Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 24 iyul 1998-ci il

Sual: Cənab prezident, səfərin nəticələrini necə qiymətləndirirsiniz?

Cavab: Səfərin nəticələri çox gözəldir. Məni müşayiət edən mətbuat nümayəndələrinə təyyarədə geniş, bir saat məlumat verdim. Yəqin ki, onu sabah televiziyada verəcəklər, dinləyərsiniz. Səfər çox yaxşı, uğurlu keçdi. Hər sahədə gözlənildiyindən də yaxşı oldu. Başlıcası ondan ibarətdir ki, biz Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı əsas yaratdıq və əlaqələrimizin gələcək inkişafının yeni mərhələsi başlandı, Böyük Britaniyanın hökuməti, Baş nazir və nazirlər Azərbaycan ilə Böyük Britaniya arasında xüsusən siyasi sahədə əlaqələrin inkişafına çox maraq göstərirlər və arzularını bildirdilər, mən də bununla razı oldum.

Sual: Cənab prezident, Siz Londonda olarkən \"Faynenşl tayms\" qəzetinin yaydığı məlumata görə, \"BP/Statoyl\" alyansı Bakı-Ceyhan boru kəmərinin maliyyələşdirilməsini tamamilə öz üzərinə götürməyi təklif edib, Siz isə bunun qəti əleyhinə çıxmısınız. Bu, həqiqətə nə dərəcədə uyğundur?

Cavab: Bilirsiniz, bu, xırda bir şeydir. Onların belə bir təklifi var, mən buna etiraz etmədim. Biz sadəcə, onlara izah etdik ki, konsorsiuma daxil olan şirkətlər əvvəlcə gərək bizə Bakı-Ceyhan xətti barədə öz layihələrini versinlər. Biz bunu oktyabr ayında gözləyirik. Bunu kim icra edəcək, - onu sonra müəyyən edəcəyik. Şübhəsiz ki, \"Britiş Petroleum\" şirkəti boru kəmərləri tikməkdə çox böyük təcrübəyə malikdir. Dünyanın ən böyük neft kəmərini onlar Alyaskada tikiblər. Bu barədə təcrübələri böyükdür, yaxşı texnologiyaları var. Ancaq bu, ikinci mərhələnin işidir. Əgər gələcəkdə lazım olsa, bunu edə bilərlər.

Sual: Amma Azərbaycan dəfələrlə bildirmişdir ki, boru kəmərinin operatoru ARDNŞ olsa...

Cavab: Bilirsiniz, operatorluq ayrıdır, icraçılıq ayrı. Onlar operatorluq məsələsini qoymurdular. Onlar icraçı olmaq, bunu həyata keçirmək istəyirlər.

Sual: Cənab prezident, son müqaviləyə - London müqaviləsinə qədər 12 müqavilə imzalanıb, bunlardan yalnız biri - \"Əsrin müqaviləsi\" işləyir.

Cavab: Müqavilələrin hamısı işləyir və onlar ölkələrimiz arasındakı işlərin görülməsi üçün tam yetərlidir. Sağ olun.