Hörmətli xanımlar və cənablar!
\"Xolokost\" muzeyini ziyarət etmək çox əhəmiyyətlidir. Ancaq eyni zamanda bu ziyarət ağır hissiyyat doğurur.
Alman faşistlərinin yəhudilərə qarşı həyata keçirdiyi soyqırımı bəşər tarixində ən dəhşətli, ən faciəli hadisələrdən biridir. Biz Azərbaycanda soyqırımın nə olduğunu bilirik. XX əsrdə bizim də xalqımıza qarşı bir neçə dəfə soyqırım siyasəti həyata keçirilmiş və azərbaycanlılar dəhşətli faciələrə düçar olmuş, məhv olmuşlar. Bunları görərək, xalqımız bu faciələrin şahidi olaraq, biz yəhudilərin dünyada nə qədər faciələrlə rastlaşdığını da bilirik və bunu öz faciəmiz kimi qəbul edirik.
Alman faşistlərinin yəhudilərə qarşı həyata keçirdiyi soyqırım siyasəti dünyada misli görünməmiş, dəhşətli şəkildə olubdur. \"Xolokost\" muzeyi bunu əyani şəkildə göstərir. Doğrusu, bu faciələri bilməyimizə, ayrı-ayrı kinofilmlərdə bunları gördüyümüzə baxmayaraq, bu gün \"Xolokost\" muzeyindəki eksponatları görmək, müşahidə etmək çox ağır və çətindir. Bəzən təsəvvür etmək mümkün deyil ki, insan insana qarşı bu qədər vəhşilik edərmi? Ancaq bu həqiqətdir. Yəhudilərə qarşı belə vəhşiliklər edilmişdir, bunu alman faşistləri etmişlər.
Yəhudi xalqı tarix boyu çox böyük sınaqlara çəkilmiş və çox böyük çətinliklərlə üzləşmişdir. Ancaq bunlara baxmayaraq, yəhudi xalqı bütün bu sınaqlardan keçərək öz qədim, zəngin mədəniyyətini, öz mənliyini qoruyub saxlamışdır. Yəhudi xalqını tamamilə məhv etməyə çalışmışlar. Ancaq heç kəs buna nail ola bilməmişdir. Ona görə nail ola bilməmişdir ki, yəhudi xalqı bəşər mədəniyyətini zənginləşdirmiş və bəşər tarixində böyük izlər qoymuş bir xalqdır. Tarix sübut etmişdir ki, bu xalqı məhv etmək mümkün deyildir.
\"Xolokost\" muzeyi yəhudilərin başına gəlmiş bəlaları, müsibəti, faciəni çox əyani şəkildə göstərir. Bu muzeyi yaradanlar, eksponatları buraya toplayanlar, bəşəriyyətə yüksək səviyyədə təqdim edənlər tarixi missiyanı həyata keçirirlər. Alman faşizminin, nasizmin bəşəriyyətə qarşı etdiyi vəhşiliyi dünyaya-bugünkü və gələcək nəsillərə göstərmək lazımdır. Bəşəriyyət bir daha belə hallara yol verməməlidir.
Ona görə də \"Xolokost\" muzeyi çox böyük əhəmiyyət kəsb edir. Muzey həm bu faciəni əks etdirir, eyni zamanda insanları daha da sayıq olmağa dəvət edir. Muzeyin yaradıcıları və bu eksponatları buraya toplayanlar böyük xeyirxah iş görmüşlər.
Mən bu gün burada, muzeydə yanan əbədi məşəl önündə, həlak olmuşların xatirəsi qarşısında baş əydim. Bu muzey təkcə yəhudilər üçün yox, dünyanın bütün xalqları üçün lazımlıdır. Hər bir insan bu muzeylə tanış olarkən, eksponatları seyr edərkən özü üçün nəticə çıxarmalıdır. Yeganə nəticə ondan ibarətdir ki, bəşəriyyət bundan sonra heç yerdə, heç bir xalqa qarşı soyqırıma yol verməməlidir. Dünya birliyi müharibə alovlarını söndürməli, münaqişələri ləğv etməli, dünyada sülhün, əmin-amanlığın yaranması üçün daha çox səylər göstərməlidir. Bunlar muzeyə baxarkən çıxarılan nəticədir.
Mən sizə təşəkkür edirəm. Çox sağ olun, bizə çox geniş məlumatlar verdiniz. Azərbaycanda yəhudilər qədim zamanlardan yaşayıblar, onlara Azərbaycan xalqı tərəfindən heç vaxt ayrı-seçkilik edilməyibdir. Yəhudilər Azərbaycanda həmişə bərabər hüquqa malik olublar. İkinci dünya müharibəsi zamanı alman faşizminin Sovetlər İttifaqına hücum etməsi nəticəsində işğal olunmuş torpaqlardan 60 minə yaxın yəhudi Azərbaycan ərazisinə köçürülmüşdü. Müharibə illərində Azərbaycanın daxilində olan çətinliklərə baxmayaraq, yəhudilərə böyük qayğı göstərilib, onlar yerləşdirilib və yaşamaları üçün lazımi şərait yaradılıbdır.
Yəhudilər əvvəllər də - 20-ci illərdə Ukraynadan, Rusiyadan Azərbaycana köçürülüblər, Azərbaycanda özlərinə vətən tapıblar, doğma vətənləri kimi Azərbaycanda yaşayıb, qurub, çalışıblar.
İndi müstəqil Azərbaycanda yəhudilər tam bərabərhüquqlu insanlar, vətəndaşlar kimi yaşayır, işləyir, ölkəmizin ictimai-siyasi həyatında iştirak edirlər. Azərbaycanda müsəlman, islam konfessiyası ilə yanaşı, xristian və yəhudi konfessiyaları da fəaliyyət göstərir. Bunlar müstəqil Azərbaycanın bugünkü reallığıdır. Biz yəhudi xalqına öz həyatını qurmaqda və öz arzularına çatmaqda uğurlar arzulayırıq.
Mən sizin muzeyə 20-ci illərdə Azərbaycana köçürülmüş yəhudilər haqqında da bəzi arxiv materialları təqdim etmək istəyirəm. Bu materiallarla tanış olarkən görəcəksiniz ki, Azərbaycana köçürülmüş yəhudilərə o vaxt nə qədər böyük qayğı göstərilibdir. Güman edirəm ki, bu materiallar sizin üçün əhəmiyyətli olar. Sizə bir daha təşəkkür edirəm.
* * *
Heydər Əliyev: Bu arxiv materiallarını təqdim edərkən onu da bildirim ki, vaxtilə Azərbaycanın böyük heykəltəraşı, rəssamı Sabsay çox gözəl fikirlər söyləyibdir. Bu materiallar arasında onun yazısı da var. Bunlar sizin üçün əhəmiyyətli olar.
Mən muzeyə kitablar və İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri barədə albom da bağışlayaram.
Muzeyin nümayəndəsi: Cənab prezident, çox gərgin səfər cədvəlinizdən vaxt ayırıb muzeyimizi ziyarət etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Yəhudilərə qarşı törədilmiş soyqırımın yad edilməsi üçün ictimaiyyət qarşısında verdiyiniz bəyanata görə Sizə təşəkkür edirik. Salonları gəzib muzeyimizlə tanış olarkən keçirdiyiniz kədər hisslərini anlayır və hesab edirik ki, muzeyimiz insanlarda məhz bu cür hisslər doğurmaq üçün yaradılmışdır. Muzeyimizə verdiyiniz hədiyyəyə görə də Sizə təşəkkürümüzü bildiririk. Bu sənədlər yəhudilərin başına gəlmiş hadisələrin ictimaiyyətə daha ətraflı şəkildə çatdırılması üçün bizə yardımçı olacaqdır.
Hesab edirik ki, yəhudilərin aqibəti təkcə Avropanı deyil, dünyanın bir çox ölkələrini əhatə edibdir. Biz sizinlə tamamilə razıyıq ki, Xolokostu - yəhudi soyqırımını dərk etmək demokratik dəyərlərin, azadlıq amallarının inkişafı, çiçəklənməsi işinə yardımçı olmaq üçün hər birimizə lazımdır və gərəklidir. İcazənizlə, bu kitabı Sizə təqdim edim. \"Dünya gərək unutmasın\" adlanan bu kitabda, muzeydə gördüyünüz kimi, \"Xolokost\"un tarixindən bəhs olunur. Ümidvarıq ki, kitab tarixin bu mühüm anını yad etməkdə Sizə həmişə yardımçı olacaqdır.
Sizə bir daha təşəkkürümüzü bildirir və xahiş edirik ki, Azərbaycan xalqına bizim saamlarımızı yetirəsiniz.
Heydər Əliyev: Təşəkkür edirəm.