Əziz bacılar, əziz qardaşlar!
Əziz balalar, gənclər, uşaqlar!
Hörmətli dostlar!
Mən sizin hamınızı və sizin simanızda bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını əziz bayram - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət, bahar, Novruz əhval-ruhiyyəsi arzu edirəm. Hamınıza gələcək işlərinizdə uğurlar diləyirəm.
Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza, millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza güç veribdir. Bu bayram bütün dövrlərdə yaşayıbdır. Bu gün isə müstəqil Azərbaycanın ərazisində o, əziz bayram kimi qeyd olunur. Novruz bayramının çox böyük mənası vardır. Bu, həm bahar bayramıdır, həm təbiətin oyanışının bayramıdır, həm də insanların həyatında böyük dəyişikliklər bayramıdır. Çox gözəl bayramdır! Təsadüfi deyil ki, bu bayram butün sınaqlardan keçərək yaşayıbdır və bu gün də yaşayır. Mən arzu edirəm bu bayram günü hər bir Azərbaycan vətəndaşının, əziz dostlar, sizin arzularınız, niyyətləriniz yerinə yetsin, kimin ürəyində nə arzu varsa, ona çata bilsin, kim nə istəyirsə, ona nail ola bilsin. Mən Allahdan hamınıza qarşınızda duran bütün məsələlərin uğurla həll olunmasını arzulayıram.
Ancaq bizim hamımızın elliklə, obalıqla xalqımızın, millətimizin bir müqəddəs arzusu, istəyi, bir müqəddəs məqsədi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi və yerindən - yurdundan didərgin düşmüş, zorla köçürülmüş və bu gün köçkün vəziyyətində yaşayan insanların hamısının öz yerlərinə - yurdlarına qayıtması məqsədidir, sizin hər birinizin öz evinizə, obanıza qayıtması məqsədidir. Bizim ən ümdə arzumuz bu arzudur, ən müqəddəs məqsədimiz bu məqsəddir. Bu gün, bayram günü əmin olduğumu bildirmək istəyirəm ki, biz bu arzumuza mütləq çatacağıq. İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir. Sizin hər biriniz öz torpaqlarınıza, evinizə, obanıza qayıdacaqsınız və biz sizinlə birlikdə dədə-baba yerlərinizi, torpaqlarınızı yenidən canlandıracağıq, dirçəldəcəyik, yenidən quracağıq. Siz yenidən böyük evlərin, mülklərin, torpaqların sahibi olacaqsınız və xoşbəxt yaşayacaqsınız.
Bizim düşdüyümüz bu bəla bəlkə də özümüzün günahımız ucbatından başımıza gələn bəladır. Azərbaycan xalqı qəhrəman xalqdır. Əziz dostlar, sizin hər biriniz öz ulu babalarınızın yolu ilə gedərək torpaqlarınızı dəfələrlə yadellilərdən, düşmənlərdən qoruyub saxlamısınız. Sizin hər biriniz öz torpağınızı, öz evinizi, kəndinizi, öz yurdunuzun daşını-qayasını qoruyub saxlaya bilərdiniz. Sadəcə olaraq, o illər Azərbaycana bədbəxtlik üz vermişdi. Bu bədbəxtliyin nədən ibarət olduğunu siz yaxşı bilirsiniz və bu gün buradakı çıxışlarınızda bu barədə danışdınız. Onun ucbatından bizim başımıza bu bəlalar gəliblər.
Bu günlər Dağlıq Qarabağ məsələsinin meydana çıxmasının on ili tamam olur. Dağlıq Qarabağda olan bir dəstə ekstremist, millətçi ermənilər Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdi ilə çıxış ediblər. Bu 1988-ci ilin fevral ayında olubdur. Bilirsiniz, Dağlıq Qarabağ Azərbaycanın tərkibində 1923-cü ildə bir muxtar vilayət kimi yaranandan sonra erməni millətçiləri, erməni ekstremistləri bir neçə dəfə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək cəhdləri göstərmişlər. Bunlar birinci dəfə deyil ki, 1988-ci ildə belə bir hərəkət etdilər. Əvvəlki illərdə də belə hallar olmuşdur. Bu, 30-cu, 40-cı, 50-ci illərdə də olmuşdur.
Yaxşı xatirimdədir, mən işlədiyim dövrdə, 60-70-ci illərdə belə hallar baş vermişdi. Ancaq hər dəfə biz bunun qarşısını ala bilmişdik. Mən sizə açığını deyirəm, bu heç də Dağlıq Qarabağda yaşayan bütün ermənilərin fikri deyildi. Bu, millətçi, ekstremist erməni dəstələrinin fikri idi. Onlar vaxtaşırı gəlib bu fikirləri Dağlıq Qarabağın içərisində yayırdılar və nadürüst, millətçi, ekstremist fikirli bəzi insanları qızışdırıb ortaya salırdılar. Ancaq biz bunların qarşısını dəfələrlə almışıq. Özü də çox məharətlə, rahatlıqla qarşısını almışıq və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamışıq. Amma təəssüflər olsun ki, 1988-ci ildə Azərbaycanın başında duran adamlar heç olmasa keçmiş illərin təcrübəsindən istifadə edə bilmədilər və bu münaqişə baş verdi, sonra isə qızışdı. Şübhəsiz ki, burada səbəblər də olmuşdur.
Mən bunu dəfələrlə demişəm. O vaxt Sovetlər İttifaqının rəhbərliyində olan bəzi şəxslər, o cümlədən Qorbaçov ermənilərə havadarlıq etmişdir və Azərbaycanın başında duranların qeyrəti, kişiliyi, iradəsi çatmamışdır ki, millətimizin, xalqımızın, respublikamızın hüquqlarını qoruya bilsinlər. Ancaq sonrakı illərdə bunun qarşısını almaq mümkün idi. Görəsən səbəb nə idi ki, bunun qarşısı alınmadı? Çünki sonrakı illərdə yığışıb, cəmləşib, Azərbaycanın bütün qüvvələrini bir yerə toplayıb torpaqlarımızı, vətənimizi müdafiə etmək əvəzinə, ayrı-ayrı dəstələr, şəxslər bu fürsətdən istifadə edib öz şəxsi məqsədlərini həyata keçirməyə çalışdılar. Bunlar isə bizim xalqımıza, millətimizə çox baha başa gəldi. Nəticədə Azərbaycanın tək Dağlıq Qarabağ ərazisi yox, Dağlıq Qarabağın ətrafındakı bir neçə rayonları da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.
Bunların hamısı həqiqətdir. Siz, yerindən-yurdundan didərgin düşmüş insanlar bunları hamıdan yaxşı bilirsiniz. Çünki bunlar sizin gözünüzün qarşısında olubdur. Nəhayət, bütün bunlar vəziyyəti gətirib elə bir səviyyəyə çatdırıbdır ki, ya müharibəni davam etdirmək lazım idi, - gündə qan tökülürdü, şəhid verilirdi, - yaxud da məsələni sülh yolu ilə həll etmək lazım idi.
Mən bu gün de hesab edirəm ki, biz düzgün yol tutduq, 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında saziş imzaladıq və məsələnin sülh yolu ilə həll olunmasına başladıq. Bu may ayında dörd il tamam olacaqdır ki, atəş yoxdur, qan tökülmür, şəhid vermirik. Onu bilin, biz bu dörd ilə yaxın müddətdə gecə-gündüz məsələnin həll edilməsi ilə məşğul oluruq. Ötən illərdə işimin, fəaliyyətimin əksər hissəsi bu məsələnin həll olunmasına yönəldilmişdir.
Bilirsiniz, bütün xarici ölkələrin nümayəndələri ilə keçirilən görüşlər, mənim xarici ölkələrə səfərlərim, beynəlxalq təşkilatlarda gördüyüm işlər, apardığım danışıqlar, keçirdiyim görüşlər, nitqlərim, çıxışlarım hamısı yalnız bir məsələyə - Azərbaycanın torpaqlarını Ermənistanın işğalçı qüvvələrindən azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və işğal olunmuş yerlərdən köçmüş insanları, sizi öz yerlərinizə, yurdlarınıza qaytarmaq məqsədinə xidmət edir.
Deyə bilərəm ki, ötən müddət ərzində xeyli dəyişikliklər olubdur. Doğrudur, biz hələ əsas məqsədimizə nail ola bilməmişik. Amma vəziyyət xeyli dəyişibdir. Bu dəyişiklik ondan ibarətdir ki, əgər üç, dörd, beş il bundan əvvəl beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Ermənistan tərəfinə daha çox dəstək verirdisə, biz təcavüzə məruz qaldığımız halda bizi günahlandırmağa çalışırdılarsa, indi vəziyyət xeyli dəyişilibdir. Bu da ondan ibarətdir ki, biz artıq sübut edə bilmişik ki, Ermənistan təcavüzkardır. Sübut edə bilmişik ki, Azərbaycanın torpaqları işğal edilibdir, bu münaqişənin günahkarı biz deyilik. Bunları sübut edə bilmişik, Azərbaycanın bir ölkə kimi, dövlət kimi, bir xalq, millət kimi dünyada hörməti xeyli artıbdır. Artıq Azərbaycanla hesablaşırlar, respublikamızı tanıyırlar və Azərbaycanın haqq işi günü-gündən dünyanın bir çox yerlərində təsdiq olunur, dəstəklənir. Mən əminəm ki, biz bu istiqamətdə gedərək məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.
Doğrudur, son aylar sülh danışıqlarında müəyyən fasilə mövcuddur. Onun da səbəblərini siz bilirsiniz. Çünki fevral ayının əvvəlində Ermənistanda hakimiyyət dəyişikliyi baş veribdir. İndi orada yeni prezident seçkiləri keçirilir. Martın 16-da birinci tur nəticə vermədi. Mart ayının axırında seçkilərin ikinci turu aparılacaqdır. Bu, Ermənistanın daxili işidir. Güman edirəm ki, Ermənistanda kimin prezident olub - olmamasından asılı olmayaraq sülh danışıqları davam edəcək və biz Minsk qrupu həmsədrlərinin - Rusiya, ABŞ, Fransa dövlətləri nümayəndələrinin vasitəsilə sülh danışıqlarını davam etdirəcəyik.
Hər halda bir şey məlumdur ki, 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə görüşündə məsələnin sülh yolu ilə həll olunması sahəsində Azərbaycanın təklifləri qəbul edildi və biz sülh danışıqlarında irəliyə getdik. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə isə Ermənistanla münaqişə başlayandan indiyə qədər Azərbaycanın siyasətində böyük bir nailiyyət əldə olundu. O da ondan ibarətdir ki, məsələnin sülh yolu ilə həll olunmasının prinsipləri müəyyən edildi. Doğrudur, ATƏT-in üzvü olan 54 dövlətdən yalnız Ermənistan bunun əleyhinə çıxdı. Amma 53 dövlətin Lissabonda toplaşan hökumət və dövlət başçıları həmin bu prinsipləri qəbul etdilər. Məhz bu prinsiplər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ, Fransa 1997-ci ilin sentyabr ayında məsələnin sülh yolu ilə həll olunması ilə əlaqədar təkliflər verdilər.
Bu təkliflər məsələnin iki mərhələdə həll edilməsini nəzərdə tuturdu. Birinci mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarının işğalçı dəstələrdən azad olunması, bu rayonların sakinlərinin öz yerlərinə, yurdlarına qayıtması, Ermənistanla Azərbaycan arasında olan kommunikasiyaların bərpa edilməsi təklif olunur.
İkinci mərhələdə isə Laçın və Şuşa rayonlarının işğalçı dəstələrdən azad edilməsi və Dağlıq Qarabağa Azərbaycan Respublikasının, dövlətinin tərkibində özünüidarəetmə statusu verilməsi nəzərdə tutulur.
Bu, Lissabon prinsipləri əsasında, ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında yaranmış bir təklifdir. O prinsiplərdə üç bənd vardır. Birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması. İkincisi, Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarətemə statusu verilməsi. Üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı millətindən olan əhalisinin təhlükəsizliyinin təmin olunması. Nə üçün Lissabonda Ermənistan buna etiraz etdi? Çünki bunlar Dağlıq Qarabağa müstəqillik statusu almaq istəyirdilər. Ona görə də Lissabonda sənəddə yazılanda ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarəetmə hüququ verilsin, onlar buna etiraz etdilər, bunu qəbul etmədilər. Ancaq Lissabon zirvə görüşündə həmin prinsiplər qəbul olundu. ATƏT-in Minsk qrupunun həmsədrləri ötən ilin sentyabrında bu prinsiplər əsasında təkliflər hazırladılar və təqdim etdilər. Biz bunu qəbul etdik.
Doğrudur, - mən bunu dəfələrlə demişəm, - bu da bizim üçün tam, bizi təmin edən bir təklif deyildir. Ancaq məsələni həll etmək üçün mümkün olan bütün təkliflərdən ən əlverişlisidir. Biz ona görə də kompromisə gedirik. Əgər kompromis olmasa məsələni sülh yolu ilə həll etmək olmaz. Biz buna razı olduq. Ermənistan tərəfindən isə bəziləri buna razı oldular, bəziləri razı olmadılar.
Məsələn, fevralın 3-də istefaya getmiş prezident Levon Ter-Petrosyan bu prinsipləri qəbul etdi. Hətta keçən il oktyabr ayının 10-da Fransanın Strasburq şəhərində görüşərkən hər iki prezident - Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanat verdik ki, biz bu prinsipləri qəbul edirik və bunların əsasında məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Ancaq Ermənistanda mürtəce qüvvələr çoxdur. Onların bəziləri bunun əleyhinə çıxdılar, bunu qəbul etmədilər. Bütün bunlar və yəqin ki, daxili ictimai-siyasi vəziyyətlə əlaqədar olan başqa səbəblər bu il fevralın əvvəlində prezident Levon. Ter-Petrosyanın istefaya getməsi ilə tamamlandı.
Beləliklə, sülh danışıqlarının əhəmiyyəti ondan ibarətdir ki, biz çətin, ağır yolla gedərək, böyük maneələri aradan qaldıraraq irəliləyirik. 1994-cü ilin dekabr ayında Budapeşt zirvə görüşündə bir irəliləyiş oldu, 1996-cı ildə Lissabon zirvə görüşündə bir irəliləyiş əmələ gəldi, nəhayət, Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında Minsk qrupunun həmsədrləri təklif verdilər. Beləliklə, sülh danışıqları, sülh prosesi hərəkətdədir və davam edir. Əminəm ki, bu, davam edəcək və biz öz ərazilərimizin bütövlüyünü bərpa edəcəyik. Əlbəttə, bu, çətindir. Əziz bacılar, qardaşlar, dostlar, bu, təkcə sizin üçün çətin deyildir, bizim üçün də çətindir. Siz elə bilməyin ki, yerinizdən-yurdunuzdan köçmüsünüz, indi imkan daxilində sizə verilən cürbəcür şəraitdə yaşayırsınız və bu çətinliyi ancaq siz çəkirsiniz. Yox, mən də bu çətinliyi çəkirəm, sizin qədər əziyyət çəkirəm.
1993-cü ildə sizin, xalqın tələbi ilə mən Bakıya qayıdıb Azərbaycana rəhbərlik etmək məsuliyyətini öz üzərimə götürəndə yaxşı anlayırdım ki, qarşımda nə qədər çətin və böyük vəzifələr durur. Yaxşı dərk edirdim ki, üzərimə nə qədər böyük məsuliyyət götürürəm və bumun da ən əsası müharibəni qurtarmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, soydaşlarımızı öz yerinə-yurduna qaytarmaqdır. Əgər biz buna tam nail ola bilməmişiksə, demək, sizdən də çox mən narahatam, sizdən də çox mən əziyyət çəkirəm. Çünki mən bunun məsuliyyətini sizin hər birinizdən çox hiss edirəm. Siz hər biriniz öz şəxsi həyatınızla əlaqədar qarşınızda duran, ətrafınızda yaranan çətinliklərlə rastlaşmısınız. Amma mən isə Azərbaycanın bütün vətəndaşlarının həyatına cavabdehəm. Sizin vəziyyətinizi mən öz vəziyyətim kimi qəbul etmişəm. Ona görə də mən də sizin kimi arzu edirəm ki, işğal edilmiş bütün torpaqlarımız tezliklə azad olunsun, biz yenidən Şuşaya gedək.
Burada şuşalı qardaşımız böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsinin açılışında mənim 1982-ci ildə Şuşaya səfərimi xatırlatdı. Bəli, mən onu heç vaxt unutmayacağam. Birinci, ona görə ki, 250 il bundan öncə yaşamış, yaratmış böyük şairimiz Molla Pənah Vaqifin məzarını qurdum, yaratdım, onun üzərində böyük bir məqbərə, abidə ucaltdım. Bu, mənim böyük iftixar edə biləcəyim bir hadisədir və biz hamımız birlikdə Şuşada böyük bayram etdik. Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik. Mən bu yerlərin adlarını çəkirəm, təbiəti haqqında danışıram. Məhz bu təbiətdə, o yerlərdə Azərbaycan xalqını yaşadan böyük adamlar, sizlər Azərbaycanın əziz insanlarısınız. Ona görə mən bu əziz bayram günü məhz sizinlə olmağı özüm üçün ən xoşbəxt bir hadisə hesab edirəm.
Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.
Bu gün məni burada çox mehribanlıqla qəbul etdiniz. Gözəl süfrə açmısınız. Bilirsiniz ki, biz hamımız bu bayramı yaşamış adamlarıq. Mən lap kiçik yaşlarımdan Novruz bayramını çox sevərdim. Ancaq inanın, o vaxtlar - mənim uşaqlıq yaşlarımda vallah-billah, bizim bayram süfrəmizdə bu qədər gözəl yeməklər, gözəl şirniyyatlar olmazdı, Rəhmətlik anam Novruz bayramına iki-üç ay əvvəl hazırlaşardı. Mütləq süfrədə plov olmalı idi. Gedib bir az kişmiş alıb saxlayar, yumurtaları rəngləyərdi, paxlava və yaxud başqa şirniyyatlar bişirərdi.
Bilirsiniz, əgər bir axşam oturub plov yeyərdiksə, özümüzü xoşbəxt hesab edərdik. İndi çətinliklərimiz də, problemlərimiz də, dərdimiz də çoxdur. Amma Allaha şükürlər olsun ki, süfrəmiz keçən zamanlardan daha da gözəldir, daha da boldur. Bundan sonra da bol olacaqdır. Arxayın olun ki, ilbəil daha da çox olacaqdır.
Son illər respublikamızda bütün çətinliklərə baxmayaraq, gördüyümüz işlər, siyasətimiz, tədbirlər sosial-iqtisadi vəziyyəti yaxşılaşdırır və bizim apardığımız iqtisadi islahatlar, torpağın şəxsi mülkiyyətə verilməsi, özəlləşdirmə proqramının həyata keçirilməsi, dünyanın bütün ölkələri ilə açıq iqtisadi əlaqələr qurmağımız, xarici sərmayənin Azərbaycana gəlməsi, xarici ölkələrlə neft sənayesi sahəsində böyük müqavilələrin imzalanması - bunların hamısı respublikamızın bütün həyatının ab-havasını dəyişdiribdir. Bunların kökü, əsası odur ki, biz müstəqil olmuşuq, müstəqil dövlətik, ölkəyik. Məndən hər dəfə soruşanda ki, bu illərdə ən böyük nailiyyət nəyi hesab edirsiniz, onda mən demişəm və bu gün də deyirəm - bizim ən böyük nailiyyətimiz odur ki, xalqımız azadlığa çıxıbdır, müstəqil dövlətimiz vardır, biz öz taleyimizin sahibiyik, dünya xalqları içərisində, dünya birliyi, dünya ölkələri içərisində layiqli yer tutmuşuq: Ən əsası isə, bütün çətin proseslərdən keçərək Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq.
Şübhəsiz ki, bu böyük dəyişikliklər, yəni bizim apardığımız tədbirlər bir-iki ildə həyatı tam dəyişdirə bilməz. Ancaq müsbət proseslər gedir və getməkdədir. Sizi əmin edirəm ki, Azərbaycanın iqtisadiyyatı ilbəil inkişaf edəcəkdir, insanların həyat tərzi yaxşılaşacaqdır, sosial-iqtisadi tədbirlər daha da geniş tətbiq edilərək həyata keçiriləcəkdir.
Mən bura gələrkən, Mərdəkan, Şüvəlan ərazisinə çatarkən gördüm ki, yerli əhali, insanlar - gənclər, uşaqlar yola çıxıblar, mənimlə görüşmək istəyirlər. Mən bir neçə yerdə avtomaşını saxladım, onlarla görüşdüm, söhbət etdik. İnsanların çox gözəl əhval-ruhiyyəsi vardır. Mən bu qısa məsafəni gələrkən minlərlə insanla rastlaşdım. Qadın da, kişi də, cavan da, qoca da, uşaq da, böyük də - hamısının gözəl əhval-ruhiyyəsi vardır.
Ümumiyyətlə, bizim millətimiz gözəl millətdir. Baxıram, nə qədər gözəl uşaqlar, qızlar, oğlanlar vardır. Bizim nə qədər mərd oğullarımız vardır. İnsanların əhvalı, geyimi məni çox sevindirir. Bunlar təsadüfi deyildir, bunlar göydən düşməyibdir. Bunlar Azərbaycanda son illərdə sosial-iqtisadi sahələrdə aparılan tədbirlərin nəticəsidir. Bu, bizim həyat tərzini nümayiş etdirən gözəl bir mənzərədir. Şübhəsiz ki, arzu edirik bundan da gözəl olsun. Ancaq biz buna da şükür etməliyik ki, bunlar vardır.
Ən böyük nailiyyət ondan ibarətdir ki, biz insanlara rahatlıq şəraiti yarada bildik. Təsəvvür edin, 1993-cü ildən indiyə qədər keçən illəri xatirinizə salın. Biz Azərbaycanı necə bəlalardan qurtardıq. Burada çıxış edənlər yada salırdılar. 1993-cü ildə vətəndaş müharibəsi Azərbaycanı dağıdırdı. Azərbaycan parçalanmışdı. Bunun qarşısını aldıq. 1994-cü ilin oktyabr ayında yenə də o quldur, silahlı dəstələr Azərbaycanı dağıdıb, parçalayıb bizim xalqımızı tamamilə məhv etmək istəyirdilər. Bunun da qarşısını aldıq.
1995-ci ilin mart hadisələrindən üç il keçir. Üç il bundan öncə Azərbaycan böyük təhlükə altında idi. Çünki, indi artıq məlumdur, - həm Rusiyadan, həm Türkiyədən, başqa yerlərdən xarici ölkələrin xüsusi xidmət orqanları, bizim daxilimizdə olan, 1988-ci ildən hakimiyyət mübarizəsi aparan ayrı-ayrı cinayətkar dəstələr 1995-ci ilin mart ayında Azərbaycanda dövlət çevrilişi cəhdi etdilər. Biz böyük təhlükə altında idik. Çünki o cinayətkarlar böyük qüvvə toplamışdılar, əllərində çoxlu silah var idi. Təəssüf olsun ki, insanları o cinayətə cəlb edən adamlar onlara çox böyük vədlər vermişdilər. Bir tərəfdən Moskvada oturanlar, bir tərəfdən Kələkidə oturanlar, bir tərəfdən Azərbaycanın içində olanlar - bunların hamısı bir yerə cəmləşmişdilər ki, Azərbaycanı dağıtsınlar və yenə də gəlib burada öz şəxsi məqsədlərini həyata keçirsinlər. Biz bunların qarşısını aldıq. Ondan sonra neçə dəfə hadisələr baş verdi, Azərbaycan prezidentinə qarşı neçə dəfə terror etmək istədilər.
Bilmirəm, dünən axşam siz gördünüz, ya görmədiniz -televiziyada bir veriliş verilirdi. 1996-cı ilin dekabr ayında Rusiyadan, Dağıstandan keçmiş OMON dəstəsinin bir hissəsi gəlib yenə də burada terror edib dövlət çevrilişi etmək arzusunda olub. Artıq onların məhkəməsi olubdur və onlar cəzalanıblar. Onların danışıqlarını verdilər. O vaxtlar biz nə qədər dəhşətli günlər keçirdik.
Bunların hamısının nəticəsində biz Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmişik. İndi insanlar rahat yaşayırlar. Çətinliklər də mövcuddur. Bəli, sizin yaşayış yeriniz yoxdur, amma siz yerinizə qayıdacaqsınız. Bəlkə başqalarının maddi vəziyyəti yaxşı deyildir, amma yaxşılaşacaqdır. Biri o birisindən pis yaşayır. Belələri vardır. Ancaq xalqımızın ümumi əhval-ruhiyyəsi tamamilə başqa cürdür. O da ondan ibarətdir ki, xalqla dövlət birdir və xalqın dövlətlə, xalqın öz prezidenti ilə birliyi bizi bütün bəlalardan qurtarıbdır və bu ictimai-siyasi sabitlik, rahatlıq yaranıbdır.
Mən 1993-cü ildə Bakıya dəvət edilərkən bilirdim ki, burada nə qədər çətin, ağır vəziyyət mövcuddur. Mənim əlimdə nə silahlı dəstə var idi, nə ordum var idi, nə bir qrup var idi. Heç bir şeyim yox idi. Bəs Heydər Əliyev nəyə arxalandı və gəlib bu odun içinə girdi? Xalqa, sizə arxalandım. Əgər mən sizə inanmasaydım, etibar etməsəydim, sizə arxalanmasaydım bu məsuliyyəti öz üzərimə götürə bilməzdim. Əgər sizin mənə etimadınız olmasaydı, sizin mənə dəstəyiniz, köməyiniz olmasaydı, mən 1993-cü ildə o vətəndaş müharibəsinin qarşısını ala bilməzdim.
Mən sizə, Azərbaycan xalqına arxalanaraq, bizim cəmiyyətin tam əksəriyyətinin dəstəyinə arxalanaraq 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinin qarşısını aldım. Xatirinizdədir, mən televiziya ilə xalqa müraciət etdim. İki saatdan sonra Prezident sarayının qabağına yarım milyon adam toplaşdı. Mən o gecəni daim xatırlayıram. O, bir möcüzə idi. Bunu sizin köməyinizlə, xalqın köməyi ilə etdim. Bəli, sizə, xalqa arxalanaraq mən 1995-ci ilin mart ayında, düz üç il bundan qabaq Azərbaycanı böyük bir təhlükədən xilas etdim. Mən bu gün də sizə arxalanıram, sizin dəstəyinizə arxalanıram. Əminəm ki, sizinlə birlikdə biz Azərbaycanı bundan sonra daha da yüksəklərə qaldıracağıq.
Nəhayət, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda demokra tik, hüquqi, dünyəvi dövlət qurulur, demokratiya bərqərar olur, insanlara azadlıq verilibdir. Hərə öz fikrini deyə bilir və fikir, söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı tamamilə təmin olunubdur. Biz bu yolla gedirik və gedəcəyik. Bunun nəticəsində də Azərbaycanda sağlam bir cəmiyyət formalaşıbdır. O sağlam cəmiyyət də Azərbaycan dövlətinin, konstitusiyasının, Azərbaycan prezidentinin prinsiplərini və Azərbaycan dövlətinin apardığı siyasəti dəstəkləyir və ona kömək edir. Bu, bizim ən böyük nailiyyətimizdir. Biz demokratik cəmiyyət yarada bilmişik. Şübhəsiz ki, bu cəmiyyətdə fikirlər müxtəlif ola bilər,- bu, təbiidir. Heç kəs buna görə narahat olmasın. Ancaq əsas odur ki, biz fikir müxtəlifliyini təmin edərək cəmiyyətin tam əksəriyyətinin Azərbaycanın dövlət siyasətini, Azərbaycan prezidentinin siyasətini dəstəkləməsinin şahidi olmuşuq.
İndi siz burada çıxış edərkən bəzi məsələlərdən narahatlığınızı bildirdiniz kim nəsə deyir, kim nəsə çıxış edir, kimsə prezident olmaq istəyir, kimsə nalayiq işlər görür. Bunlar həqiqətdir. Belə insanlar vardır. Müəyyən qədər belə hallar təbii xarakter daşıyır. Çünki bizdə həqiqətən demokratiyadır və biz bu demokratiyanı daha da möhkəmləndirmək, genişləndirmək istəyirik. Deməli, bizim fikrimizin əleyhinə də fikirlər olmalıdır və ola da bilər. Bu təbiidir. Bundan narahat olmaq və təəssüflənmək də lazım deyildir. Bu, gələcəkdə də belə olacaqdır. Ancaq demokratiya onu tələb edir ki, əks fikri olan adam yalnız fikrini söyləsin, sözünü desin və çalışsın ki, öz fikrini xalqa demokratiya şəraitində sübut etsin. Sizin burada qeyd etdiyiniz kimi, ancaq bəziləri öz fikrini sübut edə bilməyərək və buna nail ola bilməyərək cürbəcür qanundankənar hərəkətlərə əl atmaq istəyirlər. Onlar da bilməlidirlər, mən Azərbaycanın prezidenti kimi respublikamızda demokratiyanın günü-gündən inkişaf etməsini təmin edirəm və edəcəyəm. Amma eyni zamanda qanunun aliliyini də təmin edirəm və edəcəyəm. Kim qanun çərçivəsində hansı fikri söyləyirsə söyləsin, - buna etiraz yoxdur. Qəzetlərdə çox şeylər yazırlar, - qoy yazsınlar. Ancaq kim qanunu pozursa, bilsin ki, Azərbaycanda bunlara imkan verilməyəcəkdir. Bu, mənim dövlət başçısı kimi vəzifəmdir və bu vəzifəni axıra qədər yerinə yetirəcəyəm.
Ayrı-ayrı adamların, qrupların nalayiq, bəzən tərbiyəsiz, ədəbsiz çıxışları, sözləri sizi narahat etməsin. Bizim el sözümüz vardır: Meşə çaqqalsız olmaz, dərə tülküsüz olmaz. Sizi narahat etməsin, ona görə ki, bizim bu qədər gücümüz olduğu halda, bu qədər birliyimiz olduğu halda, xalqın öz prezidentini dəstəklədiyi halda ayrı-ayrı qrupların müxtəlif sözləri bizə heç bir şey edə bilməz.
Bu ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Çünki mənim səlahiyyətim oktyabr ayında bitir. Azərbaycanda kim prezident olmaq istəyirsə, - seçkilər çox azad, sərbəst, demokratik olacaqdır, -öz namizədliyini irəli sürə bilər və konstitusiya çərçivəsində seçkilərdə iştirak edə bilər. Bundan heç kəs narahat olmasın.
Sizin Heydər Əliyevi yenidən prezident görmək istəyinizə, arzunuza görə sizə təşəkkür edirəm.
1993-cü ildə məni Bakıya dəvət edərkən və prezident seçərkən mən bu vəzifələr uğrunda mübarizə aparmamışam və belə bir istəyim, arzum olmayıbdır. Millətimi xilas etmək üçün bunu xalq tələb edibdir. Mən millətimin tələbini yerinə yetirmişəm. Bu gün də sizə deyirəm: Əgər xalq istəsə, siz istəsəniz, şübhəsiz ki, mən yenidən prezident vəzifəsini həyata keçirməkdən imtina etməyəcəyəm.
Ötən illər biz çox işlər görmüşük. Ancaq çox işlərin də başlanğıcını qoymuşuq. Hələ gələcəkdə görəcəyimiz işlər çoxdur. Mən də istəyirəm ki, başladığım işlərin hamısını axıra çatdırım, Azərbaycanı daha da güclü edim, Azərbaycan xalqının həyat səviyyəsini daha da yüksəklərə qaldırım, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirim, işğal olunmuş torpaqların azad edilməsinə nail olum, sizin yerinizə-yurdunuza qayıtmağınıza nail olum. Bunlar mənim arzumdur və istəyimdir. İnanıram ki, biz bunların hamısını sizinlə birlikdə yerinə yetirəcəyik.
Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Doğrusunu deyim, bu qədər yaşadığım illərdə hər il Novruz bayramını qeyd etmişəm. Amma mən indiyə qədər belə bir şəraitdə Novruz bayramını qeyd etməmişdim. Ona görə də sizə təşəkkür edirəm ki, siz məni buraya dəvət etmisiniz və mən sizinlə bir yerdəyəm.
Sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı, xoşbəxtlik, yeni-yeni nailiyyətlər arzu edirəm. Çox sağ olun.
\"Azərbaycan\" qəzeti, 24 mart 1998-ci il.