Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransa işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür - 21 dekabr 1993-cü il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Parisə səfərinin üçüncü günü - dekabrın 21-i Fransa sahibkarlarının milli mərkəzində keçirilən görüşlə başlandı. Mərkəzin Prezidenti işgüzar dairələrin nümayəndələrinin dəvətini qəbul edib görüşə gəldiyinə görə ali qonağa təşəkkürünü bildirdi. O, Azərbaycan Prezidentinin Parisə səfərinin işgüzar dairələrdə böyük maraq doğurduğunu, iqtisadi əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacağını vurğuladı və qeyd etdi ki, Fransa sahibkarları zəngin təbii sərvətləri olan Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əməkdaşlığa xüsusi həvəs göstərirlər.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti Fransa ilə əlaqələrin respublikamız üçün böyük siyasi-iqtisadi əhəmiyyətindən danışaraq bildirdi ki, Yelisey sarayında Fransa Prezidenti Fransua Mitteranla onun imzaladıqları dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə münasibətlərin möhkəm təməlini qoymuşdur.

Heydər Əliyev daha sonra hazırda Azərbaycanın qarşılaşdığı problemlərdən, Ermənistanın respublikamıza hərbi təcavüzünün genişlənməsindən, ərazimizin bir qisminin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasından, bir milyondan artıq azərbaycanlının öz doğma Vətənində qaçqına çevrilməsindən və hazırda çətin şəraitdə yaşamasından ətraflı danışdı.

Prezident respublikanın iqtisadi vəziyyətindən geniş bəhs edərək bildirdi ki, Azərbaycanın indi keçirdiyi iqtisadi böhranın bir sıra obyektiv və subyektiv səbəbləri var. Azərbaycan zəngin iqtisadi və intellektual potensiala malik olan ölkədir. Lakin bazar iqtisadiyyatı təcrübəsi zəif olduğuna görə bu potensialdan hələ lazımınca istifadə edilmir. Azərbaycan Prezidenti respublikada keçirilən iqtisadi islahatlardan söhbət açaraq bildirdi ki, respublikamız bazar iqtisadiyyatı yolunu əsas götürmüşdür və bu istiqamət qətidir. O, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə xarici investisiyalar qoyulmasının iqtisadi islahatların uğurla həyata keçirilməsində vacib şərtlərdən biri olduğunu qeyd etdi və dedi ki, bunun üçün Azərbaycan dövləti təminatçı olacaqdır. Prezident bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişafına, onun dünya iqtisadi sisteminə qoşulmasına kömək etmək və eyni zamanda gördüyü işdən gəlir götürmək istəyən hər hansı ölkənin, o cümlədən Fransanın iş adamlarının üzünə Azərbaycanın qapıları həmişə açıqdır.

Görüşün sonunda Fransa işgüzar dairələrinin nümayəndələri Azərbaycan Prezidentinə çoxlu sual verdilər. Bu suallardan aydın oldu ki, Fransa sahibkarları Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər.

AzərTAc

Azərbaycan - 1993, Bakı - 2000, səh.383-383