Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş ümümrespublika elmi-praktiki konfransın iştirakçılarına - Bakı şəhəri, 27 dekabr 1999-cu il

Hörmətli konfrans iştirakçıları!

Əziz müəllimlər!

Azərbaycanın milli təhsil sisteminin inkişafında müstəsna rol oynamış Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

Zəngin mədəniyyət və təhsil ənənələrinə malik olan Azərbaycan müsəlman Şərqində dünyəvi təhsilin gerçəkləşdiyi ilk ölkələrdən biri olmuşdur.

XIX əsrin ortalarından başlayaraq Azərbaycanda gedən siyasi və sosial-iqtisadi proseslər onun mədəni həyatına da güclü təsir göstərmiş, böyük vüsət alan maarifçilik hərəkatı yeni tipli təhsil ocaqlarının yaranmasına təkan vermişdir. Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli ziyalılar yeni tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün var qüvvələrini sərf etmişlər.

Onların bu səyləri 80 il bundan əvvəl Qazax Müəllimlər Seminariyasının yaranması ilə nəticələnmişdir. Vaxtilə bütün Yaxın Şərqə şöhrət tapan seminariyanın yaradılması Azərbaycan maarifçilərinin fədakarlığı və vətənpərvərliyinin canlı nümunəsi, Azarbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində yeritdiyi düzgün və məqsədyönlü siyasətin parlaq təzahürüdür.

Qazax Müəllimlər Seminariyası 40 illik fəaliyyəti dövründə respublikanın müxtəlif bölgələri üçün minlərlə müəllim kadrları hazırlamışdır. Azarbaycanın bir sıra tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri bu təhsil ocağının yetirmələridir.

Adları Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı kimi görkəmli simalar məhz həmin seminariyanın ilk məzunları olmuşlar.

Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra boyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azarbaycan Respublikasnın təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir.

Bu əlamətdar gündə sizə, respublikamızın bütün təhsil işçilərinə nəcib fəaliyyətinizdə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.