Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransada akkreditə olunmuş xarici jurnalistlərin suallarına cavabı Paris, \"Bukets\" kafesi - 15 yanvar 1997-ci il

Sual: Cənab Prezident, Parisə səfərinizin ilk günlərindən və Prezident Jak Şirak ilə görüşünüzdən sonra Sizdə bu cür təsəvvür yarandımı ki, Fransa indən belə Azərbaycana daha geniş miqyasda gələcəkdir? Sizcə, Minsk konfransına aid məsələlərdə Fransanın dəstəyinə ümid bəsləyə bilərsinizmi?

Cavab: Hörmətli xanımlar və cənablar, öncə sizi salamlayıram. Sizin aranızda olmağımdan şadam. Mən jurnalistlərlə görüşlərə həmişə böyük əhəmiyyət vermiəm və verirəm, çünki onlar informasiya, təbliğat, hadisələrin izahı üçün çox iş görürlər. İstərdim ki, jurnalistlər öz missiyalarını həmişə obyektiv surətdə yerinə yetirsinlər. Mən sizin obyektivliyinizə və ədalətli olacağınıza ümid bəsləyirəm. Bu gün mənim Fransaya rəsmi səfərimin üçüncü günüdür. Bir neçə saatdan sonra Parisi tərk edir, vətənimə qayıdıram. Deyə bilərəm ki, Parisə gəlmək imkanının yaranması məni olduqca sevindirir. Səfərimin necə keçməsindən, görüşlərdən, habelə Fransada, Parisdə olmağımdan razıyam. Mən buradan dərin məmnunluq hissi ilə gedirəm. Görüşlərim və söhbətlərim çox olubdur. Lakin bunlarda əsas yeri Fransa Prezidenti cənab Jak Şirak ilə olan görüş, danışıqlar və söhbətlər tutur. Biz onunla ilk növbədə ikitərəfli münasibətlərimizə aid olan çoxlu məsələlər müzakirə etdik. Yekdil fikrimiz belədir ki, bu münasibətlər daha uğurla inkişaf etməlidir, habelə Fransa Azərbaycana daha çox diqqət göstərəcək və ölkəmizə daha geniş miqyasda gəlməsi üçün tədbirlər görəcəkdir. Azərbaycan həmişə çalışmışdır ki, böyük siyasi sanbalı olan, Avropa və dünya siyasətində böyük rol oynayan Fransa kimi iri ölkə ilə mehriban, dostcasına, yaxşı münasibətlər saxlasın. Biz belə bir rəyə gəldik ki, iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün böyük imkanlar var. Srağagün Fransa və Azərbaycan prezidentlərinin iştirakı ilə Yelisey sarayında Azərbaycan milli neft şirkəti və Fransanın \"Elf Akiten\", Total\" şirkətləri arasında iri neft müqaviləsinin imzalanması da bunu təsdiq etdi. Müqavilə 25 il üçün imzalanmışdır və Azərbaycanın iki iri neft yatağının işlənməsi və mənimsənilməsini nəzərdə tutur. Yəqin bilirsiniz ki, keçən ilin iyununda Bakıda Xəzərin Azərbaycan sektorundakı \"Şahdəniz\" yatağının birgə işlənməsinə dair bəzi fövqəlmilli şirkətlərin, o cümlədən \"Elf Akiten\"in daxil olduğu konsorsium ilə böyük neft müqaviləsi imzalanıbdır. Gördüyünüz kimi, Fransa iqtisadiyyatı Azərbaycana daxil olur. Biz buna sevinirik və Fransanın digər şirkətlərinin də ölkəmizdə əməkdaşlıq etmək imkanı almaları üçün hər şeyi edəcəyik. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə layihə var, onların barəsində Prezident Jak Şirak da, mən də danışmışıq və həmin layihələrin reallaşdırılması üçün tədbirlər görəcəyik. İndi isə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransanın Azərbaycanı dəstəkləməsi məsələsi barədə. Bilirsiniz ki, münaqişənin səkkiz illik tarixi var və o, Dağlıq Qarabağı qoparmaq və Ermənistana birləşdirmək məqsədi ilə Ermənistan Respublikasının Azərbaycana qarşı etdiyi hərbi təcavüz nəticəsində başlanmışdır. Bu münaqişə böyük fəlakətlərə, qurbanlara, qan tökülməsinə və son nəticədə Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına gətirib çıxarmışdır. Həmin ərazilərdən bir milyondan çox azərbaycanlı zorla qovulub çıxarılmışdır və onlar ağır şəraitdə çadır şəhərciklərində yaşayırlar. Biz 1994-cü ildə atəşkəsə nail olmuşuq, hərbi əməliyyatları dayandırmışıq və iki il səkkiz aydır ki, müharibə getmir, döyüş əməliyyatları yoxdur, qan tökülmür. Lakin sülh də yoxdur. Qeyd etdiyim kimi, Azərbaycan ərazisinin bir hissəsi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, bu torpaqlarda hər şey talan edilib, dağıdılıbdır. Azərbaycana çox böyük maddi və mənəvi zərər vurulub, ən başlıcası isə çoxlu insan həlak olubdur. Bütün bunlara baxmayaraq, biz Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, qaçqınların öz yaşayış yerlərinə qaytarılması və bu halda Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək status verilməsi şərtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Ermənistanla sülh bağlanması mövqeyində dayanırıq. Bu münaqişənin həllinin əsas prinsipləri keçən il dekabrın əvvəlində ATƏT-in Lissabon sammitində ATƏT sədrinin bəyanatında, ATƏT-in sənədində öz ifadəsini tapmışdır. Həmin prinsiplər üç bənddən ibarətdir:

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcədə özünüidarə verilməsi. Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik təminatı. Biz bu prinsipləri qəbul etmişik və hesab edirik ki, bunlar qəti qərar üçün, yəni Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün əsas ola bilər. Lakin Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi, Lissabon sammitində pozucu mövqe nümayiş etdirdi və həmin prinsipləri dəstəkləyən ATƏT-in bütün üzvlərinin əslində əleyhinə çıxan yeganə dövlət oldu. Məsələnin dinc yolla həllinə mane olan da Ermənistanın belə mövqeyidir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə 1992-ci ildə ATƏT-də yaradılmış Minsk qrupu, Minsk konfransı məşğul olur. Minsk konfransı mövcud olduğu dörd ildə çox iş görüb, lakin əsas məqsədə nail ola bilməyibdir. İndi biz ümid edirik ki, Lissabon sammitindən sonra Minsk qrupu sammitin sənədlərində ifadəsini tapmış prinsiplər əsasında bu məsələ ilə daha fəal məşğul olacaqdır. Fransa Minsk qrupunun üzvüdür və biz ümid edirik ki, bu baxımdan o, həmin problemlə daha fəal məşğul olacaqdır. Onu da qeyd edim ki, təəssüflər olsun, biz indiyədək Minsk qrupunun işində Fransanın böyük fəallıq göstərməsini hiss etməmişik. Prezident cənab Jak Şirak, xarici işlər naziri cənab Erve de Şarett ilə apardığımız danıĢıqlar, söhbətlər hesab etməyə əsas verir ki, Fransa öz fəaliyyətini genişləndirəcək və biz Minsk qrupunun üzvü kimi Fransa ilə əməkdaşlıq edəcəyik. Zənnimcə, sizin sualınıza cavab verdim.

Sual: Sizin diplomatcasına dediklərinizdən görünür ki, Minsk qrupunun həmsədri kimi Fransadan hər halda çox şey gözləmirsiniz?

Cavab: Fransa Minsk qrupunun həmsədri deyil. Ancaq bu məsələ sizi maraqlandırırsa deyə bilərəm ki, yarandığı vaxtdan etibarən Minsk qrupunun sədri bir ölkə – İtaliya, şəxsən isə bu ölkənin xarici işlər nazirinin müavini Rafaelli idi. Sonra Minsk qrupunun sədrliyi İsveçə həvalə edildi və bu işlə tanınmış diplomat cənab Yan Eliasson məşğul oldu. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində Rusiya və ABŞ öz aralarında belə razılığa gəldilər ki, Minsk qrupunda bir yox, iki sədr olacaq və Rusiya və Finlandiya həmsədrlər olacaqlar. Finlandiya həmsədrlik vəzifəsindən çıxır, onda  Minsk qrupunun həmsədri kimi Almaniyanın namizədliyi irəli sürüldü və biz buna razılıq verdik. Lakin məlum oldu ki, Rusiya və Ermənistan Almaniyanın namizədliyinin əleyhinədirlər. Onda Amerika Birləşmiş Ştatları bizə müraciət edərək Minsk qrupunda həmsədr olmaq istədiyini bildirdi. Həmsədr olmadan da ABŞ-nı Minsk qrupunun üzvü kimi bu məsələ ilə yaxından məşğul olduğunu nəzərə alaraq, biz buna razılıq verdik və konkret surətdə cənab Stroüb Telbottun namizədliyini müdafiə etdik. Bu yaxınlarda Fransanın namizədliyi məsələsi qalxıb. Biz onun bu prosesdə daha fəal iştirak etmək arzusuna böyük hörmətlə yanaşırıq, ancaq biz öz rəyimizi bildirmiş və Amerika Birləşmiş Ştatlarının namizədliyini dəstəkləmişik. Hesab edirəm ki, öz mövqeyimizi dəyişməyə əsasımız yoxdur. Ona görə də biz çox şadıq və fəal əməkdaşlıq edəcəyik ki, Fransa Minsk qrupunun üzvü kimi açığını desək, indiyə qədər olduğu kimi yox, geniş fəaliyyət göstərsin.

Sual: Cənab Prezident, bu, sırf formal xarakter daşıyan həmsədrlik məsələsindən əlavə, onu göstərirmi ki, Siz Ermənistanla başlanmış bilavasitə, birbaşa danışıqları Minsk qrupu çərçivəsində, ATƏT-in və ya hər hansı digər beynəlxalq təşkilatın rəhbərliyi altında aparılan beynəlxalq danışıqlardan daha üstün tutardınız?

Cavab: Bizim qəti mövqeyimiz belədir ki, həm bu, həm də digər kanaldan istifadə etmək lazımdır. Yəni Minsk qrupu çox lazımdır, çünki ona 11 dövlət daxildir və fəal olacağı təqdirdə bu qrup vasitəsilə çox iş görmək mümkündür. Ancaq eyni zamanda biz Ermənistan Respublikası Prezidentinin  və Azərbaycan Prezidentinin

nümayəndələri tərəfindən aparılan birbaşa danışıqlara da böyük əhəmiyyət veririk. Bu, elə mürəkkəb və çətin məsələdir ki, hansı başqa, üçüncü kanal da olarsa, mən ondan da imtina etməyəcəyəm.

Sual: Cənab Prezident, Sizin səfərinizin ilk günü Fransanın \"Fiqaro\" qəzetində dərc olunmuş müsahibənizdə belə bir fikir söyləmisiniz ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya Ermənistana daha çox rəğbət bəsləyir, ümumiyyətlə Rusiyanın vasitəçilik səylərini, o cümlədən Minsk qrupu çərçivəsindəki səylərini necə qiymətləndirirsiniz? İcazənizlə, ikinci, Xəzər nefti ilə bağlı sualımı da verərdim: dünən həmin neftin Çeçenistan ərazisi ilə nəqlinin mümkün olan variantlarından biri barədə xəbər verilmşdir. Xəzər neftinin Türkiyə vasitəsilə, Rusiya limanları ilə nəql olunması haqqında suala necə cavab verərdiniz?

Cavab:  Biz Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Rusiyanın roluna böyük əhəmiyyət veririk. Ancaq təəssüf ki, Rusiya bu sahədə özünün bütün imkanlarından istifadə etmir. Onun Ermənistanda da, Azərbaycanda da böyük təsiri var və Minsk qrupunun iştirakı olmadan bu məsələni təkbaşına

həll edə bilər. Lakin Rusiyadakı hansısa qüvvələr bu problemi həll etməyə imkan vermirlər. Son vaxtlar Rusiya bu məsələ ilə daha fəal məşğul olur. Bir il bundan öncə, 1996-cı ilin yanvarında Rusiyanın xarici işlər naziri Yevgeni Primakov ilə, – o, bu vəzifəyə yenicə təyin edilmişdi, – uzun çəkən görüşüm, habelə Rusiya Prezidenti cənab Yeltsin ilə geniş söhbətim olmuşdur. Mən hiss etdim ki, Rusiya bu məsələdə dönüş edib və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə daha fəal məşğul olmaq niyyətindədir. Bu, Prezident Boris Yeltsinin və xarici işlər naziri Yevgeni Primakovun mətbuat üçün verdikləri bəyanatlarda da öz ifadəsini tapmışdır. Lakin hələlik bu məsələdə irəliləyiş yoxdur. Başa düşürsünüz, bu məsələnin həllinə Ermənistanın pozucu mövqeyi mane olur. Ermənistan bütün beynəlxalq hüquq prinsiplərinin əleyhinə çıxır və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Halbuki bu, beynəlxalq hüququn ən adi prinsiplərinə ziddir. Ermənistan çalışır ki, Dağlıq Qarabağ dövlət müstəqilliyi alsın. Biz buna heç vaxt razı olmayacağıq, Dünya Birliyi də bununla razılaşmayacaqdır. Dünya Birliyi də onunla razılaşmayacaq ki, Fransanın tərkibində olan Korsika, yaxud deyək ki, Rusiyanın tərkibindəki Çeçenistan dövlət müstəqilliyi alsın. Mən Rusiyaya dair belə misalları çox çəkə bilərəm. Rusiyada 20-dək milli qurum, federasiya subyektivləri var, əgər Çeçenistana dövlət müstəqilliyi almaq imkanı verilsə, onlar da dövlət müstəqilliyi əldə etmək üçün növbəyə dayanacaqlar. Ona görə Dünya Birliyinin mənafeyi, öz dövlətinin müdafiəsi naminə Rusiya Ermənistana daha çox təsir göstərə bilər ki, o, ağıllı yol tutsun. Ermənistanda Rusiyanın böyük qoşun kontingentinin, Rusiya hərbi bazalarının olmasını, Rusiyanın Ermənistana böyük maliyyə-iqtisadi kömək göstərməsini də nəzərə alsaq, yəqin ki, bu münaqişənin həlli üçün Rusiyanın çox iş görə biləcəyini başa düşmək çətin olmaz. \"Fiqaro\" qəzetinə müsahibə verərkən mən bunu nəzərdə tutmuşam. O ki qaldı neftə, biz fövqəlmilli şirkətlərlə beşinci müqavilə imzalamışıq. Düz bir il öncə, 1996-cı ilin yanvarında Moskvada Rusiyanın baş naziri Viktor Çernomırdin və Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan neftinin şimal marşrutu ilə Rusiya ərazisindən keçməklə Qara dəniz sahilindəki Novorossiysk limanına ixracı üçün neft kəməri haqqında Rusiya ilə Azərbaycan arasında saziş imzalamışlar. Bu neft kəməri hazırdır və tezliklə onun istismarına başlayacağıq. Ancaq kəmər həm də Çeçenistan ərazisindən keçir. Hesab edirəm ki, neft kəmərinin təhlükəsizliyinin təmin olunmasının qayğısına Rusiya qalmalıdır. Biz sazişi bir il əvvəl, Çeçenistanda qızğın döyüşlər gedərkən imzalamışıq. Güman edirəm, belə bir sazişi imzalayarkən Rusiya rəhbərliyi nəzərə almışdır ki, bütün bu məsələləri həll edəcəkdir. Lakin biz ikinci  – Qərb istiqamətində Gürcüstan vasitəsilə Qara dəniz sahilindəki Supsa limanına çıxan neft kəmərini də çəkirik. Biz hər iki kəmərdən istifadə etmək niyyətindəyik. Doğrudur, ikinci neft kəməri 1998-ci ilin sonunda hazır olacaqdır. Məncə, bu məlumat kifayətdir.

Sual: Cənab Prezident, bu heyətlə biz əvvəllər Sovet Ittifaqının tərkibinə daxil olmuş ölkələrin bir çox siyasi xadimləri ilə görüşmüşük. Çox xoşdur ki, rus dilində danışmaq zəruriliyi Sizi həyəcanlandırmır. Çünki keçmiş Sovet Ittifaqının bir sıra dövlətlərinin bəzi siyasi xadimləri rus dilini nədənsə çox tez unudublar. Sualım belədir: Azərbaycanda rus mədəniyyətinə, rus dilinə Azərbaycanın münasibəti, şəxsən Sizin münasibətiniz, bu baxımdan Sizin siyasətiniz necədir?

Cavab:  Qeyri-adi sualdır. Buna baxmayaraq, ona tam açıqlığı ilə, səmimi cavab verəcəyəm. Rus dili böyük bir xalqın dilidir. Rus dili dünyada yayılmış dillərdən biridir, keçmişdə rus imperiyasına, sonralar isə Sovet İttifaqına daxil olmuş bir çox xalqların təhsilinin, mədəniyyətinin, elm və texnikasının inkişafında böyük rol oynamışdır. Şəxsən mən rus dilinə dərin hörmət bəsləyirəm. Onun köməyi ilə mən nəinki rus mədəniyyəti, həm də, dünyanın bütün digər xalqlarının  mədəniyyəti barədə çox şey öyrəndim. Azərbaycan əhalisinin əksəriyyəti də rus dilinə bu cür hörmət bəsləyir. Buna görə də mən mümkün olan yerdə bu dildən istifadə edirəm. Heyf ki, fransız dilini bilmirəm, yoxsa sizinlə bu dildə danışardım. Eybi yoxdur, fransız dilini də öyrənərəm və gələn dəfə fransızca danışaram. Əvvəllər buna sadəcə olaraq ehtiyac yox idi. Sovet İttifaqı bizi sıxışdırır və başqa dilləri yaxşı öyrənməyə imkan vermirdi. Rus mədəniyyəti Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafına olduqca böyük təsir göstərmişdir. Ona görə də bizdə rus dilinə hörmət var. Mən öz Azərbaycan dilimi çox sevirəm və rus dili kimi, ana dilimi də yaxşı bilirəm. Lakin burada Azərbaycan dilində danışmağa ehtiyac yoxdur, bunun üçün rus dilindən istifadə edirəm, bir də ona görə ki, burada oturanların yarısı rus dilini bilir. Mən sizə hörmət edirəm və buradakılara hörmət əlaməti olaraq rusca danışıram. Siz cavabımdan razı qaldınızmı?

Sual: Lap artıqlaması ilə razı qaldım, cənab Prezident. Lakin birinci sualın davamı kimi daha bir kiçik sual vermək istərdim: Rusiya ilə qarşılıqlı münasibətlərdə daha nə kimi problemlər var?

Cavab:  Azərbaycan gənc müstəqil bir dövlətdir, təxminən 200 il Rusiyanın tərkibində olmuşdur  – əvvəlcə çar imperiyasının, sonra da Sovet İttifaqının. Bu da Rusiya idi və təbii ki, biz ayrıldıqdan sonra qarşımıza olduqca çox problem çıxdı, indi onları tədricən həll etmək lazımdır. Amma bunlar o qədər də böyük problemlər deyil. Ən böyük və ağır problem Ermənistan-Azərbaycan münaqişəsidir. Yeri gəlmişkən, mən rusiyalılara həmişə demişəm və deyirəm: bu münaqişənin uğurla aradan qaldırılması həm də Rusiyanın cənub hüdudlarında təhlükəsizlik üçün təminatdır. Qafqazda sülh və əmin-amanlıq Qafqazın başqa ölkələri kimi, Rusiya üçün də böyük əhəmiyyətə malikdir.

Sual: Yəqin əlavə etmək olar, Rusiya bundan o qədər də razı deyil ki, Azərbaycan NATO-ya yaxınlaşmaq istəyir və MDB-nin kollektiv təhlükəsizliyi haqqında müqavilənin üzvü olmaq istəmir?

Cavab: Amma Rusiyanın özü də \"Sülh naminə tərəfdaşlıq\" proqramını imzalayıb. Onu Azərbaycan da imzalayıb. Aramızda fərq yoxdur. MDB-nin kollektiv təhlükəsizliyinə gəldikdə isə, təəssüflər olsun ki, orada ortaya elə məsələlər çıxır ki, biz onları qəbul edə bilmərik. Məsələn, mən hesab etmirəm ki, MDB hərbi ittifaq olmalıdır. Buna görə də kollektiv təhlükəsizlik haqqında müqavilə məsələsi ilə əlaqədar bizdə problemlər var. Bunun isə kimin xoşuna gəlib-gəlmədiyi artıq başqa məsələdir.

Sual: Mən MDB barədə söhbəti davam etdirmək istərdim. Həmişə təxirə salınan MDB sammiti, Sizcə, nə vaxt keçirilə bilər?

Cavab: Boris Nikolayeviç sağalıb ayağa qalxandan sonra. Elan ediblər ki, Boris Yeltsin ayın axırınadək sağalacaq. Görünür, MDB sammiti də onda olacaqdır.

Sual: Belarusla Rusiyanın mümkün inteqrasiyasına Sizin münasibətiniz?

Cavab:  Xəbərim yoxdur. Mən burada olanda aldığım məlumata görə, Belarusda elan ediblər ki, onlar Rusiya ilə birləşməyə razıdırlar. Bizim belə bir arzumuz yoxdur və Azərbaycan üçün tarixi nailiyyət olan öz dövlət müstəqilliyimizi itirmək istəmirik. Buna görə  də heç vaxt yol verməyəcəyik ki, nəsə bizim müstəqilliyimizi poza bilsin.

Sual: Cənab Prezident, Rusiyada indiki vəziyyət barədə nə düşünürsünüz və orada mümkün ola biləcək intizamsızlığın nəticələrindən ehtiyat etmirsinizmi?

Cavab:  Rusiya dünyanın ən böyük dövlətidir və zənnimcə, indi hamının marağı var ki, orada sabitlik olsun. Məncə, bunu Fransa da, bütün Avropa da eyni dərəcədə istəyir. Buna görə də biz ən əvvəl istəyirik ki, Rusiyada vəziyyət sabit olsun, orada heç bir intizamsızlıq olmasın. Orada intizamsızlıq yaranmasının Rusiya üçün də, onunla bilavasitə əlaqədə olan digər ölkələr üçün də çox ağır nəticələri olacaqdır. Biz Rusiyam necə görmək istəyirik? Biz onu imperiya iddiaları olmayan, demokratik, azad, bütün MDB ölkələri ilə bərabərhüquqlu münasibətlər yaradan bir dövlət kimi görmək istəyirik. Mənə elə gəlir ki, Rusiyada

sabitlik orada demokratik prinsiplərin nə dərəcədə bərqərar edilməsindən çox asılı olacaqdır. Biz Rusiyanı demokratik bir ölkə kimi görmək istəyirik.

Sual: Cənab Prezident, Rusiya-Azərbaycan müştərək komissiyası gələn ay görüş keçirməlidir. Bu görüşdə qarşılıqlı hesablaşma və neft sazişinin işlənib tamamlanması məsələlərinə toxunulacaqdır. Siz qarşıdakı görüş üçün nə təklif edirsiniz?

Cavab:  Bakıda artıq bu cür görüş keçirilmişdir. Bizə Rusiyadan baş nazirin müavini cənab Serovun rəhbərliyi ilə böyük bir nümayəndə heyəti gəlmişdi. Biz bir çox məsələləri müzakirə etdik. Yeri gəlmişkən, sabah Moskvada MDB Ölkələri Hökumət Başçıları şurasının iclası olacaqdır. Baş nazir başda olmaqla Azərbaycanın nümayəndə heyəti oraya yola düşür. Qarşılıqlı hesablaşmalar haqqında danışıqlar davam etdiriləcəkdir. Belə düşünürəm ki, artıq biz bu məsələnin optimal həlli yoluna çıxmışıq və ola bilsin ki, Moskvada qəti qərara gələcəyik. O ki qaldı neft sazişinə, mən bilmirəm, siz nədən danışırsınız. Mən artıq neft kəmərindən söhbət açdım. Yeri gəlmişkən, Rusiyada neft kəmərlərinə rəhbərlik edən \"Transneft\" Səhmdar Cəmiyyətinin bas direktoru da bu yaxınlarda Rusiya nümayəndə heyəti ilə birlikdə Bakıda olmuşdur. Burada bizim böyük problemlərimiz yoxdur.

Sual: Siz dediniz ki, qarşılıqlı hesablaşmalar barəsində optimal qərar tapılmışdır. Deyə bilərsinizmi, bu, hansı qərardır? Indi də neft sazişi haqqında. Mən ondan danışdıqda Bakı-Novorossiysk marşrutu ilə nəql ediləcək neftin həcmi məsələsinin həllini nəzərdə tuturdum.

Cavab:  Qarşılıqlı hesablaşmalar barəsində Rusiyanın Azərbaycana, Azərbaycanın da Rusiyaya borcu var. Hərçənd orada heç də hər şey aydın deyil. Lakin Sovet İttifaqı parçalandıqdan sonra lazımi qayda-qanun olmadı, ona görə də mən bu rəqəmlərə çox da inanmıram. Buna baxmayaraq, biz onları qəbul etdik və danışıqları da bu əsasda aparırıq. Güman ki, bir-birimizə nə qədər borclu olduğumuzu tezliklə müəyyənləşdirəcəyik. Bəlkə də borcumuz əllinin əlliyə nisbətindədir.  Bu, böyük problem deyildir. Neft kəmərinə gəldikdə isə, mən dedim ki, biz nefti şimal boru kəməri ilə ixrac edəcəyik. Ancaq bu kəmərlə nə qədər neft göndərəcəyimiz barədə qəti razılaşma yoxdur. Nə qədər bacarsaq, o qədər də göndərəcəyik. Tam gücü ilə işləsə, həmin boru kəməri ilə ildə 5 milyon tonadək neft ixrac etmək olar.

Sual: Ermənistan bu vədlərə inanmır. İkinci sualım belədir: Azərbaycan bir çox regionlarla həmsərhəd ölkədir. Fikirləşirsinizmi ki, Azərbaycanın hazırda Iranın tərkibində olan cənub hissəsi nə vaxtsa Azərbaycanın şimal hissəsi ilə birləşmək istəyəcək?

Cavab: Öncə onu deyim ki, bizim bəyan etdiklərimizə inanmamağa Ermənistanın əsası yoxdur. Dağlıq Qarabağ cəmi 80 min nəfər erməninin yaşadığı kiçik bölgədir və Azərbaycanın tərkibində yüksək dərəcədə özünüidarə əldə etməklə Azərbaycanın bu kiçik bölgəsi çox müvəffəqiyyətlə yaşaya bilər. Dağlıq Qarabağın təhlükəsizliyinə inanmaması və ya bundan narahat olması barədə Ermənistanın bəyanatı uydurmadır və Dağlıq Qarabağa müstəqillik statusu verilməsinə nail olmaq məqsədi daşıyır. O ki qaldı Azərbaycanın Iranın ərazisində olan hissəsinə, demək istəyirəm ki, biz sərhədlərin dəyişdirilməsinin əleyhinəyik. Biz hər bir dövlətin ərazi bütövlüyü prinsipinə hörmət edirik, Ermənistanın da, Rusiyanın da, Fransanın da, İranın da ərazi bütövlüyünü tamamilə tanıyırıq. Hesab edirik ki, münaqişələr yaratmaqdan ötrü gah orada, gah da burada hansısa etnik qrupları fitvalamaq lazım deyildir.

Sual: Cənab Prezident, mənim iki qısa sualım var. Azərbaycan Qərb şirkətləri qrupu ilə neft müqavilələri imzalamışdır. Sizcə, bu şirkətlərin mənsub olduqları ölkələr Dağlıq Qarabağa dair sazişin əldə edilməsi üçün Ermənistana təzyiq göstərə bilərlərmi? İkinci sual: Türkiyə öz ölkəsinə neft və qaz nəql olunması haqqında Türkmənistan və İran ilə yenicə saziş imzalamışdır. Siz orta müddətli perspektivdə neftinizin Iran vasitəsilə Türkiyəyə nəqlini nəzərdə tutursunuzmu?

Cavab:  Birincisi, bütün bu fövqəlmilli şirkətlərlə müqavilələr imzalayarkən biz qarşımıza öncə kommersiya məqsədləri qoymuşuq. Həmin fövqəlmilli şirkətlərin mənsub olduqları ölkələr Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə kömək etsələr bu, həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə olar. Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundun istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik. O ki qaldı qazın nəqlinə dair Türkiyə, Iran və Türkmənistan arasındakı müqaviləyə, mən onlara uğurlar diləyirəm. İran ərazisi vasitəsilə Türkiyəyə neft nəql etmək barədə planlarımız yoxdur.

Sual: Cənab Prezident, təkidlə Dağlıq Qarabağ mövzusuna qayıtdığımız üçün bağışlayın. Ermənistanın tərslik mövqeyini, bu məsələdə hazırkı vəziyyəti necə, donmuş vəziyyət, geriləmə kimi, yoxsa az da olsa, hər halda irəliləyiş kimi qiymətləndirərdiniz. Sizcə, bu məsələnin nizama salınması üçün nə qədər vaxt lazım gələcəkdir?

Cavab: Mən hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyət ilişib qalmışdır. Minsk qrupunun həmsədri müəyyən edilən kimi bu qrup işləməyə başlayacaqdır. Ümidvaram ki, indi Minsk qrupu daha fəal olacaqdır. Biz Ermənistanla birbaşa əlaqələrə tezliklə yenidən başlayacağıq. Bu əlaqələr Lissabon Zirvə toplantısı ərəfəsində dayandırılmışdır. O ki qaldı Ermənistanın pozuculuq mövqeyinə, bu, təzə hal deyildir. Belə düşünürəm ki, Ermənistan əgər hərbi əməliyyatlara yenidən başlanmasını istəmirsə, onda beynəlxalq hüquq prinsipləri və normaları ilə hər halda razılaşmağa məcbur olacaqdır. Məsələn, biz hərbi əməliyyatların yenidən başlanmasına heç vaxt razılıq verməyəcəyik və məsələnin dincliklə nizamlanmasına çalışacağıq.

Sual: Cənab Prezident, bilmək istərdim, Çeçenistanda müharibəyə görə Rusiyanın Azərbaycana qarşı qoyduğu blokada qalırmı? Bu blokada adamların hərəkətinə aid idimi, yoxsa Azərbaycanın ərzaq və mallarla təchizatı yolunu kəsirdi?

Cavab: Yaxşı sualdır, sağ olun. İki il öncə Rusiya blokada qoydu, yəni Azərbaycanla sərhədi bağladı və bunu bəhanə gətirdi ki, Çeçenistanda döyüş əməliyyatları gedir və guya Azərbaycandan oraya hansısa yaraqlılar keçirlər. Bu, düşünülməmiş və ədalətsiz bir qərar idi. Hər halda bu iki ildə heç kəs bir sübut gətirib təqdim edə bilmədi ki, Azərbaycandan Çeçenistana hansı yaraqlılar keçib getmişlər. Halbuki faktlar var ki, Azərbaycanda layiqli cəzadan gizlənən müxtəlif cinayətkar ünsürlər Rusiyada, sonra Çeçenistanda olmuş, oradan da Rusiya sərhədçilərinin qoruduqları sərhəddən keçərək Azərbaycan ərazisinə soxulmuş və bizdə terror əməlləri törətməyə can atmışlar. Bu blokada ucbatından Azərbaycana böyük iqtisadi zərər dəymişdir. Təəssüf ki, sərhəd indiyədək tamamilə açılmayıbdır. Biz onun açılmasına çalışırıq, çünki Rusiya ilə aramızda çox böyük iqtisadi əlaqələr var. Ümidvaram ki, sərhədi tezliklə açacaqlar.

Sual: Cənab Prezident, icazə verin, hər halda Fransaya səfərinizə qayıdaq. Haqqında danışdığınız 25 illik müqavilənin pul hesabı ilə həcmi nə qədərdir? Yəqin ki, bu müqavilədən başqa, Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında digər maraqlı danışıqlar da aparılmışdır?

Cavab:  25 il müddətinə bağlanan bu müqavilədə bütün tərəflərin kapital qoyuluşunun ümumi məbləği təxminən 1,5 milyard Amerika dollarına bərabərdir. İlkin hesablamalara görə, 250 milyon barrel neft çıxarılacağı gözlənilir. Belə düşünürəm ki, müqavilənin əməli surətdə həyata keçirilməsi onu daha səmərəli

edəcəkdir. Müqavilə istər Fransa şirkətləri üçün, istərsə də Azərbaycan üçün çox sərfəlidir. İndi Fransa şirkətləri ilə Azərbaycan arasında yaxşı əlaqələr yaradılır. Məsələn, Fransanın \"Lya farj\" şirkəti bizim iri bir sement zavodunu yenidən qurmaq təşəbbüsü irəli sürmüşdür. Şirkətin prezidenti bu barədə öz təkliflərini mənə təqdim etmişdir. Fransanın \"Sofreqaz\" şirkəti Azərbaycanın qaz təchizatı sistemini təkmilləşdirmək məsələsi ilə məşğul olur. Kimya sənayemiz Fransanın \"Teknik\" və digər şirkətləri ilə böyük əlaqələrə malikdir. Fransanın başqa şirkətləri də bizə maraq göstərirlər. Bir sözlə, yaxşı əlaqələr yaradılır. Belə düşünürəm ki, iqtisadi əlaqələrimizin gələcəyi yaxşı olacaqdır.

Sual: Cənab Prezident, görüşümüz sona çatır və mən Sizə tarixi səpkili sual vermək istərdim, çünki Siz təkcə dünya siyasətinin müasir iştirakçısı deyilsiniz, həm  də keçmişdə siyasətin iştirakçısı olmuşsunuz, Sovet İttifaqı dövründə bir neçə il Siyasi Büronun üzvü olmuşsunuz. Geriyə baxsaq, Siz ötən dövrü necə təsəvvür edirsiniz? Hesab edirsinizmi ki, Sovet İttifaqının dağılması başqa şəkildə ola bilərdi? Buna yol verməmək olardı? Bu hadisələrə necə baxırsınız?

Cavab:  Öz tərcümeyi-halının nöqteyi-nəzərindən keçmişə böyük hörmətlə baxıram. Hesab edirəm, siz mənim tərcümeyi-halımı bilirsiniz. 14 ilədək Azərbaycan Respublikasına rəhbərlik etmişəm, ondan əvvəl uzun illər Dövlət Təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işləmişəm, sovet generalı, Siyasi Büro üzvlüyünə namizəd, sonra onun üzvü olmuşam, beş ildən artıq sovet hökuməti sədrinin birinci müavini işləmişəm. 1987-ci ilin sonunda Siyasi Büronun ayrı-ayrı üzvləri, o cümlədən Qorbaçov ilə aramızda olan bəzi ixtilaflara görə istefaya çıxmışam. Bundan sonra mən təqiblərə məruz qaldım. 1990-cı ilin yanvarında Azərbaycana böyük qoşun kontingenti yeridilib heç bir günahı olmayan insanları əzəndə, tələfat olanda sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı qəbul etdiyi qərarların və praktiki tədbirlərin əleyhinə çıxdım. Elə həmin vaxt Kommunist Partiyasından çıxdım, bundan sonra Moskvada məni daha çox təqib etməyə, mətbuatda mənim haqqımda böhtançı məqalələr dərc etməyə başladılar. Mən həyatımın çox mürəkkəb dövrünü yaşadım.  Moskvanı tərk etməyə məcbur oldum, həyatımın çox hissəsinin keçdiyi Bakıya gəldim. Ancaq kommunist təqibləri mənə burada da yaşamağa imkan vermədi, mən Naxçıvana  – Azərbaycandan ayrı düşmüş, lakin ona məxsus olan kiçik muxtar respublikaya getdim. O zaman Naxçıvan blokadada idi, mən üç il orada son dərəcə ağır şəraitdə yaşadım. 1993-cü ildə Azərbaycanda, Bakıda vətəndaş müharibəsi başlayanda, hakimiyyət böhranı olanda xalq məni Bakıya dəvət etdi və prezident seçdi. Mən keçmişdəki bütün fəaliyyətim ilə fəxr edirəm. Mən çox yüksək vəzifələrdə olanda da, son dərəcə ağır şəraitdə yaşayanda da təqiblərə məruz qalmışam. Mən şadam, görünür, mənim taleyim belədir. Mən Sovetlər İttifaqında nə olmuşdursa hamısına qara yaxmağın, pisləməyin əleyhinəyəm. Orada yaxşı, gözəl şeylər çox olubdur. Mən həm Kommunist Partiyasının üzvü,  həm də Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərindən biri olanda da bu işə vicdanla və sədaqətlə xidmət etmişəm. Ancaq 1990-cı ildə, təcavüzlərdən sonra məni çətinliklərin gözlədiyini bilə-bilə eyni qətiyyətlə və ləyaqətlə bu partiyadan çıxdım.Sovetlər İttifaqının dağılması tarixi proseslərin qanunauyğun nəticəsidir. Bu, baş verməli idi və baş verdi. Mən bundan razıyam. Mən Sovetlər İttifaqının dağılmasını alqışlamışam və indi onun hər hansı şəkildə bərpasının əleyhinəyəm. Görürsünüz, mən Sovetlər İttifaqını möhkəmləndirmişəm, eyni zamanda əmin olanda ki, o, daha lazım deyildir, hesab edirəm, öz mövqeyimi düzgün və vicdanla müəyyən etmişəm. Ancaq Sovetlər İttifaqı da öz tarixi rolunu oynayıbdır. Faşizmin darmadağın edilməsində, bu əjdaha üzərində qələbə çalınmasında Sovetlər İttifaqının böyük rolu var. Bunların hamısını unutmaq, inkar etmək lazım deyildir. Bizim tariximiz mürəkkəb, ziddiyyətlidir. XX əsr sona çatır, görünür, bir müddətdən sonra tədqiqatçılar bu yüzillikdə baş vermiş hadisələrə daha ədalətli və düzgün qiymət verəcəklər. Mən hansısa nəticələr çıxarmıram, sadəcə olaraq bəzi mülahizələrim haqqında danışıram.

Müxbir: Son dərəcə açıq diskussiyaya, verdiyiniz cavablara görə çox sağ olun.

Heydər Əliyev:  Çox sağ olun. Sizinlə Azərbaycanda görüşməyə şad olacağam. Yalnız bir şeyi əlavə etmək istəyirəm. Dünən axşam \"Mond\" qəzeti Azərbaycanın əleyhinə böhtanla dolu uydurmalara bütöv bir səhifə həsr edibdir. Burada, Fransada səfərdə olduğum vaxt belə bir yazıdan çox təəssüfləndim. Burada ermənilərin böyük diasporunun olduğunu bilirəm. Mən Fransada yaşayan ermənilərin hamısına böyük hörmətlə yanaşıram. Ancaq Ermənistandakı, digər ölkələrdəki, o cümlədən də Fransadakı ekstremist, millətçi, təcavüzkar erməni dairələri qəzetlərdə böhtançı uydurmalar dərc edir, Fransa ictimaiyyətinə yalan məlumat verirlər. Bütün bunlara inanmayın. \"Mond\" qəzetində yazılanların hamısı başdan-başa iftiradır. Fransa prezidentinin dəvəti ilə burada rəsmi səfərdə olduğum vaxtda \"Mond\" qəzetinin bu cür qeyri-etik hərəkəti özünə rəva bilməsindən təəssüflənirəm. Sağ olun. Xudahafiz.