Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə - 29 oktyabr 1997-ci il

Sizi - Azərbaycanın mötəbər təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətini və tələbələrini universitetinizin 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və nəcib fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Azərbaycanda elm, təhsil və mədəniyyətin inkişafında Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri və böyük xidmətləri vardır. Zəngin maarifçilik ənənələrinin layiqli davamçısı olan bu universitet muxtar respublikanın ali təhsilli mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzidir. Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın müxtəlif guşələrində, həm də onun hüdudlarından kənarda uğurla çalışırlar.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvanın dövlət müstəqilliyimizin əldə olunması və möhkəmləndirilməsi uğrunda mübarizəsində universitetin göstərdiyi xidmətlər xüsusilə qeyd olunmalıdır. Bu ali məktəb qonşu ölkələrin elm və təhsil mərkəzləri ilə geniş əlaqələr yaratmaqla bir daha Naxçıvanın Şərqin qapısı olduğunu nümayiş etdirir.

Bugünkü iqtisadi sıxıntılara baxmayaraq, həyatını gənc nəslin yetişdirilməsinə həsr edən, ömrünün mənasını xalqına, Vətəninə layiqli vətəndaş tərbiyə etməkdə görən Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin fədakar əməyindən məmnun olduğumu bildirirəm. Əminəm ki, universitet adını daşıdığı böyük vətənpərvər alim Yusif Məmmədəliyevin, xalqımızın görkəmli şəxsiyyətlərinin irsinə, bu qədim diyarın zəngin ənənələrinə layiq milli kadrlar yetişdirilməsi işində bundan sonra da var qüvvəsini sərf edəcəkdir.

Bu yubiley münasibətilə bütün təhsil işçilərinin, bütün xalqımızı səmimi qəlbdən təbrik edir, Azərbaycanımızın çiçəklənməsi və tərəqqisi naminə yeni nəslin tərbiyəsi işində Naxçıvan Dövlət Universitetinin kollektivinə böyük nailiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.