Heydər Əliyev: Salam, xoş gördük sizi.
Mənə məlumdur ki, 20 Yanvar ilə bağlı iki təşkilat var. Bu təşkilatların sədrləri kimlərdir?
Nəsib Azər: \"20 Yanvar Fondu\"nun sədri mənəm, \"20 Yanvar Cəmiyyəti\"nin sədri isə Fərman Məmmədovdur.
Heydər Əliyev: Bir-birinizlə əlaqədə işləyirsinizmi, ziddiyyət yoxdur ki?
Nəsib Azər: Yoxdur, bir-birimizə kömək edirik.
Heydər Əliyev: Olmasın, gərək olmasın. Çünki bu, müqəddəs işdir. Bilirsiniz, mənim təşəbbüsümlə 1994-cü ildə 20 Yanvar hadisələrinə geniş qiymət verildi. Milli Məclis nə qədər müzakirələr apardı və 1994-cü ilin mart ayında böyük bir qərar qəbul olundu, Ondan sonra mən 20 Yanvar şəhidləri yolunda nə qədər tədbirlər gördüm. Baxın, qəbirlər nə vəziyyətdə idi, indi nə vəziyyətdədir. Ondan sonra orada \"Əbədi məşəl\" abidəsi kompleksini yaratdıq. Dünən mən Respublika Sarayında dedim, - yəqin siz orada idiniz, - indi ora bizim ən müqəddəs yerimizdir. İnam yeridir, inanc yeridir, and yeridir. Ona görə 20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir. Biz bir tərəfdən qəm-qüssə çəkirik. Ona görə mən dünən Respublika Sarayında olarkən, - baxmayaraq ki, bütün o sənədlərin hamısını bilirəm, 20 Yanvar hadisələrinin sabahısı günü mən Moskvada xəstə olaraq gedib öz möqeyimi bildirdim, sonralar bu barədə nə qədər çıxışlar etmişəm, sözlər demişəm, - o gecə mənə çox təsir etdi. Həddindən artıq təsir etdi. Siz yəqin orada hiss etdiniz, - çox həyəcanlı idim.
Nəsib Azər: Şəhid ailələrinin nümayəndələri mənə dedilər bu gün Sizə çatdırım ki, birinci növbədə Sizin sağlamlığınız, səhhətiniz nə qədər yaxşı olsa, xalqımız üçün bir o qədər yaxşıdır. Siz Azərbaycan torpağında o qədər iz qoymusunuz ki, sayı-hesabı yoxdur. Bunları tarixdən heç kim silə bilməz. Sizin dostlarınız da, düşmənləriniz də var, düşmənlər də etiraf etməli olacaq ki, xalqımızın qarşısında Sizin əməyiniz nədən ibarətdir. Bunu heç kim inkar edə bilməz. Ona görə də xalqımız Sizin haqqınızda iftixarla danışır. Baldızım Gəncədə uşaq bağçasında işləyir. Keçmiş prezident seçkiləri zamanı o, Sizin namizədliyinizi vermişdi ki, Heydər Əliyev prezident seçilməlidir. O vaxt ona izah etmək istəyirdilər ki, sən savədlı adamsan, bilirsən ki, yaş senzi var. Cavabında demişdi ki, onun adını siyahıya salın, xalq bildirsin ki, ona münasibəti necədir. Bir-iki aydan sonra çağırıb danlamışdılar. Demək, xalqın Sizə olan məhəbbəti elə-belə deyildir, Siz burada xalqın məhəbbəti sayəsində oturmusunuz.
Heydər Əliyev: Tamamilə düz deyirsən. Əgər xalqın mənə inamı, məhəbbəti, xalqın mənə dəstəyi olmasaydı, 1993-cü ildə buraya gəlməzdim və təbiidir ki, bu neçə ili də burada oturmazdım.
Nəsib Azər: Mənim bir yaralı yerim var,o da Şəhidlər xiyabanıdır. Siz orada böyük iş görmüsünüz, o abidəni yaratmaqla özünüzə heykəl qoymusunuz. 1990-cı ildə o xiyabanı şəhid ailələrinin təzyiqi ilə saldırmışıq. Onu tikmirdilər, sökdürmək istəyirdilər. İstərdim ki, Siz Şəhidlər xiyabanının geniş şəkildə, Baş plan əsasında qurulmasını davam etdirəsiniz. Mənə elə gəlir ki, Şəhidlər xiyabanı Sizin adınızla Azərbaycan xalqının tarixinə əbədi həkk olunacaqdır. İstərdim ki, imkan tapıb Şəhidlər xiyabanının girişini də düzəldək və ora doğrudan da məbədgah olsun, xaricdən də ziyarətə gəlsinlər. İndi orada nə varsa, hamısı 1994-cü ildən etibarən, Siz gələndən sonra yaradılıbdır. Kompleksə rəhbərliyin olması lazımdır. Şəhidlər xiyabanı müqəddəs yerdir. Şəhid ailələrinin nümayəndələri deyirlər ki, möhtərəm prezidentimiz sağlamlığını qorusun, o, bizə lazımdır. Mən isə deyirəm ki, sağlamlıqdan danışırsınız, amma o qədər müraciətlər edib, problemlərinizi bildirirsiniz, halbuki bunları Rəfael müəllimlə, başqası ilə həll edə bilərik. Elə şeylər deyir, yazırsınız ki, adam xəcalət çəkir. Ora müqəddəs yerdir. Məni şaqqalasalar da, orada bunu demərəm. Çünki şəhidlərin ruhu, oğlumun ruhu məni bağışlamaz ki, orada nə isə tələb edim. Nə deyim, adamların hərəsinin səviyyəsi bir cürdür.
Heydər Əliyev: Eybi yoxdur, eybi yoxdur.
Nəsib Azər: Mən istərdim ki, Siz səhhətinizi qoruyasınız. Bizə çox qayğı göstərmisiniz. Siz 120 nəfər adama yenidən həyat verdiniz. Vaxtilə subyektiv münasibətlərə görə onlara \"Azadlıq uğrunda mübariz\" adı verməmişdilər. Siz 137 nəfərə \"20 Yanvar şəhidi\" fəxri adı vermisiniz. Bu, böyük işdir, şəhid ailələrində ruh yüksəkliyi yaratmışdır. Mən onların minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Hesab edirəm ki, qalan məsələləri özümüz həll edəcəyik. Rəfael müəllim bizə çox kömək edir. Bilmirəm. Sizə məlumat veriblər, ya yox. Mənzil, maşın, telefon məsələlərində rayonlar da bizə çox kömək edir. Məsələn, son iki ayda 20-dək şəhid və əlil ailəsinin mənzilinə telefon çəkilibdir. Bunlar hamısı pulsuz, dövlət hesabınadır. Həm də onlar telefon haqqından da tamamilə azaddırlar. Bu, dövlətin qayğısıdır, bəzən mənə deyirlər ki, dövlət nə edir? Deyirəm ki, nə etməlidir - işıq pulu, qaz pulu, su pulu ödənilmir. Dövlət daha nə etməlidir?
Cənab prezident, bir xahişim var. Elə şəhid vəlideynləri var ki, çox az pensiya alırlar. Doğrudur, bunların sayı get-gedə azalır, amma hələ var. Xahiş edərdim, Əli müəllimə göstəriş verəsiniz ki, bu məsələ müzakirə olunsun, tənha yaşayan, xüsusən ağır vəziyyətdə olan şəhid vəlideynləri dolanmaq üçün lazımi səviyyədə pensiya ala bilsinlər.
Heydər Əliyev: Təşəkkür edirəm. Birincisi, sizin dediyiniz söz və dünən matəm gecəsində mənim dediyim söz eynidir. Yəni Şəhidlər xiyabanı Azərbaycanın ən müqəddəs yeridir. Oranın abadlaşmasına mənim sərf etdiyim səylər də məlumdur, bunların nəticəsində olubdur. Nəhayət, orada o abidənin yaradılması mənim şəxsi təşəbbüsümün və bu barədə bir neçə vaxt aparılmış işlərin nəticəsidir. İndi mən sizə deyə bilərəm, - göstəriş verdim ki, bu abidənin layihəsini gətirin. Bizim çox hörmətli memarlarımız, rəssamlarımız, heykəltəraşlarımız müxtəlif, doğrudan da orijinal layihələr gətirdilər. Amma mən heç birisini qəbul etmədim. Bunu indi sizə deyə bilərəm, Rəfael bunu yaxşı bilir. Mən özüm düşünürdüm ki, oradakı abidə gərək çox əzəmətli olsun, şəhidlərin səmaya qalxmasını göstərsin. İndi siz gördüyünüz o abidə, - bunu demək mənim üçün bəlkə də o qədər yaxşı deyil, amma bilməlisiniz, - şəxsən mənim ideyamdır. Mənim ideyam əsasında memarlar onu işləyib hazırladılar. Bilirsiniz ki, o abidənin ucaldıldığı yer də yox idi. Çünki, qəbirlər qurtarandan sonra o tərəf uçurum idi. Mən göstəriş verdim, oraya gətirib daş-torpaq tökdülər. Dedim ki, sonra bu, çökə bilər, möhkəmləndirin. Möhkəmləndirdilər və onun üzərində, hesab edirəm ki, çox gözəl bir abidə yaranıbdır. Təbiidir ki, onu Bakı İcra Hakimiyyətinin, Rəfael Allahverdiyevin başçılığı ilə bizim memarlar, ustalar çox gözəl tikiblər. Mən bu gün ona yenə də diqqətlə baxırdım. Bizim Azarbaycan memarlığını əks etdirən, eyni zamanda Azərbaycanın öz daşından, - mərmər, filan, bundan parıldayır, - yonulmuş abidədir. Onun yerini də elə seçdik ki, şəhərin hər tərəfindən görünür. Yəqin ki, axşam vaxtı, qaranlıq düşəndə bulvara çıxırsınız, oradan görürsünüz. Onun içərisində od yanır, amma elə bil ki, günbəzi də hər tərəfdən yanır. Bəli, bunlar hamısı görünür. Bunlar sadə iş deyil, mənim fikirlərimdir, bizim memarlarla birlikdə tapdığımız formadır. Hesab edirəm ki, çox yaxşı abidədir. Mən ölkələrin çoxunda, müxtəlif paytaxtlarda olmuşam. Haraya gedirəm, Belə yerlərə ziyarət proqramda həmişə olur. Mən istəyirdim elə edək ki, bu, həqiqətən Yanvar şəhidlərinə layiq olsun və başqalarından seçilsin. Biz də buna nail olduq. Mən Azərbaycanda çox abidələr yaratmışam, çox binalar tikmişəm, çox yollar salmışam, körpülər tikmişəm, su kəmərləri çəkdirmişəm və sair - bunları saymaqla qurtarmaq olmaz. Amma mənim üçün onun qədər əziz abidə yoxdur. Çünki onun daxili mənası böyükdür, tarixi əhəmiyyəti böyükdür və əsrlər boyu da yaşayacaqdır. Mən dünən də dedim -təskinlik tapıram ki, insanlar həlak olub, şəhid olublar, amma biz onları yaşadırıq. Qəlbimizdə yaşadırıq və o abidədə, Şahidlər xiyabanında, o \"Əbədi məşəl\"də yaşadırıq.
Siz təklif edirsiniz ki, orada Baş plan düzəldib nə isə etmək lazımdır - mən indi bunu, sadəcə, təsəvvür etmirəm. Varsa, Rəfael Allahverdiyevə təqdim edin, baxaq, həyata keçirək. Bir də oturun, nə lazımdırsa, fikirləşin. Mənim fikrim budur: oranı kompleks şəklində daha da əzəmətli, daha da gözəl, şəhidlərin xatirəsinə daha da layiq etmək üçün nə lazımdırsa, mən bunun hamısını dəstəkləyirəm və hamısı haqqında da lazımi qərarlar qəbul edəcəyəm. Sən onları mənə təqdim et.
Burada bir fikir də deyildi ki, müdiriyyət yaratmaq lazımdır, oranın sahibi, rəhbəri olsun. Yəni orada bir təşkilat olmalıdır ki, daim oraya baxsın. Bunun mənasını bilirəm. Bakı İcra Hakimiyyəti bunu edir.
Rəfael Allahverdiyev: Var, işləyir.
Heydər Əliyev: Bəs bu deyir ki... Hər halda, baxın. Rəfael, o təkliflərə baxın və mənə verin. Mən bunları etməyə hazıram. Sonra, sən dedin ki, şəhid vəlideynlərinin bəzilərinin yaşayışı çətindir. İkiniz birlikdə mənə məktub yazın. Başqa nə kimi məsələlər həll olunmalıdır, onları da yazın.
Nəsib Azər: Mən yazmışam.
Heydər Əliyev: O məktub haradadır?
Nəsib Azər: Ramiz müəllimə yazmışam, Fatma xanıma veribdir.
Heydər Əliyev: Mən tapşırıram Seyidzadəyə, məktubu tapsın, Mənə versin.
Nəsib Azər: Bir az tələsik yazmışam...
Heydər Əliyev: Nə yazmısan, yazmısan, əhəmiyyəti yoxdur. Onu tapıb mənə verin, mən əmr verim, nə lazımdırsa edək. Burada heç bir problem olmayacaqdır. O cümlədən, maddi baxımdan çətin yaşayan adamlara əlavə kömək etməklə əlaqədər hamısını edəcəyəm. Bundan narahat olmayın. Bir sözlə, bütün şəhid ailələrinə bildirin ki, mən həyatımın sonuna qədər şəhidlərin xatirəsini Azərbaycanda yaşadacağam. Ancaq mən indi elə iş qurmuşam ki, gələcək nəsillər daim bunu yaşadacaqlar. Bunu heç kəs unuda bilməz.
Fərman Məmmədov: Mən şəhid atasıyam, Larisa Məmmədovanın atasıyam. Özüm də ikinci qrup əliləm, 20 Yanvar hadisələri zamanı yaralanmışam. Biz Sizə inanırıq, dediyiniz işlərin hamısı görülür, biz də kömək edirik, çalışırıq, 1994-cü ildə Sizin verdiyiniz qərar əsasında Şəhidlər xiyabanında “20 Yanvar Cəmiyyəti”nə yer verilibdir. Biz ora nın təmiri ilə də məşğul olmuşuq. Hazırda orada 20 Yanvarda şəhid və əlil olanların balaları üçün pulsuz ingilis və fransız dilləri kursları açmışıq. Vaxtilə öz hesabına işləyə bilməyən təşkilatlara büdcədən dotasiya verirdilər. Düzdür, biz indi dövlət büdcəsindən bir manat da pul almırıq. Ancaq Sizdən xahiş edərdim ki, gələcəkdə \"20 Yanvar Cəmiyyəti\"nə maliyyə köməyi olunsun, biz o cəmiyyəti yaşadaq, sonrakı nəsillərə çatdıra bilək. Siz respublikada sabitlik yaratmısınız. Biz də çalışmışıq ki, öz gücümüzlə şəhid ailələrinə, əlillərə lazımi kömək göstərək. Kompüter mərkəzimizdə üç kitab yığmışıq, düzdür, bunların maliyyə məsələsi hələ həll olunmayıbdır. Amma istərdik ki, bu kitablar işıq üzü görsün. Bunlar tarixi kitablardır. Sizin Moskvadakı çıxışınız, 1994-cü ildə yanvar hadisələrinə verdiyiniz siyasi qiymət - hamısı orada əksini tapmışdır. Biz Sizin bütün tədbirlərinizdə iştirak etmişik. Biz həmişə hazırıq ki, Sizə kömək edək, Qarabağ torpaqlarımızı azad eləyin. Nə tapşırığınız olsa, “20 Yanvar Cəmiyyət”nin üzvləri, şəhid ailələri buna hazırdır, Sizi dəstəkləyirlər. Həm Sizin köməyinizə ehtiyacımız var, həm də Sizə kömək etməyə hazırıq. Çox sağ olun.
Heydər Əliyev: Siz də təklifləriniz haqqında məktub yazın, verin Seyidzadəyə. O, mənə təqdim edər, lazımi sərəncamlar verərəm.
Dünən axşam biz matəm mərasimi keçirdik, bu gün Şəhidlər xiyabanında olduq. İndi sizinlə də görüşürəm. Problemlərinizin hamısını söylədiniz, həll edəcəyik. Ancaq mənim sizinlə bugünkü görüşümün məqsədi eyni zamanda şəxsi söhbət etmək, bir də ki, sizin cəmiyyətə bir az yardım etməkdən ibarətdir. Bakı Şəhər İcra Hakimiyyəti hərənizə - həm fonda, həm də cəmiyyətə - bir avtobus ayırıb ki, ondan istifadə edə biləsiniz. Buraya dəvət olunmuş iki şəhid atasının da yaşayış vəziyyəti ağırdır. Bakı Şəhər icra Hakimiyyətinin başçısı onlar üçün də mənzillər tapıbdır. O mənzilləri sizə təqdim edirik. Beləliklə, əlimizdən gələni edirik. Rəfael Allahverdiyev mənə dedi ki, şəhid ailələrinin tam əksəriyyətinin mənzil problemi həll olunubdur. Deyəsən, beş nəfər qalıbdır. Mən göstəriş verdim ki, kim qalıbsa, hamısını həll eləsin.
Mən bu gün sizinlə görüşməyimdən çox məmnunam. Bütün Yanvar şəhidlərinin ailələrinə mənim salamımı, hörmət və ehtiramımı, məhəbbətimi, çox səmimi hissiyyatlarımı çatdırın. Bilin ki, mən həmişə sizinləyəm, sizin arxanızdayam. Bilirəm ki, siz də müstəqil Azərbaycan dövlətinin arxasındasınız, Azərbaycan prezidentinin arxasındasınız.
Nəsib Azər: Bizim balalarımız müstəqillik yolunda şəhid olublar. Biz onlara necə xəyanət edə bilərik! Biz hansı şəraitdə də olsa, pis də yaşaya bilərik, ancaq müstəqilliyimizi qorumalıyıq. Mənim oğlumun məzarı oradadır, onun ruhuna xəyanət etsəm, gözümdən gələr.
Heydər Əliyev: Bəli, belədir. Mən dünən dedim ki, şəhidlər üçün ən böyük abidə Azərbaycanın dövlət müstəqilliyidir. Xatirinizdədir, ikincisi də onu dedim ki, mən şəhidlərin ruhu qarşısında, xatirəsi qarşısında and içirəm ki, bizim müstəqilliyimiz yaşayacaq, inkişaf edəcək və əbədi olacaqdır. Bu sözlər sadəcə sözlər deyildir. Mən dünən bütün ölkə qarşısında and içmişəm.
İsmayıl Qasımov: Arzu edək ki, üçrəngli bayrağımız daim dalğalansın, şəhidlərimizin ruhu şad olsun. Biz dünyamızı dəyişəndə onlara xoş xəbər aparaq ki, Xankəndi azad olunubdur. Mən bu arzu ilə yaşayıram.
Heydər Əliyev: İnşallah, ona da nail olacağıq.
İsmayıl Qasımov: Cənab prezident, Mən şəhid atasıyam. Otuz il Nərimanov adına bağda çalışmışam. Orada xalq çox olur. İnandırıram ki, xalq Sizi hədsiz sevir. Deyirlər ki, ay Allah, mənim ömrümdən kəsib Heydər Əliyevin ömrü nə cala. Xalq Sizi çox istəyir. Mənim kürəkənim türkdür. Balaca nəvəm var, beş yaşındadır. Deyir, \"Azərbaycan, Heydər baba, mən də səni sevəcəyəm, Heydər baba\". Deyir ki, məni apar Heydər babanın yanına. Cənab prezident, onu demək istəyirəm ki, xalq Sizi sevir. Siz rəhbərliyə qayıdanda xalqın üzü güldü. O vaxta qədər xalq belə deyildi. Siz gələndən sonra camaatın üzü güldü, mən bunun canlı şahidiyəm. Ona görə demək istəyirəm ki, Allah Sizə cansağlığı versin. Allah-təaladan arzum budür ki, Sizin kölgənizi də bizim üstümüzdən əskik eləməsin.
Heydər Əliyev: Təşəkkür edirəm, çox sağ olun.
Müzəffər Salahov: Hörmətli prezident, mən də şəhid atasıyam. Sizə cansağlığı, uzun ömür arzulayıram. Mən çox danışmağı bacarmıram.
Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Azərbaycan prezidenti Heydər Əliyev görüşdə \"20 Yanvar Fondu\"nun sədri Nəsib Azərə və \"20 Yanvar Cəmiyyəti\"nin sədri Fərman Məmmədovə avtobusların açarlarını, şəhid vəlideynləri İsmayıl Qasımova və Müzəffər Salahova isə mənzillərin orderlərini açarlarını təqdim etdi.