Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun müəllif gecəsində çıxışı (Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, 5 fevral 1995-ci il) sənədinə tarixi arayış

Heydər Əliyev Azərbaycanın ən böyük sərvəti hesab olunan mədəniyyətini və mədəniyyət xadimlərini daim qayğı ilə əhatə edirdi. O, Azərbaycan xalqının mədəniyyətini, mənəvi dəyərlərini təkcə milli varlığının yox, həm də siyasi varlığının - dövlət quruculuğu işinin mühüm atributu kimi dəyərləndirirdi. Buna görə də son dərəcə vaxt darlığına baxmayaraq mədəni tədbirlərdə, konsert və yubileylərdə, müəllif gecələrində iştirak etməyi əsas vəzifələrindən hesab edirdi. Bəstəkar Arif Məlikovun müəllif gecəsi də belə tədbirlərdən idi. Heydər Əliyev daim A.Məlikovun yaradıcılığını yüksək qiymətləndirib və bunu dəfələrlə vurğulayıb. Təsadüfi deyil ki, Heydər Əliyevin fərmanı ilə A.Məlikov Azərbaycanın yüksək dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Dünya şöhrətli bəstəkarın “Əbədiyyət” adlı səkkizinci simfoniyası Heydər Əliyevə ithaf olunub.