədir… Bəli, müharibə istəyənlər var. Amma onlar həqiqi müharibə istəyənlər deyillər. Onlar torpağı azad etmək istəyənlər deyillər. Amma bu birilər isə həmin o müharibə vaxtı qarmaqarışıqlıqdan istifadə edib öz şəxsi məqsədlərinə nail olublar, indi də həmin o dövrü təkrarlamaq istəyirlər. Müharibə etmək çətin deyil. Ancaq müharibəni aparmaq və istədiyimiz məqsədlərə nail olmaq – əsas bunlardır. Küçədə oturan, məsuliyyət daşımayan adam hər şey deyə bilər. Mən məsləhət görürəm ki, televiziyaya respublikanın tanınmış adamlarını, Azərbaycana ürəyi yanan adamları   çıxarın. O adamlar ki, televiziyaya çıxırlar – xüsusən də ANS-də – onların hamısının kimliyi məlumdur. Onların heç biri heç bir döyüşdə iştirak etməyibdir. Gəlib deyir ki, mən döyüşməliyəm, qan tökməliyəm. Get qan tök. Bəs o vaxt niyə qan tökmədin? Niyə sənin bir dırnağın da cızılmadı?

Sual: Cənab Prezident, təcrübəli dövlət xadimi və siyasi xadim kimi, Siz münaqişənin həllinin hansı variantına üstünlük verirsiniz?

Cavab: Ay qızım, bunu mən Milli Məclisdə demişəm və bizim Milli Məclisdəki müzakirəmiz – əgər siz doğrudan da dünyadan məlumat alırsınızsa – indi bütün dünyada böyük əks-səda doğurubdur. Ermənistan iki gün, necə deyərlər, çaxnaşmaya düşübdür. Narazı olubdur ki, niyə mən bu sənədi dərc etdirmişəm. Bundan sonra onlar axırıncı sənədləri dərc etdiriblər. Sonra isə əvvəlki iki sənədi də dərc etdiriblər. Ona görə də mənim həyata keçirdiyim tədbir, birincisi, ondan ibarət idi ki, Milli Məclis indiyə qədər məsələni müzakirə etmək istəyirdi, verdik müzakirəyə. Müzakirədə konkret bir şey deyən olmadı, indi gözləyirəm ki, bir şey desinlər. ATƏT-in fəaliyyətdə olan sədri buraya gəlmişdi. Mən onunla iki saat təkbətək danışmışam. Sonra nümayəndə heyəti ilə birlikdə onunla iki saat danışmışam. Axşam üç saat yemək vaxtı danışmışam, gecə saat 12-də ondan ayrılmışam. Mən vaxtımı buna sərf edirəm. Amma o mənə dedi, mən də proqramdan bilirdim ki, müxalifət nümayəndələri ilə görüşəcəkdir. Gəldi görüşdü. Həmin o hay-küy salan adamlar niyə gəlib orada sözlərini demədilər? Özlərini ən böyük lider hesab edən partiya rəhbərləri niyə gəlib öz sözlərini demədilər? Mən Milli Məclisdə dedim ki, kimin sözü varsa, desin. Milli Məclisdə desin, Milli Məclisdə demir, mətbuatda desin. Mətbuatda demir, Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə desin. Bundan artıq fürsət ola bilərdimi? ATƏT-in yeni fəaliyyətə başlamış sədri böyük bir nümayəndə heyəti ilə – onun tərkibində həm ATƏT-in  keçmiş sədrinin, Avstriyanın nümayəndəsi, həm də ATƏT-in gələcək sədri olacaq Portuqaliyanın nümayəndəsi və başqa adamlar iştirak edirdilər – Azərbaycana gəlmişdi. Gedəydilər, öz sözlərini deyəydilər. Amma qaçıb gizləndilər.

Sual: Cənab Prezident, \"Nezavisimaya qazeta»da erməni mənbələrinin yazıları dərc olunubdur. Orada bildirirlər ki, Qarabağla bağlı məsələnin Milli Məclisdə müzakirəsi Heydər Əliyevin qələbəsidir. Erməni mənbələri Köçəryanı artıq geri çəkilən tərəf kimi göstərir, hətta məsələni dondurmağı tövsiyə edirlər.

Cavab: Bilirsinizmi, mən özümü hələ qalib hesab etmirəm. İndi kim nə cür hesab edir, qoy etsin. O vaxt biz, təkcə mən yox, Azərbaycan özünü qalib hesab edə bilər ki, məsələnin ədalətli həllinə nail olaq. Onda deyərik ki, bəli. Biz heç onda da \"qalib\"sözünü işlətməyəcəyik. Çünki biz böyük məğlubiyyətlərə uğramışıq. Əgər biz öz torpaqlarımızı azad edə bilsək, insanları oraya qaytarsaq, azı 10–15 il lazımdır ki, onların ev-eşikləri, binaları tikilsin. Buna ömür lazımdır, iradə lazımdır. Lazımdır ki, Azərbaycana rəhbərlik edən şəxs xalqa can yandırsın. Mən orada, Milli Məclisdə dedim ki, oturmusunuz burada, gedin o çadırlarda yaşayın. On gün o çadırda yaşayın. Əgər evini vermək istəmirsənsə, o çadırdakına de ki, mənə burada bir yer ver, mən də səninlə 10 gün yaşayacağam. Hansı gedib yaşayıbdır, onların hansı çadırda yaşayan adamlar haqqında düşünür? Mən bu dərddən gecə-gündüz yata bilmirəm. Mənim gördüyüm tədbirlərin bəlkə də yüzdə birini heç kəs bilmir. Mən xalqın dərdini, millətin dərdini çəkirəm və məsuliyyətimi dərk edirəm ki, Azərbaycanın prezidentiyəm.

Sual: Cənab Prezident, Milli Məclisdəki müzakirələrdən sonra münaqişənin həlli ilə bağlı az təkliflərin verilməsini necə qiymətləndirirsiniz?

Cavab: Heç bir şey verilməyib, necə qiymətləndirəcəyəm? Elə mən bilirdim ki, verməyəcəklər də.

Sual: Cənab Prezident, Sizcə, danışıqlar prosesində irəliləyiş mümkündürmü?

Cavab: Bilirsənmi, irəliləyişə nail olmağa biz neçə ildir ki, çalışırıq. Əlbəttə, biz çalışırıq ki, irəliləyişə nail olaq. İrəliləyiş nə vaxt olacaq? Bunu deyə bilmərəm.

Sual: Cənab Prezident, Fransada danışıqlara hansı ümidlərlə gedirsiniz?

Cavab: O ümidlərlə gedirəm ki, danışıqlarda bir irəliləyiş olsun.

Sual: Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verilməsi ilə bağlı nə deyə bilərsiniz?

Cavab: Birinci, ikinci təkliflərdə bu vardı. Mən onunla razıyam. Amma Ermənistan onu qəbul etmədi. İndi də Milli Məclisdə oturanlar, təkcə onlar yox, kənarda olanlar, xüsusilə müxalifət deyir ki, bunların heç birini qəbul etmək olmaz. Yaxşı, mən razıyam, heç birisini qəbul etmək olmaz. De görüm, sən nə təklif edirsən? Sən gözləyirsən, bir balaca imkan olsun ki, hay-küy salasan, yığışasan. Ola bilər Milli Məclisin müxalifətə bir xeyri o oldu ki, bir-birindən zəhləsi gedən adamların hamısı yığışdı bir yerə. Mən onlara kömək etdim. Amma bu da müvəqqətidir. Bir azdan sonra dağılacaqlar. Çünki onların hərəsi öz iddiası ilə yaşayır.

Sual: Cənab Prezident, Köçəryan bildirir ki, budəfəki danışıqlarda irəliləyiş olacaqdır. Sizcə o nəyi nəzərdə tutur?

Cavab: Axı bu sual verildi, nə üçün təkrar edirsən?

Sual: Cənab Prezident, beynəlxalq ictimaiyyətin təsiri altında Köçəryanın geri çəkilməsindən danışılır. Bu geriçəkilmə Ermənistanın Dağlıq Qarabağın yüksək muxtariyyəti ilə razılaşması ola bilərmi?

Cavab: Bu barədə heç nə deyə bilmərəm.

Sual: Cənab Prezident, Qarabağ əlilləri ilə bağlı onların cəmiyyətində yoxlamalar oldu, bir neçə Qarabağ əlili həbs edildi. Onların müəyyən sosial tələbləri var idi. Qəbulla bağlı Sizə müraciət etmişdilər. Onları qəbul edəcəksinizmi?

Cavab: Birincisi, mən onların müraciətini almamışam. İkincisi, onlarla məşğul olan bizim müvafiq orqanlar vardır. Onlar məşğul olacaqlar, ölçü götürəcəklər. Bunu şişirtmək lazım deyildir. Qızım, sənə yenə də məsləhət görürəm ki, belə şeyləri şişirtmə. Bilirsənmi, Qarabağ əlilləri təkcə oraya yığışanlardan ibarət deyildir. 7-8 min Qarabağ əlili vardır. Bunlar onları təmsil etmirlər. Amma mən bu işlərlə məşğul olmuram.

Sual: Cənab Prezident, Sizcə, işğal edilmiş rayonlardan hansının azad olunması ehtimalı daha yüksəkdir?

Cavab: Bunların hamısı özümüzün suallarıdır.

Sual: Cənab Prezident, NTV-də \"Qarabağ sülh ordusu\"adlı veriliş hazırlanıb, onun efirə getməsinin qarşısı alındı. ANS teleşirkəti bu məsələni qaldırdı. Azərbaycanın Rusiyadakı səfiri də bunun qarşısını aldı, yəni veriliş efirə getmədi. Respublikamızın əhalisini narahat edən belə məlumatlar yayan həmin kanalların verilişlərinin Azərbaycanda məhdudiyyətsiz yayımlanmasına necə baxırsınız?

Cavab: Biz heç kəsə məhdudiyyət qoymuruq. İndi mətbuat və söz azadlığıdır. Sağ olun.