Azərbaycan Prezidenti Heydər Əliyevin unudulmaz şair Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışı mərasimində çıxışı - Suraxanı rayonu, Əmircan qəsəbəsi, 24 sentyabr 1998-ci il

Əziz bacılar, qardaşlar!

Əziz həmvətənlər, dostlar!

Mən sizin hamınızı və sizin simanızda Suraxanı sakinlərini, Suraxanı camaatını ürəkdən salamlayıram, sizə ən xoş arzularımı çatdırıram. Siz suraxanılıları, Azərbaycanın ziyalılarını, bütün xalqımızı böyük şair Tofiq Bayramın xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş abidənin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şerləri, əsərləri və onun şerlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında, onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərdə bir yerdə olmuşuq. Onun haqqında mənim ən gözəl xatirələrim var. Bu gün mən çox məmnunam ki, onun xatirəsini əbədiləşdirmək bizə nəsib olmuşdur və biz onun abidəsi qarşısında, sizin qarşınızda bəyan edirik ki, - Azərbaycanın belə insanları həmişə qiymətləndirilir və bundan sonra da qiymətləndiriləcəkdir.

Burada, bu görüşdə Tofiq Bayramın anası iştirak edir. Mən onu salamladım, öpdüm və bu abidənin açılışı münasibətilə onu təbrik etdim. Tofiq Bayramın qohumları buradadırlar. Onun bacısı çox səmimi və gözəl nitq söylədi. Bunların hamısı bizim bu görüşümüzə çox böyük məna verir. Mən belə anlayıram ki, bu görüşümüz oktyabrın 11-də Azərbaycan prezidentinin seçkiləri ərəfəsində keçirilən bir görüşdür. Siz də buraya həm Tofiq Bayramın xatirəsi naminə, həm də Azərbaycanda prezident seçkiləri ilə əlaqədar öz münasibətinizi və duyğularınızı bildirmək münasibətilə toplaşmısınız. Bu münasibətlə mən bildirmək istəyirəm ki, oktyabrın 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri müstəqil respublikamızın həyatında və tarixində çox əlamətdar bir hadisədir.

İlk növbədə xalqın mənə göstərdiyi və göstərəcək etimada görə minnətdarlığımı bildirirəm. Mən xoşbəxtəm. Mən xoşbəxtəm ki, xalqımın etimadını qazanmışam. Mən xoşbəxtəm ki, xalqımın yolunda fəaliyyət göstərirəm.

\"Yaşasın demokratiya! Yaşasın demokratik və müstəqil Azərbaycan!\".