\"Azərbaycan Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirlikləri səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən\" (10 fevral 1999-cu il) sənədinə tarixi arayış

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 1992-ci ilin sentyabrında qurulsa da, əsasən 90-cı illərin ikinci yarısından inkişaf etməyə başlayıb. Həmin vaxtdan tərəflər arasında ticarət, neft və mədəniyyət sahələrində əlaqələr genişlənib.

Azərbaycan Prezidenti Heydər Əliyev BƏƏ rəhbərləri ilə beynəlxalq təşkilatların tədbirləri zamanı görüşlər keçirib. İslam Konfransı Təşkilatının 1994-cü ildəki Mərakeş zirvə görüşündə o, əmirliyin kralı Şeyx bin Sultan ilə görüşüb.

Azərbaycan Prezidenti Heydər Əliyev 1999-cu il fevralın 10-da BƏƏ-nin Azərbaycandakı səfiri Səlim Rəşid Səlim Əl-Aqrubunun etimadnaməsini qəbul edərkən həmin söhbəti xatırladıb. Səfirlə söhbətində qarşılıqlı əlaqələrin inkişafına tərəfdar olduğunu və bu məqsədlə müvafiq təşəbbüslərin də edildiyini söyləyib: \"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələr son illər yaranıb və sürətlə inkişaf edir. Biz bu əlaqələrin daha da genişlənməsinin və inkişaf etməsinin tərəfdarıyıq. Biz bu sahədə öz tərəfimizdən bir neçə təşəbbüs irəli sürmüşük və onların həyata keçirilməsinə çalışırıq\". 

Əməkdaşlıq münasibətlərini genişləndirmək məqsədilə 2001-ci ildən başlayaraq Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif iqtisadi, ticarət, nəqliyyat və s. sahələrinin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri həyata keçirilib.(http://www.mfa.gov.az/)

Azərbaycan-BƏƏ münasibətləri siyasi əməkdaşlıq, iqtisadiyyat, ticarətdən başqa mədəniyyət sahəsində də formalaşıb. 2004-cü ilin aprelində Dubayda Azərbaycan mədəniyyəti həftəsi keçirilib və tərəflərin mədəniyyət nazirləri arasında müvafiq saziş bağlanıb (http://www.khaleejtimes.com/)

Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il noyabrın 20-21-də iki günlük rəsmi səfərlə BƏƏ-yə gedib. Bu səfər iki ölkə arasında əlaqələri daha da genişləndirib. Noyabrın 20-də Əl-Müşrif Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Xəlifə bin Zaid əl Nəhyanın təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Bu səfərdən sonra müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə də əməkdaşlığın mövcud potensialından tam istifadə ediləcəyindən əminlik ifadə edilib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunulub. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri barədə məlumat verərək bu münaqişənin həlli ilə bağlı hazırda aparılan danışıqlar prosesindən söhbət açıb.

Görüşün sonunda Azərbaycan və BƏƏ arasında sənədlərin imzalanma mərasimi keçirilib. (http://www.az-customs.net/)

Tarixi arayış 11 yanvar 2008-ci ildə yeniləşdirilib.