Azərbaycan Davos İqtisadi Forumunda

Davos İqtisadi Forumunun tarixi: Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 1970-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos Forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarınınn, nüfuzlu siyasətçilərin, ‎iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

Azərbaycan Prezidenti Heydər Əliyev Davos İqtisadi Forumunda: 27-31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.‎ O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".

Prezident Heydər Əliyev 27-30 mart 2000-ci ildə Davosda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda sessiyada iştirak edib. Səfər çərçivəsində Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüş keçirib. Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişi Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib. Heydər Əliyev DİF ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açacağını bildirib. Eyni zamanda Heydər Əliyev İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin rəhbəri (Maliyyə Naziri) K.Villiqerlə görüşüb, digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. Dövlət başçısı bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib. Heydər Əliyev Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək bunu Dağlıq Qarabağın timsalında izah edib: "... Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən 16 min kvadrat kilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir..."

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda: Prezident İlham Əliyev də bir neçə dəfə Davos iqtisadi Forumunda Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb. İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Forum "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında keçirilib. 25 yanvar 2007-ci ildə Davos Forumu çərçivəsində keçirilən "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib.

Səfər çərçivəsində İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.

23 yanvar 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ikinci dəfə Davos Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdə olub, səfər zamanı bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb danışıqlar aparıb. Dövlət başçısı 24 yanvar 2008-ci ildə forum çərçivəsində təşkil olunan "Energetika sənayesində günəş enerjisinin rolu" mövzusunda əsas iclasda iştirak edib. İclasda iqlim dəyişikliyinə təsir göstərən amillərin aradan qaldırılmasının, atmosferə buraxılan karbon qazının azaldılmasının, gələcəkdə enerji sahəsində səmərəli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Prezident İlham Əliyev diskussiya xarakterli çıxışında Azərbaycandakı iqtisadi inkişafdan, aparılan islahatlardan, enerji layihələri və energetika sahəsində görülən işlərdən danışıb.

Dövlət başçısı İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen ilə də görüşüb. Görüşdə ikitərəfli əlaqələrin və əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkələr arasında müxtəlif səviyyəli təmasların genişlənməsindən məmnunluq ifadə edilib.

28 yanvar - 2 fevral 2009-cu il tarixdə Davos şəhərində 39-cu Dünya İqtisadi Forumu keçirilib, müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın əsas problemlərinin müzakirəsi və həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri diqqət mərkəzində olub. Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində "Böyük oyun təkrarlanır" mövzusunda iclasında iştirak edib. İclasda Azərbaycan Prezidenti ilə yanaşı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İranın xarici işlər naziri Mənüçöhr Mottəki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib. Burada Azərbaycanla Avropa İttifaqı arasında işbirliyi, bölgədə təhlükəsizliyin təmin olunması, Nabukko layihəsinin gələcəyi, Türkiyə-Ermənistan münasibətləri, Ermənistan ilə Azərbaycan arasında münaqişə, İpək yolu layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi məsələləri müzakirə olunub.

İlham Əliyev Davos Forumunun "Neft-qaz siyasəti - xəritə dəyişikliyi" mövzusunda iclasında da iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Avropa İttifaqının və dünyanın aparıcı ENİ, Total, Ekson/Mobil, Statoil-Hydro şirkətlərinin nümayəndələrinin də iştirak etdiyi iclasda neft hasilatının tənzimlənməsi, neft-qaz şirkətlərinin Rusiya və Yaxın Şərqdə artan maraqları, OPEK və qaz üçlüyünün maraqları, yaxın gələcəkdə enerji sahəsində nə kimi dəyişikliklərin baş verə biləcəyi məsələləri diqqət mərkəzində olub. İlham Əliyev çıxışında müzakirə olunan məsələlərə münasibətini bildirib, beynəlxalq enerji əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

27-28 yanvar 2010-cu il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Davos Forumunda iştirak edib. Forum çərçivəsində Prezident "Neft-qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda sammitdə, "Qlobal enerji mənzərəsi" mövzusunda iclasda iştirak edib. Prezident İlham Əliyev həmçinin Sloveniya Prezidenti Danilo Türk, Latviya Prezidenti Valdis Zatlers, İsveçrə Prezidenti Doris Loyhard, Polşa Prezidenti Lex Kaçinski ilə görüşüb, tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. Transmilli şirkətlərin rəhbərləri ilə görüşən İlham Əliyev həmçinin bir sıra mətbu orqanlara müsahibələr verib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında nümayəndə heyətinin də iştirak etdiyi sayca 41-ci olan “Yeni reallıq üçün ümumi normalar” devizi altında keçirilən 2011-ci il Dünya İqtisadi Forumu 26-29 yanvar tarixlərində Davos şəhərində baş tutub. Forum müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı, o cümlədən yeni iqtisadi perspektivlər və hərtərəfli inkişaf siyasətinin müəyyənləşdirilməsi, “Böyük 20”-liyin gündəliyinin dəstəklənməsi, qlobal risklərdən qorunma şəbəkəsinin yaradılması kimi məsələlərə həsr edilib.

Səfər çərçivəsində yanvarın 27-də İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım M.Kalmi-Rey ilə görüş keçirib. TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşdə isə TOTAL-ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin “Şahdəniz” və “Abşeron” qaz yataqlarının işlənilməsi, həmçinin Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın o vaxtkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Böyük transformasiya: yeni modellərin formalaşması” devizi altında keçirilən 42-ci Ümumdünya İqtisadi Forumunun növbəti illik görüşündə iştirak etmək məqsədilə Prezident İlham Əliyevin 2012-ci il 25-28 yanvar tarixlərində İsveçrəyə növbəti işgüzar səfəri baş tutub. Görüşün əsas mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olub. Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak edib.

Səfər çərçivəsində yanvarın 25-də Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Evelin-Vidmer Şlumpf ilə görüş keçirib. Dövlət başçısının Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşündə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Avstriyanın “OMV AG” şirkəti arasında əməkdaşlıq, o cümlədən “Nabukko” qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Yanvarın 26-da İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü baş tutub. Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakının və ildən-ilə artan fəallığının əhəmiyyətinin qeyd edildiyi görüşdə son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşkilatçısı olduğu “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi də təşkil olunub.

2013-cü il yanvarın 24-də İsveçrənin Davos şəhərində öz işinə başlayan 43-cü Ümumdünya İqtisadi Forumunun əsas müzakirə mövzusu “Dayanıqlı dinamika” olub. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti cənab Ueli Maurerin görüşü baş tutub. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanıb. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların o vaxtkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Yanvarın 24-də İlham Əliyevin də iştirakı ilə “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiya keçirilib. Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış edib.

Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. Bakı Forumu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr edilmişdi.

2014-cü ildə “Avrasiya – yeni sərhədlər” mövzusunda sessiyanın keçirildiyi Davos İqtisadi Forumunda Prezident İlham Əliyev növbəti dəfə iştirak edib. Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti cənab Didye Burkhalterin görüşü olub. Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi və iqtisadi münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların vəziyyəti və İsveçrənin ATƏT-də sədrliyi çərçivəsində bu münaqişənin həllinə verə biləcəyi töhfəyə dair fikir mübadiləsi aparılıb. Dövlət başçısı Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

Növbəti ildə - 2015-ci ildə İqtisadi Forumun 45-ci toplantısı yanvarın 23-də öz işinə başlayıb. Yanvarın 24-dək davam edən yubiley toplantısının mövzusu “Yeni qlobal kontekst” adlanıb. “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub, terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu da vurğulayıb.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub. Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi münasibətlər, iqtisadi əməkdaşlığın durumu və onun daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin də iştirak etdiyi sayca 46-cı olan“Dördüncü Sənaye İnqilabının Mənimsənilməsi” mövzusuna həsr olunan Dünya İqtisadi Forumu 2016-cı il yanvarın 22-də Davos şəhərində baş tutub. “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” adı altında keçirilən forumda neft ixracı ilə məşğul olan ölkələrdə neftdən asılı olmadan gəlir əldə etməyin yolları müzakirə edilib.

İlham Əliyevin tədbir çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşündə beynəlxalq aləmdə o vaxtkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib. Azərbaycan Prezidenti bu tədbirdə 10-cu dəfə iştirak edirdi və elə bu münasibətlə Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab dövlət başçısına Davos fəxri üzvlər klubunun nişanını təqdim edib.

2017-ci il yanvarın 17-də Davos İqtisadi Forumu «Bacarıqlı və məsuliyyətli liderlik» şüarı altında baş tutub. Forum çərçivəsində Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardla görüş baş tutub. Ölkələrimiz arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulanıb, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev eyni zamanda, Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb. Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlanıb, BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edilib, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olunub.

“Parçalanmış dünyada birgə gələcəyin yaradılması” mövzusuna həsr olunan 48-ci Dünya İqtisadi Forumu 2018-ci il yanvarın 24-də keçirilib. Prezident İlham Əliyev İqtisadi Forum çərçivəsində “Strateji baxış: Avrasiya” panelindəki müzakirələrdə çıxış edib və həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib. Dövlət başçısının da iştirak etdiyi “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyaya dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərləri, mütəxəssislər, alimlər də qatılıb. Sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində İlham Əliyev BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşlər keçirib. Dövlət başçısı Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin il ərzində istismara verilməsi məsələləri ətrafında danışıb.

2019-cu il yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına növbəti işgüzar səfəri baş tutub. “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması“ devizi altında keçirilən İqtisadi Forumda qloballaşan müasir dünyanın əsas problemləri müzakirə predmetinə çevrilib. Dövlət başçısının Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə baş tutan görüşündə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.

Yanvarın 22-də “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Prezident İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Dünya İqtisadi Forumunun 2020-ci il üçün mövzusu “Dayanıqlı və sıx birləşmiş dünyanın marağında olan tərəflər” adlanır. 2020-ci il yanvarın 20-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib. Azərbaycanın forumda ilk iştirakından artıq 25 il vaxt keçir və bu müddət ərzində Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əməkdaşlıq çox böyük və uğurlu inkişaf yolu keçib. İlham Əliyev 2007-ci ildən başlayaraq Davosda bu forumun illik toplantısında 14 dəfə iştirak edib.

Dövlət başçımız yanvarın 21-də forum çərçivəsində keçirilən “Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə də görüşüb. Borge Brende Forumun 50 illik yubileyi münasibətilə tədbirin nüfuzlu qonaqları üçün çox məhdud sayda – cəmi 200 ədəd hazırlanan şokolad dəstinin birini dövlətimizin başçısına hədiyyə edib. Dövlət başçımız və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalayıb. Bununla da ölkəmizlə forum arasında əlaqələrin yeni səhifəsinin başlanğıcı qoyulub. Çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Prezident İlham Əliyev niyyət protokolunun imzalanmasını Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandırıb. Yanvarın 22-də isə dövlət başçısı “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib.

Prezident İlham Əliyev həmçinin İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulanıb. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunulub, bu münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Dövlət başçısı BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşdə isə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağını qeyd edib. Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2006-2007-ci illərdə 137 ölkə arasında tutduğu 64-cü yerdən 2017-2018-ci illərdə 29 pillə irəliləyərək 35-ci yerə yüksəlib. Hesabata əsasən, 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada ikinci yerdə, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə üçüncü, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə beşinci yerlərdə, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” və “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə ilk onluqda qərarlaşıb.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.