Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müraciəti - Bakı, 26 dekabr 2002-ci il

Əziz azərbaycanlılar!

Hörmətli soydaşlarımız, həmvətənlərimiz!

31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün Azərbaycan Respublikası vətəndaşları və bütün dünya azərbaycanlıları tərəfindən hər il ümummilli bayram kimi qeyd edilməsi artıq xoş bir ənənə halını almışdır. Bu milli birlik və həmrəylik bayramı azərbaycanlıların tarixi köklərə bağlılığının, milli yüksəlişinin, azadlıq mübarizəsinin qanunauyğun nəticəsi kimi meydana çıxmaqla yeni tarixi şəraitdə onun mənəvi dirçəlişini və tərəqqisini əks etdirir. XX əsrin əvvəlində müsəlman şərqində ilk demokratik respublika yaratmış Azərbaycan xalqı əsrin sonunda müstəqilliyini bərpa edərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil oldu. Bu gün müstəqil Azərbaycan dünya birliyinin, beynəlxalq və regional təşkilatların tamhüquqlu üzvü və təmsilçisidir. Ölkəmizdə hüquqi dövlət, demokratik və azad vətəndaş cəmiyyəti qurulmuşdur. Respublikamız ictimai-siyasi birliyin, vətəndaş həmrəyliyinin və sabit iqtisadi tərəqqinin təmin edilməsində bir çox başqa ölkələrə nümunə ola biləcək nailiyyətlər qazanmışdır. Azərbaycanın yeni neft strategiyası artıq öz bəhrələrini verir, əsrin ən böyük layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri reallığa çevrilir, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi həyata keçirilmək üzrədir. Ölkəmizin, regionun və bütün ətraf ölkələrin inkişafına müsbət təsir göstərəcək bu nəhəng tikintilərin perspektivlərinə olan beynəlxalq maraq getdikcə artmaqdadır.

Xalqımız əsrlərin sınağından çıxmış mütərəqqi milli xüsusiyyətlərini qoruyaraq, eyni zamanda sivil bəşəri dəyərləri mənimsəyir, ölkəmiz dünya xalqları ailəsinə daxil olur, qlobal iqtisadi, hüquqi, siyasi məkana inteqrasiya olunur. Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, iqtisadi, siyasi və mənəvi potensial sürətlə artmaqdadır. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, keçən dövrdə xalqımızın müstəqil dövlət quruculuğu prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün pozulması, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınması kimi ağır problemlərlə müşayiət olunmuşdur.

Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının həmrəyliyinin əsası və güclü dayağıdır. Bu həmrəyliyin qayəsini təşkil edən azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları məhz müstəqil dövlətimizin yaranması ilə inkişaf etmiş, şüurlarda özünə möhkəm yer tutmuş, soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir. Azərbaycan Respublikası indi dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının əsas daşıyıcısıdır, müxtəlif vaxtlarda tarixi Vətənimizdən uzaq düşmüş soydaşlarımızın milli şüurunun güclənməsinin başlıca mənbəyidir. Dövlətimiz bu gün xaricdə yaşayan azərbaycanlıların insan və vətəndaş hüquqlarının müdafiəçisi və qarantı rolunda çıxış edir.

2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi, 2002-ci ilin iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, soydaşlarımızın birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində atılan digər addımlar öz müsbət nəticələrini verməkdədir. Hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşdirilməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılmış, bütün rəsmi və qeyri rəsmi strukturların diqqəti bu istiqamətə yönəldilmişdir. Məmnunluqla qeyd edirəm ki, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəyliyin gücləndirilməsi intensiv və məqsədyönlü şəkildə gedir. Xaricdəki azərbaycanlı cəmiyyət və icmalarının mövcud ölkələrin siyasi və mədəni həyatında iştirakı daha artıq hiss olunmaqdadır.

Düşünürəm ki, xaricdə yaşayan soydaşlarımız həmişə ümumbəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcıları olacaq. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi Vətənlə yaşadıqları ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi işinə əhəmiyyətli dərəcədə kömək göstərəcəklər. Bunun üçün bütün soydaşlarımız ümummilli məsələlərdə vahid mövqedən çıxış etməli, Azərbaycan mənafelərinin, siyasi və iqtisadi maraqlarının, mədəniyyətinin, mənəvi dəyərlərinin qorunmasında xüsusi fəallıq göstərməlidirlər. Xaricdəki Azərbaycan icmalarının, diasporumuzun potensialı, istifadə olunmamış imkanları xeyli böyükdür və bu sahə əsl vətənpərvər insanlarımız üçün geniş yaradıcılıq və fəaliyyət sahəsidir.

Bir daha bütün soydaşlarımızı və həmvətənlərimizi bu bayram münasibəti ilə təbrik edir, onların hər birinə firavanlıq, xoşbəxtlik arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.