Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Niyaməddin Musayevə təbriki - Bakı şəhəri, 21 may 2000-ci il

Hörmətli Niyaməddin Musayev!

Sizi - Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz müasir Azərbaycan musiqi mədəniyyətində öz dəst-xətti, orijinal üslubu ilə seçilən sənətkarlardansınız. 60-cı illərdə böyük sənətə klassik muğamlarımız, xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri ilə gəlməyiniz musiqi ictimaiyyətimiz tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Musiqimizdə yeni üslub axtarışlarınız sizə novator sənətkar kimi ölkəmizdə böyük şöhrət gətirdi və qısa müddət ərzində sizi musiqi pərəstişkarlarının sevimlisinə çevirdi.

Axtarışlarınızın uğurlu nəticəsi olaraq \"Röya\" vokal-instrumental ansamblını yaratmağınız Azərbaycanda yeni tipli milli estradanın təməlini qoydu, ölkəmizin musiqi həyatında mühüm hadisə oldu. Ansambl yüksək bəşəri duyğuları ifadə edən mahnıları sayəsində ölkəmizdə və onun hüdudlarından uzaqlarda böyük nüfuz qazandı. Sevindirici haldır ki, yaradıcılığınızın ən parlaq səhifələrindən olan \"Röya\" ansamblı bu gün də yaşayır, öz yeni-yeni mahnıları ilə musiqisevərlərin zövqünü oxşayır, davamçılarınız olan gənc ifaçılar nəslinin yetişməsində mühüm rol oynayır.

Sizin bəstəkar kimi də fəaliyyətiniz diqqətə layiqdir. Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca və başqa görkəmli şairlərimizin sözlərinə bəstələdiyiniz mahnılar dillər əzbəri olmuş, təkcə Azərbaycanda deyil, habelə Türkiyə, İran, İraqda da tanınmış sənətkarların repertuarlarında özünə layiqli yer tutmuşdur. Vətəni, torpağı, azadlığı vəsf edən mahnılarınız dinləyicidə böyük nikbinlik, yüksək idealların təntənəsinə möhkəm inam yaradır.

Xarici ölkələrə etdiyiniz çoxsaylı qastrol səfərlərində siz Azərbaycanın zəngin musiqi mədəniyyətini ləyaqətlə təmsil edərək ona böyük rəğbət və ehtiram qazandırmısınız.

Siz Vətənə, xalqa dərin məhəbbətlə, musiqi sənətinə sıx bağlılıqla səciyyələnən şərəfli yaradıcılıq yolu keçmisiniz. İnanıram ki, Azərbaycan mahnı sənətinin zəngin ənənələrini özündə əks etdirən gözəl nəğmələrinizlə musiqi həvəskarlarına bundan sonra da sevinc bəxş edəcək, sənət yollarında qazandığınız böyük təcrübədən istifadə edərək milli musiqi mədəniyyətimizi daha da zənginləşdirəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 23 may 2000-ci il.