Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Elmi Tədqiqat Pulmonologiya İnstitutunun elmi direktoru, akademik Aleksandr Çuçalini qəbul edərkən söhbətindən - Prezident sarayı, 26 mart 1999-cu il

Heydər Əliyev: Cənab Çuçali, əziz qonaqlar hər birinizi salamlayıram, sizi burada görməkdən çox şadam.

Aleksandr Çuçalin: Bakıda nəfəs orqanlarının xəstəliklərinə dair keçirilən bu konfrans çox yaxşı konfransdır və onun keçirilməsi ideyası da çox yaxşıdır. Mən konfransın özünə, auditoriyanın diqqətinə sadəcə olaraq heyranam, əslində bütün professorlar toplaşmışlar.

Bu, ilk belə birləşdirici konfransdır. Konfrans Azərbaycanda çox geniş yayılmış nəfəs yollarının allergiyası kimi xəstəliklərə həsr edilmişdir. Bu, Azərbaycan üçün çox ciddi problemdir. Əhalinin 15 faizindən çoxunda bu və ya digər növ allergiya xəstəlikləri var. Bunlar əsasən nəfəs yolları, dəri xəstəlikləridir. Bu insanda böyük patologiyadır, təəssüflər olsun, uşaqlar da ağır xəstələnirlər.

Bu konfransın keçirilməsi ideyasının özü bəzi ümümi informasiya xarakterli konfranslarımızın bərpa edilməsinə yönəldilmişdir. Bu konfrans çox yüksək səviyyədə və çox maraqlı keçir. Mən buraya mühazirəçi kimi dəvət edilmişəm.

Heydər Əliyev: Çox yaxşı, mən şadam. Bu gün bizim nazir mənə danışdı və ondan soruşdum ki, nə üçün mənə əvvəlcədən məlumat vərilməyibdir. O dedi ki, Aleksandr Qriqoryeviçin bu konfransda olacağını güman etmirdi. Mən dedim: Görürsünüzmü, siz güman etmirdiniz, o isə gəldi. Konfrans normal keçdi?

Aleksandr Çuçalin: Konfrans daha bir gün işləyəcək və çox yaxşı keçəcəkdir. 

Mən öz təəssüratımı bildirmək istərdim. Azərbaycana ilk dəfə gəlmişəm. Heydər Əliyeviç, taleyim elə gətirmişdir ki, mən sizin gözəl ölkənizə ilk dəfə gəlirəm. Əlbəttə, belə dinamizm məni heyran edir. Mən bir neçə müalicə müəssisəsində olmuşam və sizin Pulmonologiya İnstitutunu gördükdə, sözün düzü, qibtə etdim. Çox yaxşı, əla düşünülüb tikilmiş binadır, orada çox yaxşı avadanlıq var. Yəni biz məhz bunu yüksək texnologiyalar təbabəti adlandırırıq. Həkimlərimizin bu istiqaməti inkişaf etdirmək niyyəti xoşuma gəlir. Çünki nəfəs orqanlarının xəstəlikləri çox ciddi problemdir və buna həmişə az diqqət yetirmişlər. Düşünürəm ki, sizin institut bu gün ən yaxşı institutdur və əla təchiz edilmişdir, avadanlıq ən yaxşılardan biridir. Odur ki, Sizi və nazirinizi belə instituta malik olmaq münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm.

Heydər Əliyev: Onün özü pulmonoloqdur və yəqin buna görə də bu sahəyə böyük diqqət yetirir.

Aleksandr Çuçalin: Mən başa düşdüm ki, bu, kifayət qədər yaxşı ahəngdarlıqdır, çünki uşaqlar da yaxşı müalicə edilir, təxirəsalınmaz tibbi yardım da göstərilir. Bir sözlə, gördüklərim mənə dərin təsir bağışladı.

Həydər Əliyev: Çox xoşdur, amma sizin institut da çox böyük institutdur.

Aleksandr Çuçalin: Mən hesab edirəm ki, Azərbaycan Pulmonologiya İnstitutunda qoyulmuş avadanlıq texnikanın son nailiyyətidir.

Əli İnsanov (Səhiyyə naziri ): Bu avadanlıq Heydər Əliyeviçin Yaponiyaya səfərindən sonra ona verilmiş hədiyyədir.

Aleksandr Çuçalin: Münasibətlərimizi nəcə təşkil etmək barədə bizdə bəzi ideyalar yaranmışdır. Biz Əli Binnətoviçlə birgə elmi sessiyalar keçirmək haqqında razılığa gəlmişik. Məsələn, sizin və bizim institutlar bir-birlərinə mütəxəssislər göndərir, texnologiyalar, informasiya, əlbəttə, ən əvvəl tibbə dair informasiya mübadiləsi edirlər. Müxtəsəri, burada bizdə tama­milə qarşılıqlı anlaşma var.

Əli İnsanov: Heydər Əliyeviç, diskussiya oldu. Aleksandr Qriqoryeviç hesab edir ki, mütəxəssislərimiz artıq yüksək səviyyədə diskusssiyalar apara bilərlər.

Aleksandr Çuçalin: Səviyyə yaxşıdır, fikirlər yüksəkdir.

Əli İnsanov: Şadam ki, Azərbaycan mütəxəssisləri Rusiya akademikinin çox xoşuna gəldilər.

Heydər Əliyev: Aleksandr Qriqoryeviç, şadam ki, siz Azərbaycana gəldiniz. Yadımdadır, mən Moskvada işləyən vaxtlar biz sizinlə görüşürdük. İstərdim ki, siz respublikamıza gəlib-gedəsiniz, Respublikamıza çox gec olsa da, hər halda gəlmisiniz. Amma bu, çox gözlənilməz oldu. Bu, xoşdur.

Mən Moskvada birgə işimizi xatırlayıram. O illərdə siz Sovet İttifaqı Tibb Elmləri Akademiyasının vitse-prezidenti idiniz. Tibb akademiyasının 40 illiyinin bayram edilməsində olduğum, akademiyaya Le­nin ordeni təqdim etdyim xatirimdədir. Yadımdadır, indi mərhum akademik Bloxin bir nəçə dəfə yanıma gəlib demişdi ki, akademiyanın 40 illiyi yaxınlaşır və o, nə etmək lazım olduğunu bilmir. Mən ona məsləhət verib nə etmək lazım olduğunu dedim və o, mən deyənləri etdi. Sonra akademiyanın təltif etmək məsələsi qarşıya çıxdı. Lakin akademiya təltif olundu. O vaxt mən İttifaqlar Evinin Sütunlu salonunda sizin qarşınızda böyük məmnuniyyətlə çıxış etdim, Sovet İttifaqında, Rusiyada təbabətin tarixindən, tibb elminin nailiyyətindən danışdım. Mən bunların hamısını xatırlayıram. Buna görə də istərdim ki, siz Azərbaycanda olasınız.

Doğrudur, digər bütün ölkələrdə, o cümlədən Rusiyada olduğu kimi, bizdə də indi keçid dövrüdür, o, böyük çətinliklərlə bağlıdır. Buna baxmayaraq, biz bu vəziyyətdən tədricən çıxırıq. Hər halda indi Rusiyadakı kimi bizdə iqtisadi və sosial böhran yoxdur. Sovet İttifaqı dağıldıqdan sonra biz də ümumən iqtisadi böhran keçirdik. Çünki həmin iqtisadi sistemin dağılması, yeni iqtisadi sistemə, bazar iqtisadiyyatı sisteminə, azad iqtisadiyyata keçid asan iş deyildir. 1995-ci ildən başlayaraq son illərdə biz iqtisadiyyatın artım surətinin azalmasını dayandırmışıq, 1996-cı, 1997-ci, 1998-ci illərdə iqtisadiyyatın inkişafı davam etmişdir. Biz inflasiyanın qarşısını tamamilə almışıq, üç ildir bizdə inflyasiya yoxdur. Milli valyutamızın məzənnəsi sabitdir. Dünən Rusiyada dollar az qala 27-28 rubla idi. Xatirimdədir, Rusiyada pul nişanları dəyişdirilən vaxtlarda dollar 3 rubla idi, sonra 6, daha sonra 17- 18 rubl oldu. Son vaxtlar 23 rubl səviyyəsində saxlanılırdı, dünən isə xəbər vərdilər ki, dollar 27, dəmək olar, 28 rubla çatmışdır.Bu, çox ağır yüksəlişdir.

Əlbəttə, biz Rusiyadakı maliyyə böhranının ciddi təzyiqi altındayıq. Buna baxmayaraq, iqtisadiyyatda, xüsusən valyuta bazarımızda sabitliyi qoruyub saxlaya bilmişik. Odur ki, hələlik, nəcə dəyərlər, tab gətiririk. Rusiya rəhbərliyi beynəlxalq valyuta fondu ilə hələ də danışıqlar aparır, kreditlər almağa çalışır. Valyuta fondu ilə bizim münasibətlərimiz yaxşıdır. Söz düşmüşkən, onlar gəlir və iqtisadiyyatımızın vəziyyətini müsbət qiymətləndirir və hətta bizi Müstəqil Dövlətlər Birliyinin ölkələri arasında tez-tez nümunə göstərirlər.

Bununla bələ, olduqca çox problemlər var. Əlbəttə, təbabətə daha çox vəsait ayırmaq istərdik. Ancaq yoxdur. Elmə də daha çox vəsait ayırmaq istərdik, amma bunun üçün də yoxdur. Lakin bacardığımız qədər edirik. Məsələn, Pulmonologiya İnstitutu yaxşı vəziyətdədir. Bu, son illərdə görülmüş işlərin nəticəsidir.

İndi biz müxtəlif dövlətlərdəyik, amma elm və təbabət sərhəd bilmir. Ona görə də mən bütün ölkələrlə, ən əvvəl Rusiya ilə, Moskva ilə qarşılıqlı fəaliyyəti və təcrübə mübadiləsini, birgə işi həmişə təşviq etmişəm. Axı, uzun onilliklər ərzində iş əla gətirmişdir ki, ixtisaslı kadrlarımız, xüsusən tibb kadrlarımız Moskvada, ən iri elmi tədqiqat tibb institutlarında hazırlanmış, ixtisas almışlar. Azərbaycanda səhiyyənin, tibb elminin təşkilinə çox böyük kömək göstərilmişdir. İndi bizim müxtəlif dövlətlərdə olmağımız təbabət, tibb elmi sahəsində birgə işə qətiyyən manəçilik törətmir. Ona görə mən şadam ki, siz gəlmisiniz, şadam ki, belə konfrans keçirilir. Səhiyyə nazirinə bu əlaqələri genişləndirməyi, dərinləşdirməyi və inkişaf etdirməyi bir daha tapşırıram.

Aleksandr Çuçalin: Rusiya alimləri adından Sizə təşəkkür etmək istəyirəm. Tibb akademiyasının 40 illiyindən danışarkən xatırladığınız həmin sessiyalar tariximizin çox parlaq səhifələri idi. İndi həddindən çox alimlər çıxıb getmişlər. Məsələn, mənim institutumdan 40-dan artıq adam mühacirət etmişdir, onlar müxtəlif ölkələrdə, əsasən ABŞ-da işləyirlər. Hamısı da çox yüksək vəzifələrdə çalışır laboratoriyalara, kafedralara, institutlara başçılıq edirlər. Bunu ona görə deyirəm ki, elmin həqiqətən layiqli olmasına, cəmiyyəti müəyyənləşdirməsinə Siz də böyük töhfə vermişsiniz.

Siz o sessiyadan danışdınız təəssüf ki, Nikolay Nikolayeviç artıq yoxdur, ağır xəstəlikdən vəfat etmişdir. Lakin onun Sizin yanınıza gəlməsi, bu əlaqələr Tibb Elmləri Akademiyasının taleyinə həqiqətən çox böyük təsir göstərmişdi.

Mən öz təəssüratlarımı çox qısaca söylədim, lakin , təəssüratlarım olduqca zəngindir. Mən və Bakıya mənimlə birlikdə gələn professorlar burada gördüklərimizi digər MDB ölkələrində görməmişdik. Çox təəssüflər olsun ki, Rusiyada nə yeni institutlar, nə də xəstəxanalar əslində tikilmir. Rusiya ağır dövr keçirir. Başqa respublikalarda, məsələn, Ukraynada, Belarusda da tibb müəssisələri tikilmir. Məhz buna görə biz hamımız bu dediklərimə diqqət yetirirdik. Biz burada tikilməkda olan üç müasir mərkəz gördük. Buna görə də Azərbaycan gördüklərimizdən və bildiklərimizdən olduqca fərqlənir.

Əlaqələrimiz barədə. Mən Bakıda ilk dəfəyəm, lakin buraya gələn kimi doğma bir mühitə - burada işləyən professorlar, bəzi şagirdlərimin əhatəsinə düşdüm. Bizim mühitimiz dövlətlərin qarşılıqlı münasibətlərindən hər halda yüksəkdir. Heç nəyə məhəl qoymayaraq biz bir-birimizə meyl edirik, bir-birimizə gərəyik. Biz fəal axtarışlar aparmağa, əməkdaşlıq etməyə çalışırıq.

Çox sağ olun ki, elmi görüşlər keçirmək, yeni mütəxəssislər hazırlamaq təşəbbüsümüzü dəstəkləyirsiniz. Əlbəttə, biz gənclərlə xüsusilə məşğul oluruq. Biz qüvvələrimizi xüsüsilə gənc professorlar, gənc mütəxəssislər hazırlamaq sahəsində tətbiq etmək istərdik. Düşünürəm ki, burada bir- birimizə çox faydalı olacağıq.

Heydər Əliyev : Təşəkkür edirəm.                         

"Azərbaycan" qəzeti, 27 mart 1999-cu il