Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərin yekunlarına dair mətbuat konfransında bəyanatı - 24 fevral 1994-cü il

Hörmətli xanımlar və cənablar!

Mənim səfərim başa çatır, sabah biz evə qayıdırıq. Əsas iş görülmüşdür, buna görə də bu gün mən mətbuat nümayəndələri ilə görüşməyə və sizə səfərin yekunları barədə qısa məlumat, suallara cavab verməyə razılaşdım.

Bildiyiniz kimi, Birləşmiş Krallığa mənim rəsmi səfərim baş nazir cənab Con Meycorun dəvəti ilə keçirilmişdir. Bu gün üçüncü gündür ki, biz Londondayıq. Bu müddət ərzində səfərimizin proqramı, demək olar, yerinə yetirilmişdir. Ona görə də sizə deyə bilərəm ki, mən səfərin yekunlarından razıyam. Ən əvvəl, baş nazir cənab Con Meycor ilə görüşün və danışıqların böyük əhəmiyyəti var. Ondan əvvəl biz nazirlərlə, bir sıra iri şirkətlərin prezidentləri ilə görüşdük. Baş nazir ilə söhbət zamanı bir çox məsələlər - istər Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlərlə bağlı, istərsə də bizim bölgədə, Zaqafqaziya bölgəsində vəziyyətə aid, habelə müasir beynəlxalq vəziyyətlə əlaqədar məsələlər barəsində fikir mübadiləsi etməyə imkanımız oldu.

Danışıqlarımız qarşılıqlı anlaşma, səmimilik və olduqca əlverişli şəraitdə keçmişdir. Bu şəraiti İngiltərə rəhbərliyi yaratmışdır. Başlıcası budur ki, biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da intensiv inkişaf etdirilməsi sahəsində görüləcək tədbirlər barədə razılığa gəldik. Söhbət dövlətlərarası münasibətlərdən, iqtisadi əməkdaşlıqdan, elm, texnika, mədəniyyət sahəsində və bəzi digər sahələrdə əməkdaşlıqdan gedir.

Danışıqlarımızda iqtisadi əməkdaşlıq, daha dəqiq desək, Birləşmiş Krallığın ən iri şirkətləri ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq məsələləri mühüm yer tutmuşdur. Bununla əlaqədar olaraq Azərbaycanın neft yataqlarının işlənməsində \"Bi-Pi\" şirkətinin iştirakı məsələsinə və Qərbin neft şirkətlərinin konsorsiumu ilə imzalanmalı olan bağlaşmaya xüsusi yer verilmişdir. Burada neft şirkətləri ilə bağlaşmaya xüsusən böyük maraq göstərilir. Zənnimcə, görüşlərimiz və söhbətlərimiz zamanı biz bu məsələləri tamamilə aydınlaşdırdıq. Danışıqlarımızın yekunlarına əsasən ölkələrimiz arasında münasibətlər üçün məncə, çox mühüm sənədlər imzalanmışdır.

Bunlar, ən əvvəl, Birləşmiş Krallıqla Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə, energetika, o cümlədən neft sənayesi sahəsində ölkələrimiz arasında əməkdaşlıq - \"Bi-Pi\" nəzərdə tutulur - barədə memorandum və bir sıra digər sənədlərdir. Əməkdaşlığın başlanğıcı üçün mən isə belə hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında əməkdaşlığın bünövrəsini məhz bu səfər qoyur bu səfər zamanı kifayət qədər sənəd - 8 sənəd imzalanmışdır. İstər bu sənədlər, istərsə də bizim aramızda əldə edilmiş razılaşmalar belə deməyə əsas verir ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin inkişafı üçün yaxşı perspektivlər var.

Bildirməliyəm ki, mənim xarici işlər naziri Duqlas Herd, ticarət naziri Maykl Hezltayn, energetika və kənd təsərrüfatı nazirləri, dənizaşırı ərazilərin inkişafı üzrə nazir baronessa Çolker, dövlət naziri Duqlas Hoqq, habelə bir sıra iri şirkətlərin prezidentləri ilə çox maraqlı görüş və söhbətlərim oldu. Mən ölkənizin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxış etmək imkanı qazandım. Görüşdə iqtisadiyyat sahəsində Azərbaycanla fəal əməkdaşlığın imkanlarından danışdım.

Mən buna böyük əhəmiyyət verirəm ki, Kral Beynəlxalq Münasibətlər İnstitutunda mənə çıxış etməyə imkan yaradıldı. Bu gün mən Avropa Bankında oldum, onun Direktorlar Şurası qarşısında çıxış etdim. Yenə də bu gün mən Birləşmiş Krallığın parlamentinə dəvət olundum və baş nazir cənab Con Meycor parlament üzvlərinin suallarına cavab verərkən parlamentin iclasında iştirak etdim. Sonra parlamentin üzvləri ilə, özü də həm Mühafizəkarlar Partiyasını təmsil edənlərlə, həm Leyboristlər Partiyasının nümayəndələri olan parlament üzvləri ilə, həm də lordlarla, o cümlədən azərbaycanlılara o qədər də rəğbəti olmayan baronessa Koksla məzmunlu söhbətlərimiz oldu. Parlament üzvləri ilə çox maraqlı söhbət etdik, mənə onların qarşısında da çıxış etməyə imkan verdilər. Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, Birləşmiş Krallığın parlamentində dostluq fraksiyası, yaxud Birləşmiş Krallığın parlamenti ilə Azərbaycan arasında parlamentlərarası qrup yaradılmışdır. Bu qrup Azərbaycan parlamenti ilə, ümumən Azərbaycanla əlaqələr yaradır. Yəni söhbət ölkələrimiz arasında fəal parlamentlərarası əlaqələr yaradılmasından gedir. Mən buna da çox böyük əhəmiyyət verirəm.

Bütün səviyyələrdə görüş və söhbətlər zamanı daxili və xarici siyasət məsələlərində Azərbaycan rəhbərliyinin mövqeyini dəqiq və aydın şərh etməyə imkanım oldu. Bizim daxili siyasətimiz hüquqi demokratik dövlət, demokratik cəmiyyət yaradılmasına, Azərbaycanda demokratiyanın inkişafı üçün hər çür şəraitin təmin olunmasına, demokratik prinsiplərin, siyasi plüralizmin və çoxpartiyalı sistemin bərqərar edilməsinə, insan hüquqlarının müdafiəsinə, şəxsiyyətin azadlığının, söz, mətbuat, vicdan azadlıqlarının, milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidələrindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquq bərabərliyinin təmin olunmasına yönəldilmişdir.

Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi həyatın sərbəstləşdirilməsi, xarici kapitalın, xarici investisiyaların Azərbaycana cəlb olunması, xarici investorlar üçün əlverişli şərait yaradılması xəttini qəti şəkildə götürmüşdür. Sözün qısası, söhbət azad bazar iqtisadiyyatından gedir. Bununla əlaqədar mən Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərənlərin hamısını respublikamıza dəvət etmişəm, onu nəzərdə tuturam ki, Azərbaycan hər cəhətdən bütün dünya üçün açıqdır, xüsusən investisiyalar üçün, iqtisadi münasibətlər üçün Azərbaycan Birləşmiş Krallığın işküzar aləminin üzünə açıqdır. Mən demişəm və sizin qarşınızda bir daha bildirirəm ki, Azərbaycan iqtisadi əməkdaşlıq üçün, investisiyalar üçün əlverişli imkanlara malikdir, respublikanın rəhbərliyi, dövlətimiz investisiyaların müdafiəsinə, Azərbaycanla əməkdaşlığa başlayacaq xarici firmaların mənafelərinin müdafiəsinə təminat verir.

Xarici siyasət sahəsində Azərbaycan dünyanın bütün dövlətləri ilə - həm qonşu ölkələrlə, həm Qərb və Şərq ölkələri ilə, həm də, xüsusən, Avropa dövlətləri ilə normal qarşılıqlı surətdə faydalı münasibətlər saxlamaq xətti yeridir. Dünya ölkələri ilə əlaqələrimiz əvvəllər mövcud olmuş hər cür ideoloji ehkamlardan azaldır. Bir müstəqil dövlət kimi, Azərbaycan öz milli mənafelərini əsas tutaraq, xarici siyasətini, öz beynəlxalq mövqelərini və dövlət istiqlaliyyətini möhkəmləndirmək məqsədilə həyata keçirəcəkdir.

Burada olduğumuz vaxtda mən bir daha yəqin etdim, əslinə qalsa, biz əvvəllər də bu fikirdə idik ki, Azərbaycan beynəlxalq işlərlə əməkdaşlıq üçün Birləşmiş Krallığın timsalında, eləcə də təbii ki, Birləşmiş Krallıq Azərbaycanın timsalında yaxşı tərəf-müqabilə malik ola bilər.

Ermənistanla Azərbaycan arasında gedən müharibə Azərbaycan üçün olduqca ağrılı və ciddi problemdir. Bu müharibə altı ildir davam edir, o, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir. Bu müharibə süni surətdə törədilmiş, uydurulmuş Dağlıq Qarabağ problemindən başlamış və genişlənərək böyük müharibəyə çevrilmiş, hər iki tərəfdən çoxlu miqdarda insanı həyatdan məhrum etmişdir. İndiyədək davam edən bu müharibənin bizim üçün ən ağır nəticəsi odur ki, Azərbaycan ərazisinin təxminən 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş və respublikanın həmin rayonlarının təqribən bir milyon sakini öz ölkəsində qaçqın vəziyyətinə düşmüş, daimi yaşayış yerlərini, öz ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış, var-yoxlarını tamam itirmişlər. Təbiidir ki, bütün bunlar Azərbaycanın həm iqtisadi, həm də sosial vəziyyətini zəiflədir, başlıcası isə, respublikanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə çox ciddi zərər vurur.

Biz, yəni Azərbaycan tərəfi hərbi əməliyyatların dayandırılmasına, müharibənin qurtarmasına, qan tökülməsinə son qoyulmasına və bu məsələnin danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmasına çalışırıq. Lakin erməni tərəfi hərbi əməliyyatlar aparmaqda davam edir, güc metodları ilə, yəni hərbi yolla öz məqsədlərinə çatmaq istəyir. Ona görə də, təbii ki, biz buna cavab verməyə məcburuq. Erməni tərəfinin məqsədi Dağlıq Qarabağın müstəqilliyinə nail olmaq və Azərbaycanı parçalamaq, Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum etməkdir. Biz əlbəttə, bununla razılaşa bilmərik və ona görə də problemi danışıqlar yolu ilə həll etməyə səy göstərməklə yanaşı, torpaqlarımızın, ərazimizin müdafiəsi üçün tədbirlər də görürük. Təbii ki, bütün bunlar hərbi əməliyyatlara gətirib çıxarır və həmin əməliyyatlar, təəssüflər olsun, bu gün də davam edir. Lakin bir daha təkrar edirəm ki, biz hərbi əməliyyatların davam etdirilməsini istəmirik, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişənin sülh yolu ilə aradan qaldırılmasını təklif etməklə yanaşı, biz silahlı qüvvələrimizi də möhkəmləndirmək üçün tədbirlər görürük. Heç kim düşünməməlidir ki, məsələni dinc vasitələrlə həll etmək istəməyimiz bizim hərbi cəhətdən zəifliyimizin əlamətidir. Yox, biz sadəcə olaraq, müharibə istəmirik. Eyni zamanda, mən bəyan edirəm ki, əgər erməni tərəfi münaqişənin sülh yolu ilə aradan qaldırılmasına razı olmasa, təbii ki, bu zaman Azərbaycan erməni silahlı birləşmələrinin işğal etdikləri torpaqları azad etmək və ölkənin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, tam suverenliyinə və müstəqilliyinə nail olmaq üçün özünün bütün qüvvə və imkanlarından istifadə edəcəkdir.

Bu problemin sülh yolu ilə həll olunmasını təklif edərkən biz beynəlxalq təşkilatlara BMT-nin Təhlükəsizlik Şurasına, ATƏM-ə və onun Minsk qrupuna, başqa beynəlxalq təşkilatlara böyük ümid bəsləyirik. Onlar çox iş görər və əslində bu məsələni həll edə bilərlər. Bununla əlaqədar biz beynəlxalq təşkilatların sülh prosesində Birləşmiş Krallıq hökuməti nümayəndələrinin fəal iştirakına da ümid bəsləyirik.

Mənim Birləşmiş Krallığa səfərimin mühüm yekunlarından biri də odur ki, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yaxşı zəmin yarada bilməklə yanaşı, Azərbaycan haqqında və respublikadakı real vəziyyət barədə, xüsusən Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar yaranmış vəziyyət haqqında, istədiyimiz qədər olmasa da, hər halda, kifayət qədər tam informasiya verə bildik. Mən baş nazir Con Meycoru Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Dəvət qəbul olunmuşlur və biz bu səfərin vaxtını və müddətini razılaşdıracağıq. Mən həmçinin bir çox başqa dövlət rəhbərlərini, habelə Böyük Britaniya parlamentinin üzvlərini də respublikamıza dəvət etmişəm. Biz istəyirik ki, ölkənizin mümkün qədər daha çox nümayəndəsi Azərbaycana gılsin, çünki bu, ölkəmizdəki vəziyyəti, ilk növbədə Ermənistanla Azərbaycan arasında gedən müharibə ilə bağlı problemləri obyektiv surətlə təhlil etməyə, obyektiv qiymətləndirməyə imkan verir.

Mən səfərimin yekunlarından son dərəcə razıyam və burada, Birləşmiş Krallıqda bizə göstərilən qonaqpərvərlik üçün minnətdaram. Vətənə yaxşı əhval-ruhiyyə ilə qayıdıram.

Diqqətinizə görə sağ olun. Əgər suallarınız olarsa, cavab verməyə hazıram.

Sual (SÖTA akentliyi): Heydər Əliyeviç, Dağlıq Qarabağ barədə Rusiyanın mövqeyini şərh etməzdinizmi? Onun mövqeyini neçə qiymətləndirirsiniz?

Cavab:  Rusiya məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərir. Rusiya özünün vasitəçilik səylərini təklif edir və bunları reallaşdırmaq üçün bir neçə dəfə cəhdlər olmuşdur. Gərək ki, bir dəfə noyabrın 20-də olmuşdur, o zaman biz hərbi əməliyyatların dayandırılması və erməni silahlı birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması haqqında Rusiyanın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sazişin layihəsini almışdıq. Lakin o vaxt bu təşəbbüs reallaşmadı. Xüsusi tapşırıqlar üzrə səfir, Rusiya prezidentinin şəxsi nümayəndəsi Vladimir Kazimirov Azərbaycandan Ermənistana gedərkən Azərbaycan ərazisində erməni silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Xarici işlər nazirinin və hətta Nazirlər Soveti rəhbərliyinin şəxsində Rusiya rəhbərliyi erməni tərəfinin Rusiya prezidentinin xüsusi nümayəndəsinə qarşı, əgər belə demək olarsa, etikadan kənar mövqeyi ilə əlaqədar çox kəskin bəyanatla çıxış etdi və üzr istəməyi tələb etdi. Lakin erməni tərəfi bunu etmədi. Beləliklə, həmin danışıq prosesi yarımçıq qaldı. Bununla belə, Rusiya bu gün də məsələni sülh yolu ilə həll etmək üçün səylər göstərir.

Sual (\"Ekonomist\" qəzeti): Əgər etiraz etmirsinizsə, neft sənayesi sahəsində iqtisadi əməkdaşlıq barədə yenidən bir neçə kəlmə deməyinizi xahiş edirəm. Siz memorandum imzalandığını dediniz, lakin saziş bağlanıb, ya yox? Bundan əlavə, gələcək boru kəmərinin nəzərdə tutulan marşrutu barədə qərar varmı?

Cavab:  Mən belə hesab edirəm ki, əgər iki ölkənin rəhbərləri cənab Con Meycor və mən energetika sahəsində əməkdaşlıq haqqında, o cümlədən də \"Bi-Pi\" ilə əməkdaşlıq haqqında memorandum imzalamışıqsa, bu, özlüyündə mühüm faktdır. Bunun arxasınca kommersiya sazişi gəlməlidir, bu, Azərbaycan ilə konsorsium arasında imzalanmalıdır. Konsorsiuma \"Bi-Pi\", \"AMOKO\", \"Statoyl\", \"Pennzoyl\", Türkiyə Neft Şirkəti və bir sıra başqa firmalar daxildir. Zənnimcə, bu, yaxın vaxtlarda reallaşacaqdır. O ki qaldı neftin daşınması marşrutuna, görünür, bu məsələ kommersiya sazişinin bağlanması ilə bir vaxtda, ola bilsin, payızda həll ediləcəkdir.

Sual (\"Balkani\" agentliyi): İki sualım var. Birincisi, əgər sazişin ilkin layihəsindən imtina olunmuşsa, sıfırdan başlayaraq yeni sazişin hazırlanmasından söhbət gedirmi? İkincisi Qara dəniz ölkələrinin iqtisadi əməkdaşlığının inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

Cavab: Əvvəla, biz sazişdən imtina etməmişik, o, sadəcə olaraq yox idi. Danışıqlar gedirdi və mövqelər müəyyən dərəcədə aydınlaşmışdı, bunun əsasında da saziş imzalanmalı idi. Biz bütün məsələləri dərindən araşdırmağı zəruri bildik. Nəzərə almalısınız ki, neft Azərbaycan xalqının, Azərbaycan dövlətinin başlıca sörvətidir və təxminən 30 il müddətinə nəzərdə tutulan sazişi imzalamaqdan əvvəl hər şeyi dəfələrlə götür-qoy etmək lazım idi. Biz bunu etməmişdik. Göründüyü kimi, heç nə dəyişməmişdir. Biz sadəcə olaraq həmin məsələ ilə daha dərindən məşğul olmaqdayıq. Qara dəniz ölkələrinin əməkdaşlığına gəldikdə isə, biz bu əməkdaşlıqda iştirak edirik və həmin prosesi müsbət qiymətləndiririk.

Sual (\"Europian\" qəzeti): Əgər fikrinizi təhrif etmirəmsə, Siz dünənki çıxışınızda Azərbaycanın Dağlıq Qarabağın erməni sakinlərinin təhlükəsizliyinə təminat verməyə hazır olduğundan danışdınız. Bu təminatlar barədə hansı tutarlı dəlillər gətirə bilərsiniz?

Cavab: Hansı dəlillər? Əgər mən Azərbaycan prezidenti, dövlət başçısı kimi deyirəmsə ki, dövlət Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyi bütün dünya ictimaiyyəti qarşısında öhdəsinə götürürsə, inana bilərsiniz, bu təminatlar veriləcək və yerinə yetiriləcək. Bundan ötrü əlavə dəlillər lazım deyil. Yeri gəlmişkən deyim ki, Dağlıq Qarabağ erməniləri 1988-ci ilədək, yəni münaqişə başlanana qədər Azərbaycanın bu bölgəsində çox gözəl yaşayırdılar.

Sual (\"Muslim nyus\" agentliyi): Böyük Britaniya Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması üçün vasitəçilik səyləri göstərirmi?

Cavab: Biz istərdik ki, Böyük Britaniya problemlərimizin həllində beynəlxalq təşkilatlarda daha fəal iştirak etsin və Birləşmiş Krallıq hökumətinin vasitəçilik səylərini qəbul etməyə hazırıq.

Sual (\"Pravda\" qəzeti): Cənab prezident, Britaniyanın kütləvi informasiya vasitələrində belə xəbərlər, daha doğrusu, belə gümanlar yayılır ki, guya Azərbaycai rəhbərliyi neft sazişinin tam hazırlanması və imzalanması problemini Qərb birliyinin və o cümlədən Böyük Britaniyanın Qarabağ probleminin aradan qaldırılmasına daha yaxından cəlb edilməsi məsələsi ilə bağlayır. Zəhmət olmasa, deyin, bu iki məsələ arasında həqiqətən birbaşa əlaqə varmı? Eyni zamanda deyə bilərsinizmi, Xəzəryanı ölkə kimi, Rusiyanın Xəzər dənizindəki təbii ehtiyatların işlənib hazırlanmasında potensial imkanları necədir?

Cavab: Belə birbaşa qarşılıqlı asılılıq yoxdur. Bununla yanaşı, biz belə böyük sazişə gedərkən - axı bu, çox uzun müddətə bağlanan sazişdir - ondan, şübhəsiz, Azərbaycana məxsus neft yataqlarının işlənməsində bizimlə onilliklər ərzində əməkdaşlıq edəcək ölkələrin Azərbaycana həm də siyasi dəstək olmaları üçün istifadə etmək istəyirik. Ona görə yox ki, bu ölkələr respublika üçün nə isə xüsusi bir iş görsünlər, sadəcə olaraq ona görə ki, həmin ölkələr Azərbaycan xalqını və Azərbaycan Respublikasını narahat edən problemin ədalətli həllinə kömək göstərsinlər.

Mətbuat konfransında iştirakınıza görə sağ olun, Azərbaycana gəlin!