Akademik İmam Mustafayevə - 23 fevral 1995-ci il

Hörmətli İmam Mustafayev!

Sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı sizi həyatını kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə sərf etmiş görkəmli alim, tanınmış ictimai xadim, fəaliyyətini Vətəninə, xalqına xidmətə həsr etmiş böyük vətəndaş kimi tanıyır.

Siz 65 illik yorulmaz, məhsuldar fəaliyyətiniz sayəsində geniş xalq kütlələrinin məhəbbət və ehtiramını qazanmışsınız. İnanıram ki, siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi davam etdirəcək, yeni-yeni nailiyyətlər əldə edəcəksiniz. Sizə bu şərəfli yolda uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti