“Xəzər Neft və Qaz” sərgiləri

Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan bu sərgi 1994-2003-cü illərdə, ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə baş tutub.

İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya, bütün sahələr üzrə ixtisaslaşmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Bundan başqa eyni zamanda sərgi çərçivəsində elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir.

I Beynəlxalq Sərgi 1994-cü il 24 may tarixində keçirilib. Ümummilli lider Heydər Əliyev tədbirdə yaxından iştirak edib. Sərgi ilə yanaşı onun gedişində keçirilməsi nəzərdə tutulan konfransa da mühüm əhəmiyyət verilirdi. Dünyanın 20 ölkəsindən 180-dək firmanın iştirak etməsi sərginin əhəmiyyətini daha da artırıb. Sərgi iştirakçıları, tamaşaçılar neft hasilatı, bu prosesin texnika və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri bütün nailiyyətlər, eyni zamanda Azərbaycan neft sənayesinin tarixi, onun nailiyyətləri ilə də tanış olublar.

Sərginin keçirilməyə başladığı tarixdən etibarən Azərbaycanda bu sahə yeni mərhələyə qədəm qoyub. Sərginin hazırlanmasında "Sperhed eksibişnz LTD" firması və Azərbaycanın Ticarət-Sənaye Palatası mühüm işlər görüb.

II Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi 1995-ci il 23 may tarixində ümummilli lider Heydər Əliyevin də iştirakı ilə Bakı İdman-Sərgi Kompleksində keçirilib. Nümayiş olunan eksponatlar, sərgi əsasında keçirilən konfranslar, ümumiyyətlə, aparılan işlər Azərbaycanın Xəzər dənizi neft-qaz yataqlarının istifadəsi üçün yeni bir addım olub. Sərgidə 13 ölkəni təmsil edən, dünyanın neft və qaz sənayesi ilə əlaqədar olan 165-dən artıq çox nüfuzlu şirkət, elmi idarə və başqa təşkilatlar iştirak edib. Bu sərgiyə göstərilən marağı, onun əhəmiyyətini nümayiş etdirən amillərdən biri də o idi ki, sərgidə təkcə neft şirkətlərinin prezidentləri, rəhbərləri yox, bu şirkətlərin təmsil etdiyi böyük ölkələrin dövlət nümayəndələri iştirak ediblər. 

20 ölkənin 190 neft və qaz şirkətinin nümayəndələrinin iştirak etdiyi "Xəzər Neft və qaz" sərgisi növbəti dəfə 1996-cı il 4 iyun tarixində baş tutub. Sərginin təşkilində, onun işində nəinki neft və qaz problemləri ilə bilavasitə və ya dolayısı ilə əlaqələri olan müxtəlif neft və qaz şirkətlərinin rəhbərləri və nümayəndələri, həm də məhsulları sərgidə göstərilən ölkələrin hökumət nümayəndələri də fəal iştirak edib.

IV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi Bakıda 3 iyun 1997-ci ildə keçirilib. Sərgi nəticəsində iştirakçı 250 şirkət arasında yaxşı işgüzar əlaqələr yaranıb və yeni müqavilələrin, layihələrin əsası qoyulub. Sərgi və keçirilmiş konfrans təkcə dənizdə yox, eyni zamanda neft sənayesində olan nailiyyətləri nümayiş etdirmək üçün yeni əlaqələr yaratmaq məqsədi daşıyıb. Sərgidə nümayiş etdirilən eksponatlar 250 şirkətin müasir texnologiyaya malik olan nümunələrini sərgi iştirakçılarına göstərərək yeni əlaqələr qurulmasına vasitəçilik etmişdi.

1998-ci il 2 iyun tarixində V Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi 29 ölkədən 400 şirkət nümayəndələrinin iştirakı ilə baş tutub. Növbəti il 31 may tarixində isə Ümummilli Liderin iştirakı ilə paytaxt Bakı şəhərində VI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgisinin açılış mərasimi olub. Ümumilli Liderin hakimiyyətinin son ilinə, yəni 2003-cü ilə qədər ardıcıl olaraq sərgilər həyata keçirilib. 2000-ci il 6 iyun, 2001-ci il 5 iyun, 2002-ci il 3 iyun və nəhayət, 2003-cü il 3 iyun tarixlərində VII, VIII, IX, X beynəlxalq sərgilər baş tutub. Keçirilən sərgi və konfranslar nəticəsində Azərbaycan, Bakı dünyanın neft və qaz mərkəzlərindən biri kimi tanınıb. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin neft strategiyasını həyata keçirərək dünyanın bir neçə böyük neft şirkəti ilə birgə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənilməsi ilə əlaqədar müqavilə imzalayıb. Təsadüfi deyildir ki, həmin müqavilə "Əsrin müqaviləsi" adlandırılıb. Tarixi nöqteyi-nəzərdən qısa bir zamanda - 5-6 il müddətində Azərbaycan, Xəzər dənizi dünyanın ən böyük neft və qaz mərkəzlərindən birinə çevrilib.

Azərbaycan dövlətinin həyata keçirdiyi neft strategiyası, cəsarətli siyasəti və əməli tədbirləri təkcə ölkəmizə yox, bütün Xəzər dənizi hövzəsinin böyük neft-qaz sərvətlərinin Xəzəryanı dövlətlər tərəfindən istifadə edilməsinə, dünyanın böyük şirkətlərinin Xəzərin başqa sektorlarındakı neft və qaz yataqlarına da maraq göstərməsinə səbəb olub.

Ümummilli lider Heydər Əliyevin dövründə ardıcıl və sistemli şəkildə həyata keçirilən bu sərgilər sonrakı mərhələdə dövlət başçısı İlham Əliyevin neft-qaz siyasətində prioritetə çevrilib. İlham Əliyevin rəhbərliyi dövründə keçirilən ilk sərgi - XI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi 2004-cü il 2 iyun tarixində baş tutub. Sərgidə Türkiyənin energetika və təbii ehtiyatlar naziri, Norveçin neft və energetika üzrə dövlət katibi, Rusiya xarici işlər nazirinin müavini, Rusiya Prezidentinin Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Xəzər hövzəsinin enerji ehtiyatları üzrə xüsusi nümayəndəsi, Gürcüstanın yanacaq və energetika nazirinin müavini, Böyük Britaniya Baş nazirinin biznes imkanlarının inkişafı üzrə xüsusi təmsilçisi və bir çox xarici şirkət nümayəndələri iştirak edib. Növbəti illərdə - 7-10 iyun 2005-ci il, 6-9 iyun 2006-cı il, 5-8 iyun 2007-ci il, 3-6 iyun 2008-ci il, 2-5 iyun 2009-cu ildə XII, XIII, XIV, XV, XVI beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgiləri həyata keçirilib.

2010-cu il 1 iyun tarixində öz işinə başlayan XVII “Xəzər neft, qaz, neftayırma və neft kimyası” Beynəlxalq sərgisinin ən vacib hadisəsi, onun yeni “Bakı Ekspo Mərkəzi” Sərgi və Konfrans Kompleksində keçirilməsi olub. Dünyanın 26 ölkəsindən 280 şirkəti bir araya gətirən sərgi sahəsinin 40%-dən çox hissəsi dünya şöhrətli şirkətlər tərəfindən tutulmuşdu. Həmin şirkətlərdən bir çoxu - “BP”, “Itochu”, “OMV Gas International GmbH”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Statoil”, “Total”, “TPAO” sərginin daimi iştirakçıları idi. İştirakçılar arasında həmçinin Böyük Britaniya, Çin və Rusiyanın mili qrupları da var idi və həmin il sərgidə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinin milli stendi də iştirak edib.

2011-ci il 7 iyunda “Bakı Ekspo Mərkəzi” yenidən XVIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinə ev sahibliyi edib. Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış edib. 27 ölkədən 285 şirkətindən nümayəndələri birləşdirən sərgi 2011-ci ildə artıq 6 il idi ki, "UFI" (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi cəmiyyəti tərəfindən təqdir olunurdu.

2012-ci il 5-8 iyun tarixində baş tutmuş XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisində dünyanın 35 ölkəsindən 304 şirkət “Bakı Ekspo Mərkəzi” ərazisində öz ekspozisiyalarını nümayiş etdirib. Böyük Britaniyanın “ITE Group Plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış ediblər. Böyük Britaniya, Almaniya, Çin, Rusiya və Türkiyə sərgidə öz milli qruplarını təqdim ediblər. MDB, Avropa və Şərqi Asiya ölkələrindən olan şirkətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Vyetnamdan olan şirkətlər isə bu sərgidə ilk dəfə çıxış ediblər. Sərgi pavilyonunun 40%-dən çox hissəsini bütün dünyada məşhur olan şirkətlər və “Caspian Oil & Gas” sərgisinin daimi iştirakçıları, 59 %-ni xarici iştirakçılar, yerdə qalan hissəsini isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri tutub. Tədbirin sponsorlarına gəldikdə isə qeyd etmək lazımdır ki, 2012-ci ildə onların siyahısı geniş olub və 21 şirkəti əhatə edib. Belə ki, baş sponsor “BP Azerbaijan” şirkəti, qızıl sponsorlar isə “SOCAR” və “Andrade Gutierrez” şirkəti olub.

Növbəti il 4 iyun tarixində “Bakı Ekspo Mərkəzi”-ndə Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbirinin açılış mərasimi baş tutub. Belə ki, əlamətdar yubileyini - 20 il yaşını qeyd edən beynəlxalq sərgi və konfrans işə başlayaraq dünyanın 28 ölkəsindən 386 şirkəti bir araya gətirib. Yubiley sərgisi ilə paralel olaraq 3-cü Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi də keçirilib. 20 il ərzində bütün Xəzəryanı regionun ən böyük forumu statusunu qazanmağa müvəffəq olmuş tədbirin iştirakçıları siyahısında bazarın ən böyük iştirakçıları, dünyanın neft və energetika sektorunun liderləri yer alıb. Sərginin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşüb. Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğulayıb (20 sponsor şirkət). 2013-cü il sərgisinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları isə “BP Azerbaijan” və “Statoil” şirkətləri idi. Sərginin digər sponsorları arasında “Axpo Trading”, “Azfen-Tekfen”, “Azeri MI Drilling Fluids”, “BNP Paribas”, “BOS SHELF”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Cross Caspian Oil and Gas Logistics”, “IHS Global Ltd”, “Interpipe”, “McDermott Caspian Contractors, Inc.”, “Nabucco”, “Nobel Oil”, “RussNeft”, “RWE”, “Siveco Romania” və “TexnoProm” şirkətləri də yer alıb. Sərgi və konfransın Baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edib.

2014-cü il 3 iyun tarixində XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisinin növbəti açılışı baş tutub. Tədbir dünyanın 29 ölkəsindən 400-dən çox şirkəti bir araya gətirib. Həmin il həm də Azərbaycanın neft-qaz tarixində əlamətdar hadisə olan "Əsrin Müqaviləsi"nin 20-ci ildönümü idi. Sərgi sahələrinin 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulmuşdu. Onların arasında "Əsrin Müqaviləsi"nin birbaşa iştirakçıları da var idi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP", "Statoil", "TPAO", "Lukoil" və s. XXI Beynəlxalq sərginin platin sponsoru qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edib. Sərginin qızıl sponsorları "BP Azerbaijan" və "Baker Hughes", gümüş sponsorları "Nobel Oil Ltd" və "Caspian Drilling Company", bürünc sponsorları "Azfen JV","Tekfen Construction","Azeri MI Drilling Fluids","Bos Shelf","RussNeft","Caspian Marine Services","Ballast Pipelines SVAP Ltd. ","Dassault Systemes" və "SNF Vostok" şirkətləri olub.

Xəzəryanı regionda energetika sektorunun ən iri beynəlxalq tədbiri 22-ci dəfə 2-5 iyun 2015-ci il tarixində keçirilib. Sərgidə 27 ölkədən 315 şirkət iştirak edib və bu şirkətlərin 80%-i dünya miqyasında tanınan şirkətlər idi. Sərginin tərkibinə daxil olan yeni şirkətlərin coğrafiyası Azərbaycan, Malayziya, Çexiya və digər ölkələri əhatə edib. Sərgidə ilk dəfə olaraq neft-qaz sənayesi üzrə 25 şirkətinin təmsil olunduğu Çexiyanın milli pavilyonu təqdim olunub. İtaliyanın milli pavilyonu da sərgidə ilk dəfə iştirak edib. Baş sponsor qismində ənənəvi olaraq “SOCAR”, qızıl sponsorlar qismində “BP” və “Baker Hughes” şirkətləri, gümüş sponsorlar qismində isə “Türkiye Petrolleri” və “BOS SHELF”şirkətləri çıxış ediblər. Artıq 10 il idi ki, “Xəzər neft və qaz” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) fərqlənmə nişanına layiq görülürdü. “UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir.

2016-ci il 1 iyun tarixində XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı baş tutub. Sərgi Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilib. Sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edib. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutub. Sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edib. Öz növbəsində Çexiya, İtaliya və Almaniya da sərgidə öz milli pavilyonlarını təqdim ediblər. Sərgidə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edib. Sərginin baş sponsoru qismində ənənəvi olaraq “SOCAR”, qızıl sponsorları qismində “BP” və “Petronas” şirkətləri, gümüş sponsorlar qismində isə “BOS SHELF” şirkəti çıxış edib.

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - “SOCAR” -ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə 31 may-3 iyun 2017-ci il tarixlərində keçirilib. Dünyanın 30 ölkəsindən 300-dək şirkətin iştirak etdiyi sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidi təqdim edilib. İştirakçılar arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var idi. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.

Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı 2018-ci ildə öz 25 illik yubileyini qeyd edib. Sərgi 29 may-1 iyun tarixlərini əhatə edib. Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan “Xəzər Neft və Qaz” sərgisi 25 il ərzində regionun əsas sənaye forumu statusunu qazanıb. Ənənəvi olaraq, sərginin 40%-ni sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutub. Onlar arasında “SOCAR”, “BP”, “Total”, “Statoil”, “Petkim” və digər şirkətlər yer alıb. XXV Beynəlxalq sərgidə Azərbaycan, Almaniya, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, İspaniya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən şirkətlər iştirak edib. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdiriblər. Tədbirin statusunu sponsorlarının tərkibi də təsdiqləyib. Belə ki, platin sponsoru qismində ənənəvi olaraq “SOCAR”, qızıl sponsorları qismində “BP” və “Statoil”, gümüş sponsoru “TP Azerbaijan”, bürünc sponsorlar qismində isə “Azeri MI”, “AZFEN”, “Baku Steel Company”, “BOS SHELF”, “Caspian Drilling Company”, “Caspian Marine Services” (CMS), “RussNeft”, “SOCAR Polymer”, “Tekfen Construction” və digərləri çıxış edib.

2019-cu il 29 may-1 iyun tarixlərində Bakı Ekspo Mərkəzi-ndə XXVI Beynəlxalq Xəzər neft və qaz sərgisi baş tutub. Sərgidə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələri təmsil edən 250-dən artıq şirkət iştirak edib. Bu şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim ediblər. İlk dəfə olaraq sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılıb. Regionun əsas neft-qaz tədbirinin baş tərəfdaşı qismində “SOCAR” şirkəti çıxış edib. Sərginin qızıl sponsoru “BP” şirkəti, gümüş sponsoru “TPAO”, bürünc sponsorları “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “BOS SHELF”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “Global Energy Azerbaijan”, “SOCAR Polymer”, “Tekfen Construction” olub. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış ediblər. 2019-cu ildə ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına innovativ məhsul və xidmətlərini təqdim edib. Qeyd etmək lazımdır ki, iştirakçıların 55%-ni “Xəzər Neft və qaz”sərgisinin daimi iştirakçıları təşkil edib.

Hər il baş tutan Xəzər neft və qaz sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair çoxlu sayda memorandumlar, eləcə də saziş və müqavilələr imzalanıb.

Ümumi tarixi arayış may 2020-ci ildə tərtib olunub.