Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistandan Bakıya qayıdarkən Binə beynəlxalq hava limanında jurnalistlərin suallarına cavabı - 24 aprel 2002-ci il

Heydər Əliyev: Xoş gördük. Dünən görüşmüşük, bu gün də görüşürük. Görürsünüz, Azərbaycan Prezidenti jurnalistlərlə necə tez-tez görüşür. Təbii, siz maraqlanırsınız, bilirəm ki, bəzi məlumatlarınız da var. Ona görə mən geniş məlumat vermək məqsədində deyiləm. Mən hesab edirəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının birinci görüşü, Aşqabad sammiti çox əhəmiyyətli bir hadisə oldu və bizə böyük imkanlar verdi ki, son illər Xəzərin statusu ilə əlaqədar olan müzakirələr, məsələlər haqqında öz mövqelərimizi, öz fikirlərimizi bildirək və bunları müzakirə edək. Bu da alındı. Ona görə hesab edirəm ki, sammit baş tutubdur. Yenə deyirəm, mən bunu mühüm hadisə hesab edirəm. Əsas ondan ibarətdir ki, orada hər bir dövlət başçısı öz ölkəsinin Xəzərə aid və Xəzərin statusuna aid fikirlərini bildirdi. Mən orada dünən də demişdim, bu gün də qapalı iclasda dedim ki, Xəzərin statusu təkcə Xəzərin dibinin bölünməsindən ibarət deyil, Xəzərin problemləri var. Xəzərin ən böyük problemi ekologiya problemidir. Çünki Xəzər dənizi kimi dünyada bənzəri olmayan nadir bir dəniz, təəssüflər olsun ki, çox çirklənir. Keçmişdə də çirklənibdir, amma indi daha da çox çirklənir. Xəzərin statusunun müəyyən edilməsi bu məsələnin həlli ilə bağlı olmalıdır. Yaxud da ki, Xəzərin bioloji ehtiyatları. Xəzərdə olan nadir balıqlar get-gedə azalır, onların məhv olmaq təhlükəsi var. Bununla da ciddi məşğul olmaq lazımdır. Xəzərdə gəmiçilik məsələsi də var. Bunlarla bərabər, indi bu dəqiqə çox aktual olan məsələ - Xəzərin mineral ehtiyatlarının istifadə olunmasıdır. Bunlardan istifadə olunur, o cümlədən Azərbaycan tərəfindən. Xəzərin sektorlara bölünməsi, yəni Xəzərin statusunun müəyyən edilməsi ondan ibarətdir ki, gərək müəyyənləşdirilsin ki, hansı ölkə hansı sərhəddə öz işini apara bilər. Bunda da indiyə qədər əldə olunmuş təcrübə var. Beynəlxalq hüquq normalarına uyğun olan orta xətt prinsipi var və bu, əsas götürülməlidir. Əlbəttə, biz bu barədə öz mövqeyimizi orada bildirdik. Müzakirələr çox oldu. Bizim açıq iclasımızda müzakirə olmadı, orada çoxlu mətbuat nümayəndələri var idi. Amma ondan sonra qapalı iclasımızda geniş müzakirə oldu və əvvəldən nəzərdə tutulmuşdu ki, bir bəyannamə imzalansın. O da bir neçə vaxtdır hazırlanırdı. Nəhayət, aprelin 22-də qərar qəbul olunmuşdu ki, ekspertlər qrupu ayrıca görüşsünlər, bu bəyannamənin layihəsini hazırlasınlar. Onlar da görüşmüşdülər, hazırlamışdılar. Belə bir bəyannamə layihəsi var idi. Ancaq sonra qapalı iclasda biz bəyannamə layihəsini müzakirə edərkən bir neçə məsələlər çox mübahisəli oldu. Ona görə dövlət başçıları qərara gəldilər ki, ekspertlər qrupuna tapşırılsın ki, gecə səhərə qədər işləsinlər, bu hazır olsun və səhər biz bəyannamənin layihəsinə baxaq və onu imzalayaq. Onlar gecə saat beşə qədər işləmiş, əvvəlki mətni, variantı müəyyən qədər təkmilləşdirmişdilər. Ancaq təkmilləşmiş variant da bəzi mübahisələr doğurdu. Ona görə bu gün bizim qapalı iclasımız beş saat çəkdi. Mübahisələr olduğuna görə, bir fikrə gələ bilmədiyimizə görə belə qərara alındı ki, bəyannamə qəbul edilməsin. Elə sammitin keçirilməsinin özü çox əhəmiyyətli hadisədir və bu, gələcəkdə belə görüşlərimizin tez-tez keçirilməsi üçün bir başlanğıcdır. Qərara gəldik ki, hər ölkə üzrə xarici işlər nazirliklərinə tapşıraq, onlar bu bəyannamənin üzərində işləsinlər. Hazır olan zaman biz baxmalıyıq. Əgər hamı onunla razı olsa, toplaşıb bunu imzalaya bilərik.

Sual: Cənab Prezident, Saparmurad Niyazovun \"Xəzərdən qan iyi gəlir\" fikrinə münasibət bildirməyinizi xahiş edirəm. Bu, regiondakı vəziyyətin gərginləşməsinə gətirib çıxarmayacaq?

Cavab: Bilirsiniz, sizdən xahiş edirəm, mənə bu sualları verməyin. Mən bunların heç birinə cavab verməyəcəyəm. Təyyarədə mənə dedilər ki, bizim bəzi qəzetlərdə yenə də - bu məsələ qurtarmır - mən buraya gəlməmiş bir çox şeylər yazıblar. Nə bunlara cavab verəcəyəm, nə də bu barədə mübahisəyə keçəcəyəm.

Sual: Cənab Prezident, Saparmurad Niyazov dedi ki, o necə statusdur ki, Azərbaycan Xəzər sahillərindən 184 kilometr uzaqda, Türkmənistandan 84 kilometr uzaqda iş aparır. Bu nə dərəcədə əsaslandırılıbdır?

Cavab: Mən təəssüf edirəm ki, o bu fikirləri mətbuatın yanında deyir. Amma bu onun fikridir. Dünyada qəbul olunmuş beynəlxalq hüquq normalarına əsaslanan orta xətt prinsipi var. O isə orta xətt prinsipini kənara qoyur, özü nə cür düşünür, o cür də xətt çəkir. O, çəkilən xəttə görə həmin məsafələri deyir. Belədir, fikir ayrılığıdır.

Sual: Cənab Prezident, növbəti görüşün vaxtı müəyyənləşibmi?

Cavab: Yox, müəyyənləşməyibdir. Sağ olun.