Muxtarov Anar Vilayət oğlu. “AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ ÖLKƏLƏRLƏ BEYNƏLXALQ HÜQUQİ ƏMƏKDAŞLIĞININ FORMALAŞMASI VƏ İNKİŞAFINDA HEYDƏR ƏLİYEV FAKTORU” (2012)

12.00.10 - beynəlxalq hüquq

Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

 

AVTOREFERATI

TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı: Beynəlxalq hüququn bəzi subyektləri tərəfindən beynəlxalq hüquq normalarının sistematik şəkildə pozulması beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması baxımından dövlətlərin özləri üçün ciddi təhlükələr yaradır. Müasir dövrdə qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı bir zamanda vətəndaş müharibələri, daxili və xarici münaqişələr, dövlətlərin bir-birinə qarşı əsassız ərazi iddiaları, insan hüquqlarının kütləvi şəkildə pozulması sözügedən proseslərin inkişaf etməsinə maneələr yaradır. Dünyanın qloballaşması, bu maneələrin aradan qaldırılması üçün beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və inkişaf etməsinin vacib şərtlərindəndir. Bu maneələrin aradan qaldırılması beynəlxalq-hüquqi əməkdalıq olmadan qeyri-mümkündür.

SSRİ-nin dağılmasından sonra, digər müttəfiq respublikaları kimi ölkəmiz də bəzi problemlərlə üzləşdi. Problemlərin əsas səbəblərindən biri SSRİ dövründə müttəfiq respublikaların vahid mərkəzləşdirilmiş prinsip əsasında, hüquqi və iqtisadi baxımdan bir-birindən asılılığı idi. Belə bir şəraitdə SSRİ tərkibində olmuş 15 ittifaq respublikalarında hüquqi və iqtisadi cəhətdən baş verə biləcək tənəzzül qaçılmaz olduğu kimi, onların bir biri ilə münasibətlərində də problemlərin qaçılmaz olduğu aydın görünürdü. Qeyd olunan problemlərlə yanaşı Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddialarının dəf edilməsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalından azad edilməsi, bir milyondan artıq qaçqın və məcburi köçkünün kütləvi şəkildə pozuluş hüquqlarının bərpası, beynəlxalq münasibətlərdə Azərbaycan Respublikasının bərabərhüquqlu əməkdalığının vacib şərtlərindən biri idi.

Belə bir siyasi böhranlı vəziyyətdə xalqın təkidli tələbi ilə Azərbaycan tarixində hələ SSRİ dövründəki hakimiyyəti illərində qoyduğu dərin siyasi izlər, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə hüquqi fəaliyyət baxımından daha da dərinləşdi. Heydər Əliyevin şəxsi nüfuzu, iradəsi, dünyagörüşü, təkidi, uzaqgörənliyi nəticəsində Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində üzləşdiyi çətin problemləri dəf edərək, suveren dövlət kimi bütün digər dövlətlərlə münasibətlərini beynəlxalq hüquqdan irəli gələn normalar çərçivəsində tənzimləməyə başladı. Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqla Azərbaycan Respublikasının torpaqlarına təcavüz etmiş, Azərbaycan Respublikası ərazisinin 20 faizdən çoxunu işğal etmiş, ölkəyə külli miqdarda maddi və mənəvi ziyan dəymiş, kütləvi şəkildə insan tələfatı ilə nəticələnmiş ermənilərin azərbaycanlılara qarşı əsrin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı törədilmişdir. Bütün qeyd olunanlara beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq hüquqi və siyasi qiymət verilməsi üçün dünya birliyinin diqqətinə çatdırmaq Azərbaycan dövlətinin qarşısında duran əsas strateji vəzifələrdən biri idi. Bunun üçün böyük nüfuza, müdrik siyasi təfəkkürə malik, beynəlxalq aləmdə tanınan şəxsiyyət tərəfindən Azərbaycanın haqq səsini dünya birliyinin nəzərinə çatdırmaq əsas şərtlərdən biri idi. Bütün bunların öhdəsindən məhz Heydər Əliyev gələrək, o həqiqətləri dünya birliyinə çatdırdı. Onun təşəbbüsü ilə bir sıra beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı dövlət olması tanındı və bu hadisələrə beynəlxalq hüquq normaları çərçivəsində hüquqi qiymət verildi. Məhz Heydər Əliyevin şəxsiyyəti, müdrikliyi və beynəlxalq aləmdə nüfuzu Azərbaycan Respublikasının Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində, ölkəmiz qısa müddət ərzində regionda aparıcı dövlət kimi tanındı, böyük nəqliyyat, kommunikasiya layihələri reallaşdırıldı, qonşu dövlətlərlə beynəlxalq hüquqi əməkdaşlıq bərpa olundu, onun səyi nəticəsində Azərbaycanda, o cümlədən regionda ictimai siyasi sabitlik təmin olunaraq, onun qorunmasına zəmanət əldə olundu.

Dünyanın müxtəlif dövlətləri ilə beynəlxalq hüquq çərçivəsində beynəlxalq əməkdaşlıq genişləndirilərək, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli müqavilələrin imzalanması, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və həmin təşkilatların dəstəyinin qazanılması Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tamhüquqlu üzv kimi qəbul olunmasının bariz nümunəsidir. Hazırda beynəlxalq hüquq normaları çərçivəsində Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş hüquqi əməkdaşlıq və Azərbaycan Respublikasının beynəlxalq əlaqələri inkişaf etməkdə davam edir. Həmçinin digər dövlətlərlə münasibətlərdə ortaya çıxan mübahisəli məsələləri müasir beynəlxalq hüquq normaları və elmi təcrübə əsasında tədqiq etmək və həll etmək lazımdır. Azərbaycan Respublikasının xarici ölkələrlə beynəlxalq hüquqi əlaqələrinin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb etməklə yanaşı aktualdır.

Tədqiqat işinin obyektini Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları çərçivəsində xarici əməkdaşlığının formalaşması və inkişafının hüquqi əsasları, predmetini isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik xarici və daxili siyasi fəaliyyət təşkil edir.

Dissertasiya tədqiqatının məqsədi Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığının formalaşması və inkişafının hüquqi əsaslarını, beynəlxalq əməkdaşlıq sistemində Azərbaycan Respublikasının iştirakının və Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasətin forma və istiqamətlərinin hüquqi əsaslarını kompleks şəkildə tədqiq etməkdir.

Göstərilən məqsədlərə nail olmaq üçün tədqiqat işində qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:

  1. Dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının xarici əməkdaşlığının beynəlxalq hüquqi tənzimlənməsinin məzmunu və xüsusiyyətlərini təhlil etmək;
  2. Azərbaycan Respublikasının xarici əməkdaşlığının dünya təsərrüfatı ilə qarşılıqlı asılılıq və inkişaf tendensiyalarının spesifik qanunauyğunluqları araşdırılması;
  3. Azərbaycanın dünyanın böyük dövlətlərinin geosiyasi marağındakı yeri tədqiq olunur və Azərbaycan Respublikasının milli təhlükəsizlik probleminin təhdidləri tədqiq edilərək müvafiq elmi nəticələr çıxarılır, milli təhlükəsizliyin ən böyük problemi olan ərazi bütövlüyünün pozulmasının qarşısının alınması üçün beynəlxalq hüquq normalarının icrasına nəzarət mexanizminin yaradılmasına ehtiyac olduğu vurğulanması;
  4. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə SSRİ-nin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində Azərbaycan SSR-in rolunun müəyyənləşdirilməsi, SSRİ tərkibində Azərbaycan SSR-in beynəlxalq hüquq subyektliyinin təhlil edilməsi;
  5. Heydər Əliyevin Azərbaycan SSR-də rəhbərliyi illərində xarici iqtisadi və mədəni əlaqələrin genişləndirilməsində aparılmış islahatların tədqiqi;
  6. Azərbaycan Respublikasının xarici əməkdaşlığının formalaşdırılması və inkişafında Heydər Əliyevin rəhbərliyi ilə aparılmış xarici siyasət kursunun hüquqi bazasını təşkil edən qanunvericilik aktlarının qəbul edilməsi və Azərbaycan Respublikasının xarici dövlətlərlə əməkdaşlığının beynəlxalq hüquqi əsaslarını tədqiq edilməsi;
  7. Xarici iqtisadi əlaqələr sahəsində Azərbaycan Respublikasının qanunlarının inkişafı və təkmilləşdirilməsi üçün əhəmiyyətli olan əsaslandırılmış elmi təklif və tövsiyyələrin irəli sürülməsi;
  8. Azərbaycan Respublikasının qonşu dövlətlərlə əməkdaşlığının xarakterinin, mahiyyətinin və hüquqi əsaslarının müəyyənləşdirilməsi;
  9. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini tədqiq edilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığın formalaşdırılması xüsusiyyətlərinin aydınlaşdırılması.

Tədqiqat işinin metodoloji əsasları: Hüquq elminin ümumi qəbul olunmuş prinsip və metodlarının tətbiqi tədqiqatın çoxcəhətliliyini və tamlığını təmin edir. Tədqiqat işində Azərbaycanın xarici ölkələrlə beynəlxalq hüquqi əməkdaşlığının formalaşması və inkişafında Heydər Əliyevin rolunun müəyyənləşdirilməsi üçün sistemli yanaşmadan istifadə edilir. Bununla yanaşı, tədqiqatın predmetinin mühüm aspektlərinin araşdırılmasına imkan verən sənədlərin öyrənilməsi, təhlil, formal-məntiqi metod, müqayisəli hüquq metodu və tarixi metod, sistemli analiz, konkret-sosioloji və digər elmi metodların tətbiqi tədqiqatın predmetinin ümumi və xüsusi cəhətlərini, onun inkişaf tendensiyalarını üzə çıxarmağa imkan vermişdir.

Dissertasiya işininin elmi-nəzəri əsasları: Dissertasiya tədqiqatı işinin hazırlanmasında müəllif tərəfindən xarici və Azərbaycan hüquqşünaslarının və alimlərinin əsərlərindən istifadə edilmişdir. Xarici alimlərdən T.A.Alekseyeva, İ.S.Alekseyev, İ.P.Blişenko, İ.V.Fisenko, İ.İ.Lukaşuk, Y.A.Tixomirov, A.S.Piqolkin, M.M.Boquslavskiy, P.A.Çıqankov, Q.İ.Tunkin və başqa tanınmış alimlərin əsərlərini qeyd etmək olar.

Dissertasiya işinin hazırlanmasında M.N.Ələsgərov, Z.A.Əsgərov, R.F.Məmmədov, L.Q.Hüseynov, F.Y.Sadıxov, V.A.İbayev, M.C.Qasımlı kimi görkəmli alimlərin əsərlərindən istifadə edilmişdir.

Dissertasiyanın nəzəri əsasları kimi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, nitqləri və müsahibələrinə istinad edilmiş, Azərbaycan Respublikasının qəbul edilmiş normativ hüquqi aktlarda məsələ ilə bağlı irəli sürülən müddəalar və konseptual yanaşmalardan, həmçinin qüvvədə olan müasir beynəlxalq hüquq normalarından istifadə edilmişdir.

Dissertasiya işinin elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyinin ən vacib elementi tədqiqatın istiqamətidir ki, hüquq ədəbiyyatında ilk dəfə olaraq Azərbaycan Respublikasının xarici əlaqələrinin formalaşmasında və inkişafında Heydər Əliyev faktorunun əhəmiyyəti nəzəri və praktiki problemlərin fonunda tədqiq edilir. Dissertasiya işində yalnız Azərbaycan Respublikasının müstəqilliyini əldə etməsindən sonra baş vermiş proseslərin tədqiqinə cəhd edilməmiş, həmçinin bir çox problemlərin dərinliklərinə nüfuz edilmiş, problemlərin həlli istiqamətlərinin siyasi-iqtisadi mahiyyəti və əhəmiyyətinin müəyyənləşdirilməsi, qeyd olunan problemlərin kökünün hələ Sovet İttifaqı dönəmindən miras qalmasının sübuta yetirilməsinə cəhd edilmişdir. Dissertasiya işinin elmi yeniliyi həmçinin onunla xarakterizə oluna bilər ki, işdə Azərbaycan Respublikasının çoxlu sayda yeni normativ aktlarının qəbulunun və xarici dövlətlərlə aktual beynəlxalq problemlərinin həlli istiqamətində bağlanmış beynəlxalq müqavilələrin məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməsi sübuta yetirilir, həmçinin istər sovet dönəmində, istərsə də müstəqillik illərindəki hakimiyyəti illərində Heydər Əliyevin şəxsi nüfuzu sayəsində həyata keçirilmiş Azərbaycanın xarici əməkdaşlığının hüquqi əsasları təhlil edilmişdir.

Dissertasiya işinin müdafiəyə çıxarılan əsas müddəaları:

  1. Müasir beynəlxalq hüququn fundamental prinsip və normaları, bütün dövlətlərin o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığının beynəlxalq hüquqi tənzimetməsinin təkmilləşdirilməsində müvafıq münasibətlərin əsas davranış qaydaları olmalıdır;
  2. 1969-1982-ci illərdə SSRİ-nin xarici əlaqələrinin genişləndirilməsində Azərbaycan SSR-in rolunun əhəmiyyəti inkar olunmamalıdır;
  1. Azərbaycan SSR-in SSRİ tərkibində (1922-1991) beynəlxalq hüquq subyektliyinin formal xarakter daşımasına baxmayaraq, Azərbaycan SSR- in 70-ci illərdən başlayaraq xarici əlaqələrinin genişləndirilməsi, ittifaqdaxili iqtisadi əlaqələrin formalaşdırılması Heydər Əliyevin fəaliyyətinin təzahürü idi;
  2. Mövcud beynəlxalq sistemin özülü olan beynəlxalq hüququn iki müxtəlif prinsipi - xalqların öz müqəddəratını müəyyənetmə prinsipi və dövlətlərin ərazi bütövlüyü prinsiplərinin toqquşmasına yol vermək olmaz. Xalqların öz müqəddəratını müəyyənetmə prinsipi dövlətdən ayrılma hüququ olmadan və müvafiq olaraq ərazi bütövlüyünün qorunması şərtilə milli azlıqların hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının daxili və xarici siyasətinin beynəlxalq hüquqi əsaslarından biridir;
  3. SSRİ-nin dağılması ilə Azərbaycan SSR müstəqillik əldə etməsi və bununla da beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının dünya dövlətlərinə tanıdılması və bərabərhüquqlu əlaqələrin qurulmasında Heydər Əliyevin fəaliyyətinin əhəmiyyəti hüquqi aspektdən araşdırılır və əsaslandırılır;
  4. XX əsrin sonlarında dünyada baş verən hadisələr, inteqrasiya proseslərinin sürətlənməsi, qloballaşma tendensiyalarının artdığı dövrdə Azərbaycan Respublikasının çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasında beynəlxalq təşkilatlarla əməkdaşlığın xüsusiyyətləri nəzərə alınmaqla, post sovet məkanında dövlətlərin inteqrasiya siyasətinin optiallaşdırılmasına yeni yanaşma təklif olunur;
  1. Azərbaycan Respublikasının qoşulduğu universal və regional beynəlxalq təşkilatlarla siyasi-iqtisadi əlaqələrinin kompleks tədqiqi göstərir ki, dünya birliyi müqavilələrə əsaslanan iqtisadi münasibətlərin inkişafının dünya ticarətində sərbəstliyini nəzərdə tutan yeni daha mükəmməl forma və üsullarını axtarmaqdadır. Bu ticarətin liberallaşdırılması üçün beynəlxalq səviyyədə elə bir sistem yaradılması üçün səylər göstərilir ki, həmin sistem yalnız dövlətlərin milli, iqtisadi mənafelərini deyil, bütöv dünya ticarət münasibətlərini əhatə etmiş olsun. Azərbaycan Respublikasının müasir xarici iqtisadi siyasəti və xarici dövlətlərlə münasibətləri beynəlxalq hüququn hamılıqla qəbul edilmiş mütərəqqi prinsip və normaları əsasında qurulur;
  2. Post sovet məkanında Rusiyanın başlıca destruktiv güc mərkəzi olması və ölkənin milli təhlükəsizliyini təhdid edən siyasət yeritməsinə, baxmayaraq, müqavilələrə əsaslanan əməkdaşlığın formalaşmasında Heydər Əliyevin şəxsi nüfuzu və rolunun əhəmiyyəti əvəzedilməzdir.

Tədqiqatın nəzəri-praktik əhəmiyyəti: Tədqiqat işində əldə olunan nəticələrin həm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Sistemli elmi əsər kimi dissertasiya işinin materialları, müddəa və nəticələri, müəllif tərəfindən irəli sürülən tövsiyyə və təkliflər gələcək elmi-praktiki araşdırmalar üçün əsas ola bilər və ondan Azərbaycanın xarici əlaqələri, həmçinin bu əlaqələrin genişləndirilməsi ilə bağlı hər hansı tədqiqat işinin yazılmasında istifadə oluna bilər.

Tədqiqat nəticələrinin aprobasiyası: Dissetasiya işi Bakı Dövlət Universitetinin “Beynəlxalq ümumi hüquq” kafedrasında hazırlanmış, “Beynəlxalq ümumi hüquq” və “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedralarının birgə iclasında geniş müzakirə olunaraq müdafiəyə tövsiyyə edilmişdir. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransında tezis şəklində məruzə edilmişdir. Tədqiqatın əsas müddəaları doqquz elmi məqalə və bir tezisdə ifadə olunmuşdur.

Dissertasiyanın strukturu: Dissertasiya işi giriş, on altı paraqrafı əhatə edən üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

İşin məzmunu: İşin Giriş hissəsində tədqiq edilən mövzunun aktuallığı əsaslandırılmış, problemin öyrənilmə səviyyəsi və mənbəşünaslıq məsələləri təhlil edilmiş, tədqiqatın məqsəd və vəzifələri müəyyənləşdirilmiş, işin elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, tədqiqatın nəticələrinin aprobasiyası göstərilmişdir.

Birinci fəsil - “Dövlətlərarası əməkdaşlığın beynəlxalq hüquqi əsasları” adlanır və üç paraqrafdan ibarətdir. Fəslin “Dövlətlərarası əməkdaşlığın beynəlxalq hüquqi əsasları” adlanan birinci paraqrafında beynəlxalq hüququn tarixən dövlətlərarası münasibətlərin hüquqi tənzimlənməsinə olan sosial tələbatdan yaranmasından söhbət açılır.

Beynəlxalq öhdəlik və vəzifələrin dövlətdaxili səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə beynəlxalq hüquq normalarının milli qanunlara transformasiya edilməsindən bəhs edilir və əsaslandırılır ki, beynəlxalq hüquq subyektləri beynəlxalq hüquqdan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsindən yayınmaq üçün milli qanunvericiliyə istinad edə bilməzlər. Dövlətlərin qəbul etdiyi, üzərinə götürdüyü öhdəlik və vəzifələr ədalətli şəkildə yerinə yetirilməlidir. Beynəlxalq münasibətlərin əsas və aparıcı subyekti olan dövlətlərin qarşılıqlı əlaqələr qurması və əməkdaşlıq etməsi üçün istinad etdikləri müxtəlif universal, ikitərəfli, çoxtərəfli normalar və mənbələr var. Bu normalardan ən əsasları BMT Nizamnaməsində qeyd edilir. Nizamnamənin 2-ci maddəsi ilə BMT-yə üzv olan dövlətlərin təşkilata üzvlüyü zamanı üzərlərinə öhdəlik kimi götürdükləri və onların təminatına şərait yaradacaqları bir neçə prinsip müəyyən edilir. Nizamnamənin 1-ci maddəsinə əsasən bəyan edilmiş məqsədlərə nail olmaq üçün təşkilat və onun üzvləri həmin prinsiplərə uyğun hərəkət edirlər. Sözügedən prinsiplər aşağıdakılardır:

- təşkilat onun bütün üzvlərinin suverenliyi və bərabərliyi prinsipinə əsaslanır;

- bütün üzvlər, Təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün, BMT Nizamnaməsinə uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər;

- bütün üzvlər öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın;

 - bütün üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud BMT- nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər;

- bütün üzvlər Təşkilata onun BMT Nizamnaməsinə uyğun olaraq gördüyü istənilən tədbirdə hər cür yardım göstərirlər və əleyhinə BMT tərəfindən preventiv və ya məcburiyyət tədbiri görülən istənilən dövlətə yardım göstərməkdən çəkinirlər;

- təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər;

- BMT Nizamnaməsinin heç bir müddəası BMT-yə səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin və ya üzvlərdən tələb etmir ki, belə məsələləri Nizamnamədə müəyyən olunmuş qaydada həll olunmaq üçün təqdim etsinlər; lakin bu prinsip, Nizamnamənin VII fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.

Bundan əlavə, dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün BMT-nin Baş Assambleyası 1970-ci il oktyabrın 24-də BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə qəbul etmişdir. Bu Bəyannamə dövlətlərin və ümumilikdə beynəlxalq hüquq subyektlərinin istinad etdikləri sənəddir. Bəyannamədə beynəlxalq hüququn 7 prinsipi əks olunmuşdur. Bu prinsiplərin tətbiqi və təfsiri zamanı onların hər biri bütün digər prinsiplərin kontekstində nəzərdən keçirilməlidir: dövlətin istənilən digər dövlətlə beynəlxalq münasibətlərində ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya BMT məqsədləri ilə bir araya sığmayan hər hansı digər yolla güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi; dövlətin beynəlxalq sülhə və təhlükəsizliyə və ədalətə təhlükə yaratmamaq şərtilə öz beynəlxalq mübahisələrini dinc yolla həll etmək prinsipi; BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi; BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi; xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi; dövlətlərin suveren bərabərliyi prinsipi; BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.

Bəyannamə bütün dövlətləri, beynəlxalq hüququn əsas prinsipləri kimi bu prinsiplərə riayət etməyə və beynəlxalq münasibətlərini bu prinsiplər üzərində qurmağa çağırır.

Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il tarixli Yekun Aktında yuxarıda sadalanan prinsiplərlə yanaşı daha üç ümumi qəbul olunmuş adət norması da sadalanır:

- sərhədlərin toxunulmazhğı prinsipi; dövlətlərin ərazi bütövlüyü prinsipi; əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

Fəslin ikinci paraqrafı - “Beynəlxalq hüquqi əməkdaşlıqda şəxsiyyətin rolu” adlanır. Paraqrafda şəxslərin ictimai münasibətlərin formalaşmasında oynadığı rol, din faktorunun beynəlxalq hüquqa və münasibətlərə etdiyi təsirdən danışılır.

Tarix və siyasət bir-birini tamamlayan, eyni zamanda nisbi müstəqilliyini saxlayan elm sahəsidir. Bu gün siyasət sayılan, sabah tarixə çevrilir. Əgər bu gün fəaliyyət göstərən siyasətçini və ya onun işini qiymətləndirmək müasirləri üçün çətindirsə, vaxt ötdükcə bu və ya digər şəxsiyyətin tarixdə yerini obyektiv şəkildə müəyyən etmək üçün imkan yaranır. Bəzən buna bir neçə il, bəzən isə onilliklər lazım olur. Söhbət cəmiyyətdə mövcud norma və standartlarla razılaşmayaraq onları dağıtmaq və daha mütərəqqilərini yaratmaq iqtidarında olan insanlardan, Nitsşenin ideallaşdırdığı “fövqəlinsan”dan gedir. Bir qayda olaraq tarixdə yalnız o şəxsiyyətlər qalırlar ki, zaman onların izini itirməyə və silməyə qadir deyildir. Zamanla əbədi mübarizədə qalib gələn bu insanlar “Zaman və Mən” deyərək, konkret tarixi mərhələni dəf edirlər. Tarix ictimai tərəqqi və azadlıq uğrunda mübarizə aparan şəxsiyyətlərin adlarını hifz edir. Həmin şəxsiyyətlərin qəhrəmanlığı və hünərləri o qədər böyükdür ki, onların adları xalqın mahiyyətinin təcəssümünə çevrilmişdir: Cavanşir, Atabəy Eldəgiz, Uzun Həsən və onun anası - özünün incə strateji tədbirləri ilə şöhrət qazanmış ilk diplomat qadın Sara Xatun, Şah İsmayıl Xətai, Nadir Şah Əfşar və başqaları. Onların gördükləri işlər güclü Azərbaycan dövləti yaradılması, Azərbaycan xalqının formalaşması tarixinin başlıca tərkib hissəsi olmuşdur.

Məşhur alman sosioloqu Maks Veber tarixi şəxsiyyət və siyasi rəhbəri üç tipə bölürdü: ənənəvi siyasi rəhbər, leqal siyasi rəhbər və xarizmatik (Allah tərəfindən şövqləndirilmiş) liderlər. Onun fikrincə, üçüncü tip - xarizmatik liderlər dövlət quruculuğu işində daha çox və daha dərin iz qoyurlar. Məhz bu şəxsiyyətlər xarici qüvvənin yox, bilavasitə öz daxili güclərinin hesabına hakimiyyətə gəlirlər. Bu liderlər tarixin axarını dəyişərək, onu ümummilli və ümumdövlət mənafeyinə uyğun istiqamətə yönəldə bilirlər. Onlar dirçəlməkdə olan dövləti, onun daxili və xarici siyasətini formalaşdıraraq, bəşəriyyətin tarixində silinməz izlər buraxırlar. ABŞ-da - C.Vaşinqton, Türkiyədə - Mustafa Kamal Atatürk, Fransada - general de Qoll, Böyük Britaniyada - Uinston Çörçill, Almaniyada - Konrad Adenauer, Hindistanda - Cəvahirləl Nehru, Azərbaycanda isə Heydər Əliyev kimi nadir tarixi şəxsiyyətlər məkan və zaman ölçüsünün fövqündə duraraq, ümummilli və ümumdövlət maraqlarını daha üstün, daha prioritetli hesab edərək, ölkələrini ağır böhranlardan xilas etmiş, inkişaf etdirmiş, millətlərini dirçəltmiş, gələcək nəsillər üçün milli birlik ideyası və yeni təfəkkür modeli yaratmışlar.

Fəslin üçüncü paraqrafı - “Azərbaycan Respublikasının xarici dövlətlərlə əməkdaşlığının beynəlxalq hüquqi əsasları” adlanır. Bu paraqrafda 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə dövlətimizin müstəqilliyini əldə etməsindən sonra, daxili qanunvericilik aktlarının müasir beynəlxalq hüquq normalarına uyğunlaşdırılması prosesindən bəhs edilir. Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədləri, prinsipləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 10-cu maddəsində birbaşa göstərilir:     “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur”. Deməli, Azərbaycan dövlətinin xarici siyasətinin əsas mahiyyəti beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmət bəsləməkdən, regional və dövlətlərarası münaqişələri sülh və danışıqlar yolu ilə həll etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bir-birinin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünün pozulmasına və sərhədlərin pozulmasına yol verməməkdən, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət etməkdən, insan hüquqlarını qorumaqdan, bütün dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıq etməkdən, separatizmə, terrorizmə, dövlətlərin və xalqların təhlükəsizliyinə ziyan verə biləcək digər neqativ hallara qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Konstitusiyanın digər bir maddəsində isə göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Deməli, onun xarici siyasəti də bu prinsipləri özündə əks etdirməli, beynəlxalq münasibətlərin hüquqi və demokratik əsaslar üzərində qurulmasına istiqamətlənməlidir. Azərbaycanın xarici siyasəti xalqın və dövlətin strateji və milli maraqlarını tam əks etdirməklə bərabər, həm də beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların əsas prinsiplərinə, bəşəri birgəyaşayış qaydalarına tam uyğunlaşdırılmışdır. Konstitusiyanın 151-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Beynəlxalq hüquq ədəbiyatında beynəlxalq hüquq normalarının dövlətdaxili qanunvericiliyə implementasiyasının müxtəlif üsul və vasitələri fərqləndirilsə də, daha çox istifadə edilən terminlər kimi inkorparasiya (daxil etmə), transformasiya (çevrilmə), resepsiya, adaptasiya (uyğunlaşdırma), istinad və digər üsullar qeyd edilə bilər. Qeyd edək ki, implementasiyanın hər bir üsul və vasitəsi terminoloji baxımdan şərti xarakter daşıyır. Məhz buna görə beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq hüquq normalarının dövlətdaxili hüquqda realizəsi daha konkret və sadə ümumiləşdirici termin ilə adlandırılır. Latınca - “implementation”- həyata keçirilmə, realizə etmə mənasını ifadə etməklə dövlətlər tərəfindən beynəlxalq normaların məqsədinin həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin ikinci bəndində qeyd olunmuş müddəaya əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarçılığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçdığa və haqsız rəqabətə yol vermir. Qeyd olunan yanaşma beynəlxalq iqtisadi münasibətlər üçün xüsusi əhəmiyyətə malik olan iqtisadi, təsərrüfat prinsiplərini ifadə edirsə, digər 10-cu maddədə isə iqtisadi prinsiplərin realizəsinin dövlətlərarası hüquqi vasitəsinə istinad edir. 10-cu maddədə qeyd edilir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Konstitusiyanın 10-cu maddəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının dövlətlərarası münasibətlərdə hüquqi tənzimetmə vasitəsi kimi tətbiqini nəzərdə tutursa, digər bir maddə, 148-ci maddəsinin II bəndində qeyd olunur ki, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir”.

Azərbaycan Respublikasının xarici ticarətlə bağlı qanunvericiliyinin təkmilləşdirilməsi 1994-cü ildən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası xarici ticarətin müvəqqəti qaydaları haqqında” 62 nömrəli, 15 fevral 1994- cü il tarixli Qərarı idxal və ixrac kvotaları və lisenziyalaşdırmasını, xarici ticarətdə hesablaşma qaydalarını və bəzi digər məsələləri əhatə etmişdir. Qısa bir müddətdən sonra, 2 iyun 1994-cü il tarixində bu qaydalar daha ətraflı yanaşma ilə fərqlənən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında xarici ticarətin təşkili haqqında” 222 nömrəli Qərarı ilə əvəz olunmuşdu. Xarici ticarətin təşkili haqqında qaydalarda aşağıdakı məsələlər əks olunmuşdur: ixracın müxtəlif növləri və ixracın aparılması qaydaları, idxalın növləri və idxalın aparılması qaydaları, xarici ticarətdə hesablaşmaların aparılması qaydaları və gömrük orqanlarına təqdim edilməsi tələb olunan sənədlərin siyahısı.

15 noyabr 1995-ci il tarixdə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında” 247 nömrəli Qərarın məqsədi xarici ticarəti bir qədər sərbəstləşdirməkdən ibarət idi. Nazirlər Kabinetinin 247 nömrəli Qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında xarici ticarətin təşkili haqqında Əsasnamədə artıq dövlət sifarişi ilə malların ixracı ixracın növləri sırasında göstərilməmişdir. İdxal növlərinin siyahısı da yeniləşmişdir: dövlət büdcəsi və kreditlər hesabına idxal, sifarişçinin xammalı əsasında idxal, konsiqnasiya əsasında idxal,  rezidentlərin öz vəsaitləri hesabına idxal. Bu məsələlərdə dəyişikliklər baş verməsi yeni normativ-hüquqi aktların qəbuluna ehtiyac yaradırdı.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 609 nömrəli, 24 iyun 1997-ci il tarixli Fərmanı ilə edilmiş dəyişikliklər ümumiyyətlə xarici ticarətin dövlət tərəfindən tənzimlənməsini liberallaşdırdı. Həmin Fərmanla təsdiqlənmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları xarici ticarət əməliyyatlarını dörd növə bölür: ixrac əməliyyatları, idxal əməliyyatları, digər idxal-ixrac əməliyyatları və Dövlətlərarası Sazişlərə əsasən ticarət əməliyyatları.

Qeyd etmək lazımdır ki, xarici ticarəti tənzimləyən ümumi qanunun olmaması bir sıra problemlər yaradır. Bu baxımdan xarici ticarəti tənzimləyən qanunun olması və ondan irəli gələn məsələlərin Prezident tərəfindən qəbul edilən normativ sənədlərlə tənzimlənməsi məqsədəuyğun olardı.

İkinci fəsil üç paraqrafdan ibarətdir. Fəslin birinci paraqrafı “SSRİ-nin beynəlxalq hüquqi statusu” adlanır. Paraqrafda Sovetlərin I qurultayının çağrılmasından, SSRİ-nin təşkili haqqında müqavilənin hansı əsaslar üzərində qurulmasından söhbət açılır. 30 dekabr 1922-ci il tarixli Sovet Sosialist Respublikaları İttifaqının təşkili haqqında Müqaviləyə əsasən İttifaqı beynəlxalq münasibətlərdə təmsil etmək; İttifaqın xarici sərhədlərinin dəyişdirilməsi; beynəlxalq müqavilələrin ratifikasiya olunması və s. suverenlikdən irəli gələn məsələləri Sovet Sosialist Respublikaları İttifaqının ali orqanları ittifaq respublikalarının adından həyata keçirəcəyi qeyd olunurdu.

Fəslin ikinci paraqrafı “Azərbaycan SSR-in SSRİ tərkibində beynəlxalq hüquqi subyektliyi” adlanır. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə 23 ay müstəqil fəaliyyət göstərmiş Azərbaycan Demokratik Respublikasının dövlət strukturlarının siyasi fəaliyyətinə son qoyuldu. Arxiv materialları və digər mənbələrdə hakimiyyətin Azərbaycan Demokratik Respublikasından “hakimiyyəti sülh yolu ilə öz varisinə ötürməsinin” qeyd olunmasına baxmayaraq, faktiki olaraq Azərbaycan hüdudlarına daxil olmuş silahlı daşnak-bolşevik qüvvələri Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı dəhşətli genosid törətməklə hakimiyyəti zəbt etmişdi. 1920-ci ildə “hakimiyyətin könüllü təhvili”ndən sonra Azərbaycan Demokratik Cümhuriyyəti Xarici İşlər Nazirliyi, Sovet Azərbaycanı hökuməti tərəfindən xarici məsələlər üzrə Xalq Komissarlığına dəyişdirildi ki, bu qurum da 1920-1922-ci illərdə guya müstəqil xarici iqtisadi fəaliyyət həyata keçirərək RSFSR hökumətiylə diplomatik münasibətlər saxlayırdı.

30 sentyabr 1920-ci ildə Moskvada Azərbaycan SSR ilə RSFSR arasında hərbi-iqtisadi müqavilənin bağlanması Azərbaycan SSR-in RSFSR tərəfindən, formal da olsa, müstəqil respublika kimi tanındığını təsdiq edirdi. Lakin Azərbayacanın xarici siyasəti tədricən Sovet Rusiyasının xarici siyasət kursunun tərkib hissəsinə çevrilirdi. Müqavilənin mahiyyəti ondan ibarət idi ki, Azərbaycan SSR-in RSFSR-lə əməkdaşlığı bərabərhüquqlu əsaslarla olmalı idi. Müqaviləyə əsasən RSFSR Azərbaycan SSR-ə hərbi, siyasi, mədəni, təsərrüfat və diplomatik yardım göstərməyi öhdəsinə götürürdü. Bütün bunlar sovet Rusiyasının Cənubi Qafqazda öz geopolitik maraqlarını həyata keçirməsi üçün siyasi-hüquqi baza rolunu oynayırdı. Eyni zamanda qeyd etmək lazımdır ki, sovet hakimiyyəti qurulandan dərhal sonra RSFSR-in Zaqafqaziya respublikalarında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ləğv edilmişdi. Azərbaycan SSR-in beynəlxalq hüquq subyektliyi məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, Sovet Azərbaycanı müstəqil dövlət kimi formal məhdud hüquqlara malik idi. Konstitusiya aktlarında qeyd olunduğu kimi, Sovet Azərbaycanı müəyyən çərçivədə “bəzi” suveren hüquqlarından SSR İttifaqının xeyrinə könüllü imtina etmişdi.

Fəslin üçüncü paraqrafı “1969-1982-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində Azərbaycan SSR-nin rolu” adlanır. Azərbaycan SSR XİN-in fəaliyyəti XX əsrin 70-ci illərində əhəmiyyətli dərəcədə dəyişir. Bu illərdə Azərbaycanda böyük beynəlxalq tədbirlər, konqreslər, konfranslar, simpoziumlar keçirilir, respublikaya yüksək səviyyəli partiya-hökumət nümayəndə heyətləri, diplomatik nümayəndəliklərin başçıları, konsul idarələrinin rəhbərləri, jurnalist korpusu dəvət olunur. Xarici İşlər Nazirliyinin kadr tərkibi də genişləndirilir. Bu dövrdə Azərbaycan SSR SSRİ-nin xarici ölkələrlə iqtisadi, elmi-texniki, mədəni əlaqələrinin inkişaf etdirilməsinə öz töhfəsini vermişdi.

1978-ci ildə Azərbaycan dünyanın 65 ölkəsinə 26 adda 2184643 min rubl dəyərində məhsul ixrac etmişdi. Bu sahədə əsas vəzifə Xarici Ticarət Nazirliyinin payına düşürdü ki, Heydər Əliyev bu qurumun səlahiyyətlərinin artırılmasına böyük əhəmiyyət verirdi.

Sovet hakimiyyətinin əvvəlki illərində olduğu kimi, Heydər Əliyevin 1969-1982-ci illər arası Azərbaycanda rəhbərliyi dövründə də erməni millətçiləri Azərbaycanın tarixi-etnik torpağı olan Dağlıq Qarabağa əsassız iddialarından nəinki əl çəkməmişdilər, hətta onu müxtəlif üsullarla genişləndirməyə də cəhd göstərirdilər. Lakin Azərbaycana qarşı edilən bütün həmlələr Heydər Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə dəf edilirdi. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəddə olan bəzi əraziləri özününküləşdirərək ələ keçirmək istəyirdi. Erməni rəsmiləri iki respublika arasında sərhədlərin girintili-çıxıntılı olmasını məqsədəuyğun saymayaraq, sərhədlərin hamarlanmasını təklif edirdilər. Azərbaycan KP MK bürosunun 1969-cu il 21 may tarixdə keçirdiyi iclasında Moskvadan edilən təzyiqlərə və göstərişlərə əsasən iki respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair Azərbaycan Ali Soveti qərar layihəsi qəbul edilmişdi. Lakin Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçildikdən sonra Moskva qarşısında məsələyə yenidən baxılmasını inadla qoydu və həmin qərarı yerinə yetirməkdən imtina etdi. Moskvadan ermənipərəst qüvvələrin və Ermənistan rəhbərlərinin qərarın həyata keçirilməsi istiqamətində etdikləri cəhdlər dəf edildi.

Üçüncü fəsil “Çoxtərəfli əməkdaşlıq, ikitərəfli əməkdaşlığın beynəlxalq hüquqi əsasları” adlanır və on paraqrafı özündə birləşdirir. Fəslin birinci paraqrafı “İslam Konfransı Təşkilatı və Azərbaycan Respublikası” adlanır. Paraqrafda müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə əlaqələri tarixi tədqiq edilir. Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyini qazandı. İlkin vaxtlarda İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

İKT xarici işlər nazirlərinin 1993-cü ildə Karaçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında qətnamələr qəbul etmişdir. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlandırılmışdır. İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada keçirilmiş IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X konfransları eyni adlı qətnamələr qəbul etmişdir. Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli təkmilləşdirilmiş, yeni bəndlər əlavə edilmişdir: “...Bütün dövlətləri təcavüzkarı münaqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sursatı təchizatından imtina etməyə çağırır; İKT-yə üzv dövlətin ərazisi hərbi təchizatın tranziti üçün istifadə edilməməlidir; İKT-yə üzv dövlətləri və dünya birliyinin digər ölkələrini Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyəti Ermənistanın üzərinə qoyur; bu məsələ üzrə İKT-yə üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırkı sədrinə məlumat verməsini İKT Baş katibindən tələb edir”.

Heydər Əliyevin İKT dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII və 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfranslarında şəxsi iştirakı, oradakı nitqi və keçirdiyi görüşləri İslam aləmində geniş reaksiyaya səbəb olmuşdur. İKT-nin sabiq Baş katibi İzzəddin Ləraqi dövlət başçılarının Tehran zirvə konfransı günlərində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sonra jurnalistin sualına verdiyi aşağıdakı cavab fikrimizə əyani sübutdur: “Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o, təşkilatımızın işinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaşması üçün əlimizdən gələni edəcəyik... Mən cənab Prezidenti əmin etdim ki, İKT həmişə Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən cənab Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim dəyişməz mövqeyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə sıx əməkdaşlıq etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağla malik olduğuna dəlalət edir”. Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir.

Fəslin ikinci paraqrafı “ATƏT və Azərbaycan Respublikası” adlanır. Paraqrafda müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əlaqələri tədqiq edilir. Azərbaycan Respublikası 20 yanvar 1992-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT, 1 yanvar 1995-ci ilədək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi –ATƏM) üzvüdür. ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.

ATƏT-ə üzv olmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bu beynəlxalq təşkilatın gündəliyinə çıxarılması aktual məna kəsb edib. 27-28 fevral 1992-ci ildə ATƏM-in Yüksək Vəzifəli şəxslər Komitəsinin iclasında ilk dəfə olaraq bu münaqişə ilə bağlı müzakirələr aparılıb. Burada qəbul olunmuş və Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olmasını təsdiq edən sənəddə sərhədlərin dəyişdirilməməsi şərti ilə münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapıb. 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət məsələsi müzakirə olunub. Müzakirələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

Azərbaycan rəhbərliyi 1992-ci ildən etibarən ATƏT-in zirvə görüşlərində iştirak edib. İlk dəfə olaraq 1992-ci il iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in zirvə toplantısına qatılan respublikanın nümayəndə heyəti zirvə görüşünün sənədlərini imzalayıb. 1994-cü il dekabrın 5-6-da Macarıstanın paytaxtı Budapeşt şəhərində ATƏM-in növbəti zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə olaraq ATƏM-in zirvə görüşündə iştirak edib. Toplantıda iştirakçı dövlətlər ATƏM-in 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) çevrilməsinə qərar veriblər.

Budapeşt görüşündə ilk dəfə olaraq konkret münaqişələr müzakirə mövzusu olub. Sammitdə bu təşkilat çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrin yaradılması və münaqişələrin mövcud olduğu ərazilərə göndərilməsi də qərara alınıb. İştirakçı dövlətlər bu qurumun rəhbərliyi altında ilk sülhməramlı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılığa gəliblər. Toplantıda həmçinin Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis edilib (Qeyd edək ki, Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlyandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər, 1 yanvar 1997-ci ildən isə ATƏT-in Minsk qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər), Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair, “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul olunub.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu təsis edilib.

1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısı keçirilib. Toplantıda Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilib. Bəyannamədə üzv ölkələrin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilib və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi olaraq vurğulanıb.

Ermənistan tərəfi zirvə toplantısının Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə söhbət gedən maddəyə veto qoyduğuna görə, ATƏT-in sədri Flavio Kotti həmin müddəaların təşkilatın üzvü olan 52 dövlətin adından verilən bəyanata daxil olunmasını təklif edib. Qeyd edək ki, ATƏT-də qərarlar konsensus əsasında qəbul edilir. Toplantıda ilk dəfə olaraq ATƏT çərçivəsində ən yüksək səviyyədə münaqişənin həllinin əsası kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ermənistan istisna olmaqla, bütün dövlətlər tərəfindən qətiyyətlə dəstəklənib. Ermənistan tərəfinin ciddi maneələrinə baxmayaraq, Heydər Əliyevin prinsipial mövqeyi və gərgin səyi nəticəsində ATƏT-in sədrinin bəyanatı qəbul olunub. Zirvə görüşünün yekun sənədinə əlavə edilmiş bu bəyanatda münaqişənin həlli ilə bağlı aşağıdakı prinsiplər əks olunub:

  1. Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü;
  2. Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi;
  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

ATƏT-in Minsk qrupunun (hazırda Minsk qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya və Fransa daxildir) həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün indiyədək üç təkliflə çıxış ediblər. Bu təkliflərdən birincisi 1997-ci il iyul ayının 18-də təqdim edilmiş və şərti olaraq “paket həll” adı ilə tanınan təklifdir. Həmin təklif müəyyən qeyd-şərtlərlə münaqişənin həllində əsas kimi Azərbaycan tərəfindən qəbul edilib. Lakin Ermənistan bu təklifi rədd edib. ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci təklifi 1997-ci il dekabrın 2-də təqdim olunub. Bu variant “mərhələli həll” kimi tanınır. Azərbaycan tərəfinin razılaşdığı həmin təklif də Ermənistan tərəfindən qəbul edilməyib. “Ümumi dövlət” adı ilə tanınan sonuncu təklif isə 1998-ci il noyabrın 7-də irəli sürülüb. Azərbaycan tərəfi bu təklifi öz milli maraqlarına cavab verməməsi səbəbindən qəbul etməyib.

Azərbaycan Respublikası ilə ATƏT-in bir sıra qurumları, o cümlədən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunub. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının hökuməti ilə fəal əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya və digər sahələrdə bir çox layihələr həyata keçirilir. DTİHB Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərini diqqətlə izləyir. ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında da sıx əməkdaşlıq münasibətləri mövcuddur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.

ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı vacib əhəmiyyət kəsb etdiyindən Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılıb. 18 iyul 2000-ci ildən ATƏT-in Bakı şəhərində ofisi fəaliyyət göstərir.

Fəslin üçüncü paraqrafı “Avropa Şurası və Azərbaycan Respublikası” adlanır və paraqrafda Azərbaycanla Avropa Şurası arasında münasibətlərin yaranması tarixindən bəhs edilir. Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri də, Avropa Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya etməkdən ibarətdir. Bu baxımdan regional beynəlxalq təşkilat olan Avropa Şurasına üzvlük respublika qarşısında duran mühüm vəzifələrdən biri olmuşdur.

24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmiş, 3 fevral 1995-ci ildə isə Avropa Şurası Parlament Assambleyası Bürosu, 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan, 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Nəhayət, 1996-cı il iyunun 28-də Azərbaycana təşkilat yanında “xüsusi dəvət edilmiş qonaq” statusu verilmişdir. “Xüsusi dəvət edilmiş qonaq” statusu ilə təşkilatda təmsil olunan Azərbaycan Respublikası həmin dövrdən başlayaraq quruma tamhüquqlu üzv olmaq üçün səylərini daha da artırıb. 13 iyul 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası Baş katibinə məktubla müraciət edərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlıqları haqda Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

Təşkilata üzvlükdən öncə respublikada bir sıra mühüm tədbirlər həyata keçirilib. 8 iyul 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq Proqramının həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” növbəti sərəncam isə 20 yanvar 1998-ci ildə verilib. 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisi ölkədə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edib. 1998-ci il avqustun 16-da isə Azərbaycanda mətbuat üzərində senzura ləğv edilib. Bu hadisələr Avropa Şurası tərəfindən Azərbaycanın təşkilata qəbulu yolunda mühüm addımlar kimi qiymətləndirilib.

Avropa Şurası Parlament Assambleyasının 26-28 iyun 2000-ci il tarixdə keçirilən sessiyasında 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycan Respublikasının bu təşkilata tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Bu qərara müvafiq olaraq, 2001-ci il yanvarın 25-də Strasburqda bu mühüm hadisə ilə əlaqədar rəsmi mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Heydər Əliyev Azərbaycanın Avropa ailəsinə qəbul edilməsini Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamlaşması, bütövləşməsi kimi xarakterizə edib.

Avropa Şurası Parlament Assambleyasının ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi haqqında 1416 saylı 25 yanvar 2005-ci il tarixli Qətnaməsi Azərbaycan diplomatiyasının bu təşkilatda qazandığı uğurların bariz nümunəsidir. Süzügedən qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərinin hələ də erməni silahlı qüvvələrinin işğalı altında olmasını, separatçı qüvvələrin hələ də Dağlıq Qarabağa nəzarət etmələrini vurğulayaraq Assambleya öz narahatlığını bildirmişdi. Qeyd edək ki, qətnamənin hazırlanması və müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin qətnamədə həqiqəti əks etdirən məlumatları təhrif etmək cəhdləri boşa çıxmışdır.

Fəslin dövdüncü paraqrafı “BMT və Azərbaycan Respublikası” adlanır və Azərbaycan Respublikasının BMT ilə əlaqələrinin formalaşması tarixinə nəzər salınır, BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də icra olunmaması nəzərə çatdırılır. 2 mart 1992-ci ildə BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunmuşdur. BMT-yə üzvlük yeni müstəqil Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək, Ermənistanın təcavüzünə qarşı beynəlxalq hüquq normalarından daha səmərəli istifadə etmək, ümumilikdə dünya birliyinə daha sürətlə inteqrasiya etmək imkanı yaratdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı birləşmələrinin Azərbaycana təcavüz edərək ərazilərini zor gücünə tutmasının yolverilməzliyi bu təşkilat qarşısında qaldırılıb. Ermənilərin Azərbaycan torpağı olan Dağlıq Qarabağı zəbt etdikdən sonra onun ətrafındakı digər rayonları da işğal etməsi BMT Təhlükəsizlik Şurasının reaksiyasına səbəb oldu. Həmin qurum Kəlbəcərin işğalı ilə əlaqədar 30 aprel 1993-cü ildə 822, Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə 874, nəhayət, Zəngilanın Ermənistan tərəfindən tutulması ilə 11 noyabr 1993-cü ildə 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə atəşkəs elan edilməsi, erməni silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması tələbləri əks olunub. Buna baxmayaraq, Ermənistan tərəfi qətnamələrdəki dövlət deyil, mücərrəd “erməni silahlı birləşmələri” ifadəsini bəhanə gətirərək zəbt etdiyi Azərbaycan torpaqlarını azad etməkdən boyun qaçırıb. Beləliklə, ermənilər BMT TŞ-nin qətnamələrini indiyə qədər yerinə yetirməyib.

Azərbaycan Respublikası BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bunlardan BMT İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT Uşaq Fondu (UNİCEF), BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişaf Təşkilatı (UNİDO), Ümumdünya Səhiyyə Təşkilatı, BMT Qadınlar Fondu (UNOFEM), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı (Azərbaycan 1997-ci ilin iyulunda qoşulub) daha fəaldırlar.

Azərbaycan-UNESCO əlaqələri sayəsində ölkənin təhsil, elm və mədəniyyət sahələrində inkişafa yardım həyata keçirilir. Azərbaycan Prezidentinin 1994-cü ildə müvafiq sərəncamı ilə ölkənin UNESCO yanında Milli Komissiyası yaradılıb. 2004-cü ilin sentyabrından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərir.

2001-ci ilin oktyabrında Azərbaycan Respublikası Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının alınması haqqında BMT Konvensiyasına qoşulub. Azərbaycan Prezidenti Heydər Əliyev 2002-ci ilin mayında BMT TŞ-nin terrorizmə qarşı mübarizə məqsədilə 1368, 1373, 1377 saylı qətnamələrinin həyata keçirilməsi barədə sərəncam verib. BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında başlıca orqanı olan Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin icra olunmaması qeyd olunan qurumda islahatların aparılması əhəmiyyətini artırır. Bu strukturun daimi üzvlərinin Yaponiya və Almaniyanın hesabına artırılması, ümumilikdə daimi üzvlərin sayına daha beş, qeyri-daimi üzvlərə bir dövlətin əlavə olunması təklifinin həyata keçirilməsi məqsədəmüvafiq olardı. Həmçinin Şərqi Avropa dövlətlərinin sayının artması ilə əlaqədar TŞ-də bu qrupa bir əlavə yer verilməsinin də zəruriliyi artır.

Fəslin beşinci paraqrafı “Rusiya Federasiyası və Azərbaycan Respublikası” adlanır. SSRİ dağıldıqdan, Şərqi Avropanın sosialist ölkələri nəzarətdən çıxdıqdan, dünya dövlətlərinə 20-ci əsr boyu davam etmiş təsir mexanizmləri aradan qalxdıqdan sonra Rusiya öz xarici siyasəti qarşısında bir neçə vəzifə qoymuşdu ki, bunlardan ən əsas olanı: ABŞ, Avropa İttifaqı və NATO-nun Şərqə doğru hərəkətinin qarşısını almaq; keçmiş sovet məkanında Qərb dövlətlərinin müdaxiləsinə və yeni müstəqil dövlətlərin Qərbə meyllənməsinə mane olmaq və s.. Qeyd olunan xarici siyasət kursunun həyata keçirilməsi üçün Rusiyanın MDB məkanında separatizm mənbələri var ki, Kreml onların vasitəsilə müxtəlif istiqamətlərdə mövqelərini saxlamağa çalışmışdı. Rusiya eyni zamanda Cənubi Qafqaz istiqamətində də uzun müddət etnik separatizm meyllərindən istifadə edərək, region ölkələrini öz təsir dairəsində saxlamaq siyasətini yürütmüşdür. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci ildə qurulmuşdur. Elə həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri açılmışdır. Müqavilə hüquq bazasının əsasını təşkil edən sənəd Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci il iyulun 3-də imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilədir. Bu müqavilə həmçinin, 9 yanvar 2001-ci il tarixli Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Bakı Bəyannaməsi və 6 fevral 2004-cü il Moskva Bəyannaməsi Rusiya - Azərbaycan strateji tərəfdaşlığını təmin edən mühüm sənədlərdir.

İki ölkə arasında iqtisadiyönlü aşağıdakı Sazişlər imzalanmışdır:

  1. Azad ticarət haqqında 17 fevral 1993-cü il tarixindən qüvvədədir;
  2. Enerji sahəsində əməkdaşlıq haqqında 7 oktyabr 1995-ci il tarixindən qüvvədədir;
  3. Azərbaycan neftinin Rusiya ərazisindən tranziti haqqında 14 fevral 1996-cı il tarixindən qüvvədədir;
  4. Qəbələ RLS-in statusu, istifadə prinsipləri və qaydaları haqqında 9 dekabr 2002-ci il tarixindən qüvvədədir (hazırda müqavilənin müddətinin bitməsi ilə əlaqədar müqavilənin müddətinin artırılması, həmçinin müştərək olaraq Azərbaycan Respublikasının da Qəbələ RLS-in emal etdiyi informasiyadan istifadə etmə imkanları haqqında danışıqlar aparılır);
  5. 2010-cu ilə qədər uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında Müqavilə 15 aprel 2002-ci il tarixindən qüvvədədir.

27-28 May 2004-cü ildə Azərbaycan Respublikası ilə Rusiya arasında müqavilə-hüquq bazasının inventarlaşdırılması ilə bağlı Bakıda ekspertlərin görüşü keçirilmiş, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1991-2004-cü illərdə imzalanmış 60 sənədin qüvvədə olduğu, 10 sənədin digərləri ilə əvəz edildiyi və ya müddətinin bitməsilə əlaqədar qüvvədən düşdüyü, 8 sənədin qüvvəyə minmədiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 100-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş imzalanmışdır.

Fəslin altıncı paraqrafı “Türkiyə Respublikası və Azərbaycan Respublikası” adlanır. Türkiyənin Qafqazda mövqeyi əsasən Azərbaycanın və Azərbaycanla müttəfiqliyinə böyük ehtiyacı olan Gürcüstanın hesabına təmin olunur. Türkiyənin Qafqaz mənafeləri İran, Rusiya və Rusiyanın forpostu olan Ermənistanın maraqları ilə həmişə toqquşur. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra 9 noyabr 1991-ci ildə onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. Diplomatik əlaqələr isə 14 yanvar 1992-ci ildən yaradıldı. Türkiyədə Azərbaycanın Səfirliyi 1992-ci ilin avqust ayından, İstanbulda Baş Konsulluq 1993-cü ilin yanvar ayından fəaliyyətə başlamış, 12 aprel 2004-cü ildə Qarsda Baş Konsulluq təsis edilmişdir. Türkiyənin Azərbaycandakı Səfirliyi və Naxçıvandakı Baş Konsulluğu 1992-ci ilin yanvar ayında açılmışdır. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası Avropa dövlətləri ilə hərtərəfli əməkdaşlıq və inteqrasiya xəttini fəal surətdə dəstəkləsədə, Şərq ölkələri, xüsusən də Türkiyə ilə qarşılıqlı münasibətlərin inkişafına ciddi diqqət yetirmiş, strateji tərəfdaşlığın yaranıb dərinləşməsinə nail olmuşdur. Bu da öz növbəsində həm regional təhlükəsizliyin və sabitliyin qorunmasında, həm də Azərbaycanın Avropa dövlətləri ilə sıx inteqrasiya olunmasında Türkiyənin potensialından səmərəli şəkildə bəhrənələnməyə və respublikamızın dövlət maraqlarını təmin etməyə geniş imkanlar açır.

Fəslin yeddinci paraqrafı “İran İslam Respublikası və Azərbaycan Respublikası” adlanır. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Azərbaycanla İran arasında mövcud olan müxtəlif sahələrdəki əlaqələrin özünəməxsus cəhətləri var. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması İranla Azərbaycanın əlaqələrinə təsir göstərən amillərdən olsa da, Azərbaycanın müstəqilliyinin ilk illərində iki ölkənin münasibətlərində ciddi problemlər yarandı. Rəsmi Tehranın bölgədə yaranmış yeni geostrateji duruma adekvat reaksiya verə bilməməsi və Azərbaycana rəhbərlik edən qüvvələrin ziddiyyətli xarici siyasət yeritməsi nəticəsində 1992-1993-cü illəri iki dövlət arasındakı münasibətlərin ən gərgin dövrü kimi səciyyələndirmək olar. Prezident Heydər Əliyevin 2002-ci ilin mayında İrana səfəri iki ölkə arasında bəzi narazılıqları, xüsusən Xəzərin statusu məsələsini həll etməsə də, Azərbaycan-İran münasibətlərində konstruktiv əməkdaşlığın başlanğıcını qoydu. Səfərin yekunu olaraq, mayın 20-də iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında yeni memorandum imzalandı.

Fəslin səkkizinci paraqrafı “Gürcüstan Respublikası və Azərbaycan Respublikası” adlanır. Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə yaradılmışdır. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılmışdır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Azərbaycan və Gürcüstan arasında müqavilə-hüquq bazasına - Ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında (3 fevral 1993-cü il tarixindən qüvvədədir); Azad ticarət haqqında (10 iyul 1996-ci il tarixindən qüvvədədir); Neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında (10 iyul 1997-ci il tarixindən qüvvədədir); Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında (10 iyul 1997-ci il tarixindən qüvvədədir); Sərnişin avtomobil daşımaları haqqında (30 yanvar 1998-ci il tarixindən qüvvədədir) və sair sazişlər daxildir.  

Fəslin doqquzuncu paraqrafı “Qazaxıstan Respublikası və Azərbaycan Respublikası” adlanır. Orta Asiyada Azərbaycanın ən yaxın müttəfiqi və strateji tərəfdaşı Qazaxıstan Resublikasıdır. Xəzərin digər sahilyanı ölkələrindən fərqli olaraq, Qazaxıstanın Azərbaycanla münasibətləri yalnız yüksələn xətt üzrə inkişaf edib və müttəfiqlik səviyyəsinə qalxmışdır. İki ölkə arasında imzalanmış 70-dən çox dövlətlərarası və hökümətlərarası saziş içərisində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2005-ci il mayın 24-də Bakıya səfəri zamanı imzalanmış “Strateji əməkdaşlıq və tərəfdaşlıq haqda” Saziş xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə tərəflər neft maşınqayırması, neft kimyası, nəqliyyat, kənd təsərrüfatı, elmi-texniki və mədəni-humanitar sahələrdə əməkdaşlığı genişləndirməyi qərara almış, azad ticarət, turizm, neft-qaz maşınqayırması, terrorizmlə mübarizə və s. sahələrdə sazişlər imzalamışlar.

Fəslin onuncu paraqrafı “Türkmənistan Respublikası və Azərbaycan Respublikası” adlanır. Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılmışdır. 1994-cü ildə Türkmənistan Bakıda, 1998-ci ildə isə Azərbaycan Aşqabadda öz səfirliyini açmışdır. Lakin 1998-ci ildə Türkmənistan maliyyə problemlərini əsas gətirərək, Bakıdakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Azərbaycan və Türkmənistan arasında 1996-cı il martında “Dostluq və Əməkdaşlıq haqqında” müqavilə imzalanmışdır. Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin inkişafına mənfi təsir göstərən halların olması iki ölkə arasındakı münasibətlərin kifayət qədər mürəkkəbləşməsinə gətirib çıxarır. Xüsusən Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqe Xəzər bölgəsi ölkələri ilə bu dövlətin dostluq və tərəfdaşlıq münasibətlərinə xidmət etmir. Eyni zamanda, Xəzər dənizində əməkdaşlıq, onun karbohidrogen ehtiyyatlarının iştənməsi və xarici bazarlara çıxarılması məsələsində də Türkmənistanın qeyri-ardıcıl və qeyri-prinsipial mövqeyi bu ölkənin tərəfdaş imicinə ciddi xələl gətirir.

Azərbaycan bütün məsələlər üzrə Türkmənistanla konstruktiv dialoq aparmağa, anlaşılmazlıqları aradan qaldırmağa, dostluq və tərəfdaşlıq münasibətlərinə xələl gətirən sərt addımlardan çəkinməyə dəfələrlə cəhd göstərsə də, onun bu səylərinə qarşı tərəfdən adekvat münasibət göstərilməmişdir.

Nəticə hissəsində tədqiq edilən problemlə bağlı ümumiləşdirmələr aparılmış, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində, Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının formalaşmasında atdığı addımlar və bu əməkdaşlığın inkişafı üçün aparılan siyasətin praktiki üstünlükləri açıqlanır. Bu kontekstdə öz həllini gözləyən problemlər göstərilmiş, tövsiyyələr irəli sürülmüşdür.

          Dissertasiyanın məzmunu və əsas müddəaları nəşr edilmiş aşağıdakı elmi əsərlərdə öz əksini tapmışdır.

  1. Beynəlxalq münasibətlər və dövlətlərarası əməkdaşlığın beynəlxalq hüquqi əsasları. Qanun (ictimai-siyasi, elmi hüquq jurnalı), Bakı, 2006, №11(151), s. 13-16.
  2. Beynəlxalq hüquq subyektliyi. Qanun (ictimai-siyasi, elmi hüquq jurnalı), Bakı, 2007, №08(160), s. 27-32.
  3. Fiziki şəxslərin beynəlxalq hüquqi məsuliyyəti. Beynəlxalq hüquq və inteqrasiya problemləri. (elmi-analitik və praktiki jurnal), Bakı, 2008, № l-2 (12-14), s. 196-201.
  4. 1969-1982-ci illərdə Azərbaycan SSR-in xarici əlaqələrinin genişləndirilməsi. Beynəlxalq hüquq və inteqrasiya problemləri. (elmi-analitik və praktiki jurnal), Bakı, 2008, № 3(15), s. 259-265.
  5. Azərbaycan SSR-in beynəlxalq hüquq subyektliyi. Qanun (ictimai-siyasi, elmi hüquq jurnalı), Bakı, 2009, №01(177), s. 22- 33.
  6. Heкоторые аспекты отношений между Российской Федерацией и Азербайджнской Республикой. Юридические науки, Москва, 2009, №1(35) s.106-113
  7. Azərbaycan Respublikası və Türkiyə. Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), Bakı, 2009, № 2 (18), s. 262-267.
  8. Azərbaycan Respublikasının xarici ölkələrlə beynəlxalq hüquqi əməkdaşlığının formalaşması və inkişafında Heydər Əliyev faktoru. Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının materialları. Bakı, 2011, I, s. 379-381.
  9. Некоторые аспекты отнощений между Украиной и Азербайджаном. Право i cycпiльство (Науковый журнал), Киев,2011, № 6, s. 243-246.
  10. Heкоторые исторические факты nepeceлeния apмян в Kapaбax. Гiлея науковий вiсник, Kиев, 2012, 56 № 1, s. 212-215

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/huq/huq_n_mav_28_03_12.pdf