Yenikənd su elektrik stansiyasının açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 23 may 2000-ci il

Əziz bacılar, qardaşlar!

Hörmətli inşaatçılar, energetiklər, şəmkirlilər!

Əziz dostlar!

Mən sizi Azərbaycanın həyatında bu böyük və əlamətdar hadisə münasibətilə - Kür çayının üstündə Yenikənd Su Elektrik Stansiyasının tikilib başa çatdırılması və istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Yenikənd Su Elektrik Stansiyasının tikilib bu gün istifadəyə verilməsi, demək olar ki, həqiqətən, birinci belə böyük tikintinin başa çatması və istifadəyə verilməsidir. Mən "böyük" deyəndə, əlbəttə, onun Azərbaycan üçün, dövlətimiz üçün, millətimiz, xalqımız üçün əhəmiyyətini nəzərdə tuturam. Əhəmiyyəti isə ondan ibarətdir ki, Azərbaycanın energetika sisteminə əlavə 112 meqavat elektrik enerjisi daxil oldu. Bu tikintinin son hissəsi, yəni dördüncü turbini, aqreqatı quraşdırılıb başa çatandan sonra biz 150 meqavat elektrik enerjisi alacağıq.

İndi Azərbaycanda elektrik enerjisi çox istehsal olunur, ancaq ölkəmizin bugünkü tələbatının hamısını ödəyə bilmir. Ona görə də təbiidir ki, belə bir su elektrik stansiyasının tikilib başa çatdırılması Azərbaycanda həm sənayenin, həm həyatın başqa sahələrinin, kənd təsərrüfatının, həm də xüsusən, insanların elektrik enerjisinə olan ehtiyaclarının böyük bir hissəsini təmin edəcəkdir.

Ümumiyyətlə, müasir dövrdə heç bir cəmiyyət, heç bir ölkə elektrik enerjisiz yaşaya bilməz. Son 40-50 ildə elektrik enerjisi demək olar ki, həyatın bütün sahələrinə - ailənin evindən, mətbəxindən başlayaraq nəqliyyata, sənayeyə, ticarətə, yola, kənd təsərrüfatına, bütün istehsal sahələrinə daxil olubdur.

Keçmişdə insanlar elektrik enerjisindən ancaq elektrik işığı almaq üçün istifadə edirdilər. Amma qədim keçmişdə bu da yox idi. Məsələn, 30-cu illəri götürsək, Azərbaycan əhalisinin 90 faizi elektrik enerjisindən məhrum idi, onlar ancaq neft lampalarından istifadə edirdilər. Mən özüm də bu həyatı yaşamışam. Mən orta məktəbi başa çatdırıb, ali məktəbə daxil olan zaman evimizdə heç vaxt elektrik enerjisi olmamışdır. Bütün dərslərimi kiçik bir kerosin, neft lampasının işığında hazırlayırdım. Yaşlı nəsildən olan adamlar bunu yaxşı xatırlayırlar. Gənclər bunu artıq bilmirlər. Onlar elə düşünürlər ki, həyat həmişə belə olubdur.

Ancaq sonralar elektrik enerjisi istehsalı artdı və onun tətbiqi də genişləndi. Nəhayət, təxminən 1950-ci illərdən Azərbaycanda elektrik enerjisindən yalnız evlərdə işıq üçün yox, başqa sahələrdə də istifadə olundu. Yenə də deyirəm, indi elektrik enerjisiz heç bir şey etmək mümkün deyildir. Yəni cəmiyyət, insan üçün, ölkə, dövlət üçün elektrik enerjisi ən vacib amillərdən biridir.

Biz bunları nəzərə alaraq, 1970-ci illərdə Azərbaycanın elektrik enerjisi ilə müstəqil təmin olunması üçün çox səylər göstərdik. Mən bu gün iftixar hissi ilə deyə bilərəm ki, yaxşı nəticələr əldə etdik.

Həmin illər biz Sovet İttifaqının tərkibində idik. Sovet İttifaqının da bir ümumittifaq proqramı - vahid energetika sistemi var idi. Həmin proqram da bundan ibarət idi ki, Sovet İttifaqının hər bir bölgəsini, şəhərini, rayonunu elektrik enerjisi ilə təmin etmək lazımdır, ancaq bu elektrik enerjisi müxtəlif yerlərdə hasil edilib, vahid enerji sistemi ilə hər bir yerə çatdırıla bilər.

Bu baxımdan o vaxt bəlkə də həmin günün duyğuları ilə yaşasaydın, düşünmək olardı ki, şimaldan, Rusiyadan bizə elektrik enerjisi gəlir, Azərbaycanın özündə az-çox elektrik stansiyaları var, ona görə də narahat olmağa ehtiyac yoxdur. Ancaq 1970-ci illərin əvvəllərində biz, şəxsən mən Azərbaycanın gələcəyini düşünərək və bu mühüm sahədə respublikamızın asılı olmamağını təmin etmək üçün Azərbaycanda geniş elektrik enerjisi müəssisələri sisteminin tikilməsi, yaranması, istifadəyə verilməsi proqramı hazırladıq. Biz bu proqramı 1970-1980-ci illərdə uğurla həyata keçirdik. Bütün bunların nəticəsində Azərbaycanda 5000 meqavat elektrik enerjisi istehsal gücünə malik olan bir energetika sistemi yaratdıq. Bu, bütün Azərbaycanı təmin edirdi.

Əgər nəzərə alsaq ki, o vaxt elektrik enerjisinin böyük bir hissəsindən sənaye müəssisələri istifadə edirdi, sənayeyə daha çox elektrik enerjisi gedirdi və o zaman Azərbaycan bugünkü qədər tələbata malik deyildi, bizim əldə etdiyimiz nailiyyətlər Azərbaycanın elektrik enerjisi ilə tam təmin olunmasına imkan verdi. Hətta biz o illər Azərbaycanda mövcud olan elektrik stansiyalarının gücü ilə respublikamızdan kənarda da elektrik enerjisi ixrac edirdik. Yəni o vaxt Azərbaycandan kənara 2 milyard kilovat elektrik enerjisi ixrac olunurdu. Bu, o illər bizim əldə etdiyimiz böyük nailiyyət idi. Deyə bilərəm ki, bu, əldə etdiyimiz nailiyyətlər içərisində ən dəyərlilərindən biridir. Çünki əgər o illər biz bunu təmin etməsəydik, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bu cür yaşaya bilməzdik. Nəinki bu cür yaşaya bilməzdik, çox çətin bir vəziyyətə düşərdik. Keçmiş Sovetlər İttifaqına mənsub olmuş, bizə məlum olan bəzi respublikalar vaxtilə belə tədbirlər görmədiyinə görə - onlardan bizim qonşuluğumuzda da var - illər boyu ağır şəraitdə yaşayırlar.

Elektrik enerjisi sahəsini inkişaf etdirmək proqramının böyük bir hissəsi Mingəçevirdə iri bloklar yaratmaqdan ibarət idi. Burada deyildi, - o vaxt bunları əldə etmək asan deyildi. Bilməlisiniz ki, bütün elektrik enerjisi sahəsi SSRİ-nin mərkəzi dövlət büdcəsindən maliyyələşdirilirdi. Mərkəzi dövlət büdcəsi onun - SSRİ böyük bir ölkə idi - bir hissəsinə maliyyəni verirdi, o biri hissəsinə vermirdi. Respublikamıza belə məsələlərdən ötrü maliyyə almaq üçün çox işlər görmək, çox da bacarıq lazım idi. O vaxt bizdə də belə imkanlar var idi və biz bu imkanlardan istifadə edərək, böyük vəsaitlər alıb Mingəçevirdə 8 böyük enerji bloku - onların hər birinin gücü 300 meqavat idi - yaratdıq. Bu blokların doqquzuncusunu da yaratmalı idik, ancaq yarımçıq qaldı. Mən bu gün bəyan edirəm ki, biz vəsait axtarıb tapacağıq, həmin doqquzuncu bloku da tikib qurtaracaq, istifadəyə verəcəyik.

Elektrik enerjisi istehsal olunmasında ən sərfəli və ən ucuz vasitə çaylardan, sudan istifadə etməkdir. Allah bu barədə bizə vaxtilə xoş münasibət göstəribdir. Respublikamızın ərazisindən keçən Kür çayı - insanlar bəlkə də buna öyrəniblər ki, Azərbaycanda əsrlər boyu Kür çayı vardır - Azərbaycan xalqı, torpağı üçün əvəzsiz bir nemətdir. Təbiidir ki, keçmiş zamanlarda insanlar Kür çayından müxtəlif məqsədlər üçün - kənd təsərrüfatı məhsullarının istehsalı, evdə sadəcə su kimi və başqa məqsədlər üçün istifadə ediblər. Hətta Bakının su ilə təminatı üçün ondan əvvəlki vaxtlarda istifadə edilən Şollar su kəməri şəhər böyüdüyü üçün onu təmin edə bilmədiyinə görə 1970-ci ildə biz Kür çayından 135 kilometrlik su kəməri çəkib, paytaxtın təchizatı üçün ilk dəfə Kür çayının suyunu Bakıya gətirdik. Ondan sonra iki kəmər də çəkdik. İndi onlar Bakını su ilə təmin edir. Ancaq görürəm ki, hazırda bu da azdır, bəlkə başqa işlər də görmək lazımdır.

Yəni demək istəyirəm ki, Kür çayı Azərbaycanın hər bir hissəsi - Kürün keçdiyi və ya heç keçmədiyi hissəsi üçün də faydalıdır. Mən sizə dedim, - biz Bakıdan 135 kilometr aralı olan bir məsafədən Kür çayından su kəməri çəkib paytaxtın su təchizatını təmin etmək üçün böyük qurğular yaratdıq. Fürsətdən istifadə edib onu da demək istəyirəm ki, biz Bakının su təchizatını, suyun keyfiyyətini yaxşılaşdırmaq və artıq köhnəlmiş qurğuları dəyişdirmək üçün Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından 90 milyon dollar həcmində kredit almışıq. Bu, xalq, millət, Azərbaycanın paytaxtı Bakı üçündür.

Elektrik enerjisi almaq üçün sudan istifadə etmək yeni bir şey deyildir. Azərbaycanda buna 1950-ci illərdə başlanıbdır və 1954-cü ildə ilk dəfə Mingəçevir Su Elektrik Stansiyası istifadəyə verilibdir. Amma bundan sonra, 1970-ci illərdə biz elektrik enerjisi almaq üçün Kür çayından istifadə etmək sahəsində axtarışlara başladıq.

Mən bu gün minnətdarlıq hissi ilə demək istəyirəm ki, o vaxt mühəndislərimiz, mütəxəssislərimiz, layihə institutlarımız bu sahədə çox səmərəli işlər gördülər və Kür çayının üzərində bir neçə su elektrik stansiyasının tikilməsi və xeyli müddətə elektrik enerjisi hasil olunması üçün bizə təkliflər verdilər. Yəni onlar bizim bu barədə irəli sürdüyümüz təşəbbüsləri qəbul etdilər və buna əməli cavab olaraq müəyyən layihələr təqdim etdilər. Bunlar çox dəyərli layihələr idi. Ancaq onları həyata keçirmək üçün böyük vəsait lazım idi. Biz Azərbaycanda elektrik enerjisi istehsal olunması üçün çayların imkanlarından istifadə etmək prinsipini əsas istiqamətlərdən biri hesab edərək, o vaxt bu işə başladıq və bu sahədə çox işlər gördük.

Kür Su Elektrik Stansiyası haqqında burada danışıldı. Bəli, 1970-ci illərdə mən həmin layihəni dəfələrlə müzakirə etmişəm. Xatirimdədir, bizim mütəxəssislər - mən bu gün minnətdarlıq hissi ilə xatırlayıram ki, Layihə İnstitutunun direktoru mərhum Bosovski idi - Kür qəsəbəsi olan yerdə, çayın kənarında, bəndin qoyulacağı yerdə mənə bir neçə saat ərzində çox ətraflı məlumatlar verdilər. Mən bu gün gedib oraya baxacağam.

Onlar məni inandırdılar ki, burada böyük bənd tikmək və iri su elektrik stansiyası yaratmaq olar. Mən bununla razı oldum. Sonra hazırlıq işləri getdi. Burada deyildiyi kimi, 1975-ci ildə mən yenə də oraya, Kürün sahilinə getdim və Kür Su Elektrik Stansiyasının təməlini qoydum. İndi o, Mingəçevir Su Elektrik Stansiyasından da çox elektrik enerjisi verir. Amma vaxtilə, 1950-ci illərdə bizdə belə bir təsəvvür var idi ki, Mingəçevir Su Elektrik Stansiyasından böyük elektrik stansiyası ola bilməz.

Kür Su Elektrik Stansiyası Azərbaycan xalqına xidmət edir, 380 meqavat elektrik enerjisi verir. Amma Mingəçevir Su Elektrik Stansiyası bu gün 360 meqavat elektrik enerjisi verir. Baxın, o vaxt biz nə qədər böyük bir iş gördük! Bəli, o zaman proqram müəyyən olundu ki, Kür çayının bir neçə yerində, bir-birinin ardınca bir neçə su elektrik stansiyası tikilə bilər. Onlardan da biri Yenikənd Su Elektrik Stansiyasıdır.

Burada da deyildi, Kür çayının yuxarısında - çayın axarı ilə getsək, yuxarıda - Tovuz Su Elektrik Stansiyası, sonra Poylu Su Elektrik Stansiyası tikilməsi barədə layihələr var idi. Demək, Tovuz, Kür, Yenikənd su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulmuşdu.

Mən Yenikənd Su Elektrik Stansiyasının tikilməsi üçün 1979-cu ildə qərar qəbul etdim və bu işə başlandı. Burada bu barədə danışıldı. Tikintidə işlər gedirdi və buraya xeyli vəsait də qoyulmuşdu. Ancaq sizə məlum olan səbəblərdən - onun səbəbini indi də izah etdilər, bunu bir daha təkrar etməyə ehtiyac yoxdur - işlər dayandı.

Azərbaycan müstəqil dövlət oldu. Artıq başqa bir dövlət yox idi ki, oradan vəsait alasan və işlər görəsən. Ona görə də biz başqa yerlərdən vəsait axtarmağa başladıq. 1994-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqə yaratdıq, oradan 53 milyon dollar dəyərində kredit aldıq və Yenikənd Su Elektrik Stansiyasının inşasını davam etdirdik.

Təbiidir ki, işlərin çoxu ondan sonra görülübdür. Mən indi sizin qarşınızda böyük iftixar, sevinc hissi ilə durmuşam. Mən 1970-ci illərdə səpdiyim toxumların bəhrəsini görürəm. Amma bu bəhrəni görmək üçün mən kənarda durub gözləməmişəm ki, görüm bu toxum nə vaxt cücərəcəkdir, nə vaxt qalxacaqdır, nə vaxt ağac, yaxud bitki olacaqdır. Onu sulamışam, bəsləmişəm, bütün işləri görmüşəm, burada bax, bu cür nəhəng su elektrik stansiyasının tikilməsinə nail olmuşam. Bu, kimin üçündür. Bizim millətimiz üçündür, Azərbaycan xalqı, dövləti, müstəqil Azərbaycan üçündür. Biz məhz bu addımlarımızla, işlərimizlə Azərbaycanın müstəqilliyini günü-gündən möhkəmləndiririk, inkişaf etdiririk və onu dönməz edirik. Əgər biz bu işləri görməsək, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz. Təbiidir ki, bu işləri görmək üçün həm məharət, həm iradə, həm təcrübə, həm bacarıq, ən çoxu isə ürək yanğısı lazımdır.

Mən indiyə qədər gördüyüm bütün işlərin və bu gün gördüyüm işlərin - xalq üçün gördüyüm işlərin hamısını ürək yanğısı ilə edirəm. Əmin ola bilərsiniz ki, mən bundan sonra da bu cür olacağam.

Mən Yenikənd Su Elektrik Stansiyasının tikilib qurtarması münasibətilə sizi bir daha təbrik edirəm. Burada 1979-cu ildən başlayaraq bu su elektrik stansiyasının tikilməsində və istifadəyə verilməsində əmək sərf etmiş, xidmət göstərmiş bütün vətəndaşlarımızın hamısının əməyini qiymətləndirirəm və hamıya səmimi qəlbdən təşəkkür edirəm. Layihəçilərə də, inşaatçılara da, quraşdırıcılara da, energetiklərə də - hamıya bu münasibətlə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu su elektrik stansiyasının tikilib qurtarmasında iştirak etmiş gözəl kollektivin yaranmış mütəşəkkilliyi başqa sahələrdə də özünü göstərəcək və bu təcrübədən istifadə olunacaqdır. Əmin ola bilərsiniz ki, burada çalışan, inşaat işini başa çatdıran adamlar işsiz qalmayacaqlar.

Çıxış edənlər Tovuz Su Elektrik Stansiyası haqqında mənə müraciət etdilər. Siz bu haqda mənə indi müraciət edirsiniz, amma mən isə bunu 25 il bundan öncə düşünmüşəm. Elə ona görə orada hər şey - layihə də hazırdır, onu tikmək üçün yüksək təcrübəli insanlar da var. İndi bir şey - vəsait tapmaq lazımdır. Bu da indi hamısından çətindir.

Bilirsiniz, keçmişdə elektrik stansiyalarının, o cümlədən də su elektrik stansiyalarının inşasına, quraşdırma və başqa işlərə adətən Rusiyadan, digər respublikalardan bir çox mütəxəssislər dəvət edilirdi. Yəqin bunlar xatirinizdədir. Belə bir təsəvvür var idi ki, bu işləri onlarsız görmək olmaz. Mühəndislər, texniklər, hətta fəhlələr, yəni təcrübəli fəhlələr də başqa respublikalardan dəvət olunurdu, onlar gəlib bizim bu tikintilərdə aylarla, illərlə işləyirdilər. Yenə də deyirəm, belə fikir yaranmışdı ki, biz onlarsız işləyə, yaşaya bilmərik.

Amma indi bu sahədə də bizim məhz o illərdə əldə etdiyimiz təcrübələr, hazırladığımız kadrlar, elektrik stansiyalarının tikilməsində ixtisaslaşmış inşaatçı kadrlar - quraşdırıcılar, qaynaqçılar, mühəndislər, texniklər - bizim milli kadrlarımız yaranıbdır. İndi burada çalışanların hamısı milli kadrlardır. Biz başqa ölkələrdən heç kimi buraya dəvət etməmişik. Buradakıların hamısı bizik - azərbaycanlılarıq, Azərbaycan millətiyik. İndi bu, bizim ən böyük nailiyyətimizdir. Biz müstəqil dövlət olaraq hər şeyi öz kadrlarımızın, mütəxəssislərimizin imkanları ilə həyata keçiririk. Biz kənar yerdən heç kəsi dəvət etmirik.

Sizə deyə bilərəm, - bilirsiniz ki, biz 1994-cü ildən Xəzərin Azərbaycan sektorunda dünyanın böyük neft şirkətləri ilə birgə neft hasilatı ilə məşğul oluruq, böyük işlər görürük. Azərbaycanda artıq 14 ölkədən 32 şirkət fəaliyyət göstərir. Respublikamıza xarici ölkələrdən böyük mütəxəssislər gəliblər. Ancaq bütün sahələrdə çalışanların 90 faizi azərbaycanlılardır, bizim milli kadrlarımızdır. Şirkətlər sadəcə, az bir miqdarda öz mütəxəssislərini gətirirlər və qısa bir zamandan sonra görəndə ki, azərbaycanlı mütəxəssislərin səviyyəsi yüksəkdir, onda öz mütəxəssislərini ixtisar edirlər. Onlar mənimlə hər dəfə görüşərkən - bilirsiniz ki, bəzi hallarda mərasimlər keçiririk - xüsusi qeyd edirlər ki, Azərbaycanda yüksək səviyyəli mühəndis, texnik, fəhlə və başqa ixtisaslar üzrə kadrlar vardır. Neft sənayesində də, elektrik enerjisi, inşaat sahələrində də, hər yerdə belə kadrlar vardır. Yenə də deyirəm, bu, bizim millətin ən böyük nailiyyətidir.

Mən Tovuz Su Elektrik Stansiyası haqqında sizin fikrinizlə razıyam. Onun tikintisinə başlamaq lazımdır.

Yerdən səs: Azərbaycan xalqının qəhrəman oğlu Heydər Əliyevə eşq olsun! Türk dünyasının Mustafa Kamal Atatürk paşası Heydər Əliyevə eşq olsun!

H.Əliyev: Ancaq Tovuz Su Elektrik Stansiyasını tikmək üçün 220 milyon dollar vəsait lazımdır. Bilməlisiniz ki, elektrik enerjisi sistemini inkişaf etdirmək üçün son 4-5 il içərisində xarici banklardan - Yaponiyadan, Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından 500 milyon dollar miqdarında kredit almışıq. Həmin kreditlərin böyük bir hissəsi çox güzəştli kreditlərdir. Məsələn, "Şimal" Dövlət Elektrik Stansiyasının bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün Yaponiyanın ayırdığı kredit kompleks surətdə 332 milyon dollardır. Onlar bu krediti bizə 40 illiyə veriblər. Təbiidir ki, bu, bizim üçün çox əlverişlidir. Həmin elektrik stansiyası da çox əhəmiyyətli bir elektrik stansiyasıdır. Biz orada bütün işləri görməliyik.

Bakıda 1 nömrəli Buxar İstilik Elektrik Stansiyası vardır. Həmin stansiya əsrin əvvəlində tikilibdir. Biz onu yenidən qurmaq üçün Almaniya bankından bir dəfə 50 milyon dollar həcmində kredit aldıq, indi yenə də 50 milyon dollar kredit almışıq. Beləliklə, biz bu iş üçün 100 milyon dollar kredit götürmüşük. Yenikənd Su Elektrik Stansiyası üçün də kredit almışdıq. Görürsünüz, bunlar nə qədərdir? Mən inanıram ki, biz bu kreditlərin hamısını qaytaracağıq. Çünki ölkəmizin sənayesi inkişaf edəcək, 3-4 ildən sonra neft sektorundan gəlirlər gələcək və biz bu kreditlərin hamısını vaxtında qaytaracağıq.

Biz Yenikənd Su Elektrik Stansiyası üçün aldığımız kreditin 12 milyon dollarını qaytarmışıq. Yəni biz bütün işlərimizə, verdiyimiz sözlərə cavabdehik. Ona görə də indi mənim də, sizin də arzunuz odur ki, Tovuz Su Elektrik Stansiyası tikilsin. Bəli, bu, çox xeyirli olacaqdır. Çünki su elektrik stansiyası kimi xeyirli elektrik enerjisi mənbəyi yoxdur. Məsələn, Yenikənd Su Elektrik Stansiyasının tikilməsi nəticəsində indi 112 meqavat elektrik enerjisi verilir, sonra bu, 150 meqavat olacaqdır. Burada da deyildi, beləliklə, təsəvvür edin, 160 min ton yanacağa qənaət ediləcəkdir. Bizdə ildə 4 milyon yarım ton mazut sərf edirik ki, elektrik stansiyaları işləsin. 4 milyon yarım ton mazutun qiyməti nə qədərdir?

Yerdən səs: Milyard manatdan çoxdur.

H.Əliyev: İndi təsəvvür edin, əgər bizim imkanımız olsaydı, həmin miqdarda mazutu oraya sərf etməyək, onun heç olmasa, bir hissəsini sataq, - onda biz iki Tovuz Su Elektrik Stansiyası tikərdik. Amma nə etməli, respublikamızda istilik elektrik stansiyalarına ya qaz, ya da mazut lazımdır. Vaxtilə bizim qazımız çox idi, ona görə də qazdan istifadə edirdik. İndi qaz azalıb, mazut bizə çox baha başa gəlir. Bunları bilin. Siz bu incəlikləri bilməlisiniz. Başa düşürsünüz, millətimiz, xalqımız bilməlidir ki, bunlar göydən düşmür.

İndi biz çalışırıq, yeni bir qaz yatağı açmışıq. İnşallah, iki-üç ildən sonra oradan böyük miqdarda qaz çıxacaqdır. Biz qaz ixrac edəcəyik, qaza olan tələbatımızı ödəyəcəyik. Siz bilməlisiniz, bunlar bizim gələcəyimizdir. Amma görürsünüz, biz bu gələcəyə doğru addım-addım gedirik.

Əgər biz bu gün bu elektrik stansiyasında işi qurtardıqsa, sabah daha birini, o biri gün yenisini tikəcəyik. Keçid dövrünün özünəməxsus çətinlikləri vardır, amma biz öz fəaliyyətimizlə bu çətinliklərin öhdəsindən gəlirik və ilbəil işlərimizi, insanların rifah halını yaxşılaşdırırıq.

Tovuz Su Elektrik Stansiyası haqqında düşünürəm. Biz bu sahədə çalışacağıq. Amma mən sizə deyə bilmərəm ki, bu, sabah, yaxud da bir aydan sonra olacaqdır. Hər halda mən sizə deyim - bu, mənim doğma işimdir. Kür çayının üzərində bir neçə su elektrik stansiyasının tikilməsi 1970-ci ildən mənim təşəbbüsümlə yaranmış proqramdır. Bu, mənim doğma işimdir. Allah bunu mənə qismət edibdir ki, 1970-ci illərdən bunlara başlamışam. Sonra buradan getmişəm, uzun müddət Azərbaycanda olmamışam, bu işlər dayanıb. İndi Allaha dua edirəm ki, mən gəlmişəm, bu işləri davam etdirmək mümkün olubdur və mənə nəsib olubdur.

Azərbaycanın elektrik enerjisi ilə təmin olunması bizim qarşımızda duran əsas məsələlərdən biridir. Xatirinizdədir, qış vaxtı bu məsələdə müəyyən gərginlik əmələ gəldi. Ona görə də mən çox ciddi bir müşavirə keçirdim, bəzi adamları cəzalandırdım. Mən əmr vermişəm, Nazirlər Kabineti proqram hazırlayıbdır. Bu proqram payıza qədər həyata keçirilməlidir ki, payız-qız mövsümündə Azərbaycanda elektrik enerjisi sahəsində heç bir problem olmasın. Həmin proqram real proqramdır. Onun müəyyən hissələri barədə mənə məruzə ediblər. Hər halda əlavə 112 meqavat elektrik enerjisi daxil olubdur. İndi isə sizin, yəni "Azərenerji" Səhmdar Cəmiyyətinin, energetiklərimizin vəzifəsi ondan ibarətdir ki, itkiyə yol verməyəsiniz, bu elektrik stansiyalarından səmərəli istifadə edəsiniz. Siz imkanlarınızı cəmləməlisiniz ki, bütün bu elektrik stansiyalarının istehsal gücündən istifadə edib elektrik enerjisi təminatı artırılsın. Xüsusən, payız-qış aylarında Azərbaycanda elektrik təminatı barəsində söz olmamalıdır. Mən burada, buraya toplaşanlar və bütün Azərbaycan xalqı qarşısında bu barədə sizə göstəriş verirəm və tələb edirəm ki, bunlar yerinə yetirilsin.

Bu gün biz demək olar ki, inşaatçıların, energetiklərin bayramındayıq. Bu, bizim ümumi bayramımızdır. Çünki, - mən dedim, - bu sahə hər bir insan üçün lazımlıdır. Ancaq eyni zamanda, biz Şəmkir rayonunun ərazisindəyik. Hesab edirəm ki, buraya toplaşanlar əsasən şəmkirlilərdir - təkcə inşaatçılar, energetiklər yox, Şəmkir rayonunun sakinləridir. Mən indi gələndə gördüm ki, ayrı-ayrı kəndlərdən insanlar yola çıxıb məni salamlayırlar. Ona görə də mən Şəmkir rayonunun sakinlərini bir daha salamlayıram. Mən Şəmkir rayonuna öz hörmət və ehtiramımı bildirmək istəyirəm.

Şəmkir Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biridir. Biz vaxtilə bu rayonun inkişafına böyük səylər qoymuşuq. Burada pambıq əkilirdi, sonra pambığı götürüb üzüm plantasiyaları yaratdıq. Burada bol üzüm istehsal olunurdu. Bunların hamısı müəyyən səbəblərdən ixtisar olunub, dəyişilibdir. Mən keçmişə qayıtmaq istəmirəm. Hər halda xatirinizdədir ki, Şəmkirdə ildə 120 min ton üzüm, 30-40 min ton pambıq istehsal olunurdu. Bunlar hamısı mənim xatirimdədir, beynimdədir. Bunlar mənim beynimdən çıxmayıbdır. Çünki mən buralara gəlmişəm, getmişəm, bu işlərlə məşğul olmuşam. Həm pambıq sahələrində, həm üzüm sahələrində olmuşam. O şeylər dəyişildi. İndi o barədə danışmağa ehtiyac yoxdur. Amma torpaq, insanlar yerindədir. Biz torpaq islahatı həyata keçirdik, torpağı kəndlilərə - sahiblərinə payladıq. İndi Azərbaycanda torpaqdan istifadənin səmərəsi xeyli artıbdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov da burada məlumatlar verdi. Bu məlumatlardan görürəm ki, bir sıra başqa rayonlarda artım bundan çoxdur. Sizdə də artım var. Ancaq hələlik bu, sizin imkanlarınızın hamısından istifadə edilməsi demək deyildir. Hər halda bir məsələ hamı üçün aydındır ki, bütün sahələrdə apardığımız islahatlar, o cümlədən torpaq islahatı, torpağın şəxsi mülkiyyətə verilməsi bizim tərəfimizdən 1996-cı ildən başlayaraq həyata keçirilən radikal addımlardan biridir.

Bilməlisiniz ki, keçmiş SSRİ-yə mənsub olan bir neçə müstəqil respublikada, dövlətdə indiyə qədər torpaq kəndliyə verilməyibdir, bəzi yerlərdə kolxozlar, sovxozlar mövcuddur. Onlar gəlib bizimlə danışırlar. Biz bu sahədə gördüyümüz işləri və əldə etdiyimiz nəticələri onlara deyəndə heyran qalırlar.

Biz bütün bunları nə üçün etdik? Mən 1970-ci illərdə ictimai təsərrüfatda yüksək məhsul götürülməsinə nə qədər vaxt sərf edirdim. Bunu açıq demək lazımdır, biz yüksək məhsul da götürürdük və insanlar da yaxşı yaşayırdı. İndi Şəmkir rayonunda palçıqdan tikilmiş bir dənə ev tapa bilməzsən. Burada üçmərtəbəli evlər, villalar tikilibdir, hamısının da damı dəmirdəndir. Bunlar o vaxt da tikilirdi, amma indi ondan da çox tikilir. Elədir, yoxsa yox?

Yerdən səs: Elədir.

H.Əliyev: Bunlar haradan tikilir? Demək, biz imkan yaratmışıq, insanlar yaxşı yaşayırlar, öz təsərrüfatlarından məhsul alırlar, gəlir götürürlər və belə imarətlər tikirlər. Bu, bizim məqsədimizdir.

Biz indi bazar iqtisadiyyatı yolu ilə gedirik, bütün sahələrdə islahatlar həyata keçiririk, özəlləşdirmə aparırıq. Ancaq kənd təsərrüfatı sahəsində özəlləşdirməni hər şeydən əvvələ saldıq, kənd əhalisinin rifah halını, vəziyyətini xeyli yaxşılaşdırdıq.

Hazırda şəhərlərdə müəyyən problemlərimiz vardır. Çünki sənaye müəssisələri əvvəlki gücündə işləmir, ona görə də fəhlələr ixtisar olunur, işsizlik vardır. Amma Şəmkir rayonunda işsizlik yoxdur. Sizin rayonda torpaq gözəldir, hərənin öz torpaq sahəsi, təsərrüfatı, mal-qarası vardır. Kim işləyir, o da qazanır. Kim işləmirsə, təbiidir ki, o, qazana bilməyəcəkdir. İndi belədir, bazar iqtisadiyyatının tələbi bundan ibarətdir: sənə verilən imkanlardan - əlbəttə, qanunlar çərçivəsində, qanunlara riayət edərək - istifadə edib öz təsərrüfatını, iqtisadiyyatını inkişaf etdirə bilərsənsə, o qədər də yaxşı yaşayacaqsan, dövlətə də o qədər çox gəlir gətirəcəksən, vergi verəcəksən. Prinsip bundan ibarətdir.

Mən bu prinsipə riayət edərək, ümidvar olduğumu bildirirəm ki, siz Şəmkir rayonunun kənd təsərrüfatı sahəsində yeni nailiyyətlər əldə edəcəksiniz. Burada ayrı-ayrı sənaye müəssisələri də vardır. Özəlləşdirildikdən sonra onların səmərəli işləməsi üçün yaxşı imkanlar mövcuddur. Çünki belə kiçik sənaye müəssisələri dövlətin əlində olanda böyük müəssisələrin hesabına işləyirdi. Ancaq kiçik müəssisə özəlləşəndə, sahibkarın əlində olanda onu işlətmək, oradan gəlir götürmək üçün o, bir çox vasitələrdən istifadə edə bilər. Mən arzu edirəm ki, siz bu sahəyə də diqqət yetirəsiniz və bu imkanlardan istifadə edəsiniz.

Azərbaycan öz dövlət müstəqilliyinin doqquzuncu ilini yaşayır. May ayının 28-də biz müstəqillik günümüzü bayram edəcəyik. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin bu ilin sonunda 9 ili tamam olacaqdır. Bu, böyük bir hadisədir. Yəni tarixi nöqteyi-nəzərdən az olsa da, amma baxın, insan həyatı nöqteyi-nəzərindən böyük bir tarixdir. Biz bir çox problemlərin həll edilməsi, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üzərində çalışırıq.

Biz 6 ildir ki, atəşkəs şəraitində yaşayırıq. Atəşi dayandırmışıq, torpaqlarımızı sülh yolu ilə azad etmək istəyirik və bunu da edəcəyik, buna nail olacağıq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir. Şəmkirdə də, başqa yerlərdə də qaçqınlar yaşayır. Yerindən-yurdundan didərgin düşmüş insanlar öz torpaqlarına qayıdacaqlar. Biz o torpaqları yenidən canlandıracaq, həmin yerləri bərpa edəcəyik və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik.

Azərbaycan müstəqillik yolu ilə inamla gedir. Azərbaycan demokratiya yolu ilə inamla gedir. Azərbaycan islahatlar yolu ilə inamla gedir. Bu, bizim strateji yolumuzdur. Bu yoldan bizi heç kəs dayandıra bilməz, bizə heç kəs mane ola bilməz.

Azərbaycan daim müstəqil olacaqdır. Azərbaycan demokratik dövlət olacaqdır. Azərbaycanın hər bir vətəndaşının rifah halı günü-gündən yaxşılaşacaqdır.

Mən bugünkü bayram münasibətilə sizi bir daha təbrik edirəm. Hamınıza cansağlığı, bütün işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 24 may 2000-ci il.