Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur Rusiya rəssamı Nikas Safronov ilə görüşdəki söhbətindən - Prezident sarayı, 29 iyun 1999-cu il

Heydər Əliyev:  Azərbaycana xoş gəlmişsiniz, Nikas Safronov. Sizin Gəncə və Lahıç səfəriniz barədə mənə məlumat verdilər. Səfər xoşunuza gəldimi?

Nikas Safronov: Sizinlə görüşdüyümə çox şadam, hörmətli cənab prezident. Gəncə və Lahıca səfərlərim zamanı məni valeh edən Azərbaycanın qəlbi riqqətə gətirən təbiəti oldu. Bu təbiətdə dünyanın bütün möcuzələri var. Orada elə nadir guşələr gördüm ki, onları heç nə ilə müqayisə etmək mümkün deyil.

Heydər Əliyev: Azərbaycanımız doğrudan da gözəldir. Bu gözəlliyi sizin kimi kamil rəssamın öz gözləri ilə görməsi və qiymətləndirməsi bir azərbaycanlı kimi mənə xoşdur.

Nikas Safronov: Azərbaycanın dövləti kimi xalqı da gözəldir, həm də çox sadəlövhdür. Heç zaman olub-qalanı ilə öyünmür, deyir ki, olanı budur. Azərbaycan xalqı böyük xalqdır.

Heydər Əliyev: Azərbaycan xalqı son dərəcə təvazökarlığı ilə fərqlənən bir xalqdır. Biz heç vaxt öyünən deyilik və əsrlərdən bəri belə olmuşdur. Biz öz məziyyətlərimizi göstərə bilmirik, bəzən də hətta onları gizlədirik. Bu, xalqımıza xas xüsusiyyətdir, nə etmək olar. Mən uzun illər ərzində çalışmışam ki, adamlarımız Azərbaycanı daha fəal təmsil etsinlər, xalqın, ölkənin məziyyətlərini göstərsinlər. buna baxmayaraq, xasiyyət xasiyyət olaraq qalır.

Nikas Safronov: Bilirsiniz, mən Azərbaycanda bir daha olmağımdan xoşbəxtəm, özümün bütün asudə vaxtımı burada keçirmək, adi bir qonaq yox, Azərbaycanın tam hüquqlu sakini olmaq istərdim.

Bu mümkündür. Lakin Nikas Safronova səfəri zamanı görüşüb tanış olduğu adamlar daha böyük təəssürat bağışlamışdır. Onlar rəssamın prezidentimizlə tanışlığından xəbər tutduqda dövlətimizin başçısına ən xoş arzularını yetirməyi, onun əlini sıxmağı xahiş etmişlər. Nikas Safronovun Lahıcda görüşdüyü adamlar oraya çəkilmiş yola görə prezident Heydər Əliyevə onların minnətdarlığını çatdırmağı xahiş ediblər.

Heydər Əliyev: Bəli, bir vaxtlar mən oraya yol çəkdirdim, körpü saldırdım. Bu, tarixi hadisədir və 70-ci illərin axırlarında - 80-ci illərin əvvəllərində olmuşdur.

Nikas Safronov: Cənab prezident, icazə verin ömür-gün yoldaşınız mərhum Zərifə xanım Əliyevanin portretini Sizə təqdim edim. Mən çox materialları nəzərdən keçirmişəm, çünki Zərifə xanımla şəxsən tanış deyildim. Zərifə xanımın sifətinin cizgilərindən görünür ki, Sizin birgə ömür-gün sürdüyünüz illər ərzində onun siması get-gedə daha gözəl və daha nəcib olmuşdur. Əvvəla, gözləri olduqca gözəldir, mən onları bir qədər kədərli, onun özünü isə hamının qeydinə qalan bir mələk kimi təsvir etmişəm. Bunlar tanış olduğum materiallardan aldığım şəxsi təəssüratımdır. Arxa planda dağlar təsvir olunmuşdur. Ümidvaram ki, vaxt ötdükcə Siz bu portretə öyrəşəcəksiniz.

Heydər Əliyev: Bəri başdan deyim ki, siz yaxşı portret çəkmisiniz. Ona görə yaxşı deyirəm ki, şübhəsiz, insan yaşa dolduqca dəyişir, Zərifə xanım da dünyasını dəyişməzdən bir neçə il əvvəl təxminən belə görünürdü. Bir sözlə, siz bu məqamı həssaslıqla tutmusunuz. Lakin ən başlıcası budur ki, siz onun xarakterini canlandırmağa müvəffəq olmusunuz. Tam oxşarlıq var. Özü də məsələ təkcə oxşarlıqda deyil, obrazdadır. Siz onun obrazını çox yaxşı təsvir etmisiniz.

Nikas Safronov: Mən Zərifə xanımın portretini, zənnim məni aldatmırsa, onun xoşladığı paltarda çəkmişəm, çünki o, həmin paltarı tez-tez geymişdir.

Heydər Əliyev: O, geyimini dəyişməyi çox da xoşlamırdı heç vaxt, bəzək-düzəyi sevmirdi. Bəzi qadınlardan fərqli olaraq o, həmişə çox sadə geyinirdi. Yeri gəlmişkən, onun bir çox gözəl keyfiyyətləri ilə yanaşı, birgə ömür sürdüyümüz dövrdə mənim üçün ən mühüm xüsusiyyətlərdən biri onun hər cəhətdən təvazökar olması idi. Buna görə onun paltarı da sadə idi. Siz bu xüsusiyyəti düzgün sezmisiniz. Portret çox uğurlu alınmışdır. Mən onun üzündə nə isə bir qüssə-kədər də sezirəm. Pozanı da düzgün müəyyənləşdirmisiniz. Yaxşıdır. Sağ olun. Əlbəttə, mən bunu gözləmirdim, bilmirdim ki, Siz bu portreti çəkirsiniz. Lakin Siz bu portreti yaratmısınız.

Nikas Safronov: Sizinlə hər bir görüş mənim üçün çox böyük şərəfdir. Mən bütün rəsmlərimi Sizə hədiyyə etməyə hazıram. Bir dəfə haqqınızda demişdim ki, Sizin kimi insanlar dünyaya yüz ildə bir dəfə gəlirlər. Amma sonra anladım ki, belə insanlar min ildə bir dəfə doğulurlar. Mənim üçün böyük şərəfdir ki, Sizinlə şəxsən tanışam. Sizin xalqınızla və mənim xalqımla bağlı həyata keçirmək istədiyim yeni planlar barəsində hər dəfə məmnunluqla düşünürəm. Sizin adamlarınızdan biri nə vaxtsa mənə demişdir ki, biz ikinci sağlığı həmişə Heydər Əliyeviçin şərəfinə qaldırırıq. Mən də dedim ki, bilirsiniz, mən bunu özümə bir qayda edəcək, həmişə və hər yerdə birinci sağlığı Heydər Əliyeviçin şərəfinə qaldıracağam.

İndi isə öz rəsmlərimin illüstrasiyalarından ibarət albomu, Sizin nəvənizin fotoşəkilləri əks olunmuş sanballı jurnalları, mənim Azərbaycanın rayonlarına səfərim zamanı insanların Azərbaycan rəhbərinə çatdırmaq istədikləri hədiyyələri təqdim edirəm.

Heydər Əliyev:  Təşəkkürümü bildirirəm, bunlar mənim üçün çox qiymətli hədiyyələrdir, çünki bu hədiyyələri sadə insanlar ürəkdən hazırlamışlar.

Nikas Safronov:  Elə mən də xalqm gözəlliyini qiymətləndirdiyimi qeyd etmək istəyirdim. Xalq Sizi rəsmi, vəzifə sahibi olan bir şəxs kimi deyil, ürəkdən sevib bağlı olduğu bir insan kimi qəbul edir. Bizim Sizinlə görüşəcəyimizdən xəbər tutan hər bir adam Sizə kiçik hədiyyələr göndərir və deyirdi ki, əgər gəlsəniz, Sizi çox böyük hədiyyə gözləyir. Onlar deyirdilər ki, Sizin çəkdirdiyiniz yol bir qədər xarab olmuşdur, lakin biz onu öz əllərimizlə düzəldib qaydaya salacağıq. Cənab prezident, bir qadının adından da bu yun corabı Sizə verirəm. Bunu həmin qadın Azərbaycan prezidentinin sağlamlığının qayğısına qalaraq özü toxumuşdur.

Heydər Əliyev: Son dərəcə mütəəssir oldum. Çox qiymətli hədiyyədir, çünki bu corabı onun özü toxumuşdur. Bu hədiyyə məni təsirləndirir, çünki o, tanımadığım bir insanın mənə qayğısıdır. Mən çox təsirləndim.

Nikas Safronov: İndi isə Gəncədəki rus kilsəsinə ziyarətimdən danışmaq istəyirəm. Orada Mariya adlı bir qadın var. Onun sayəsində kilsə çox yaxşı vəziyyətdədir. Rusiyada belə şeyə rast gəlməzsən. Bu kilsədə hər şey - ikonalar, divar rəsmləri qorunub saxlanmışdır, hər şey tərtəmizdir, kilsəni sanki dünən tikmişlər, halbuki onun 200 ildən artıq yaşı var. O qadın öz məhəbbətini, rəğbətini Sizə çatdırmağı xahiş edərək deyib: \"Biz Sizə minnətdarıq ki, burada hər şeyimiz var, heç kəs bizə dəyib-toxunmur, biz Sizi sevirik. Sizə minnətdarıq\". O qadın əlimi öpüb xahiş etdi ki, mən bu sözləri Sizə çatdırım. Bu epizod fotoşəkildə də əks olunmuşdur. Bu isə Sizin 1998-ci ildə Gəncə parkında əkdiyiniz ağacın fotoşəklidir. Bunu Sizə verərək bildirmək istəyirəm ki, park səliqə-səhman içində, yaxşı vəziyyətdədir.

Heydər Əliyev:  Təxminən 30 il bundan əvvəl, mən respublikanın rəhbərliyinə gələndə bir çox digər məsələlərlə yanaşı, Bakı şəhərinin yaşıllaşdırılması məsələsinə də möhkəm girişdim. İndi görürsünüz ki, Bakı yaşıllıq içindədir. Halbuki 30 il bundan əvvəl belə deyildi. Bakının mərkəzi küçələrində az ağac vardı, kənarlarda isə yaşıllıq, demək olar, yox idi. Mən bu işə girişdim. Aradan 30 il keçmişdi və indi Bakı yaşıllıq içindədir. Bu günlərdə yeni tikililər rayonunda bir klinikanın açılışına getmişdim, ətrafa nəzər saldım. Gördüm ki, ilahi, nə qədər ağac var, sanki bütöv bir meşədir! Yaşıllaşdırma hərəkatı Azərbaycanın digər rayonlarına da yayıldı. Əlbəttə, Lahıcda heç nə əkmək lazım deyildir.

Yaxud götürək Lənkəran zonasını - orada da ağac əkməyə ehtiyac yoxdur. Amma bizdə meşəsiz yerlər var. Misal üçün. Gəncə öz qədim çinarları ilə məşhurdur. Bununla bərabər, biz tikinti işləri aparıb Gəncəni abadlaşdırırdıq, deməli, evlər ucaltmaqla yanaşı, parklar da salmaq lazım gəlirdi. Bax, biz belə bir park saldıq. Əgər indi o, yaxşı vəziyyətdədirsə, mən bundan məmnunam.

Nikas Safronov: Puşkinin yubileyi ilə əlaqədar Gəncədə görülmüş işlər də xoşuma gəldi. Biz universitetdə olduq, orada gimnaziya var, yerli rəssamlar gimnaziyanın divarlarında rəsmlər çəkiblər. Onlar bu kitabı Sizə çatdırmağı xahiş etdilər. Əyalətə getməyi məsləhət gördüyünüzə görə Sizə minnətdaram. Ən diqqətəlayiq hal budur ki, xalq Sizi sevir. Bu, xüsusilə əlamətdar bir haldır. Mən çox məmnunam.

Bir dəfə məndən soruşdular ki, harada yaşamaq istərdim? Dedim ki, İsveçrədə, bədəbəddə Şotlandiyada, öz qəsrimdə yaşamaq istərdim. Ancaq bu yaxınlarda dedim ki, yaşamaq istədiyim yeganə bir yer varsa, o da Azərbaycanın hər hansı bir əyaləti, dağlar qoynunda yerləşən kiçik bir qəsəbədir; elə bir guşə ki, orada göl olsun, sadəcə istirahət etmək və təmiz hava ilə nəfəs almaq mümkün olsun. Mən Lahıcda bir qocadan soruşdum ki, neçə yaşın var, cavab verdi ki, oğlum, bilmirəm, amma gərək ki, 100-120 yaşım var. Zənnimcə, orada insanlar özlərinə məxsus ömür sürürlər, sizi unutmur, tanıyır və çox sevirlər.

Arif Babayev (Ulyanovsk Vilayət İcra Hakimiyyətinin nümayəndəsi, Ulyanovsk vilayətindəki azərbaycanlıların \"Nizami\" cəmiyyətinin vitse-prezidenti): İcazə verin söhbətə qoşularaq deyim ki, biz yol gələrkən mən bu kitabı Nikasa göstərdim, onu mənə Sizin rəhmətlik qardaşınız Həsən Əliyev bağışlamışdır. Allah ona rəhmət eləsin. O, təbiətin məşhur qoruyucusu, akademik idi. Mən onun mühazirələrində tez-tez olurdum. Yadımdadır, o, bizə həmişə deyərdi və elə indi Nikas da belə bir qənaətə gəldi ki, Azərbaycanın təbiəti ilə müqayisədə İsveçrə bir şey deyildir. Həsən müəllim çox maraqlı ideyalar irəli sürürdü. O, çox təvazökar bir insan idi. Respublikada Sizin belə yüksək vəzifə tutmağınıza, yüksək nüfuzunuzun olmasına baxmayaraq, o, tələbələrlə, insanlarla özünü çox sadə aparırdı. Deyirdi ki, adamları xaricə göndərməzdən, - o vaxtlar biz buna çox aludə idik, - əvvəlcə öz diyarımızı tanımalıyıq. Heydər Əlirza oğlu, demək istəyirəm ki, Nikasın buraya gəlməsi barədə fikir yarandıqda, sözün düzü, ona ölkəmiz haqqında, Sizin haqqınızda danışarkən düşündüm ki, bu görüş iki dahinin - rəngkarlıq dahisi ilə siyasət dahisinin görüşü olacaqdır.

Heydər Əliyev: Nikas dahidir, mən isə...

Arif Babayev: Əlbəttə, Heydər Əlirza oğlu, Siz özünüz də. Yaxşı oldu, bu tanışlıq mehriban, qarşılıqlı insani münasibətlərə çevrildi. Düzünü desək, Rusiyada, Ulyanovskda biz Nikasa görə şadıq, çünki səfərimiz zamanı adamların bizə göstərdikləri səmimiyyət, hörmət təkcə Nikasa görə deyil, həm də Sizə, Sizin dostluğunuza olan hörmətdir. Bu, çox qiymətlidir. Ulyanovsk vilayətinin qubernatorundan, qanunvericilik məclisinin sədrindən, bizim azərbaycanlılar icmasından, çox adamlardan, - bunları uzun-uzadı sadalaya bilərəm, - Sizə xoş salamlar yetirmək istərdim. Nikasm sayəsində bu yaxınlarda Moskvada \"Russkoye zoloto\" şirkətinin prezidenti ilə görüşdüm. O, Sizin ünvanınıza nə qədər səmimi sözlər söylədi! Buraya gəlməzdən əvvəl \"LUKoyl\"un rəhbərliyi ilə görüşmüşəm. Onlar da Sizə ən yaxşı arzularını yetirməyi xahiş etdilər. Sizinlə hər bir görüş məndən ötrü çox böyük hadisədir. Hər dəfə buradan gedərkən özümü günahlandırıram ki, hüzurunuzda oturmuşdum. Əgər icazə versəniz, Sizə hörmətimi bildirmək üçün ayağa qalxardım. Mən Sizin andiçmə mərasiminizi xatırlayıram, o zaman salondan çıxdınız və Sizə yaxınlaşmağıma icazə verdilər. Siz elə ilhamlı və gözəl idiniz ki. Açığını deyəcəyəm, indi də əla görünürsünüz, yaxşı siyasi formada, gözəl, yaxşı əhval-ruhiyyədəsiniz.Bu, ən başlıcasıdır. Əminəm ki, bizdə hər şey yaxşı olacaq və üçüncü minillikdə də ölkəmizə Sizin rəhbərlik etməyiniz barədə arzumuz da yerinə yetəcəkdir.

O zaman Sizə dediyim əsas fikir bu idi ki, Siz təkcə Azərbaycanın deyil, həm də dünyanın hər yerində yaşayan bütün azərbaycanlıların prezidentisiniz. Biz Sizin ürəyinizdən rica edirik ki, həmişə yaxşı, dəqiq vursun, çünki ürəyiniz Sizə məxsus deyil, o, ölkəmizin, xalqımızın ürəyidir. Andiçmə mərasimində Nikasla biz gördük ki, Siz təxminən iki saat çox ciddi məsələlər haqqında necə qeyri-standart da nışdınız, bütün problemlərə cavab verdiniz. Cabir Novruz şer oxumağa başlayanda ötən illərin kadrlarını göstərdilər. Yeri gəlmişkən, bu yaxınlarda burada tanışlarımla görüşərkən biz, 1969-cu ildən başlayaraq bütün həmin dövrü xatırladıq. Mən o zaman dedim: bilirsiniz, biz nə üçün beləyik? Ona görə ki, biz heydərçilərik. Biz o cür tərbiyə almış insanlarıq, ayrı cür ola bilmərik. Əgər biz Sizin verdiyiniz çörəyi vicdanla yemişiksə, o tərbiyəni almışıqsa, deməli, bu gün də beləcə güclü qalmalı və yeni Azərbaycan qurmaqda Sizə kömək etməliyik. Andiçmə mərasimində həmin kadrlar göstərilərkən, yanımda əyləşmiş bir nəfər qolumdan dartıb soruşdu ki, nə üçün ağlayıram. Mən dedim: ona görə ki, bu, mənim ölkəmdir, bu, mənim prezidentimdir. Bir daha demək istəyirəm ki, Siz bizim prezidentimizsiniz, Sizi sevir, qiymətləndiririk, Sizə cansağlığı arzulayırıq.

Bir daha demək istəyirəm ki, bizim qubernator iqtisadi və siyasi dialoqu davam etdirmək üçün ən yaxın vaxtlarda Bakıya gəlib Sizinlə görüşməyə hazırdır.

Heydər Əliyev: Buyursun. Vaxtını razılaşdırarıq. Sağ olun.

Nikas Safronov: Məni və Arif Babayevi səmimi qəbul etdiyinizə görə bir daha Sizə minnətdarlığımızı bildiririk.