Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda Rusiya mədəniyyəti günlərinin təntənəli bağlanışı gecəsində Moskva şəhəri incəsənət ustalarının konsertindən sonra yaradıcı kollektivlə görüşdə söhbəti - Respublika sarayı, 30 iyun 2000-ci il

Heydər Əliyev: Sizin hamınızı Azərbaycanda Rusiya mədəniyyəti günlərinin çox gözəl başa çatması münasibətilə təbrik edirəm. Bu gün siz öz çıxışlarınızda burada, Azərbaycanda olmağınızla əlaqədar keçirdiyiniz hisslərdən danışdınız. Siz də, bu gün salonda olanlar da, bu günlər Rusiyanın incəsənət xadimlərini dinləyənlərin, görənlərin hamısı da daha çox danışa bilərdi.

Siz üç gündür Azərbaycandasınız, amma bayram yaratdınız. Əvvəla, Rusiya Federasiyasının incəsənətini və mədəniyyətini gözəl təmsil etdiniz. İkincisi, bizim hamımızı, azərbaycanlıları, Bakı, Sumqayıt sakinlərini və başqalarını sevindirdiniz - axı hər şey televiziya ilə yayımlanır, elə bu gün də canlı yayım oldu, bütün respublika sizi gördü, dinlədi. Odur ki, siz hamını sevindirdiniz. Biz yanaşı oturmuşduq və deyirdim ki, bir baxın, necə qarşılayırlar. Məsələ onda deyil ki, hər ifaçını alqışlayırdılar, həm də bütün salon ifa olunan mahnılardan və nümayiş etdirdiyiniz rəqslərdən cuşa gəlirdi. Deməli, bütün bunlar ürəyə yatırdı. Bu birincisi.

İkincisi isə, nəinki ürəyə yatırdı, hətta riqqətə gətirirdi, buna görə də tamaşaçılar eşidən kimi, hiss edən kimi, görən kimi cuşa gəlirlər, ürəkləri yerindən oynayır və sizinlə birlikdə oxuyur, sizinlə birlikdə alqışlayır və hətta, məncə, sizinlə birlikdə atılıb düşürdülər.

Mən Rusiya mədəniyyəti günlərinin açılışında oldum. Əlbəttə, sonrakı günlərdə, çox istəsəm də, imkanım olmadı. Amma bu gün bağlanışdır, mən də buradayam. Mənə hər gün məlumat verirlər, bilirəm ki, bütün çıxışlarınız hər yerdə və həmişə çox uğurla keçmişdir. İnsanlar sevinirdilər, Rusiyanın İncəsənət xadimlərini çox böyük hörmət, çox böyük fərəh hissi ilə qarşılayırdılar. Düşünürəm ki, bu günlər siz respublikamızın və şəhərimizin sakinlərinə həqiqətən çox böyük məmnunluq, mənəvi zövq bağışladınız.

Bu gün Lyudmila İvanovna mənə Sumqayıtda sizin necə qarşılandığınızı danışdı. Hiss etdim ki, o bir qədər təəccüblənmişdi. Siz bu keşməkeşli zəmanəni yaşamış Sumqayıta bir baxın. Bəlkə də bu gün orada heç də bir şey asan deyil, hər şey rəvan deyildir. Lakin bu, təkcə Sumqayıtda deyil, bütün keçmiş Sovetlər İttifaqı məkanında belədir. Elə Rusiyada da, Azərbaycanda da belədir. Amma bir görün, sizi Sumqayıtda, Bakıda, bütün salonlarda necə qarşılayırdılar. Bütün bu salonlar - Opera Teatrımız da, Musiqili Komediya Teatrın da, bax, bizim bu baş sarayımız, Respublika sarayı da bu günlər Rusiya incəsənət xadimlərinin tam ixtiyarına verilmişdir. Birinci gün də, bu gün də. Burada çox yaxşı sərgilər oldu, sonra bizim incəsənət muzeyində və başqa yerlərdə çıxışlar oldu. Bir sözlə, siz qısa müddətdə çox işlər görə bildiniz.

Mən bu gün gördüm ki, hər bir kəsin ifa etməsi üçün nə qədər enerji tələb olunur. Bu gün isə sizin konsertiniz məhz çox coşğun, həm oxumaq, həm də rəqs etmək tələb olunan nömrələrdən ibarət idi.

Əlbəttə, siz hamınız gəncsiniz. Ona görə də bütün bunları sizə nəyə görə deməyim. Sizə bəlkə də təəccüblü gorünür. Lakin Lyudmila İvanovna və əlbəttə, mən sizin enerjinizə heyran qaldıq. Enerji hər bir insanda - birində çox, başqasında az - var. Ən başlıcası, mən sizin sənətinizə heyranam. Rus incəsənəti, Rusiya incəsənəti çox zəngindir və şükürlər olsun ki, biz Rusiya mədəniyyətini çox-çox illər ərzində az görməmişik. Amma rus mahnılarını, rəqslərini, bədii sözünü hər dəfə dinlədikdə, gördükdə, eşitdikdə heyran qalır və sevinirik. Əvvəla, onlarda necə dərin bir məna var. İkincisi, mənəvi zənginlik var, üçüncüsü isə, əlbəttə, müsiqinin, rəqsin, bədii sözün və ümumiyyətlə, sizin nümayiş etdirdiyiniz sənətin səviyyəsi yüksəkdir.

Çox sağ olun, mən sizin hamınıza təbrik edirəm. Amma düzünü deyin, hansı Prezidenti sevirsiniz - Boris Nikolayeviçi, yoxsa Vladimir Vladimiroviçi?

Lada Dens: Bəlkə Sizi? Bu yeni bir mahnıdır.

Heydər Əliyev: Mən məhz bunu aydınlaşdırmaq istəyirdim.Əgər hiss varsa, utanmaq nəyə gərək?! Düşünürəm ki, sizə hər bir prezident vurula bilər, o cümlədən də mən.

Hər şeyə görə sağ olun. Bir daha deyirəm, siz bütün Azərbaycana olduqca böyük sevinc bəxş etdiniz. Axı burada təkcə çıxışlardan - konsertdən, baletdən, teatrdan söhbət getmir. Söhbət ondan gedir ki, mədəniyyət, incəsənət insanları yaxınlaşdıran, qarşılıqlı münasibətləri, dostluğu möhkəmləndirən çox güclü vasitədir. Bu günlər siz Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi işinə olduqca böyük töhfə verdiniz. Burada Qafqazdan - Qaraçay-Çərkəzdən, Şimali Osetiyadan olan gəncləri də görmək mənim üçün xoş idi, gözəl gənclər böyüyür. Bilirsinizmi, Qafqazın bu xalqları yüksək istedadları ilə həmişə fərqlənmişlər. Neçə-neçə belə adamlar bütün dünyada məşhurdur. Ancaq məni sevindirən budur ki, bu hərəkət kəsilmir, dayanmır, bu hərəkət irəliyə doğru gedir. Bir görün, necə cavandırlar və bu gün nə cür gözəl çıxış etdilər. Bu gün siz, həqiqətən, elə bir konsert verdiniz ki, burada folklor da, estradada, gözbağlayıcı da, bədii söz də var idi. Amma yəqin ki, ən başlıca xidmət rejisorundur, gərək xidmətlərini qiymətləndirəsən, çünki o bunların hamısını məharətlə təşkil etmişdi, hər şeyi elə yerbəyer etmişdi ki, bir saniyə də fasilə olmurdu. Məsələn, mən bir an belə gozümü səhnədən çəkə bilmirdim