Heydər Əliyev: Hörmətli prezident!
Hörmətli qonaqlar!
Mən sizin yenidən Azərbaycana ziyarətinizdən çox məmnunam və ümidvaram ki, sizinlə başladığımız iş indiki nəticələrini verərək, gələcəkdə daha da çox uğurlar gətirəcəkdir.
Siz dünyada çox böyük əhəmiyyətə malik olan xeyriyyəçilik işi, humanitar iş görürsünüz. Bunun da ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu, uşaqlara aiddir, kimsəsiz, yaxud da atılmış uşaqlara aiddir.
Mən bilirəm ki, siz 130-dan çox ölkədə iş görürsünüz. Biz bu işə bir az gec qoşulmuşuq. Mən bunda özümüzü günahlandırıram. Yəqin ki, biz sizi axtarıb tapa, tanıya bilməmişik. Amma eyni zamanda siz də uşaqlara aid bu humanitar işləri görərkən, gərək Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanda kimsəsiz qalmış çox uşaqların olduğunu biləydiniz və buraya gələydiniz. Bizim də günahımız var, sizin də günahınız var. Amma yaxşı ki, biz bir-birimizi tapdıq. Belə bir məsəl var ki, heç olmamaqdansa, gec olması yaxşıdır. Sizinlə müqavilə bağladıq və siz burada əməli işə başladınız.
Sizin burada gördüyünüz işlər yüksək qiymətə layiqidr. Bakı şəhərinin çox səfalı bir yerində, sizə ayırdığımız yerdə siz gözəl bir uşaq kəndi yaratmısınız. Mən bir müddət bundan öncə oranı ziyarət edəndə çox heyran qaldım. Ancaq deyirlər ki, ondan sonra ora daha da genişlənibdir. Təəssüf ki, mənim bu gün başqa işlərim var. Sizinlə oraya gedə bilməyəcəyəm. Baş nazirə tapşırmışam. Mən bu yaxın vaxtlarda mütləq vaxt tapıb gedib oranı ziyarət edəcəyəm.
Hər halda, mənim gördüklərim onu sübut etdi ki, siz doğrudan da çox böyük tarixi əhəmiyyətə malik olan bir işlə məşğulsunuz. Sizin təşkilatı, \"SOS Kinderdorf\" təşkilatını yaradan şəxsə - 1949-cu ildə yaranıbdır - biz daim rəhmət, dua oxumalıyıq. Onun işinin davamçılarına isə öz təşəkkürümüzü bildirməliyik.
Siz bu işləri Azərbaycanda görəndə bizi daha da həvəsləndirmisiniz. Çünki əgər bunu Bakıda görmək olarsa, bizim başqa şəhərlərdə, başqa regionlarda da buna böyük ehtiyac var. Ona görə mən hesab edirəm ki, indi sizin burada proqramlarınızın ikinci mərhələsi də var. O da Azərbaycanın bir neçə bölgəsində, məsələn, Gəncədə, yaxud indi blokada şəraitində yaşayan Naxçıvanda, başqa yerlərdə, - hər halda, bizim adamlar sizinlə bərabər bunu müəyyən edərlər, - bu işə başlasanız biz çox minnətdar olacağıq və sizin bu xidmətlərinizi heç vaxt unutmayacağıq.
Sizin yaratdığınız bu təşkilata Azərbaycanda mənim qızım Sevil başçılıq edir. Bu da onu göstərir ki, mən bir prezident kimi, buna nə qədər böyük əhəmiyyət verirəm. Təəssüf ki, o, indi ölkədə yoxdur, sizinlə görüşə bilməyəcəkdir. Ancaq burada onun müavinini görürəm. Ümumiyyətlə, bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimiz və başqa təşkilatlarımız bu barədə çox işlər görürlər.
Mən sizə bir daha təşəkkür edirəm. Bir kimsəsiz uşağı, yaxud atılmış uşağı götürmək, bağrına basmaq, saxlamaq, böyütmək həddən ziyadə qiymətli bir işdir. Amma siz görün, dünyada nə qədər uşaqlara bu barədə qayğı, diqqət göstərirsiniz, o cümlədən Azərbaycan uşaqlarına. Mən sizə çox təşəkkür edirəm. Buyurun.
Helmut Kutin: Zati-aliləri cənab prezident, Sizinlə yenidən görüşmək şansını əldə etməyimi çox yüksək qiymətləndirirəm. Buraya qədəm qoyduğumuz andan etibarən Azərbaycan torpağında bizə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə \"SOS Kinderdorf İnterneyşnl\" təşkilatının bütün nümayəndə heyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.
Zati-aliləri, Siz haqlı qeyd etdiniz ki, biz Azərbaycandakı fəaliyyətimizə bir az gec başladıq. Amma biz artıq Azərbaycanla yaxşı əməkdaşlıq edirik və gözəl dostluğumuz formalaşıbdır - bu faktın özü o deməkdir ki, biz xoş günləri də, qəmli günləri də sizinlə əsl dost kim birgə bölüşməyə hazır olan insanlarıq.
Zati-aliləri, icazə verin, Azərbaycandakı fəaliyyətimizin həyata keçirilməsində bizə yaxından yardım göstərdiklərinə görə baş nazirə, onun müavinlərinə, əmək və əhalinin sosial müdafiəsi nazirinə, eyni zamanda bu layihənin, bu təşkilatın Azərbaycandakı rəhbərinə ölkənin birinci xanımına öz dərin minnətdarlığımızı bildirək. Qeyd edim ki, onun çox qabiliyyətli müavini cənab Tahir Budaqov nazir müavini olmaqla bərabər, bu işlərdə bizə olduqca yaxından yardım göstəribdir. Onu da bildirim ki, Siz doğru qeyd edirsiniz, orada gözəl bir kənd əmələ gəlibdir. Azərbaycanda \"SOS Kinder-Uşaq Kəndi\"ndə gecəni birlikdə keçirməkdən, günü onlarla bölüşməkdən çox-çox xoşbəxt olmuşuq. Orada ağcaqanad yoxdur, çoxlu su var. Uşaqlar çox xoşbəxt görünürlər.
Sizinlə bir təəssüratımı bölüşmək istəyirəm. Həmin kənddə mənim üçün ayrılmış, yaşadığım mənzildə Sizin divardan asılmış şəklinizin, özü də bütün Azərbaycan uşaqlarının baba hesab etdiyi prezidentin bu kəndin açılışında kimsəsiz uşaqlarla birlikdə çəkdirdiyi, onları ağuşuna aldığı şəklin divardan asıldığını gördükdə çox mütəəssir oldum. Çünki şəkildə sifətinizdən duymaq olur ki, Siz bu layihəyə, bu uşaqlara necə böyük qayğı göstərirsiniz və Sizin bu işə diqqətiniz hansı səviyyədədir. Zati-aliləri, ona görə də Siz bu gün o tədbirdə iştirak etməsəniz də, hesab edin ki, özünüzü orada olmuş kimi hiss edəcəksiniz. Çünki Sizin şəkliniz bütün o kənddə olacaqdır, uşaqlar Sizi öz əhatələrində hiss edəcəklər. Sizin dualarınız, hissləriniz, uşaqlara ürəyinizdən gələn xoş hisslər bizimlə bir olacaqdır. Uşaqlar onları hiss edəcəklər. Uşaqların anaları Sizin keçirdiyiniz hissləri bir daha yaşayacaqlar. Onlar çox gözəl uşaqlardır.
Cənab prezident, ona görə icazə verin, mən də Sizə şəxsi minnətdarlığımı bildirim ki, Siz vaxt tapıb o uşaqları ziyarət etmisiniz. Bunu sadəcə bir tədbirə qatılmaq, mərasimə qatılmaq üçün deyil, o uşaqlarla birlikdə əyləşmək, onların yaşayışı, günləri ilə tanış olmaq, atalıq, babalıq qayğılarınızı hisslərinizi həmin kimsəsiz uşaqlarla bölüşmk üçün vaxt ayırıb o kəndi ziyarət etmisiniz. Bu layihələrin inkişaf etdirilməsini həmişə diqqətinizdə saxlayırsınız.
Cənab prezident, biz iki il bundan öncə Sizinlə burada görüşən zaman və görmək istədiyimiz işlərlə əlaqədar Sizə məlumat verərkən tam əmin deyildim ki, Siz bunların hamısına dərindən inandınız, yoxsa yox. Amma iki il keçdi, gördünüz ki, verdiyimiz sözə əməl etdik. Sizin baş nazirlə, bizim dostlarımızla birlikdə Azərbaycanda çox gözəl bir kəndi ərsəyə gətirdik. Zati-aliləri, bu kəndin tikilib başa çatdırılmasında böyük xidmətləri olmuş Almaniyadakı dostlarımıza Sizin minnətdarlıq hisslərinizi mütləq çatdıracağıq.
Cənab prezident, təşkilatımızın buradakı ilk layihəsindən, əldə olunmuş uğurdan ruhlanaraq, əgər Sizin birinci layihəyə verdiyiniz qədər dəstəyiniz olarsa və Sizin nazirlər bu işdə yardımçı olarsa, biz Azərbaycanda bu layihələri genişləndirmək, onun ikinci, üçüncü mərhələlərini də davam etdirmək niyyətindəyik.
Heydər Əliyev: Mən bundan daha da çox dəstək verəcəyəm.
Helmut Kutin: Biz onda növbəti layihə üçün tərəfdaş olduğumuzu təsdiqlədik.
Heydər Əliyev: Yaxşı, işə başlayın.
Helmut Kutin: Hesab edirəm ki, həmin kənddə çox yaxşı analar çalışırlar. Ümumiyyətlə, orada işlər çox yaxşı təşkil olunubdur. Hesab edirəm ki, biz dostluq mühitində birlikdə çalışaraq, kimsəsiz uşaqlar üçün gələcəyə böyük ümid yaradacağıq. Eyni zamanda Azərbaycanla möhkəm özülə söykənən güclü dostluğumuzu bundan sonra da davam etdirəcəyik.
Sizə bir daha dərin minnətdarlığımızı bikldiririk və gələcək uğurlu əməkdaşlıq niyyətində olduğumuzu bəyan edirik.
Heydər Əliyev: Sağ olun. Mən sizə bir daha təşəkkür edirəm. Sizin burada, Azərbaycanda öz fəaliyyətinizi genişləndirmək haqqında bəyanatınızı çox məmnuniyyət hissi ilə qəbul edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin burada indiyə qədər apardığınız işlərdən daha yüksək ahəngdə görəcəyiniz işlər hamısı bizim yerli təşkilatlar tərəfindən təmin olunacaqdır. Ona görə xahiş edirəm, təxirə salmadan bu işlərə başlayasınız. Çox sağ olun.
Mən bu gün görüşümüzün əvvəlində dedim ki, sizin bu işləriniz həqiqətən dünya miqyasında ən yüksək qiymətə layiq olan işdir. Azərbaycanın prezidenti olaraq mən bu işi xüsusi qiymətləndirirəm. Sizin xidmətlərinizi çox yüksək qiymətləndirirəm. Ona görə indiyə qədər gördüyünüz işlərə yüksək qiymət verərək, mən şəxsən sizi Azərbaycanın yüksək mükafatı olan \"Şöhrət\" ordeni ilə təltif etmək haqqında fərman imzalamışam. İstərdim, elə burada, bu mərasimdə həm fərman sizə çatsın, həm də bizim ölkəmizin yüksək ordenini şəxsən özüm sizə təqdim edim.
* * *
Helmut Kutin: Cənab prezident, bir daha çox sağ olun. Mənə böyük şərəf verdiniz. Hesab edirəm ki, bu mükafat bütün \"SOS Kinderdorf İnterneyşnl\" təşkilatına və bu layihəni həyata keçirmiş insanların əməyinə verilmiş böyük qiymətdir.
Şübhəsiz ki, bu, bizim qarşımızda daha böyük məsuliyyət qoyur və bizi Azərbaycan uşaqları üçün daha böyük işlər görməyə vadar edəcəkdir. Bir daha çox sağ olun.
Heydər Əliyev: Çox sağ olun. Sizə uğurlar arzulayıram. Sizinlə yenidən görüşməyimdən çox məmnunam.