ABŞ Konqresinin "Azadlığı Müdafiə Aktına" 907-ci əlavəsi və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin onun aradan qaldırılması ilə əlaqədar fəaliyyəti mövzusunda ümumi tarixi arayış

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlığı Müdafiə Aktı" adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub. (www.wwws.princeton.edu)

Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edən ABŞ-ın güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərib. Konqresmenler erməni icmasının və lobbisinin birtərəfli məlumatları, təbliğatına görə 907-ci düzəliş üçün Azərbaycanın münaqişədə olduğu Ermənistanı guya blokadada saxlaması, Dağlıq Qarabağ ermənilərinə qarşı zorakılıq işlətməsi səbəblərini əsas kimi qəbul ediblər. Qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağda nəzarətdə saxladığı son şəhəri Şuşanı, vilayətdən kənardakı Laçın rayonunu işğal edib, Xocalı şəhərini tutaraq dinc sakinlərə qarşı qanlı qırğın törədiblər.

907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan Respublikası səkkiz il ərzində ABŞ yardımından məhrum olub. ABŞ tərəfindən müxtəlif formalarda Azərbaycana gələn yardımlar QHT - lər vasitəsilə həyata keçirilib. Bu, Ermənistana edilən yardımla müqayisədə xeyli məhdud idi.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi, 1994-cü ildə isə ABŞ neft şirkətləri ilə neft müqavilələrinin imzalanmasından sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib.

1996-cı ilin yanvarında ABŞ Konqresi Uilson düzəlişi adlı qanun qəbul edib. Demokrat Partiyasından olan konqressmen Çarlz Uilsonun adını daşıyan düzəliş ABŞ prezidentinə Azərbaycana qeyri - hökumət təşkilatları səviyyəsində yardımın kifayət etməməsi qənaətinə gələcəyi təqdirdə birbaşa yardım səlahiyyəti verirdi. Buna baxmayaraq ABŞ - ın maliyyə yardımı məsələsində Azərbaycana münasibətdə ayrı - seçkiliyi davam edib.

Həmin ilin sentyabrında Azərbaycan rəhbərliyi, ABŞ prezidenti və Dövlət Departamentinin təzyiqi ilə Konqresin Azərbaycana qarşı daha bir qərar qəbul etməsinin qarşısı alınıb. Demokrat Partiyasından olan senator Con Porterin təklifi ilə hazırlandığına görə "Porter əlavəsi" adlandırılan həmin qanun layihəsində 1997 - ci il üçün Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə Dağlıq Qarabağ ayrıca, müstəqil tərəf kimi qeyd olunurdu. Beləliklə də qüvvəyə minəcəyi təqdirdə Ermənistanla münaqişədə olan Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi tərəfindən şübhə altına alınması təhlükəsi yaranırdı.

Azərbaycan Prezidenti Heydər Əliyev o zaman ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi çağıraraq ona bu məsələyə görə ciddi narahat olduğunu bildirib. ABŞ siyasi dairələrində də bu əlavənin zərərli mahiyyəti təsdiqlənib. (www.centerforsecuritypolicy.org) ABŞ prezidentinin təmsilçiləri də bu layihə əleyhinə çıxışlar ediblər. Nəticədə Porter əlavəsinə dəyişiklik edilərək Dağlıq Qarabağı Azərbaycandan ayrı, müstəqil tərəf kimi göstərən ifadə dəyişdirilib. O, "Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycana yardım" formasına salınıb. (Fariz Rzaev, 907-ya Popravka: Istoriya i Perspektivı. (www.karabakh-doc.azerall.info)

Azərbaycan Prezidenti Heydər Əliyev 27 iyul - 7 avqust 1997-ci ildə ABŞ- a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907 - ci əlavənin ləğvinin zəruriliyini prezident Klinton və ABŞ Konqresinin üzvlərilə görüşlərdə onların diqqətinə çatdırıb.

1 avqust 1997-ci ildə Heydər Əliyevlə söhbət zamanı Bill Klinton ABŞ Konqresinin 907-ci əlavəyə münasibətini dəyişəcəyini bildirib. O, əvvəlcə Azərbaycana yardımların təmin olunacağını, daha sonra həmin əlavənin tam ləğv ediləcəyini deyib. (Together Towards the New Century, official visit of Heydar Aliyev, The Pesident of The Republic of Azerbaijan to the US, 27 july - 7 august 1997, p. 13)

ABŞ Konqresi Senatının sədri Nyut Qinqriç də Heydər Əliyevə 907-ci düzəlişin tezliklə ləğv olunmasının zəruriliyini bildirib. Azərbaycan Prezidenti senatın xarici əlaqələr komitəsinin üzvləri olan senatorlarla görüşündə də həmin məsələni qaldırıb. O, görüşdə iştirak edən, erməni lobbisinin təsirində olduğu bildirilən Frenk Polloninin Dağlıq Qarabağın müstəqilliyinə imkan verən qanunun mövcudluğu fikrinin səhv olduğunu bəyan edib. Heydər Əliyev senatorlara Dağlıq Qarbağın 1923-cü ildən muxtar vilayət kimi Azərbaycanın tərkibində yaradıldığını söyləyib.

Azərbaycan dövlət başçısının nümayəndələr palatasında keçirdiyi görüşlər zamanı da ABŞ qanunvericiləri 907-ci düzəlişin əleyhinə olduqlarını bir daha bildiriblər.

ABŞ erməni icması və lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da 1997-2000-ci illərdə ABŞ Azərbaycana məhdud da olsa müxtəlif yardımlar edib.

2000-ci ilin fevralında Heydər Əliyevin ABŞ-a səfəri zamanı müdafiə naziri Uilyam Kohenlə 907-ci düzəlişin daha çox qarşısını aldığı hərbi əməkdaşlıq məsələlərindən danışılıb. Kohen bildirib ki, o, düzəlişdən yan keçməklə təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə imkan yaradılması üçün konqres qarşısında məsələ qaldıracaq. (Azerbaijan - USA, On the Road of Friendship and Partnership, Business Visit of The President of The Republic of Azerbaijan Heydar Aliyev to USA, February 12 - 28, Baku - 2000, p. 32)

1997-2000-ci illər ərzində Klinton administrasiyası 907-ci düzəlişin Konqres tərəfindən ləğv olunması üçün cəhdlər göstərib. ABŞ ermənilərinin iki əsas təşkilatı - Amerika Erməni Assambleyası və Amerika Milli Erməni Komitəsi də 907-ci düzəliş məsələsində fərqli fikirdə olublar. Assambleya Ermənistana da ABŞ hərbi yardımını qadağan etdiyi üçün düzəlişin ləğvinə tərəfdar olsa da Komitə bunun əleyhinə çıxıb. (www.jamestown.org)

907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yaranıb. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərib. Həmin əlaqələr çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi ehtiyacı yaranıb. Beləliklə də ABŞ prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verib.

2003-2004-cü illər üçün də eyni addım atılıb. ABŞ prezidentinin göstərişlərində antiterror koalisiyasının səmərəliliyinin artırılması məqsədilə Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin vacibliyi göstərilib. (www.state.gov)

Azadlığı Müdafiə Aktı qanununun çərçivəsində 1992-2005-ci illərdə ABŞ Ermənistana 1.6 milyard dollar, Azərbaycana isə 600 milyon dollar yardım edib. 2006-cı il üçün ABŞ-ın Azərbaycana ayırdığı vəsait 48, Ermənistana ayırdığı vəsait isə 82 milyon dollardır. (www.fpc.state.gov)

Azərbaycan tərəfi 907-ci əlavənin tam ləğv edilməyərək yalnız qüvvəsinin müvəqqəti dayandırılmasını məqbul addım hesab etmir. Heydər Əliyev ABŞ səfiri Riçard Kozlariçlə görüşündə bu əlavənin ləğvinin daha çox mənəvi əhəmiyyət daşıdığını bəyan edib.

Tarixi arayış 22 noyabr 2006-cı ildə tərtib olunub.