Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xalq artisti Rauf Abdullayevə təbriki - Bakı şəhəri, 6 dekabr 1997-ci il

Hörmətli Rauf Abdullayev!

Sizi - Azərbaycanın görkəmli dirijorunu 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz respublikada müsiqi mədəniyyətinin inkişafında xidmətləri olan sənətkar kimi tanınırsınız. Azərbaycan dirijorluq məktəbinin ənənələrini yüksək səviyyədə davam etdirmək, onu yeni zirvələrə qaldırmaq sizə nəsib olmuşdur. Müasir Azərbaycan bəstəkarlarının onlarla əsəri sizin böyük sənətkarlığınız sayəsində həyata vəsiqə almışdır. Sizin rəhbərliyiniz altında qoyulmuş bir çox tamaşa respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətindəki uğurlu mərhələlərdən biri də baş dirijor və bədii rəhbər kimi məhz sizin adınızla bağlıdır. Bakı Musiqi Akademiyasının professoru kimi 20 ildən artıq göstərdiyiniz pedaqoji fəaliyyət də səmərəli olmuşdur.

Umidvaram ki, Azərbaycanda professional musiqi mədəniyyətinin inkişafı yolunda siz öz təcrübə və bacarığınızı bundan sonra da əsirgəməyəcəksiniz. Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.