Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin dövlət başçıları şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə Hava Limanında jurnalistlərə müsahibəsi - 17 yanvar 1996-cı il

Biz 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə daxil olandan heç bir şey itirməmişik, əksinə, udmuşuq. Keçmişdə Sovetlər İttifaqına mənsub olan və indiyə qədər sıx iqtisadi əlaqələr saxladığımız indiki müstəqil dövlətlərlə əməkdaşlığımızı - şübhəsiz ki, ikitərəfli əlaqələrlə bərabər - Müstəqil Dövlətlər Birliyi vasitəsilə daha da inkişaf etdirmişik. Biz bu birlikdə olduğumuz zaman onun Azərbaycan üçün, ümumiyyətlə, bizim birliyimiz üçün mənfəətli olan qərarlarından bəhrələnirik, istifadə edirik. Eyni zamanda Müstəqil Dövlətlər Birliyinin fəaliyyətinə Azərbaycan Respublikası öz təsirini göstərir. Ona görə də Müstəqil Dövlətlər Birliyində olduğumuz dövr, hesab edirəm ki, bizim üçün çox əhəmiyyətlidir, çox yaxşı nəticəlidir. İclasın gündəliyində bir çox məsələlər var, biz müzakirə edəcəyik, onların hansına nə münasibət göstərəcəyimiz barədə indidən heç bir şey deyə bilmərik. Moskvada Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə, baş nazir Viktor Çernomırdinlə və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulur.

Sual: - İmzalanacaq dövlətlərarası sənədlər Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcəkdir?

Cavab: Bir sıra çox mühüm sənədlər imzalanacaq və şübhəsiz ki, bunlar bizim münasibətlərimizin gələcəkdə daha intensiv inkişafını müəyyənləşdirəcəkdir. Məsələn, Şimal marşrutu üzrə neft kəmərinin çəkilməsi haqqında yanvarın 18-də mühüm sənəd imzalanacaqdır. Bu, Rusiya ilə Azərbaycanın əməkdaşlığında irəliyə doğru addım olacaq və bir çox iqtisadi problemlərimizin həllinə kömək göstərəcəkdir, axı biz Rusiya ilə sıx bağlıyıq.

Sual: - Çeçenistandakı hadisələrlə əlaqədar bu neft kəmərinin taleyi narahatlıq doğurmurmu?

Cavab: - Biz onsuz da narahat zəmanədə yaşayırıq və əgər maneələrdən qorxsaq, onda ümumiyyətlə iş görmək lazım deyildir. Əlbəttə, Çeçenistanda baş verən hadisələr bizi narahat edir, lakin biz öz işimizi görməliyik.