Dünya kuboku uğrunda «Master-Ralli-99» beynəlxalq yarışının iştirakçılarına - Bakı şəhəri, 31 iyul 1999-cu il

Hörmətli yarış iştirakçıları!

Sizi - Moskva-İstanbul marşrutu üzrə keçirilən avtomobil iştirakçılarını müstəqil Azərbaycan Respublikasında salamlayaraq hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Dünya kuboku uğrunda keçirilən bu beynəlxalq yarışlar əslində insan iradəsinin və dözümlülüyünün böyük bir sınaq mərhələsidir. Sizin hər qələbəniz bir tərəfdən avtomobil sənayesinin inkişafı üçün yeni üfüqlər açır, digər tərəfdən isə idmanın yüksək ideallara sadiqliyini nümayiş etdirir.

Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazilərində 7 min kilometrdən artıq məsafəni qət edərək siz əslində qədim mədəniyyəti və zəngin tarixi irsi olan xalqlar arasında dostluq və həmrəylik tellərinin möhkəmlənməsinə nail olursunuz.

XXI əsrin astanasında belə böyük avtokarvanın bu regiondan keçməsi bir daha tarixi İpək yolunun rabitə, ticarət və ünsiyyət yolu kimi bərpası işinə xidmət edir.

Təqdirəlayiq haldır ki, avtoralli iştirakçılarının yeganə istirahət günü məhz Bakı şəhərində olacaqdır. Sizə bizim gözəl paytaxtımızda yaxşı istirahət arzulayıram və əmin olduğumu bildirirəm ki, sizin bu supermarafonunuzun Azərbaycan ərazisindən keçən mərhələsi uğurla başa çataraq bir daha dövlətlərin və xalqların qarşılıqlı əlaqələrinin inkişafına xidmət edəcəkdir.

Bütün yarış iştirakçılarına səadət və müvəffəqiyyətlər diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti