Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın \"Fata\" şirkətinin prezidenti Qaetano Di Roza ilə görüşdə söhbətindən - Roma, Azərbaycan Prezidentinin iqamətgahı, 26 sentyabr 1997-ci il

Hörmətli cənab Qaetano Di Roza!

Mənim haqqımda söylədiyiniz xoş sözlərə görə təşəkkürümü bildirirəm.

Sizin, prezidenti olduğunuz \"Fata\" şirkəti barədə, onun Avropa və Amerika qitələrinin bir çox dövlətləri ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etdiyinə, xüsusən Sumqayıt Alüminium Zavodu ilə sıx əlaqə saxladığına dair verdiyiniz ətraflı məlumatlar məndə hədsiz maraq doğurdu. Mənim üçün bunları eşitmək xoşdur ki, \"Fata\" şirkəti keçmiş Sovet İttifaqına mənsub olmuş respublikalarda 40 ildir ki, işləyir və bu məkanda bizim də bir çox zavodlarımız var.

Di Roza: Biz Sizin ölkənizin imkanlarına yaxşı bələdik. Bilirik ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində də potensial imkanları böyükdür. Hesab edirik ki, bu sahə yenidən qurulduqdan sonra onun məhsullarını dünya bazarlarına cəsarətlə çıxarmaq mümkündür. Azərbaycanda yetişdirilən pomidorun, göyərtinin, bostan məhsullarının gözəl dadı vardır. Ölkənizin torpaqları olduqca məhsuldar və bərəkətlidir. Bu torpaqlarda dünya standartlarına cavab verən hər cür kənd təsərrüfatı məhsulları yetişdirmək olar.

Heydər Əliyev: Cənab Di Roza, mən sizin məlumatlarınızı və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə təkliflərinizi razılıqla qarşılayıram. Bilirəm ki, bu şirkət həm də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olur. Bilmək maraqlı olardı ki, bu şirkətin Azərbaycanda alüminium istehsalının təşkilində iştirak etməsi üçün hansı təklifləri vardır?

Di Roza: Cənab prezident, biz hələ 1991-ci ildə bu sahəyə dair Azərbaycanla müqavilə imzalamışıq, lakin həmin müqaviləni yerinə yetirə bilməmişik. Söz verirəm ki, \"Fata\" şirkəti gələn ilin ikinci yarısından bu sahədə konkret işlər görəcəkdir.

Tofiq Həsənov (Azərbaycan \"Metallurgiya\" Dövlət şirkətinin prezidenti): Möhtərəm Prezident, icazənizlə məlumat verim ki, Azərbaycanda alüminium istehsalının mütərəqqi yolla təşkil edilməsi üçün hazırda müəyyən tədbirlər görülür. Bildirirəm ki, yüksək keyfiyyətli alüminium təbəqələri istehsalını təmin etməkdən və İtaliya texnologiyasından səmərəli istifadə olunmasından ötrü təxminən 30 milyon dollar məbləğində vəsait gərəkdir. \"Metallurgiya\" şirkəti bunun üçün lazım olan kreditin hazır məhsulla ödənilməsi haqqında \"Fata\" şirkəti ilə müqavilə bağlamağa hazırdır.

Heydər Əliyev: Sizə tapşırıq verirəm ki, Bakıya qayıtdıqdan sonra bu məsələ barəsində mənə ətraflı məlumat hazırlayasınız.

Cənab Di Roza, biz alüminium istehsalının təşkili sahəsində \"Fata\" şirkəti ilə əməkdaşlıq üçün respublikamız tərəfindən lazımi tədbirlər görəcəyik. O ki qaldı kənd təsərrüfatı məhsulları istehsalına və emalına dair təkliflərinizə, onlar olduqca maraqlıdır. Mən sizin şirkətin bu sahədə imkanlarını öyrənmək istərdim. Çünki indi bizdə kənd təsərrüfatı məhsulları istehsalı və emalı tamamilə özəlləşdirilmişdir. İndi biz torpaqları kəndlilərə xüsusi mülkiyyətə veririk və kənd təsərrüfatı məhsullarını emal edən bütün müəssisələri özəlləşdiririk. Buna görə də sizin arzu və təklifləriniz varsa, buyurub Azərbaycana gələ bilərsiniz. Mən bizim müvafiq nazirlik və idarələrimizə lazımi tapşırıqlar verirəm. Hər bir təklifinizi sizinlə birlikdə müzakirə etməyə hazıram. Bilirəm ki, İtaliya kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində böyük nailiyyətlərə malikdir. İtaliya şirkətləri Azərbaycanın bir sıra rayonlarında pomidor tomatı istehsalı xətləri tətbiq etmişlər. Onlar bu işləri bizim Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə görürlər. Belə hesab edirəm ki, sizinlə əməkdaşlığa ehtiyac vardır.

Cənab Di Roza, görüşə gəldiyinizə və qiymətli təkliflərinizə görə Sizə bir daha təşəkkür edirəm.