Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədən rəsmi səfərdən vətənə qayıdarkən İstanbulun Atatürk hava limanında mətbuat konfransında bəyanatı - 8 may 1997-ci il

Hörmətli mətbuat nümayəndələri!

Türkiyə Cümhuriyyətinə dörd günlük rəsmi səfərim başa çatdı. Mən artıq hava limanındayam, bir neçə dəqiqədən sonra Bakıya yola düşürəm. Səfərimə yekun vuraraq məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu səfər Azərbaycan üçün çox uğurlu oldu. Mən bu səfərdən, aparılan danışıqlardan, imzalanan sənədlərdən, Türkiyənin dövlət, hökumət başçıları ilə görüşlərimdən və bütün başqa görüşlərdən çox məmnunam. Mən Türkiyə Cümhuriyyətinin həyatının bir sıra mühüm səviyyələrində apardığım görüşlərin, danışıqların hamısından çox razıyam.

Birinci növbədə hesab edirəm ki, ölkələrimiz, dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin daha da yüksəlməsi və genişləndirilməsi üçün biz müştərək gərəkli iş gördük. İkincisi, fürkiyə ictimaiyyəti, eləcə də Azərbaycan ictimaiyyəti - xalqımız televiziya vasitəsilə mənim bu rəsmi səfərim barədə genis məlumatlar alır - bir biri ilə dost, qardaş olduğunu bizim bu görüşlərimiz nəticəsində daha da yaxından hiss etdi. Bu dostluq, qardaşlıq hissiyyatları, nəinki dövlətlərimizin, hökumətlərimizin arasında, xalqlarımız, millətlərimiz arasında olan dostluq, qardaşlıq əlaqələri daha da möhkəmləndi. Bunlar hamısı birlikdə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, əməkdaşlığının gələcəkdə daha da irəliyə aparılması üçün gözəl təməl olubdur, yaxşı zəmin yaradıbdır.

Mən Türkiyə Cümhuriyyətinə, onun prezidenti hörmətli Süleyman Dəmirələ, Türkiyə hökumətinə, xalqına bizə göstərilən hərarətli dostluq, qardaşlıq münasibətinə, çox gözəl qonaqpərvərliyə, diqqətə, qayğıya görə təşəkkür edirəm. Türk xalqına bir daha öz hörmət və ehtiramımı, sevgi və məhəbbətimi bildirirəm.

Bu günlər hər yerdə Türkiyənin mətbuat nümayəndələri bizi müşayiət ediblər, əziyyət, zəhmət çəkiblər, çox iş görüblər. Ona görə də Sizə və Sizin simanızda bu günlər bizimlə bərabər olan, çalışan, zəhmət çəkən Türkiyə mətbuatının nümayəndələrinə hörmət və ehtiramımı bildirirəm, təşəkkür edirəm.

Hamınıza cansağlığı arzulayıram. Türk xalqına səadət, xoşbəxtlik, Türkiyə Cümhuriyyətinin dövlətinə, hökumətinə qarşıda duran bütün vəzifələrin həyata keçirilməsində uğurlar diləyirəm.

Sağ olun.

Sual: Cənab prezident, Azərbaycanla Ukrayna və Gürcüstan arasında strateji əməkdaşlıq barədə bəyannamə imzalanıb. Siz burada rəsmi səfərdə olduğunuz zaman Türkiyə ilə Azərbaycan arasında da strateji əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzaladınız. Bu birgə bəyannamələrin gələcəyi barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz, biz hansısa bir dövlətlər mövqeyi yaratmaq istəmirik. Şübhəsiz ki, Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalanıbdır. Biz bundan əvvəl Ukrayna və Gürcüstanla da belə bəyannamələr imzalamışıq. Bizim ölkələrimiz coğrafı cəhətdən bir-birinə çox yaxın ölkələrdir. Bunlar hamısı onu göstərir ki, biz çox yaxşı məqsədlər daşıyırıq. Hesab edirəm ki, bunlar ölkələrimizin ümumiyyətlə əlaqələrini daha da genişləndirmək üçün bir vasitədir.

Sual: Cənab prezident, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bu qardaşlığın daha da möhkəmləndirilməsi üçün hər iki ölkə tərəfindən vizaların verilməsinin asanlaşdırılması məsələsini qaldırmaq lazım deyilmi?

Cavab: Hələ görüləsi işlərimiz çoxdur. Həll ediləsi məsələlər çoxdur, edəcəyik.

Sual: Cənab prezident, Azərbaycanın ali təhsil haqqında diplomları Türkiyənin bir çox dairələrində nəzərə alınmır. Ona görə də Azərbaycandan Türkiyəyə işləməyə gələn mütəxəssislər ciddi çətinliklə üzləşirlər. Siz buradakı danışıqlarınızda bu məsələyə toxundunuzmu?

Cavab: Mən bunu bilmirəm, bu barədə birinci dəfədir eşidirəm. Əgər Türkiyədə Azərbaycanın ali təhsil barədə diplomları qəbul edilmirsə, bu necə qardaşlıqdır? Belə qardaşlıq olmaz ki! Azərbaycanın ali məktəblərinin diplomları çox yüksək diplomlardır. Onlar qəbul edilməlidir, əgər qəbul edilmirsə, dövlət naziri Namiq Kamal Zeybək bu məsələyə baxmalıdır. Bizim universitetlərimiz çox yüksək təhsil verir. Təsəvvür edin, Bakı Dövlət Universitetinin 77 yaşı vardır. Bizim Dövlət Tibb Universitetində Türkiyədən çoxlu gənclər təhsil alırlar, bu universitetin də 65 yaşı vardır. Yaxud başqa universitetlər də belədir. Bizim çox güclü professorlarımız, elm adamlarımız vardır.

Sual: Hörmətli prezident, bu səfəriniz zamanı ölkələrimiz arasında imzalanan və gələcəkdə imzalanması nəzərdə tutulan sənədlər barədə nə deyə bilərsiniz?

Cavab: Mən sizə dedim ki, bu rəsmi səfərim zamanı imzaladığımız birinci sənəd strateji əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamədir. Bu, 50 sənədin imzalanmasına bərabərdir. İkincisi, bundan da əlavə 8 sənəd imzalanıbdır. İndiyədək Azərbaycan ilə Türkiyə arasında 50-yə yaxın sənəd imzalanıbdır. Bunlar hamısı iki ölkə, dövlət arasında olan əlaqələrin hüquqi-normativ əsaslarını yaradıbdır. Bu, çox böyük məsələdir. Daha sualınız yoxdur?

Sağ olun.

Azərbaycana gəlin.