Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 2 mart 2001-ci il

Əziz həmvətənlərim!

Sizi dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, bütün xalqımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Uca Tanrının islamı bir din kimi tamamlayıb insanlar üçün hidayət yolu seçdiyi bu mübarək gün Xaliqin bəxş etdiyi nemətlərə görə minnətdarlıq duyğularını, insanlar arasında mehribanlıq, şəfqət, dostluq və qardaşlıq münasibətlərinin təntənəsini təcəssüm etdirir.

Müstəqil Azərbaycanda hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramı xalqla dövlətin yekdil birliyini, dərin köklərə bağlılığımızı, adət-ənənələrə, milli-dini dəyərlərə sadiqliyimizi nümayiş etdirir. Bu əziz gündə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhuna dualar oxunur, Ölkəmizin əmin-amanlığı, xalqımızın xoşbəxt gələcəyi naminə diləklər edilir. Bu xeyirxah dua və niyyətlərə, bayram sevincinizə qoşularaq, əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz bütün çətinliklərin öhdəsindən milli həmrəyliyimizlə, xalqımızın mətin əzm və iradəsi ilə uğurla gələcək, vətənimizin yüksək tərəqqisinə, dövlət müstəqilliyimizin əbədiliyinə nail olacağıq.

Əziz bacı və qardaşlarım!

Ulu Tanrıdan hər birinizə xoşbəxtlik, ailələrinizə firavanlıq, ocaqlarınıza xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.