Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan milli yığma komandalarının 26-cı Yay Olimpiya Oyunlarına (Atlanta şəhəri, 1996) hazırlığını nümayiş etdirmək məqsədilə keçirilmiş idman baxışında çıxışı - Bakı Əl Oyunları Sarayı, 5 mart 1995-ci il

Əziz gənclər!

Bacılar, qardaşlar, qızlar, oğlanlar, əziz idmançılar!

Sizi əldə etdiyiniz böyük nailiyyətlərə görə, bu gün nümayiş etdirdiyiniz yüksək səviyyəli, gözəl idman ustalığı münasibətilə ürəkdən təbrik edirəm!

Azərbaycan xalqının çoxəsrlik tarixində idman, bədən tərbiyəsihəmişə görkəmli yer tutub və xalqımız həmişə idmanla məşğul olaraq özünü fiziki cəhətdən inkişaf etdirib, möhkəmləndirib, gücləndiribdir.Tariximizdə igidlik nümunələri göstərmiş xalq qəhrəmanları fiziki cəhətdən də güclü olublar. Onların həyatı, qəhrəmanlığı, keçdikləri böyük yol eyni zamanda Azərbaycan xalqında fiziki gücün nə qədər böyük və qüdrətli olduğunu nümayiş etdiribdir.

Azərbaycanda idman və bədən tərbiyəsi XX əsrdə daha böyük inkişafa çatıbdır. Azərbaycan idmanı elmi əsaslar üzərində və xarici ölkələrin təcrübəsi əsasında daha da inkişaf edibdir. Respublikamızda idman təhsili təşəkkül tapıbdır. 1930- cu ildə Azərbaycanda bədən tərbiyəsi və idman üzrə ali məktəb yaranıbdır. Orta ixtisas məktəbləri təşkil edilib, bədən tərbiyəsi və idman üzrə elmi tədqiqat işləri aparılıb, alimlərimiz meydana çıxıb, idmana dair əsərlər yazıblar. Bunların hamısı onu göstərir ki, idman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.

Bir sözlə, respublikamızda idman və bədən tərbiyəsi böyük və şərəfli yol keçib və məhz bunun nəticəsində bu gün burada adları çəkilən və Azərbaycana dünya şöhrəti gətirən idmançılar, idman ustaları, dünya çempionları, Avropa və olimpiya çempionları yetişibdir. Belə idmançılarımız bu gün də var və gələcəkdə də olacaqdır.

İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaranıbdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Bu imkanlar ondan ibarətdir ki, xalqımız idmanı, bədən tərbiyəsini sevir və bu gün bu salonda müşahidə etdiyimiz çıxışlar bir tərəfdən idmanın və bədən tərbiyəsinin Azərbaycanda dərin köklərini göstərir, digər tərəfdən xalqımızın yüksək mədəniyyətini və yüksək səviyyəli həyat tərzinə malik olduğunu nümayiş etdirir. Bunlar indən sonra müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı üçün yaxşı təməl qoyur və əlverişli zəmin yaradır.

Ötən onilliklərdə Azərbaycanda idmanın inkişafı üçün gözəl maddi-texniki baza yaranıbdır. Doğrudur, son illərdə bu baza bəzən dağıdılıb, ayrı-ayrı əllərə keçibdir. Ancaq həmin baza respublikamızdadır və mövcuddur. Hamısı Azərbaycan xalqının əlindədir və vətəndaşlarımızın, idmanımızın, bədən tərbiyəsinin inkişafı üçün istifadə olunmalıdır və olunacaqdır. Biz istəyirik ki, xalqımız həm mənəvi, həm də fiziki cəhətdən sağlam olsun. Azərbaycan xalqı öz genetik əsaslarına görə gözəl, fiziki və mənəvi cəhətdən sağlam xalqdır. Tarixi, milli və dini adət və ənənələr xalqımızı həmişə fiziki və mənəvi cəhətdən sağlam həyat tərzi keçirməyə sövq edibdir. Ona görə də xalqımızda mənfi hallara meyl az olubdur. Əgər indi belə meyllər haradasa meydana çıxırsa, bu da onu göstərir ki, əsrlər boyu yaranmış milli və dini ənənələrimizə riayət edilmir və onlar pozulur. Güman edirəm ki, ictimaiyyətimiz bunlara yol verməyəcəkdir və biz xalqımızın fiziki, mənəvi sağlamlığını qoruyub saxlayacağıq, gələcək nəsillərimiz daha sağlam, güclü və möhkəm olacaqdır.

Bunun üçun bədən tərbiyəsi və idmanın xüsusi yeri var. Respublikamızda bədən tərbiyəsi geniş yayılmalıdır. Mən hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırıram. Yaşından asılı olmayaraq hamını - gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirəm. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsilə yox, eyni zamanda bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Bədən tərbiyəsi geniş vüsət alan yerdə, şübhəsiz ki, yüksək idman nəticələri də olacaqdır.

Bu idman nailiyyətləri müstəqil Azərbaycan Respublikasının şan-şöhrətini indən sonra da dünyaya yayacaqdır. Biz indi müstəqil bir dövlət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının cürbəcür beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində XXVI Yay Olimpiya oyunları keçiriləcəkdir. Respublikamız artıq bu yarışlara hazırlaşır. Bununla əlaqədar mən xüsusi sərəncam vermişəm və təşkilat komitəsi yaratmışam. Bu istiqamətdə lazımi tədbirlər görülür və görüləcəkdir.

Bu gün burada, bu sarayda gördüklərimiz bizə inam verir ki, 1996-cı ilin olimpiya oyunlarında Azərbaycan idmançıları uğurla iştirak edəcək və ləyaqətli yer tutacaqlar. Mən buna əminəm. Bu gün burada gördüklərim məni buna daha çox inandırır.

Dediyim kimi, idman, bədən tərbiyəsi gənclərimizin daha da sağlam olması üçün lazımdır. Bu, müstəqil Azərbaycanın gələcəyi üçün əsasdır. Eyni zamanda gənclərimiz fiziki cəhətdən nə qədər güclü, nə qədər hazırlıqlı və sağlam olsalar, bir o qədər yaxşı işləyəcək, öz vəzifələrinin öhdəsindən bacarıqla gələcəklər və müstəqil Azərbaycanın müstəqilliyinin təmin olunmasında ləyaqətlə iştirak edəcəklər.

Bizim milli ordumuz yaranıbdır. Ordumuz Azərbaycan torpaqlarının müdafiəsində durur. Təəssüf ki, altı ildən artıqdır Ermənistan tərəfindən ölkəmizə qarşı təcavüz edilibdir və biz müharibə içərisindəyik. Bu gün böyük iftixar hissi ilə qeyd etmək olar ki, gənclərimiz məhz yüksək fiziki hazırlıqlarına görə, idmanla, bədən tərbiyəsi ilə müntəzəm məşğul olduqlarına görə ordumuzda gənclərin əksəriyyəti ləyaqətlə xidmət edir, döyüşür, qəhrəmanlıq nümunələri göstərir, onların bir çoxu Vətən yolunda şəhid olmuşdur. Güman edirəm ki, ordumuzun qurulması və gələcəkdə də inkişaf etməsi üçun, möhkəmlənməsi üçün gənclərimizin bədən tərbiyəsi və idmanla məşğul olması və respublikamızda idman işlərinin geniş miqyasda aparılması çox əhəmiyyətlidir. Biz buna xususi fikir veririk. Yəqin ki, gənclərimiz də buna diqqətli olacaqlar.

Müstəqil Azərbaycanın xoşbəxt və işıqlı gələcəyi var. Bu gələcək gənclərindir, sizindir, əziz gənclərimiz! Siz müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən də hazır olmalısınız. Sağlam həyat tərzi keçirməlisiniz, sağlam olmalısınız. Ona görə də idmanla və bədən tərbiyəsi ilə məşğul olmalısınız. Bu baxımdan biz Azərbaycan Gənclər və İdman Nazirliyinin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyi məhz ona görə yaratmışıq ki, Azərbaycan gənclərinin işi ilə dövlət tərəfindən lazımi səviyyədə məşğul ola bilək və respublikamızda idman işini daha yaxşı apara bilək. Mən yenə deyirəm, biz bu nazirliyin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyin işinə hamı komək etməlidir. Güman edirəm ki, nazirlik özü də qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəkdir.

İdmana xüsusi qayğı göstərərək, bu gün mən İdman Fondunun yaradılması haqqında və həmin fonda iki milyard manat pul ayrılması barədə fərman imzalamışam. Güman edirəm ki, bu, başlanğıcdır. Hesab edirəm ki, ictimaiyyətimiz idmana çox maraq göstərir. Ona görə də bu fərman, İdman Fondunun yaradılması, onun təməlinin qoyulması və iki milyard manat ayrılması ilə yanaşı, idmana maraq göstərən bütün adamları, idman pərəstişkarlarını bu fondun inkişafı üçün öz paylarını verməyə, öz münasibətlərini göstərməyə dəvət edirəm. Əminəm ki, idman pərəstişkarları, respublikamızın ictimaiyyəti, Azərbaycan gənclərinin qayğısına qalanlar və onların bu günü və gələcəyi haqqında düşünənlər İdman Fonduna qayğı göstərəcəklər. Əminəm ki, bu fond Azərbaycanda idmanın inkişafı işində layiqli yer tutacaqdır.

Əziz gənclər, mən bugünkü nailiyyətləriniz və göstərdiyiniz idman nümunələri münasibətilə sizi bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Hamını bədən tərbiyəsi ilə məşğul olmağa dəvət edirəm. Hamını idmanla məşğul olmağa dəvət edirəm.

Azərbaycanın idmanına uğurlar olsun!

Sağ olun!