Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İKT-nin yeddinci zirvə görüşündən vətənə qayıdarkən İstanbulun Atatürk hava limanında Türkiyə və Azərbaycan jurnalistlərinə müsahibəsi- 16 dekabr 1994-cü il

Sual: Cənab Prezident, müstəqil Azərbaycan dövləti İslam Konfransı Təşkilatının Zirvə toplantısında ilk dəfə olaraq dövlət başçısı, Prezident səviyyəsində təmsil edildi. Kasablanka toplantısının yekunları və onun Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

H.Əliyev: Əvvəla, mən İKT-nin Kasablankada keçirilmiş yeddinci Zirvə toplantısının ümumi əhəmiyyətindən danışmaq istəyirəm. Hesab edirəm ki, bu, beynəlxalq aləmdə böyük bir hadisədir. Bu, islam dünyasına mənsub olan 52 ölkənin dövlət başçılarının yeddinci Zirvə toplantısı idi. Eyni zamanda, indiki Zirvə toplantısı bu təşkilatın yaranmasının 25-ci ildönümünü qeyd edirdi. İKT 25 il bundan öncə yaranmışdır. Əlbəttə, yarandığı vaxt onun üzvləri indikindən xeyli az olub. Hətta keçən Zirvə toplantısı ilə indiki toplantı arasındakı dövrdə İKT-yə yeddi dövlət daxil olub və onların ümumi sayı 52-yə çatıb. Onlar bir milyarddan çox adam yaşayan ölkələri - 52 dövləti təmsil edirlər. Bu 25 il müddətində İKT yaşamağa, beynəlxalq aləmdə özünəməxsus rol oynamağa qadir olduğunu sübut edib. Mən hesab edirəm ki, bu yeddinci toplantı təşkilatın 25 illik fəaliyyətinə yekun vurmaqla bərabər, həm də onun zirvəsidir. Odur ki, bu Zirvə toplantısı dünya siyasətinə, beynəlxalq həyata, şübhəsiz, öz təsirini göstərəcəkdir.

Ötən üç ildə Azərbaycan İKT ilə müəyyən əməkdaşlıq etsə də, bu, çox da səmərəli olmayıb. Ona görə də yeddinci Zirvə toplantısında Azərbaycanın dövlət başçısı səviyyəsində iştirak etməsi, şübhəsiz, Azərbaycan Respublikasının beynəlxalq aləmdəki vəziyyəti və xarici siyasəti ilə əlaqədar böyük hadisədir. Mən bunu belə qiymətləndirirəm. Bu Zirvə toplantısında iştirakı özüm üçün zəruri hesab edirəm.

Şübhə yoxdur ki, başqa beynəlxalq təşkilatların toplantıları kimi, bu Zirvə toplantısı da müəyyən hazırlıq dövrü keçmişdir. Hazırlıq dövründə biz çalışdıq ki, bu yeddinci Zirvə toplantısında Azərbaycan üçün müəyyən nailiyyətlər əldə edək. Biz buna nail ola bildik. Niyyətlərimiz də ondan ibarət idi ki, birinci növbədə Azərbaycanın bir müstəqil dövlət kimi indiki vəziyyətini islam ölkələrinə, İKT-nin üzvlərinə çatdıraq, onları bundan hali edək, eyni zamanda, bu toplantının imkanlarından istifadə edərək, Azərbaycanın vəziyyəti ilə əlaqədar müəyyən qərarlar qəbul edilməsinə nail olaq.

Şübhəsiz ki, bizim üçün beynəlxalq aləmdə ən mühüm məsələ Azərbaycana Ermənistan tərəfindən təcavüz edilməsi məsələsi idi, ötən altı ildən çox müddətdə bu təcavüzün Azərbaycan Respublikasına, Azərbaycan xalqına nə qədər böyük zərər vurduğunu, ölkəmizin nə qədər itkilər verdiyini, onun başına nə kimi bəlalar gəldiyini, Azərbaycan sakinlərinin necə böyük çətinliklərlə qarşılaşdığını dünyaya bildirmək idi. Ona görə də məqsədimiz bu idi ki, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar bir qətnamə qəbul edilsin, Azərbaycan belə ağır vəziyyətdə olduğuna görə İKT və ona daxil olan dövlətlər ölkəmizə yardım göstərilməsi məsələsinə də baxsınlar.

Hazırlıq zamanı bu qətnamələrin başa gəlməsi asan olmamışdır. Maneçilik törədən amillər də, hətta maneçilik göstərən dövlət də olmuşdur. Bildiyiniz kimi, belə beynəlxalq toplantılarda qərar konsensus əsasında qəbul edilir. Konsensus olmadıqda, yəni dövlətlərdən birinin razılığı olmasa, qərar qəbul edilməyə bilər. Belə bir dövlət vardı və o, Ermənistanın Azərbaycana qarşı təcavüzkar olması fikri ilə razılaşmırdı. Ona görə də biz hazırlıq vaxtı xeyli iş apardıq. Biz Kasablankaya gəldikdə, bu qərarın müəyyən qədər təhlükə altında olduğunu gördükdə fəaliyyətimizi daha da artırdıq. Xarici işlər nazirlərinin görüşündə bu məsələ müzakirə edildi və həmin maneələrin aradan qaldırılmasına nail ola bildik.

Bilirsiniz ki, Zirvə toplantısı ayın 13-də axşam saat 7-də başlandı. Odur ki, bütün gün ərzində dövlət başçıları ilə görüşməyi qərara aldıq. Mən bir çox dövlət başçıları ilə görüşdüm. Biz həmin məsələni bu görüşlərdə də qaldırdıq. Mən dövlət başçılarına bildirdim ki, belə bir qətnamə var və onun qəbul edilməsinə manelər ola bilər. Onların qarşısını almaq lazımdır. Biz bu işləri də gördük.

Nəhayət, toplantı öz işinə başladıqda, bizdə belə bir inam yarandı ki, qətnaməmiz qəbul ediləcəkdir. Amma toplantı qurtaranadək yenə də intizarda idik. Şükürlər olsun ki, gördüyümüz işlər hədər getmədi, öz nəticələrini verdi və İKT-nin yeddinci Zirvə toplantısı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar çox ciddi, müfəssəl bir qətnamə qəbul etdi. Bu qətnamədə Ermənistanın təcavüzü hərtərəfli əks etdirilib və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması, qaçqınların öz ev-eşiklərinə qayıtması məsələsi qoyulub. Ermənistanla danışıqlarda çətin problemlərdən biri - Şuşa və Laçın rayonlarının azad edilməsi problemi də orada konkret surətdə göstərilib. Ona görə də Budapeştdə yüksək səviyyədə görüşdən qısa bir müddət, 10-15 gün keçdikdən sonra ikinci belə yüksək səviyyəli toplantıda - İKT-nin yeddinci Zirvə toplantısında bu qətnamənin qəbul olunması bizim üçün, şübhəsiz, böyük hadisədir, hesab edirəm ki, tarixi hadisədir və bunun böyük əhəmiyyəti olacaqdır.

İkinci qətnamə - indiki vəziyyətlə, yenə də Ermənistanın təcavüzü ilə, bir milyon nəfərdən artıq qaçqının olması ilə əlaqədar islam dövlətlərinin Azərbaycana yardım göstərməsi haqqında qətnamə də bizim üçün çox əhəmiyyətlidir. Belə düşünürəm ki, bu dövlətlər həmin qətnaməyə əməl edərək, bizə kömək göstərəcəklər. Kimin nə qədər kömək edəcəyini demək çətindir, hər halda bunun mənəvi cəhəti maddi cəhətindən daha üstündür. Deməli, bu dövlətlər Azərbaycanın ağır vəziyyətə düşdüyünü dərk edir və bunu nümayiş etdirir, eyni zamanda, kömək göstərməyə hazır olduqlarını bildirirlər.

Yeddinci Zirvə toplantısının böyük yekun qətnaməsi, qərarı da oldu. Bu qərarda da bir çox məsələlər, yəni müzakirə olunmuş əsas məsələlər öz əksini tapdı. Bununla bərabər, Azərbaycana aid məsələ, Dağlıq Qarabağ, yəni Ermənistanın Azərbaycana təcavüzü məsələsi də yekun sənədində öz əksini tapdı. Ona görə də biz bu toplantıdan gözlədiyimiz sənədlərin qəbul edilməsinə nail olduq. Bu, böyük nailiyyətdir. Mən bundan çox məmnunam.

Bu toplantının bizim üçün əhəmiyyəti bir də ondan ibarətdir ki, 52 ölkənin dövlət başçılarının toplaşdığı böyük bir məclisdə mən öz çıxışımda Azərbaycanın vəziyyətini şərh etdim. Ermənistanın təcavüzündən, İKT-də Azərbaycanın yerindən, ölkəmizin islam dünyasına münasibətindən, islam dövlətləri ilə əlaqələrindən, Ermənistanın təcavüzü ilə bağlı olaraq respublikamızın düşdüyü vəziyyətdən və eyni zamanda, bizim konkret təkliflərimizdən danışdım. Onu da qeyd etmək istəyirəm ki, respublikamız artıq dünya miqyasında tanınmışdır, özünəlayiq yerini tutmaqdadır və Budapeşt görüşündə olduğu kimi, Kasablanka zirvə toplantısında da Azərbaycana lazımi hörmət və ehtiramı daim hiss etdik. Eləcə də bu toplantının birinci hissəsində mənə söz verilməsi və çıxışımın böyük diqqətlə dinlənilməsi, bir çox dövlət başçılarının bu çıxış barədə müsbət rəyi, çıxışımın doğurduğu əks-səda onu göstərir ki, artıq Azərbaycan Respublikası özünə layiq olan yeri tutubdur.

Biz İKT-nin bu toplantısında Azərbaycanı təşkilatın üzvü olan dövlətlərə bir daha tanıtdıq. Etiraf etməliyəm ki, dövlətlərin başçılarının, yaxud nümayəndə heyətləri rəhbərlərinin bəzilərinin çıxışlarında dünyadakı bir çox münaqişələrdən danışılarkən Ermənistanın Azərbaycana təcavüzündən, təəssüflər olsun, söhbət getmirdi. Bu da ondan irəli gəlirdi ki, görünür, indiyədək həmin dövlətlərlə lazımi iş aparılmayıb, o dövlətlərin başçıları vəziyyətin nə qədər dərin olduğunu dərk etməyiblər. Ona görə də bu toplantıda həm gördüyümüz iş, həm mənim çıxışım, həm qətnamələr, həm də dövlət başçıları ilə ikitərəfli görüşlərimiz, toplantının fasilələrində keçirdiyimiz görüşlər və apardığımız söhbətlər Azərbaycanı islam dövlətlərinin, demək olar hamısına tanıtdı.

Hətta deyə bilərəm ki, Hind okeanında, Hindistana yaxın bir ərazidə yerləşən Maldiv dövlətinin nümayəndələri çox təkidlə müraciət etdilər ki, onun Prezidenti bizimlə görüşsün. Mən fasilədə vaxt tapıb onunla görüşüb söhbət etdim. Maldiv adaları kiçik, lakin müstəqil bir dövlətdir. Onun başçısı orada 16 ildir Prezidentlik edir və Azərbaycanın vəziyyətinə çox yaxşı bələddir. Mən çox məmnun oldum ki, o, həm Azərbaycanın tarixi keçmişini, həm bu gününü, həm düşdüyü vəziyyəti, həm də Ermənistanın təcavüzünü bilir, elə məni də keçmiş vaxtlardan tanıdığını qeyd etdi.

Demək istəyirəm ki, belələri də var. Bununla yanaşı, elələri də var ki, onlar məsələdən xəbərdardır, amma vəziyyətin bu qədər kəskin olduğunu dərk edə bilmədiklərinə görə öz çıxışlarında bunu qeyd edə bilmədilər. Lakin Azərbaycanın vəziyyətindən hali olan böyük dövlətlərin başçıları öz çıxışlarında Ermənistanın Azərbaycana təcavüzü haqqında sözləri dedilər və bu təcavüzü pislədilər.

Bu toplantının bizim üçün əhəmiyyəti bir də ondan ibarətdir ki, biz Azərbaycanı bu dövlətlərə daha yaxından tanıtdıq, onlara ölkəmizin vəziyyəti barədə məlumat verdik və onlarla əlaqələr də yaratdıq.

Zirvə toplantısı zamanı mənim bir çox dövlət başçıları ilə ikitərəfli görüşlərim oldu. Yəqin ki, siz bunları müşahidə etdiniz. Bir neçə görüşümüz də toplantının gedişində oldu. Lakin siz içəridə olmadığınıza görə onları əks etdirə bilmədiniz. Onların lent yazıları var və bu lentləri sizə verəcəklər. Bu görüşlərin hamısı çox səmərəli oldu. Məsələn, bizdən çox uzaqda yerləşən Bruney dövlətinin sultanı ilə görüşü, yaxud Malayziyanın baş naziri ilə görüşü qeyd edə bilərəm. Dediyim kimi, onlar bizdən uzaqda yerləşirlər. Bəlkə də bizdə bu ölkələri o qədər də yaxından tanımıprlar. Mən Malayziyanın baş naziri ilə görüşərkən soruşdum ki, o, Azərbaycanı necə tanıyır. Dedi ki, biz Azərbaycanı Qərb mətbuatında dərc edilən bəzi məqalələrdən tanıyırıq. Halbuki Malayziya Asiyada böyük və əhəmiyyətli dövlətlərdən biridir, müsəlman ölkəsidir, biz onunla iqtisadi əlaqələr yaratmalıyıq. Amma görürsünüzmü, orada Azərbaycanı hələ yaxşı tanımırlar.

İndi burada mən bütün görüşlərimi bir-bir sadalayıb, vaxt almaq istəmirəm. Qısaca onu deyə bilərəm ki, görüşlərim lap çox oldu, orada çox gərgin işlədik. Keçirdiyimiz görüşlər həm ikitərəfli əlaqələr yaratdı, həm də o ölkələrdə Azərbaycana maraq oyatdı. Bu görüşlərdə mən bir çox dövlət başçılarını Azərbaycana dəvət etdim. Onlar da məni öz ölkələrinə dəvət etdilər. Şübhəsiz ki, biz gələcəkdə bu dəvətlərdən istifadə edəcəyik və onlarla Azərbaycanın beynəlxalq əlaqələrini bütün sahələrdə genişləndirəcəyik. Ona görə də mən bu fikirdəyəm ki, Kasablanka Zirvə toplantısında Azərbaycanın iştirakı bizim üçün olduqca əhəmiyyətlidir.

Mərakeş kralı əlahəzrət II Həsən Azərbaycana çox böyük maraq göstərir. Toplantı qurtardıqdan sonra mənim onunla görüşüm və söhbətim oldu. O, məni ramazan ayı çıxandan sonra Mərakeşə rəsmi səfərə dəvət etdi. Mən də onu Azərbaycana dəvət etdim. Danışığımızdan bu qənaətə gəldik ki, ölkələrimiz arasında yaxşı əlaqələr qurmağa imkan var və biz onları qurmalıyıq.

Ümumiyyətlə, belə düşünürəm ki, Azərbaycan islam ölkələrinin imkanlarından daha səmərəli istifadə etməlidir. Biz artıq bir çox ölkələrlə əlaqələr yaratmışıq və mən həmin dövlətlərin başçıları ilə Kasablankada təkrarən görüşdüm. Lakin bir sıra dövlətlərlə əlaqələrimiz yoxdur və biz onlarla da əlaqələr quracağıq.

Mən bu səfərimizi çox uğurlu hesab edirəm. İndi vəzifəmiz ondan ibarət olacaq ki, bu qətnamələrdən istifadə edək, Azərbaycanın mövqelərini dünya miqyasında möhkəmləndirək.

Sual: Cənab Prezident, ən qatı opponentləriniz belə sizin şəxsinizdə Azərbaycan Prezidentinin qazandığı uğurları etiraf etmək məcburiyyətindədirlər. Belə bir qanunauyğunluq var və bu da əslində Budapeşt Zirvə toplantısında Azərbaycan Prezidentinin uğurları, yəni ATƏM-in sülhyaratma qüvvələrinin yaradılması barədə qərar qəbul edilməsi, sonra isə İKT-nin yeddinci Zirvə toplantısında təcavüzkarın tanınması ilə əlaqədardır. Təbii ki, Azərbaycana düşmən qüvvələr bununla bağlı müəyyən fəallıq göstərəcəklər. Bundan sonra Azərbaycana qarşı təzyiqlər güclənə bilərmi?

H.Əliyev: Açığını deyim, indi Azərbaycan elə bir vəziyyətdədir ki, onu hər şey gözləyə bilər. Ancaq müşahidəçilər bunu yəqin aşkar görürlər ki, mən Azərbaycana başçılıq etdiyim vaxtdan indiyə qədər Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qorumaq üçün prinsipial siyasət aparmışam və aparıram. Allaha şükürlər olsun ki, indiyə qədər bu siyasət öz müsbət nəticələrini verir və ümidvaram ki, bundan sonra da vərərcəkdir. Amma heç kəs güman etməməlidir ki, gələcəkdə Azərbaycanın beynəlxalq aləmdə vəziyyəti asan olacaqdır. Yox, belə deyildir. Ölkəmizin vəziyyəti, Ermənistanla müharibə, dünyanın bir çox dövlətləri tərəfindən Ermənistanın ciddi dəstəklənməsi - bütün bunlar Azərbaycan üçün çox mürəkkəb şərait yaradır. Üstəlik, Azərbaycan müstəqillik əldə edən vaxtdan bəri çox itiribdir. Təsəvvür edin, üç ildir Azərbaycan müstəqil yaşayır, əgər bu müddət ərzində intensiv işlər görülsəydi, ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha möhkəm olardı, öz müstəqil siyasətini yeritmək üçün o, daha böyük imkanlara malik olardı. Bildiyiniz kimi, bunların hamısı yalnız son vaxtlarda həyata keçirilir. Amma güman edirəm ki, biz gələcəkdə də bu istiqamətdə işləyəcək və nə qədər çətinliklər olsa da, onların qarşısını alacağıq.

Bilirsinizmi, çətinliklər bizi heç vaxt qorxutmamalıdır və biz heç vaxt da düşünməməliyik ki, bu Zirvə toplantılarından sonra çox hamar yolla gedəcəyik. Yox, çətinliklər olacaqdır. Ancaq nailiyyət üçün qətiyyət lazımdır. Nailiyyət üçün sərbəst fikir lazımdır. Nailiyyət üçün müstəqillik lazımdır. Müstəqil siyasət lazımdır. Siz də görürsünüz ki, mən müstəqil siyasət aparıram.

Jurnalist: Sizə bu müstəqil siyasətdə, Azərbaycanın gələcəyi yolunda uğurlar, cansağlığı, Azərbaycanı xoş günlərə çatdırmağınızı arzulayırıq.

H.Əliyev: Sağ olun!

Sual: Kasablanka Zirvə toplantısında sizə bu məclisin bağlanması münasibətilə Asiyanın müsəlman ölkələri adından təbrik nitqi ilə çıxış etmək üçün söz verildi. Bu, Azərbaycan liderinin düzgün siyasi xətt seçdiyinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığına dəlalətdirmi?

H.Əliyev: Bilirsinizmi, bizim düzgün xətt seçdiyimiz heç də təkcə bununla səciyyələnmir. Biz təkcə islam dünyasına arxalanmırıq, bütün dünya birliyinə güvənirik. Götürək Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasında mənim çıxışımı, yaxud ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeştdə dördüncü Zirvə toplantısında bizim iştirakımızı və mənim çıxışımı. İndi isə İslam Konfransı Təşkilatının Kasablanka görüşündə bizim iqtirakımızı və mənim çıxışımı. Deyirsiniz ki, zirvə toplantısının bağlanışı münasibətilə Asiyanın müsəlman ölkələri adından təbrik nitqi söyləmək və yeddinci Zirvə toplantısının müvəffəqiyyətlə başa çatması münasibətilə minnətdarlıq etmək üçün mənə imkan verilmiş, daha doğrusu, böyük ehtiram göstərilmişdir. Bütün bunlar birlikdə götürüldükdə görürük ki, biz düzgün xətt seçmişik. Özü də təkcə İslam Konfransı Təşkilatının fəaliyyətində yox…

Bəli, kompleks şəkildə götürdükdə. Bəli, mən belə hesab edirəm və əminəm ki, Azərbaycan çox məqsədyönlü, düzgün, müstəqil, asılı olmayan, Azərbaycanın milli mənafelərinə cavab verən xarici siyasət yeridir.

Sual: Kasablankada Asiya dövlətləri adından Azərbaycan Prezidentinin danışması irəlicədən məlum idi, yoxsa, görüşün gedişində məlum oldu?

H.Əliyev: Xeyr, irəlicədən məlum deyildi. Toplantının gedişi vaxtı dedilər, belə bir fikir var ki, üç regiondan çıxış olsun: ərəb ölkələri adından Yasir Ərəfat, Afrika ölkələri adından Burkino - Fasonun Prezidenti, Asiya ölkələri adından isə Azərbaycan Prezidenti çıxış etsin. Bu məsələ katiblikdə müzakirə olunmuşdur və belə fikrə gəlmişdilər. Yəqin ki, belə bir fikrin olması da Azərbaycana göstərilən diqqət və münasibətin nəticəsidir.

Sual: Qəbul olunmuş qətnamədə onun həyata keçirilməsi üçün mexanizm nəzərdə tutulurmu?

H.Əliyev: Şübhəsiz ki, onun nəzarət mexanizmi də var. Biz bundan sonra işləməliyik və bu qətnamənin həyata keçirilməsi üçün lazımi tədbirlər görməliyik.

Sual: Müsaidənizlə, daha bir sual. Məlum bir həqiqətdir ki, islam dövlətləri böyük məclislərə toplaşanda, orada qərarlar qəbul ediləndə onlar çox vaxt yekdil olurlar. Amma onların bəziləri, - mən ad çəkməyəcəyəm, - həmin xətti axıradək yürütmürlər. İndi burada ikitərəfli əlaqələrin, yeni tanışlıqların, yeni münasibətlərin yaranması bu xoşagəlməz halın aradan qaldırılmasına təsir göstərəcəkmi?

H.Əliyev: Buna şübhə ola bilməz. Mən hesab edirəm ki, İslam Konfransı Təşkilatına daxil olan dövlətlərin tam əksəriyyəti Azərbaycanın bu ağır vəziyyətini başa düşür və ona kömək göstərmək əzmindədir. Şübhəsiz ki, indi bu Zirvə toplantısında iştirak etməyimiz mənim bir çox ikitərəfli görüşlərim olduqca əhəmiyyətlidir. Görüşdüyüm adamların bir çoxu ilə keçmişdən tanışam, çoxları ilə bir vaxtlar görüşlərim olub. Məsələn, Yasir Ərəfatla bir qardaş kimi görüşdük. O, məni görəndə sevindiyindən bilmədi ki, nə etsin. Çünki mən onu vaxtilə, daha doğrusu, 70-ci illərin sonunda Bakıda bir neçə dəfə qəbul etmişəm, ondan sonra Moskvada da qəbul etmişəm. Görən kimi dedi: \"Mən çox sevinirəm ki, siz yenidən hakimiyyətə gəlmisiniz\". Mənim Yəmən Prezidenti ilə çox görüşlərim olmuşdu - Yəməndə də, Moskvada da. Yaxud başqaları ilə görüşəndə deyirdilər ki, biz sizin haqqınızda çox oxumuşuq, çox eşitmişik. Bunlar əvvəllər görümədiyim adamlar idi.

Əlbəttə, bütün bunlar əhəmiyyətlidir. Çünki islam dünyası mənim şəxsiyyətimlə vaxtilə, şübhəsiz, çox maraqlanıb. Xüsusən mən Sovetlər İttifaqının rəhbərlərindən biri olduğum dövrdə hər bir müsəlman maraqlanırdı ki, indi Sovetlər dövlətinin rəhbərliyində bir müsəlman da var. Ona görə də onların mənim haqqımda qiyabi məlumatları tanış olmadığım adamların məlumatlarından çox idi. Məsələn, Suriyanın vitse-prezidenti Xəddamla biz qardaş kimi görüşdük. Çünki mən onunla bir neçə dəfə görüşmüşdüm. O, bizim yenidən görüşməyimizə çox sevindi. Mən onun vasitəsilə Prezident Hafiz Əsədə salam göndərdim.

Şübhəsiz ki, bunlar Azərbaycan üçün çox əhəmiyyətlidir.

Sual: İslam Konfransı Təşkilatının bu qətnaməsi, dünyanın bu qədər dövlətinin Azərbaycana dəstək verməsi ATƏM-in qərarının daha səmərəli şəkildə həyata keçirilməsinə əlavə bir təsir ola bilərmi?

H.Əliyev: Şübhəsiz, çünki ATƏM özünün 20 illik tarixi və altı il gedən Ermənistan-Azərbaycan müharibəsi ərzində ilk dəfə belə bir qərar qəbul etdi. Çoxları belə hesab edirdi ki, ATƏM heç vaxt belə qərar qəbul etməyəcəkdir. Lakin o, belə bir qərarı qəbul etdi. Budapeştdə 52 dövlət təmsil olunmuşdu. Burada, Kasablankada da 52 dövlət təmsil edilmişdi. Biz bu bir ay ərzində 104 dövlətlə təmasda olduq. Orada da, burada da Azərbaycan üçün çox əhəmiyyətli qətnamələr qəbul edildi. Mən hesab edirəm ki, bunlar 1994-cü ilin sonu üçün çox yaxşı töhfədir.

Sual: Ermənistanın təcavüzkar kimi tanınması barədə böyük bir addım atıldı və qətnamə qəbul olundu. Orada belə bir maddə var ki, BMT qarşısında məsələ qaldırılsın. Ümid varmı ki, ümumiyyətlə, BMT miqyasında Ermənistan təcavüzkar kimi tanınsın?

H.Əliyev: Bilirsinizmi, biz həmişə ümidlə yaşamalıyıq. Ümidlə yaşamasaq bir şeyə nail ola bilmərik. Həmişə ümidlə yaşamalıyıq. Əgər bir məqsəd varsa, demək, onu həyata keçirmək də mümkündür. Bir addım ata bildiksə, irəliyə getdiksə, ikinci addımı da ata bilərik.

Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında, II hissə, Bakı, 2002, səh.382-388.