Xalq artisti Rasim Balayevə - Bakı şəhəri, 7 avqust 1998-ci il

Hörmətli Rasim Balayev!

Sizi - müasir Azərbaycan kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz milli kinomuzun zəngin ənənələrini layiqincə davam etdirərək oynadığınız parlaq rollarla tamaşaçıların hörmətini qazanmısınız. Azərbaycan kinosunda yaratdığınız ilk obraz - Nəsimi obrazı fitri istedad və bacarığınız sayəsində kinomuzun nadir inciləri sırasına daxil olmuş və sizin gələcək yaradıcılığınıza güclü təkan vermişdir. Qüdrətli şəxsiyyətlərin obrazlarını məharətlə yaradaraq siz tarixi keçmişimizlə müasirlik arasında bir körpü salmısınız, milli-mənəvi dəyərlərimizin təbliğində böyük xidmətlər göstərmisiniz.

Kino sənətinin imkanlarından ustalıqla istifadə edərək müasirlərimizin də zəngin, dolğun obrazlarını ekranda təcəssüm etdirmisiniz. Təsadüfi deyil ki, oynadığınız və öz təbiiliyi, inandırıcılığı ilə səciyyələnən bütün rollar sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi kimi göstərdiyiniz ictimai fəaliyyət də təqdirəlayiqdir. Sizin yaradıcılığınız və ictimai fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və çəkdiyiniz zəhmətə görə müxtəlif mükafatlara layiq görülmüsünüz. Lakin ən böyük mükafatınız xalq məhəbbəti olmuşdur.

Əminəm ki, sənətkar ömrünün müdrik çağına qədəm qoyduğunuz bir dövrdə böyük təcrübə toplamış məşhur aktyor kimi müstəqil Azərbaycanımızın mədəniyyətinin inkişafı üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, pərəstişkarlarınızı yeni-yeni rollarla sevindirəcəksiniz. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, sənətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.