Əziz Tereza xanım!
Əziz Yeganə xanım!
Azərbaycanın vəfalı, sadiq oğlu Zahid Xan Xoyskinin vəfatı haqqında kədərli xəbər bütün Azərbaycan xalqını sarsıtdı. Bu, hamımız, habelə dünyada yaşayan bütün azərbaycanlılar üçün ağır bir itkidir. Vətəndən uzaqda olduğuna baxmayaraq, Zahid Xan ömrü boyu öz millətinə, öz xalqına sədaqətlə xidmət edib və onun adını daim ucaldıb.
Azərbaycanın qarşısında böyük xidmətləri olan Xoyski ailəsinin üzvü Zahid xan öz məşhur əmisi, birinci müstəqil Azərbaycan Demokratik Respublikasının görkəmli xadimi Fətəli Xan Xoyskının layiqli davamçısı kimi bütün azərbaycanlıların xatirəsində daim qalacaqdır.
Bu ağır gündə Azərbaycan xalqı, Azərbaycan Respublikasının hökuməti adından və şəxsən öz adımdan sizə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti