Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir Ərəb Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş xanım Cihan Əmin Məhəmməd Əlinin etimadnaməsini qəbul edərkən söhbətindən - 13 oktyabr 2000-ci il

Cihan Əmin Məhəmməd Əli: Zati-aliləri!

Mən Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Hüsni Mübarəkin təyinatı ilə Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunmağımla fəxr edirəm və bu təyinatla əlaqədar Sizə etimadnaməmi təqdim etməkdən böyük şərəf duyuram.

Mənə ölkəm tərəfindən göstərilən dəyərli inama sadiq qalaraq, Sizin qonaqpərvər respublikanızla ikitərəfli əlaqələrin inkişafı üçün səylərimi əsirgəməyəcəyimə söz verirəm.

Bildiyiniz kimi, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını qədim tarixi, mədəni və dini əlaqələr bağlayır. Bu əlaqələr də bizim gələcək inkişafımız, irəliləyişimiz üçün gözəl bir təminatdır.

Zati-aliləri!

Mən təyinatım münasibətilə bildirmək istəyirəm ki, Misir Ərəb Respublikası Azərbaycan Respublikasında uzun illər ərzində aparılan quruculuq işlərini böyük diqqət və qayğı ilə izləyir və Sizin rəhbərliyinizlə ölkənizdə baş vermiş dəyişiklikləri böyük sevinc hissi ilə qarşılayır.

Misir Ərəb Respublikası Azərbaycan Respublikasının suverenliyini, onun ərazi bütövlüyünü tanıyır və ümid edir ki, hazırkı dövrdə göstərilən birgə siyasi səylər sayəsində Dağlıq Qarabağ probleminin ədalətli həlli təmin ediləcək və bu, Azərbaycan Respublikasının qanuni hüquqlarının bərpa olunmasına və ərazi bütövlüyünün təmin edilməsinə gətirib çıxaracaqdır.

Eyni zamanda, mən böyük fəxr və şərəf duyuram Sizə bildirim ki, Misir hökuməti Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına daim səy göstərəcəkdir. Mən də bununla bağlı vəzifəmi şərəflə yerinə yetirməyə çalışacağam.

Zati-aliləri, icazə verin, keçmiş səfirin səlahiyyət müddətinin bitməsi, geri çağırılması ilə bağlı sənədləri və öz etimadnaməmi Sizə təqdim edim.

Heydər Əliyev: Hörmətli xanım səfir, Misir Ərəb Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrik edirəm və gələcək işlərinizdə sizə uğurlar arzulayıram.

Siz tamamilə düzgün buyurdunuz ki, Misirlə Azərbaycan arasındakı əlaqələr çox qədimdir, böyük tarixə malikdir. Keçmişdə bizim çox zəngin əlaqələrimiz olubdur. Xalqlarımızın bir dinə mənsub olması həmişə bizi bir-birimizə yaxınlaşdırıbdır.

Azərbaycan istiqlaliyyət əldə edən zaman ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Misir Ərəb Respublikası olmuşdur. O vaxtdan başlayaraq ölkələrimiz arasında, müstəqil Azərbaycanla Misir Ərəb Respublikası arasında dövlətlərarası əlaqələr qurulubdur, biz əməkdaşlıq edirik və bu əməkdaşlığımız da gündən-günə inkişaf edir. Hesab edirəm, bu illərdə bizim əldə etdiyimiz nailiyyətlər ondan ibarətdir ki, ölkələrimizin xalqları arasında dostluq, mehribanlıq və qardaşlıq əlaqələri yaranıbdır.

Misir Ərəb Respublikası ərəb dünyasının böyük dövlətlərindən biridir. Beynəlxalq təşkilatlarda Misir Ərəb Respublikasının səsinin xüsusi çəkisi vardır. Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlarda Misir Ərəb Respublikası həmişə Azərbaycana dəstək veribdir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Misir tərəfindən tanınması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində də biz daim Misir Ərəb Respublikası hökumətinin və şəxsən mənim dostum prezident Hüsni Mübarəkin dəstəyini hiss edirik.

Ancaq hələ bundan sonra da bütün sahələrdə bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün görüləsi işlər çoxdur. Biz öz tərəfimizdən bu istiqamətdə lazım olan səyləri göstəririk. Əmin olduğumu bildirmək istəyirəm ki, Misir Ərəb Respublikasının Azərbaycanda yeni səfiri kimi siz bu əlaqələrin inkişaf etdirilməsində öz xidmətlərinizi göstərəcəksiniz.

Güman edirəm ki, Azərbaycan mühiti sizin üçün yad bir ölkənin mühiti deyildir. Çünki xalqlarımızın tarixi-mənəvi dəyərlərində, ənənələrində, adətlərində bir çox oxşarlıq var və yəqin ki, bunu siz Azərbaycanda olduğunuz müddətdə hiss etmisiniz. Mən hesab edirəm ki, bunlar da sizin fəaliyyətinizin səmərəli olmasına kömək edəcəkdir.

Əmin ola bilərsiniz ki, Azərbaycanın bütün hakimiyyət orqanları, o cümlədən prezident sizin burada fəaliyyətinizin uğurlu, səmərəli olması üçün bütün şəraiti yaradacaqdır.

Ümid edirəm ki, Azərbaycanda sizin səfirlik fəaliyyətiniz zamanı ölkələrimizin xalqları arasındakı əlaqələr daha da sürətlə inkişaf edəcəkdir.

Bir daha sizi təbrik edir və sizə uğurlar arzulayıram.

Cihan Əmin Məhəmməd Əli: Mən özümü burada öz ölkəmizdə olduğum kimi hiss edirəm. Sizin buyurduğunuz kimi, Azərbaycanla Misir arasında ümumi oxşarlıqlar son dərəcə çoxdur. Mən dünyanın bir neçə ölkəsində diplomatik fəaliyyət göstərmişəm. Lakin ilk dəfə olaraq Azərbaycanda özümü öz ölkəmizdəki kimi hiss edirəm.

Heydər Əliyev: Çox gözəl, mən çox məmnunam. Mən belə də düşünürdüm. Ancaq bu sözləri sizin özünüzdən eşitmək mənim üçün çox xoşdur.

Mən artıq öz nitqimdə dedim, bizim məqsədimiz Misir Ərəb Respublikası ilə əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir.

Sentyabr ayında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının keçirdiyi minilliyin zirvə görüşündə fasilə zamanı mən sizin xarici işlər naziriniz cənab Əmr Musa ilə görüşdüm, az müddətdə çox səmərəli söhbət etdik. Təəssüf ki, mənim dostum Hüsni Mübarək orada yox idi. Amma ümid edirəm ki, noyabr ayında Qətərdə İslam Konfransı Təşkilatının zirvə görüşündə dostum Hüsni Mübarək də iştirak edəcək və bizim görüşüb danışmaq imkanımız olacaqdır.

Cihan Əmin Məhəmməd Əli: Bəli, Hüsni Mübarək minilliyin zirvə görüşündə iştirak edə bilmədi. Bildirmək istəyirəm ki, mən burada səfir kimi fəaliyyət göstərərkən Azərbaycan-Misir əlaqələrinin ən yüksək səviyyəyə çatdırılması üçün bütün səylərimi göstərəcəyəm. Azərbaycan bizim üçün nəinki Qafqaz regionunda, eyni zamanda bütün Müstəqil Dövlətlər Birliyi məkanında çox mühüm, önəmli bir yer tutan dövlətdir. Biz böyük səbirsizliklə zati-alilərinizin Misir Ərəb Respublikasına rəsmi səfərini gözləyirik, bu səfərə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, bu səfər yaxın vaxtlarda baş tutacaqdır.

Heydər Əliyev: Səfər mütləq olmalıdır. Çünki biz mənim dostum prezident Hüsni Mübarəklə bu barədə danışmışıq. Mən onu Azərbaycana dəvət etmişdim. O da məni Misirə dəvət etmişdi. Bilirsiniz ki, 1994-cü ildə orada beynəlxalq tədbir keçirilirdi. Mən orada iştirak edirdim. Prezident Hüsni Mübarək mənə xüsusi diqqət və qayğı göstərirdi. Bizim çox ətraflı danışıqlarımız oldu. İndi biz bir-birimizi dəvət etmişik, görünür ki, əvvəlcə mən gərək Misirə səfər edim, sonra isə prezident Hüsni Mübarək Azərbaycana səfər etsin.

Cihan Əmin Məhəmməd Əli: Zənn edirəm ki, qarşıdakı dövrdə yüksək səviyyəli, yəni dövlət başçıları, nazirlər səviyyəsində səfərlərin həyata keçirilməsi, ikitərəfli əlaqələrin yüksək pilləyə qaldırılması üçün zəmin yaradacaqdır.

Biz ötən illər ərzində dövlət quruculuğu sahəsində müəyyən təcrübə qazanmışıq. Bu təcrübəmizi Azərbaycan Respublikası ilə bölüşə bilərik. Deyə bilərəm ki, özəlləşdirmə sahəsində ölkəmizin böyük təcrübəsi var. Səfir kimi söz verirəm ki, bu təcrübəni sizinlə bölüşəcəyəm. Özəlləşdirmə iqtisadi islahatlar keçirilən ölkədə çox mühüm addım hesab olunur. Özəlləşdirmənin nəinki iqtisadi, hətta siyasi perspektivləri var.

Təbiidir ki, dünya iqtisadiyyatına inteqrasiya etmək bizim üçün, yəni üçüncü dünya dövlətləri üçün böyük, mühüm məsələlərdən biridir və burada dövlətin, hökumətin xüsusi rolu olmalıdır.

Sizə məlum olduğu kimi, yaxın vaxtlarda ərəb ölkələri başçılarının zirvə toplantısını keçirmək üçün hazırlıq görülür. İndi regionda baş verən hadisələr bu mühüm tədbiri keçirməyə sövq etmiş və bildiyiniz kimi, Misir İsrail-ərəb münaqişəsinin həlli sahəsində çox mühüm rol oynayan bir ölkədir. Ümumiyyətlə, ölkəmiz Yaxın Şərqdə sabitliyin bərqərar olması üçün mühüm səylər göstərir.

Heydər Əliyev: Doğrudur. Sizin dediklərinizin hamısı ilə razıyam. Biz də Yaxın Şərqdə Misirin xüsusi rolunu yüksək qiymətləndiririk. O cümlədən İsrail-Fələstin probleminin sülh yolu ilə həll edilməsi barəsində şəxsən prezident Hüsni Mübarəkin fəaliyyəti çox dəyərlidir. Arzu edirik ki, bu məsələlər sülh yolu ilə, ədalətlə həll olunsun.

Təbiidir ki, Misir Ərəb Respublikasının həm böyük, həm də müstəqil dövlət kimi təcrübəsi çoxdur. O cümlədən də özəlləşdirmə və iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində. Biz bu təcrübədən istifadə etməyə çalışırıq və sizin vasitənizlə bu təcrübədən daha səmərəli istifadə etmək mümkün olacaqdır. Sizin də, bizim də məqsədimiz ölkələrimizin iqtisadi inkişafını, təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü, suverenliyini qoruyub saxlamaq və bütün sahələrdə sıx əməkdaşlıq etməkdir. Biz bundan sonra da bu prinsiplər əsasında sizinlə bərabər işləyəcəyik.

\"Azərbaycan\" qəzeti, 14 oktyabr 2000-ci il.