Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqi - Bakı Əyləncə Mərkəzi, 8 sentyabr 2002-ci il

Əziz Müslüm!

Əziz Tamara!

Hörmətli xanımlar və cənablar!

Üç gündür ki, Azərbaycan Müslüm Maqomayevin 60 illiyini bayram edir. Biz Müslümün 60 illiyini xalqın ona, onun mahnılarına, əsərlərinə bəslədiyi hansı hisslərlə və məhəbbətlə qeyd etdiyinin şahidləriyik. Bu qanunauyğundur. Çünki Müslüm Maqomayev özünün gözəl mahnıları ilə və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq, burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi. Odur ki, Müslüm hələ çox-çox illər əvvəl, hələ erkən yaşlarından Moskva səhnəsində görünmüşdür. Onun Azərbaycanda olduğu kimi, Moskva səhnəsində görünməsi də Sovetlər İttifaqı paytaxtının, Moskva kimi çox iri şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir. Amma o bununla kifayətlənmədi.

Keçmiş Sovetlər İttifaqının bir çox şəhərlərində, vilayətlərində, respublikalarında və bu hüdudlardan kənarda da onun sənətinə tələbat olduğunu bilən Müslüm bütün Sovetlər İttifaqına və Qərbin bir çox ölkələrinə qastrol səfərlərinə çıxmağa başladı. O harada olurdusa-olsun, hər yerdə hamını heyran qoyur, böyük hisslər oyadırdı, onun konsertlərinə düşmək çətin idi və xalq onu görmək istəyirdi. Halbuki, o vaxtlar onun mahnıları lentə alınır, yayılırdı, bu işdə Moskva televiziyası və radiosu böyük rol oynayırdı. Buna baxmayaraq, insanlar onu görmək istəyirdilər.

Belə maraq ilk növbədə onun əla, nadir səsi ilə bağlı idi. Belə maraq onun təkraredilməz ustalığı ilə bağlı idi. Güclü, yaxşı, xoş avazlı səsə malik olmaq kifayət deyildir, əgər müğənni öz səsindən, Allah vergisi olan istedadından istifadə edə bilmirsə, insanların məhəbbətini və rəğbətini qazana bilməz. Müslüm isə bu baxımdan böyük artist, çox böyük usta, mahnı ustası, söz ustası, artistizm ustası olduğunu göstərdi. Dünən konsertdə köhnə kadrları göstərdilər, Müslüm oxuyarkən onun necə jestləri vardı. Yəni, səhnədə onun zahiri görkəmi, mahnıların ifası zamanı etdiyi jestlər – bunlar hamısı birlikdə onun gözəlliyini təcəssüm etdirirdi. Prinsip etibarilə onu təbiət gözəl yaratmışdır. Bilirsinizmi, ümumiyyətlə, o xoşbəxtdir. Allah Müslümə belə təkrarolunmaz səsi, belə zahiri görkəmi, belə gözəlliyi və belə bacarığı ona görə bəxş etmişdir ki, o öz səsindən istədiyi kimi istifadə edə bilsin və öz zahiri görkəmini göstərə bilsin. O öz zahiri görkəmini göstərmirdi, sadəcə, səhnədə dururdu və hamı ona heyran-heyran baxıb zövq alırdı.

Dünən çox deyildi, hər yerdə, hər yanda hamı əlini ona toxundurmaq istəyirdi, ondan aftoqraf almaq istəyirdi, sadəcə olaraq, ona yaxından baxmaq istəyirdi, mən hələ onu demirəm ki, nə qədər qız, nə qədər qadın onun həsrətini çəkirdi.

Bu, həqiqətən belədir. Mən bunu ona görə deyirəm ki, – dünən bu barədə danışmışam – Müslümün Azərbaycanda səhnəyə gəlməsinin şahidi olmuşam. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Mən dünən dedim ki, gənc nəslimiz Müslümü tanımalı, onun yaradıcılığını, yaradıcılıq yolunu bilməlidir. Mənim kimi insanlara gəldikdə isə, bütün bunlar bizim gözlərimiz qarşısında baş vermişdir. Biz onu Azərbaycanda dinləmişik, sonra isə onun Moskvada, digər şəhərlərdə necə çıxış etdiyini izləmişik. Mən 1980-ci illərdə Moskvada işləyərkən Müslümün çıxış etdiyi konsertlərə də çox böyük iftixar hissi ilə gedirdim.

Azərbaycanın rəhbəri işlədiyim və Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum illərdə Oktyabr inqilabının ildönümünə, başqa hadisələrə həsr edilən çoxlu Ümumittifaq tədbirləri və ya yubiley təntənələri keçirilirdi və həmişə də xüsusi konsert hazırlanırdı. Moskvada da belə bir qayda vardı ki, konsertdə hər respublikadan bir müğənni çıxış etməli idi. Hər dəfə də bununla əlaqədar mənə müraciət edib deyirdilər ki, çıxış edəcək adamın adını qabaqcadan, iki ay əvvəl bildirin. Çünki onlar konsert proqramı hazırlayırdılar. Bizdə gözəl müğənnilər, gözəl incəsənət xadimləri, gözəl artistlər çox idi. Deməliyəm, xoşbəxtəm ki, xalqım incəsənət, mədəniyyət sahəsində belə görkəmli istedadlara malikdir. Amma mən əksər hallarda Müslümün adını verirdim.

Xatirimdədir, mən bütün bu təntənələrdə, tədbirlərdə iştirak edirdim. O vaxt Sovetlər İttifaqının rəhbərləri birlikdə oturub konserti dinləyirdilər və mən Müslümün səhnəyə çıxmasını həyəcanla gözləyirdim. Mən hər şeyə diqqət yetirirdim – onu necə hərarətli alqışlarla qarşılayırlar, o necə oxuyacaq, necə ifa edəcəkdir. Birlikdə işlədiyim Siyasi Büro üzvləri mənə tərəf çevrilib təbrik edirdilər. Mən çox böyük iftixar hissi keçirirdim! Çünki hər halda bu, öz xalqının malik olduğu ən yaxşı keyfiyyətləri təqdim etmək imkanı idi.

Əlbəttə, hər bir respublikanın rəhbəri çalışırdı ki, onun respublikası daha yaxşı təmsil olunsun. Elə bunun özü də müəyyən dərəcədə bu və ya digər respublikanın mədəniyyətinin, incəsənətinin səviyyəsinin göstəricisi idi. Müslüm öz çıxışları ilə məni tez-tez sevindirirdi. Bir qədər ətraflı danışacağam. Leonid İliç Brejnevin iki yubileyi olmuşdur – 70 illiyi və 75 illiyi. Mən onunla yubiley ərəfəsində, yubileyə iki ay qalmış görüşdüm, yubiley barədə söhbət etdik. O soruşdu ki, konsertdə səndən kim çıxış edəcəkdir? Mən bu sualı gözləyirdim. Buna baxmayaraq dedim: Leonid İliç, fikirləşirəm. O mənə dedi: Maqomayevi gətir, Maqomayevi. Cavab verdim ki, Leonid İliç, narahat olmayın, Maqomayev olacaqdır.

Olan olub, keçən keçib. İndi Brejnev haqqında nə istəyirlər deyirlər, halbuki, o vaxt hamı bu yubileydə iştirak etməyə, öz xalqını daha yaxşı təmsil etməyə çalışırdı. Çünki bu elə bir fürsət idi ki, orada hər bir respublika öz incəsənətini, öz mədəniyyətini təqdim edə bilərdi. Yadımdadır, hər iki halda onun yubileyi Kreml sarayında, Georgi salonunda qeyd edildi. Bu ziyafətlərdə Müslümün çıxışını hamı diqqətlə dinləyirdi və Müslüm çıxış edərkən mən həmişə böyük iftixar hissi keçirirdim.Mən dünən dedim ki, onun bütün bu illər ərzində və təbii ki, indi də əhatə olunduğu belə böyük, görünməmiş şan-şöhrətin ona təsir etməməsi böyük səadətdir, o mənada ki, o lovğalanmadı, yaxud bəzilərində olduğu kimi, özünü başqa cür aparmadı. O həmişə özünü təvazökar apardı, öz yüksək mədəniyyəti, ədəb-nəzakəti ilə fərqləndi və onun gözəlliyi barədə isə danışmaq lazım deyil, bunu hamı görür. Bir baxın, bir insanda nə qədər yüksək keyfiyyətlər olarmış. Bu qədər yüksək keyfiyyətlərə malik olsa da, çox böyük uğurlara malik olsa da, o həmişə təvazökar Müslüm olmuşdur və bu gün də belədir.

Müslüm zəmanəmizin böyük müğənnisidir. Mən bunu mübaliğəsiz deyirəm. Dünyada elə bir təşkilat yoxdur ki, o kimin böyük olduğunu müəyyənləşdirsin. Ancaq insanlar bunu özləri müəyyənləşdirirlər. Bu gün, Müslümün yubileyini qeyd etdiyimiz vaxtda deməliyəm ki, o, tarixə böyük müğənni kimi daxil olmuşdur. Özü də təkcə Azərbaycan milli miqyasının böyük müğənnisi kimi deyildir, dediyim kimi, o dərhal Azərbaycanın hüdudlarından kənara çıxmışdır. O, dünyanın bir çox ölkələrində tanınmış, belə yüksək ad-san qazanmış böyük müğənnidir. Biz Azərbaycanda Müslümün yubileyini bu cür təntənə ilə qeyd edərkən heç nəyi şişirtmirik, sadəcə olaraq, özünün 60 illiyinədək göstərdiyi xidmətləri layiqincə qiymətləndiririk.

Əziz Müslüm! Sən çox işlər görmüsən. Sən böyük yaradıcılıq yolu keçmisən, olduqca böyük xidmətlərin var. Təkrar edirəm, sən misilsiz şöhrət, yüksək nüfuz qazanmısan, sən belə uğurlara nail olmağından razı qala bilərsən. Zənnimcə, bu sənin həyatının mərhələlərindən biridir və biz gələcəkdə də sənin mahnılarının ifasının şahidi olacağıq. Allaha şükür ki, səsin dəyişməyibdir, ustalığın isə daha da artmışdır. Sən daha da irəli getməlisən və bizi öz mahnılarınla, öz uğurlarınla sevindirməlisən, bu sənin borcundur. Mən Tamara haqqında ayrıca danışacağam. Çünki o bu süfrə arxasında onun barəsində ayrıca sağlıq deyilməsinə layiqdir. Lakin bununla yanaşı, iki kəlmə demək istəyirəm – Müslüm və Tamaranı bir-birindən ayırmaq olmaz. Yaxşı ki, Müslümün belə şəxsi həyatı var. Əziz Müslüm, mən səni bir daha təbrik edirəm. Sənə cansağlığı, uğurlar arzulayıram, çox istəyirəm ki, sən həmişə sağlam olasan. Bundan ötrü nə etmək lazımdırsa, Azərbaycan prezidenti kimi, mənə de, mən edim, çünki sən bizə, xalqımıza, ölkəmizə çox lazımsan. Sən bütün insanlara çox lazımsan, sən ümummilli xarakterli, ümumbəşəri xarakterli müğənnisən. Ona görə də sən heç də təkcə bizə lazım deyilsən.

Sənin sağlığına, sənin gələcək uğurlarının şərəfinə!

Sağ ol!

Bu yubiley günləri mən Tamara Sinyavskaya barədə də bir qədər danışdım. Amma indi burada onun haqqında ayrıca danışmaq istəyirəm. O, Müslümün həyat yoldaşıdır, sözsüz ki, heç də hər bir dahi insanın belə, özünə layiq həyat yoldaşı olmur.

Tamara Sinyavskaya artıq neçə illərdir ki, Böyük Teatrın solistidir. Həm keçmiş Sovetlər İttifaqında, həm də indi Rusiyada opera müğənnisi kimi böyük şöhrət qazanmışdır.

Böyük Teatr möhtəşəm sənət məbədidir. Cavanlığımda Moskvada olduğum və Böyük Teatra getdiyim vaxtları xatırlayanda hər dəfə öz-özümə deyirdim ki, bu teatrda iki dəfə olmuşam, üç dəfə olmuşam, filan baletə baxmışam, filan operanı dinləmişəm. Hər dəfə də bu teatra getmək mənim üçün asan olurdu. O zaman gənc yaşlarımda mən burada DTK-da işləyirdim. Moskvada DTK-da, təbiidir ki, dostlarım var idi, oraya ezamiyyətə gedəndə mənim üçün hər cür şərait yaradırdılar. Böyük Teatrda həmişə onlar üçün 2 yer saxlanılırdı. Amma məsələ bundadır ki, həmin yerlərdən müxtəlif adamlar istifadə edirdilər. Moskvaya gələndə öz proqramımı dəqiqləşdirirdim ki, teatra nə vaxt gedə bilərəm. Teatrın repertuarı ilə tanış olur və əvvəlcədən dostlarıma müraciət edib bir neçə gün üçün biletlər alırdım. Bax, Böyük Teatr belə teatr idi.

Sonra mən Moskvada işləyəndə Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi, Mədəniyyət Nazirliyinə kuratorluq edirdim. O zaman mən Böyük Teatrla daha yaxından tanış oldum, əvvəllər oraya tamaşaçı kimi gedirdimsə, indi Kremldən bu teatrın işləri ilə maraqlanırdım. Əslinə baxsan, maraqlanmaq da lazım deyildi, çünki Böyük Teatrda artistlərin özləri çox məsələlər qaldırırlar və mən də bu problemlərlə məşğul olurdum. Onların çoxu ilə o zaman yaxından tanış oldum. Xatirimdədir, bir dəfə Böyük Teatr burada qastrolda idi. Tertrın bir çox tanınmış müğənniləri, solistləri bizim opera teatrının tamaşalarında oldular. Müslüm həmişə deyirdi ki, orada, Böyük Teatrda mənə yaxşı münasibət bəsləyirlər. 1972-ci ildə mən Tamaranı Rusiya mədəniyyət xadimləri nümayəndə heyətinin tərkibində görəndə, baxdım ki, bu, gənc, hündürboylu, gözəl və çox cazibədar bir qadındır. Açığını deyirəm, gizlətmirəm, axı o zaman Müslüm Tamara ilə tanış deyildi, o mənim xoşuma gəldi. Sonra ertəsi günü, mən bu barədə artıq danışmışam, biz bərə ilə Neft Daşlarına yola düşəndə gördüm ki, Müslüm bərədə yoxdur, Tamaranı da görmədim. Onlar haradasa bir yerdə idilər, öz-özümə fikirləşdim ki, afərin, Müslüm. Mən onun necə gözəl qadın olduğunu gördüm, sən demə, bizim zövqümüz eyni idi. Müslümün əvvəllər nə qədər qadını olmuşdur, indi isə neçə illərdir ki, Tamara ilə bir yerdədir.

O zaman mən Tamaranı ilk dəfə görürdüm. Burada o çox gözəl çıxış etdi və ən başlıcası odur ki, həmin hadisə tarixi xarakter daşıyır. Müslüm Maqomayev nəinki onunla tanış oldu, hətta bu tanışlıq tezliklə onların ailə qurmasına gətirib çıxartdı. Sonralar, Tamara Müslümə ərə getdikdən sonra mən onlarla tez-tez ünsiyyətdə olurdum. Mən artıq dedim ki, dünən və srağa gün biz bir yerdə oturub mərhum həyat yoldaşım Zərifə xanımı xatırladıq. Zərifə xanımın onları necə sevdiyini, bizim aramızda həmişə necə birlik yaratdığını yada saldıq. Onlar tez-tez bizə gəlirdilər, ya da ki, biz Moskvada onların qonağı olurduq. Tamara indi xatırlatdı ki, biz bir yerdə Böyük Teatra gedib, Maya Plisetskayanın iştirakı ilə Karmen-süita»ya baxmışdıq. Mən Zərifə xanımla, Müslüm isə Tamara ilə. Doğrudur, biz ayrı-ayrı yerlərdə oturmuşduq, lakin bir-birimizə yaxın idik. Mənə elə gəlir ki, biz təsadüfən görüşdük. Gizlətmirəm, məsələn, mən qızımı ərə verəndə toy etmədim, xudmani məclis təşkil etdim, Müslüm və Tamara da dəvət olunmuşdular. İlham Moskvada evlənəndə də toy olmadı və Siyasi Büroya məxsus evdə, böyük otaqda süfrə açıb, dostlarımı dəvət etdim. Müslüm və Tamara yenə də orada idilər. Onlar bütün ailə şənliklərimizdə iştirak etmişlər. Buna görə də mən Tamaranı Müslümü tanıdığım qədər yaxından tanıyıram və onun Böyük Teatrdakı yaradıcılıq fəaliyyətini diqqətlə izləyirdim. Mən həmişə onun işləri ilə maraqlanırdım, o da mənə danışırdı. O, təkcə Moskvada Böyük Teatrda yox, həm də Avropanın, Birləşmiş Ştatların bir çox məşhur teatrlarında çıxış etmişdir.

Xatirimdədir, o, ABŞ-damı, yoxsa Avropadamı hansısa opera teatrında necə çıxış etdiyini danışırdı. O, Almaniyada, Avstriyada, digər ölkələrdə çıxış edirdi. Biz onu sorğu-suala tutub, orada necə çıxış etməsi ilə maraqlanırdıq, axı o vaxtlar bu bizim üçün müəyyən qədər qəribə idi. Mən Moskvada işləyəndə, dediyim kimi, Böyük Teatrla maraqlanırdım, Tamaranın təkraredilməz, gözəl səsinə və əlbəttə ki, böyük artistlik məharətinə görə yüksək nüfuza malik olduğunu bilirdim.

«Karmen»də o necə də gözəl oxuyur! «Karmen»də Tamaranın ifası təkrarsızdır! Özü də təkcə «Karmen»də yox, digər operalarda da. Mən Moskvada işləyəndə Tamaranı Böyük Teatrdan SSRİ Ali Sovetinə deputat seçdilər. Yəqin ki, Moskvanın mədəniyyət tarixində o, yeganə deputat idi.

Yadımdadır, mən o zaman Rəyasət Heyətində oturmuşdum, Rusiyanın, daha doğrusu, Moskvanın nümayəndə heyəti isə həmişə qabaqda otururdu. Biz, Siyasi Büronun üzvləri gəlib oturduq və mən gördüm ki, o, birinci cərgədədir. Biz jestlə bir-birimizlə danışmağa başladıq.

Tamara gözəl insani keyfiyyətlərə malikdir və dostluq etdiyimiz bu illər ərzində bir daha buna əmin olmuşuq. Biz məhz dostluq edirdik, təkcə ona görə yox ki, mütləq dostluq etməliydik, ona görə ki, bu adamlar – Müslüm də, Tamara da bizim xoşumuza gəlirdilər. Əgər Tamara başqa cür olsaydı, bizim xoşumuza gəlməzdi. Biz Müslümə hörmət bəsləyirdik, onları dəvət edirdik. Tamara Müslümdən daha ünsiyyətlidir.

O, həmişəki kimi, təmkini ilə seçilirdi, bir söz deyib susurdu, Tamara isə dil-dil ötürdü. Bizə bundan başqa heç nə lazım deyildi. Bu qadınla söhbət etmək bizim üçün, sadəcə, xoş idi. Çünki o söhbətcildir, çox gözəl oxuduğu kimi, gözəl də danışır. İndi Tamara Maqomayev ailəsinin və yüksək üslubu, yüksək ifaçılıq qabiliyyəti ilə seçilən Maqomayev duetinin bir hissəsidir.

Tamara, mən səni təbrik edirəm ki, 30 ilə yaxındır Müslümün sadiq həyat yoldaşısan. Birgə həyatınızın 30 illiyi, sonra 35, 40 illiyi tamam olanda biz sizi təbrik edəcəyik. Mən bunu mütləq etmək fikrindəyəm.

Gözəl rus müğənnisi, gözəl incəsənət ustası, Müslüm Maqomayevin gözəl həyat yoldaşı Tamaranın sağlığına!

Sənin sağlığına!