Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar!
Mən sizi - Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət proqramının çərçivəsində Yaxın və Orta Şərq ölkələri toplantısının - 32-ci sessiyasının iştirakçılarını salamlayır və bu mühüm işinizdə sizə uğurlar arzulayıram.
Narkotiklərə nəzarəti, narkomaniya ilə narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasında narkotiklərə nəzarət, narkomaniya və narkobizneslə mübarizə məsələsi son illər ümummilli proqram çərçivəsində aparılır və biz buna xüsusi fikir veririk. Bu baxımdan biz həmin problemlərə həsr olunmuş beynəlxalq toplantının, sessiyanın Azərbaycanın paytaxtı Bakıda keçirilməsini qiymətləndirir, buna xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu sessiyanın keçirilməsi Yaxın və Orta Şərq ölkələrində bu problemlə mübarizə aparılması işinə kömək edəcəkdir.
Bu problem hər bir ölkəni, hər bir dövləti narahat etdiyi kimi, eyni zamanda, ölkələrarası, dövlətlərarası problemə çevrilmişdir. Buna görə də hesab edirəm ki, sessiya çərçivəsində aparacağınız müzakirələr, irəli sürülən fikirlər və qəbul etdiyiniz qərarlar hər bir ölkədə, xüsusən Yaxın və Orta Şərqdə, dünyada bu problemin həll olunması, narkomaniya və narkobiznesə qarşı mübarizənin gücləndirilməsi üçün faydalı olacaqdır.
Bu problem bir neçə cəhətdən ibarətdir. Biz ölkəmizdə, Azərbaycanda bu problemin bütün istiqamətləri sahəsində lazımi tədbirlər görürük. Biz Azərbaycanda belə hesab edirik ki, birinci növbədə hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.
Narkomaniya xəstəliyi artır. Bu problemə diqqətin güclənməsinə, görülən tədbirlərə baxmayaraq, bu xəstəlik geniş yayılır. Dünyada statistikanın göstəricilərinə görə bu, belədir. O cümlədən Azərbaycanda da son illər bu xəstəliyin artmasının, yayılmasının şahidiyik. Keçmiş zamanlarda bizim ölkələrdə, o cümlədən Azərbaycanda bu xəstəliyin hansı səviyyədə, nə qədər olması müəyyən dərəcədə gizli saxlanırdı. Ancaq indi biz bu cür münasibətlərdən imtina etmişik və hesab edirik ki, hər bir mənfi hal, təhlükəli xəstəlik haqqında həqiqəti olduğu kimi bilmək və onu ictimaiyyətə olduğu kimi çatdırmaq lazımdır. Bu cür münasibətlə, bu yolla narkomaniya kimi təhlükəli xəstəliyin qarşısını almaq tədbirlərini səmərəli həyata keçirmək olar. Ona görə biz ölkəmizin bütün orqanlarını problemə bu cür yanaşmaqla narkomaniyaya qarşı mübarizəyə səfərbər etmişik, ümummilli proqram tərtib etmişik. Onun həyata keçirilməsi üçün lazımi dövlət orqanlarına, ictimai təşkilatlara göstərişlər verilmiş, onların üzərinə vəzifələr qoyulmuşdur. Bu gün Azərbaycanın bütün dövlət orqanlarını, ictimaiyyətini narkomaniya xəstəliyinə qarşı ciddi mübarizə aparmağa bir daha dəvət edirəm. Güman edirəm ki, bu problemin həlli, narkomaniya ilə mübarizə sahəsində, narkomaniya xəstəliyinin yayılmasına qarşı tədbirlərin gücləndirilməsi sizin bugünkü sessiyanın işində də özünə layiq yer tutacaq və qəbul edəcəyiniz sənədlərdə öz əksini tapacaqdır.
Narkomaniya xəstəliyinin yayılması səbəbləri aydındır. Narkotik maddələrin gizli, qeyri-qanuni istehsal olunması, onların qanunsuz dövriyyəsi, satılması, istehsal edilən ölkələrdən başqa ölkələrə gizli surətdə, qeyri-qanuni yollarla daşınması kimi hallar narkotik maddələrin, narkomaniya xəstəliyinin yayılmasına səbəb olan əsas amillərdir.
Ona görə də hər bir ölkədə narkotik maddələrin istehsalı, onların qeyri-qanuni istifadəsi ilə ciddi mübarizə aparılmalıdır. Məlumdur ki, narkotik maddələrin müəyyən miqdarda istehsalı yalnız və yalnız tibb, müalicə məqsədləri ilə bağlıdır. Bu hallardan əlavə, başqa məqsədlər üçün narkotik maddələrin istehsalı tamamilə qadağan olunmalı, qarşısı ciddi alınmalı və qeyri-qanuni istehsalla məşğul olan şəxslər, qruplar, təşkilatlar ciddi məsuliyyətə cəlb edilməlidirlər. Biz respublikamızda məsələni belə qoymuşuq. Mən məsələnin belə kəskin qoyulmasını bu gün beynəlxalq toplantı qarşısında bir daha bəyan edirəm və Azərbaycan Respublikasının bütün təşkilatlarından həmin vəzifələrin yerinə yetirilməsini tələb edirəm.
Eyni zamanda qeyd etmək istəyirəm ki, bizim ölkəmizdə narkotik maddələrin qeyri-qanuni istehsalı cüzi xarakter daşıyır, yayılmayıbdır və çox məmnunam ki, bu xəstəlik, yəni qeyri-qanuni istehsal xəstəliyi bəzi başqa respublikalarla müqayisədə respublikamızda çox az yer tutur. Ancaq nə qədər az yer tutmuş olsa da, bu cür halların kökü tamamilə kəsilməlidir.
Eyni zamanda məlumdur ki, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, yəni bir ölkədən başqa ölkələrə daşınması, yayılması halları son illər geniş xarakter almışdır. Burada indicə gətirilən faktlar, məlumatlar bunu sübut edir. Əfqanıstanda bir ildə 2500 ton tiryək istehsal edilirsə, bu, çox təhlükəli haldır. Təkcə Əfqanıstan xalqı üçün yox, bütün başqa ölkələr üçün çox təhlükəli haldır və Əfqanıstan bizim bölgəyə - Yaxın və Orta Şərqə mənsub olduğuna, yaxın olduğuna görə bu və bu kimi faktlara çox ciddi münasibət göstərməliyik. Ancaq təkcə Əfqanıstan deyil, Yaxın və Orta Şərqin bir neçə ölkələrində narkotik maddələrin qeyri-qanuni istehsalı və gizli yollarla başqa ölkələrə daşınması, satılması böyük bir biznesə çevrilmişdir. Təəssüflər olsun ki, bu biznesə - narkobiznesə həm o ölkələrin müəyyən qrupları, dəstələri qoşulmuş, həm də başqa ölkələrin, yəni həmin narkotik maddələrin yayılması, satılması ilə məşğul olan ölkələrin qrupları, dəstələri qoşulmuşdur. Bu, həqiqətdir, bunu etiraf etməliyik və belə bir halla mübarizə aparmağı, hesab edirəm, sizin sessiya özünün əsas vəzifələrindən biri hesab etməlidir.
Azərbaycan öz coğrafi mövqeyinə görə Şərq ilə Qərb arasında, Şimalla Cənub arasında yerləşən bir ölkədir. Bizim ölkəmizdən bir çox yollar keçir, bir çox nəqliyyat vasitələri başqa ölkələri bizim ölkəmizlə bağlayır. Bunlar hamısı zərurətdən doğan hallardır və ölkəmizin, bizə qonşu olan ölkələrin bir-biri ilə sıx əlaqə saxlaması üçün çox lazımdır. Ancaq bu yolların, bu nəqliyyat vasitələrinin, imkanların narkotik maddələrin bir ölkədən başqa ölkəyə daşınması üçün və Azərbaycan ərazisinin bu məqsədlə istifadə edilməsinin yolverilməz olduğunu mən bu gün bir daha qətiyyətlə bildirirəm. Azərbaycan Respublikasının bütün müvafiq orqanlarından bir daha tələb edirəm ki, ölkəmizin ərazisindən narkotik maddələrin daşınması üçün tranzit yol kimi istifadə olunması hallarının qarşısını almaqdan ötrü əlavə tədbirlər görsünlər. Bu baxımdan Azərbaycanın Sərhəd Qoşunlarının, gömrük orqanlarının qarşısında çox məsuliyyətli vəzifələr durur. Onlar bunu birinci dərəcəli vəzifə kimi qəbul etməli və yerinə yetirməlidirlər. Azərbaycanın hüquq-mühafizə orqanları narkomaniya ilə və xüsusən narkobizneslə, o cümlədən naroktik maddələrin Azərbaycan ərazisindən daşınması halları ilə ciddi mübarizə aparmalı və onlar da bu vəzifələri özlərinin birinci dərəcəli vəzifəsi kimi qəbul etməlidirlər.
Narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi haqqında danışarkən, şübhəsiz ki, yalnız Yaxın və Orta Şərqdə olan ölkələr barədə yox, dediyim kimi, bunu bütün dünya üçün ümumbəşəri problem kimi başa düşmək lazımdır və biz bunu belə hesab edirik. Çünki Yaxın və Orta Şərqdən cürbəcür vasitələrlə daşınan narkotik maddələrin çox hissəsi başqa ölkələrə, Avropa ölkələrinə də gətirilir. Həmin ölkələrdə də bu mübarizəni gücləndirmək və bizim bölgənin ölkələri ilə Avropa ölkələri arasında bu barədə müştərək işlərin aparılması üçün tədbirlər görmək lazımdır.
Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət haqqında proqramı və BMT-nin bu sahədə apardığı iş, onun xüsusi orqanlarının fəaliyyəti təqdirəlayiqdir. Mən Azərbaycanın adından bir daha bildirmək istəyirəm ki, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, qanunsuz isifadə olunması, narkobiznes bu gün üçün də, gələcək üçün də həqiqətən bəşəriyyətə təhlükə doğuran amillərdən biridir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatı özünün bu proqramının bundan sonra da geniş miqyasda həyata keçirilməsi üçün lazımi tədbirlər görəcək və öz səylərini göstərəcəkdir.
Azərbaycan Respublikası bu proqramın həyata keçirilməsi sahəsində öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək və bəşəriyyətin bu böyük təhlükədən - narkomaniya xəstəliyindən və narkobiznes kimi təhlükəli bir haldan xilas edilməsi üçün öz səylərini göstərəcəkdir.
Hörmətli qonaqlar! Siz buraya, Azərbaycana, Bakıya məhz bu gün müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar toplaşmısınız. Eyni zamanda, beynəlxalq xarakterli hər bir belə toplantı, görüş ölkələri bir-birinə daha da yaxınlaşdırır, ölkələr arasında əlaqələrin yaranmasına və inkişafına kömək edir. Belə görüşlər ölkələr, xalqlar, millətlər arasında dostluq, mehribanlıq əlaqələri yaradır, xalqların, ölkələrin bir-birini daha da anlaması üçün şərait yaradır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, hörmətli qonaqlar, siz bu imkandan istifadə edərək ölkələrimiz və xalqlarımız arasında olan əlaqələrin inkişaf etməsi və möhkəmlənməsi üçün də səylər göstərəcəksiniz, beləliklə, Yaxın və Orta Şərqdə, bütün dünyada sülhün, əmin-amanlığın qorunması, saxlanması, möhkəmlənməsi üçün öz töhfələrinizi verəcəksiniz.
Müstəqil dövlət kimi Azərbaycan gəncdir. Azərbaycanın dövlət müstəqilliyinin cəmi beş yaşı var. Eyni zamanda, Azərbaycan xalqının çoxəsrlik qədim və zəngin tarixi, böyük mədəniyyəti, özünəməxsus milli-mənəvi ənənələri var. Ümidvaram ki, siz bu günlərdə Azərbaycanda olduğunuz zaman xalqımızın həm tarixi keçmişi, həm də bu günü ilə yaxından tanış ola biləcəksiniz. Mən arzu edərdim ki, siz xalqımız, ölkəmiz, müstəqil dövlətimiz haqqında doğru-düzgün təəssüratlar əldə edəsiniz.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə gedir. Azərbaycan Respublikasında hüquqi, demokratik, sivilizasiyalı dövlət qurulur, respublikamızın həyatında böyük dəyişikliklər baş verir. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatı böyük dəyişikliklər prosesi keçirir. Azərbaycan sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedərək dünya iqtisadiyyatına daha da sıx bağlanmaq əzmindədir.
Bu proseslər Azərbaycan dövləti qarşısında, xalqımız qarşısında bir çox problemlər meydana çıxarır. Biz bu problemləri həll edirik və ümidvaram ki, onların hamısını müvəffəqiyyətlə həll edəcəyik.
Ancaq eyni zamanda Azərbaycan Respublikasının həyatında onun özündən asılı olmayaraq yaranmış çox ağır, çətin bir problem də var. O problem qonşu Ermənistanın Azərbaycana səkkiz il bundan öncə etdiyi hərbi təcavüzdür, bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşının yerindən-yurdundan zorla çıxarılması, didərgin düşməsidir.
Bu təcavüz nəticəsində döyüşlər gedib, vuruşmalar olub, qan tökülüb, Azərbaycan xalqı qurbanlar, şəhidlər veribdir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki varidatı viran edilib, dağıdılıbdır.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan daim bəyan edib və mən bu gün də bəyan edirəm ki, biz sülh tərəfdarıyıq, məsələlərin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu məqsədlə də 1994-cü ilin mayında Ermənistan ilə Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş əldə edilmiş və bu müddətdə Ermənistan-Azərbaycan hərbi münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün danışıqlar aparılır. Məsələnin sülh yolu ilə həlli üçün ötən illərdə çox iş görülüb, çox yollar axtarılıbdır.
Nəhayət, keçən il dekabrın əvvəlində Lissabon şəhərində ATƏT-in Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün mühüm bir sənəd qəbul edilibdir. Bu sənəddə münaqişənin sülh yolu ilə həllinin prinsipləri öz əksini tapıbdır: Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Biz bu prinsiplər əsasında danışıqlar aparmaq məqsədi daşıyırıq və danışıqlar nəticəsində məsələnin sülh yolu ilə həll edilməsinə nail olmağa çalışırıq. Hesab edirəm ki, beynəlxalq təşkilatların köməyi ilə, ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsində, Birləşmiş Millətlər Təşkilatının bu məsələyə daimi qayğısı və diqqəti ilə böyük ölkələrin və xüsusən Minsk qrupunun həmsədri olan Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın bundan sonra da bu məsələyə daha ciddi qoşulması vasitəsilə məsələnin sülh yolu ilə həllinə nail olacağıq.
Hörmətlin qonaqlar! Hər bir ölkənin özünəməxsus problemi var. Eyni zamanda bütün bəşəriyyəti, dünyanı, dünyanın bütün insanlarını narahat edən problemlər də var. Bəzən ayrı-ayrı ölkələrin daxilində olan, ölkələrin bir-birinin arasında olan problemlər ümumbəşəri problemlərə çevrilir. Biz insanların rahat yaşaması, dünyanın hər yerində onların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün əngəl olan bütün problemlərin həll edilməsinin tərəfdarıyıq və bu sahədə daim öz səylərimizi göstəririk. Son illərdə dünyanın bir çox bölgələrində ölkələri, insanları, xalqları narahat edən problemlər separatizm problemidir, terrorizm problemidir, hərbi münaqişələr problemidir. Biz bütün dünyada, dünyanın hər bir bölgəsində separatizmin əleyhinə olmuşuq və onun əleyhinəyik. Biz beynəlxalq terrorizmi pisləmişik, pisləyirik və daim onun əleyhinə çıxırıq. Biz dövlətlərarası, ölkələrarası, millətlərarası münaqişələrin hamısının sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və belə münaqişələrin gələcəkdə baş verməməsi üçün də lazımi tədbirlər görülməsinin tərəfdarıyıq. Biz dünyada, hər bir bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik və bu sahədə öz səylərimizi göstəririk. Biz dünyada ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarıyıq, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya ilə və narkobizneslə mübarizədə bundan sonra da ön sıralarda gedəcəyik.
Hörmətli qonaqlar, hörmətli sessiya iştirakçıları! Qarşınızda duran vəzifələrin müzakirəsində və gələcək işlərinizdə uğurlar arzulayır, sizə, xalqlarınıza, ölkələrinizə sülh, əmin-amanlıq, səadət diləyirəm. Sağ olun.