Hər il dünya ictimaiyyəti, bütün mütərəqqi bəşəriyyət yəhudi xalqının müsibəti gününü - bütöv bir xalqa qarşı həyata keçirilmiş soyqırımı siyasətinin günahsız qurbanlarının xatirəsini ürək ağrısı ilə yad edir.
İkinci dünya müharibəsi zamam faşistlər altı milyon mülki əhalini, o cümlədən qocaları, qadınları, uşaqları yəhudi xalqına mənsub olduğu üçün ağlasığmaz qəddarlıqla məhv etmişlər. Allah o günahsız qurbanlara rəhmət eləsin.
Bu gün faşizmə, irqçiliyə, hər cür soyqırımı aktına qarşı dünyanın bütün mütərəqqi qüvvələri səfərbər olmalıdır. Çünki dünyada faşizm hələ də yaşamaqdadır. 1988-ci ildən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasəti, günahsız əhalimizin kütləvi qırğınları, zəbt olunmuş torpaqlarımızda misli görünməyən talanlar, vəhşiliklər, nəhayət, bütün dünyanı sarsıdan Xocalı faciəsi xalqımızın qəlbində sağalmaz yara kimi göynəməkdədir.
Bu hüznlü gündə Azərbaycan xalqı adından kədərinizə ürəkdən şərik olduğumuzu bildirirəm. Bu dərd xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır və sizinlə bir yerdə deyirik: belə faciələr bir daha təkrar olunmamalıdır.