Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Hacı Xanməmmədova təbriki - Bakı şəhəri, 14 iyun 1998-ci il

Hörmətli Hacı Xanməmmədov!

Sizi - Azərbaycanın görkəmli bəstəkarını 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan musiqi mədəniyyətində öz sözü, öz dəst-xətti ilə seçilən sənətkarlardansınız. Yarım əsrlik yaradıcılığınız ərzində müxtəlif janrlarda bəstələdiyiniz yaddaqalan əsərlər sizə nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da şöhrət gətirmişdir. Sənətkar həyatınızı ən çox səciyyələndirən və geniş dinləyici kütləsinə tanıtdıran isə tar ilə simfonik orkestr üçün yazdığınız konsertlərdir. Sizin adınız Azərbaycanın bəstəkarlıq məktəbi tarixinə milli ənənələri müasir musiqi sənətinin nailiyyətləri ilə üzvü şəkildə birləşdirən bu janrın yaradıcısı kimi həmişəlik daxil olmuşdur. Kamança ilə simfonik orkestr üçün bəstələdiyiniz konsertdə də siz Azərbaycan milli musiqi alətlərinin hələ istifadə olunmamış imkanlarını böyük ustalıqla nümayiş etdirmisiniz. Siz ölkəmizdə gözəl mahnılar müəllifi kimi də yaxşı tanınırsınız. Emosionallıq, ürəyəyatımlılıq və zəriflik hisslərini aşılayan, doğma diyarımızı, onun insanlarını, təbiətini, füsunkar mənzərələrini tərənnüm edən mahnılarınız vətənimizə, xalqımıza olan vurğunluğunuzu göstərir. Respublikamızda neçə-neçə musiqiçilər nəslinin yetişdirilməsində sizin böyük zəhmətiniz vardır. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında göstərdiyiniz fəaliyyətinizdə siz milli musiqi mədəniyyətimizin incəliklərini gənc nəslə məharətlə çatdırmısınız. Sizin dirijorluğunuz da yüksək qiymətləndirilir. Milli alətlərə dərin maraq doğuran, onların inkişafı üçün geniş imkanlar açan, musiqisevərlərin zövqünü oxşayan sənət yolunuz gənc musiqiçilər üçün böyük bir örnəkdir.

İnanıram ki, sizin yaradıcılığınız Azərbaycanımızın musiqi mədəniyyətinin inki-şafında bundan sonra da öz əvəzedilməz rolunu oynayacaqdır. Sizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.