Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Məşhəd Hava Limanında İran milli televiziyasının müxbirinə müsahibəsi - 12 may 1996-cı il

Sual: Cənab prezident. İran ilə Türkmənistanı birləşdirən dəmiryolunun çəkilməsi qədim \"İpək yolu\"nun yenidən bərpası deməkdir. Siz bu hadisəni necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Mən bu hadisəni, bu işdə əməyi olan şəxslərin göstərdikləri hünəri çox yüksək qiymətləndirir, onlara hörmət və ehtiramımı bildirirəm. Hesab edirəm ki, yenidən dirçəldilən \"İpək yolu\" hökmən Azərbaycandan da keçməlidir. Çünki, qədim \"İpək yolu\" həm də Azərbaycandan keçirdi. Biz \"İpək yolu\"na yeni əməkdaşlıq yolu kimi baxırıq. Bu yol ölkələrimiz arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Sual: Bu layihədə Azərbaycanın xeyri nədən ibarət olacaqdır?

Heydər Əliyev: Birincisi, o, xalqlarımız, ölkələrimiz arasında ticarət, nəqliyyat əlaqələrini daha da gücləndirəcəkdir. İkincisi, Azərbaycanın, Qafqazın İranla, Orta Asiya ölkələri və başqa ölkələrlə əlaqələrini daha da genişləndirəcəkdir. Bu da ölkələrimizin iqtisadi inkişafına kömək edəcəkdir.

Sual: İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Prezident Rəfsəncani ilə ayrıca görüşünüz olacaqmı?

Heydər Əliyev: Mən İran ilə Azərbaycan arasındakı münasibətlərin indiki vəziyyətini çox müsbət qiymətləndirirəm. O mənada ki, İran və Azərbaycan qonşu, dost dövlətlərdir, xalqlarımız da dost və qonşudurlar, qardaş xalqlardır. Eyni ənənələrə, eyni dinə mənsub olan xalqlardır. Bunlar hamısı bizim münasibətlərimizin daim müsbət olmasını tələb edir və Allaha şükürlər olsun ki, bu, belədir. Ancaq mənim arzum, istəyim ondan ibarətdir ki, bu əlaqələr daha da geniş, dərin və daha da yüksək səviyyədə olsun. Hesab edirəm ki, coğrafi mövqeyimizə, tarixi ənənələrimizə görə və başqa səbəblərə görə İran ilə Azərbaycan arasında əlaqələr bundan da yaxşı olmalıdır.

İran İslam Respublikasının prezidenti, dostum ağayi Haşimi Rəfsəncani ilə çoxdandır görüşməmişəm, darıxmışam. Şübhəsiz ki, onunla xüsusi görüşməyə ehtiyacım var.